Məhkəmə qərarları › İş №2(001)-2270/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2270/2022

05.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2270/2022 05.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdeh “X1.Bakhtiyar” MMC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun əmək kitabçasında yazılmış “70-ci maddasinə əsasən” sözlərinin “öz ərizəsi ilə işdən azad edilsin” sözləri ilə əvəz edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun əvəzinin, işsiz qaldığı müddətin əvəzi olaraq 2.400 manat məbləğində pulun, habelə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırılması üçün ödənilmişdir. Başqa sözlə, qeyd edilən dövlət rüsumu başqa məqsədlər üçün ödənilərək, artıq istifadə edilmiş və hazırki iddiaya hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən hazırki iddia, ona müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verilmiş iddia kimi qiymətləndirilməlidir. Bu da onun geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsini nəzərə alıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X1.Bakhtiyar” MMC-yə qarşı “əmək kitabçasına düzəliş edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qadırılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əsli iddia ərizəsinə əlavə edilməklə) hazırki iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar