Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-227/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Xaliq Faiqoğlu Şirkəti MMC-yə və Safa Trans MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Xaliq Faiqoğlu Şirkəti MMC-yə və Safa Trans MMCyə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, arvadı İddiaçı mülkiyyətində olan Mercedes Benz 350 minik markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, xx.xx.2022-ci il tarixdə avtomobili Bakı şəhəri Mirzağa Əliyev küçəsində yolun sağ kənarında park halında saxlamışdır. Həmin vaxt yol kənarında digər maşınlar da park edilmişdir. Həmin gün saat 09:10 radələrində Cavabdeh1 idarə etdiyi İsuzu markalı **-TH- *** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Mirzağa Əliyev küçəsində yolun sağında park halında olan avtomobillərə arxadan çırpılaraq eyni anda 6 avtomobili əzmişdir. Bu zaman iddiaçının mülkiyyətində olan Mercedes Benz 350 minik markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobil qabaq və arxa tərəfdən əzilmişdir. Nəticədə iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə baş verdiyi andan dərhal sonra sığorta şirkətinin nümayəndəsi və polis əməkdaşları hadisə yerinə cəlb olunmuş, müvafiq sənədləşmələr aparılmışdır. X4 350 minik markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobil üzrə dəymiş ziyanı Atəşgah sığorta şirkətinin təyin etdiyi X6 tərtib etdiyi qüsur aktına əsasən ümumilikdə 2784,80 manat məbləğində təmir xərcinin olduğunu müəyyən etmişdir. Bundan sonra Atəşgah sığorta şirkəti tərəfindən baş vermiş nəqliyyat hadisəsində iştirak etmiş avtomobillər üzrə dəymiş ziyan ümumi sığorta məbləği mütənasib bölünmək üsulu ilə zərərçəkmişlərə ödənilərkən iddiaçıya dəymiş 2784,80 manat ziyana nisbətdə cəmi 1548,16 manat ödənilmişdir. İddiaçıya ödənilmiş məbləğ avtomobilin təmirinə kifayət etmədiyindən bu günə qədər avtomobilini təmir etdirə bilməmişdir. Hətta sığorta şirkətinin servisi də ziyan aktında qeyd edilən məbləğin tam olaraq servisin hesabına ödənilmədiyi təqdirdə təmir aparılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də ötən müddət ərzində iddiaçı avtomobilindən istifadə edə bilməmiş, dəymiş ziyan tam ödənilmədiyindən təmir üçün çatışmayan məbləği təmin edə bilməmişdir. Çünki, avtomobilinin əzilməsi ilə gündəlik həyatında əlavə taksi və s. xərcləri meydana gəlmiş, buna görə də ailə büdcəsindən əlavə təmir üçün xərc ayıra bilməmişdir. Avtomobilinə dəymiş zərər zərərvuran tərəfindən ödənilməlidir. Bundan əlavə ötən bu müddət ərzində iddiaçı avtomobilini təmir etdirə bilmədiyindən, iddiaçıya vurulan ziyan ödənilmədiyindən, iddiaçı ziyanın ödənilməsi üçün polisə, məhkəməyəmüraciət etməklə əsəb, stres hisləri keçirməklə mənəvi iztirablar yaşamış, mənəvi sarsıntılara məruz qalmışdır. İş üzrə keçirilən ekspertiza rəyi ilə iddiaçı razı deyildir. Ona görə də İsuzu markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi ziyanın əvəzi olaraq 1236,64 manatın, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 3000 manatın və ödənilmiş dövlət rüsumuna görə 62,36 manatın cavabdehlər Xaliq Faiqoğlu Şirkəti MMCdən, Safa Trans MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, o, Xaliq Faiqoğlu Şirkəti MMC-də avtobus sürücüsü vəzifəsində işləyir və İsuzu avtobus markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu işəgötürənin yol vərəqəsinə əsasən idarə edir. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində, yəni iş vaxtında törətdiyi yol nəqliyyat hadisəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmiş, cəriməni ödəmişdir. Hadisə nəticəsində o, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsindən başqa digər avtomobillərə də ziyan vurmuşdur. İdarə etdiyi İsuzu avtobus markalı **-TH- *** dövlət qeydiyyat nişanlı avtobus Atəşgah SŞ ASC-də Tpl Casco sığortası növündə və icbari sığorta növündə sığortalandığından **-FK-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 350 minik markalı avtomobilə dəymiş zərərin bir hissəsi İddiaçı ödənilmişdir. Ona görə də qanunla müəyyən edilən qaydada qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Xaliq Faiqoğlu Şirkəti MMC-yə və Safa Trans MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Xaliq Faiqoğlu Şirkəti MMC və Safa Trans MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehlər Xaliq Faiqoğlu Şirkəti MMC-nin və Safa Trans MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. AC N 332801 saylı xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-FK-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 350 minik markalı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir. ƏN-V 468077 saylı xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan **-FK-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 350 minik markalı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək idarə etməyi Nümayəndə etibar etmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ № 268144 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, Nümayəndə ilə X2 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 818 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Süleymanova soyadı verilmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 aylıq əmək haqqı 500 manat olmaqla Xaliq Faiqoğlu Şirkəti MMC-də avtobus sürücüsü vəzifəsində işləyir. Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi İsuzu avtobus markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokola baxılaraq Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. X6 xx.xx.2022-ci il tarixli qüsur aktından müəyyən olunur ki, Mercedes Benz 350 minik markalı **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri ehtiyyat hissələri üçün 1840 manat, servis xidməti üçün 944,80 manat olmaqla cəmi 2784,80 manat təşkil edir. Atəşgah SŞ ASC-nin xx.xx.2022-ci il tarixli № 102486 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah SŞ ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalı Xaliq Faiqoğlu Şirkəti MMC tərəfindən sığortalanmış İsuzu markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Dövlət Akademik Dram Teatrı, Füzuli küçəsində baş vemiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq **-FK-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 350 minik markalı avtomobilə dəymiş zərələ bağlı maddi ziyanın ümumi məbləği 2784 manat, sığorta ödənişi 703,71 manat müəyyən edilərək sığortalı İddiaçı şəxsi hesabına köçürülmüşdür. Atəşgah SŞ ASC-nin xx.xx.2022-ci il tarixli № 102503 saylı sığorta aktından müəyyən olunur ki, Tpl Casco sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Atəşgah SŞ ASC-də sığortalı Xaliq Faiqoğlu Şirkəti MMC tərəfindən sığortalanmış İsuzu markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Dövlət Akademik Dram Teatrı, Füzuli küçəsində baş vemiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq **-FK-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 350 minik markalı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2784 manat, sığorta ödənişi 844,45 manat müəyyən edilərək sığortalı İddiaçı şəxsi hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli komputer uçot bazasının çıxarışından müəyyən olunur ki, İsuzu markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC347522 nömrəli, xx.xx.2015-ci il tarixli şəhadətnamə ilə Safa Trans MMC-nin adına qeydiyyatdadır. Atəşgah Sığorta Şirkətinin xx.xx.2022-ci il tarixli, O-A-20220098 nömrəli məktubundan müəyyən olunur ki, Mercedes Benz 350 minik markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2784 manat dəymiş zərər mütənasib qaydada azaldılaraq icbari sığorta üzrə 703,71 manat, üçüncü şəxslər qarşısında məsuliyyət sığortası (TPL casco) üzrə isə 844,45 manat təşkil olaraq İddiaçı ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6844 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı Mercedes Benz 350 minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2350 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiymətinə görə 1490 manat, təmir-bərpa işlərinin qiymətinə görə 860 manat. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Xaliq Faiqoğlu Şirkəti MMC-də sürücü işləyən Cavabdeh1 Xaliq Faiqoğlu Şirkəti MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan vurmuş, həmin ziyanın 1548,16 manatı Atəşgah SŞ ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı ona vurulan maddi ziyanın 2784,80 manat olmasını iddia etsə də, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə ziyanın 2350 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək Xaliq Faiqoğlu Şirkəti MMC-dən vurulmuş maddi ziyana görə 801,84 (2350-1548,16 = 801,84) manat İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi maddi ziyanla qalan hissədə təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsində əmlakına ziyan vurulan iddiaçının əsəb, sters, narahatlıq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdeh Xaliq Faiqoğlu Şirkəti MMC-dən İddiaçı xeyrinə 1000 manat tutulmasını məhkəmə ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdeh Xaliq Faiqoğlu Şirkəti MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Xaliq Faiqoğlu Şirkəti MMC-dən maddi ziyana görə 801,84 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 62,36 manat olmaqla cəmi 1864,2 manat İddiaçı xeyrinə tutulsun. Xaliq Faiqoğlu Şirkəti MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-227/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-227/2023
07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver