Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2270/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi (anası) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 aprel 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 23 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı avtomobilin alınması məqsədilə 6315 manat kredit verilmiş, İddiaçı həmin krediti 36 ay müddətinə, illik 22 faizlə birlikdə geri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, "xxxx" İKB ASC, İddiaçı və zamin "xxxx" MMC arasında 23 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, "xxxx" MMC 23 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirində həmin müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməsi üçün zaminlik müqaviləsi ilə müəyyən edilmiş həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, İddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. "xxxx" İKB tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, yaranmış borcun borcalanın əvəzindən zaminin hesabından silinməsinə razılıq verilməsi xahiş olunmuş, "xxxx" MMC həmin razılığı vermişdir. Nəticədə İddiaçı "xxxx" İKB ASC qarşısında yaranmış öhdəlikləri üçün "xxxx" MMC tərəfindən 5901 manat məbləğində pul ödənilmişdir. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(001)-6367/2019 saylı qətnaməsinə əsasən, İddiaçı 5901 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5931 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 23 avqust 2013-cü il tarixli kredit müqaviləsində alınması nəzərdə tutulan avtomobil İddiaçı adına alınsa da, faktiki sahibi və istifadəçisi o deyil, Cavabdeh olmuşdur. Belə ki, iddiaçının cavabdehlə dostluq münasibəti olmuş, cavabdehin rəsmi iş yeri olmadığından, krediti iddiaçının adına götürüb, avtomobil almağı xahiş etmiş, iddiaçı da ən pis halda avtomobilin geri qaytarılacağını düşünərək cavabdehlə razılaşmış, avtomobil alınandan sonra iddiaçı cavabdehə 3 illik etibarnamə vermişdir. 18 oktyabr 2014-cü il tarixdən avtomobili cavabdeh idarə etmiş, kredit ödənişlərini də özü icra etmişdir. İddiaçı yalnız bu yaxınlarda icra şöbəsinin icra məmuru tərəfindən borcun ödənilmədiyini, avtomobilin hərracdan ucuz qiymətə satıldığını öyrənmiş, satış qiyməti borcdan çıxılaraq, qalan pulun ondan tələb olunması bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdehlə iddiaçının dostluq münasibəti olmuşdur. Cavabdeh rəsmi iş yeri olmadığından iddiaçıdan onun adına kredit götürməyi xahiş etmiş, oğlu, yəni iddiaçı da münasibətlərinə güvənərək cavabdehə razılıq vermişdir. Kredit avtomobilin alınması təyinatlı olmuş, buna görə də iddiaçı ən pis halda avtomobilin bank tərəfindən geri alınacağını düşünmüşdür. Avtomobil iddiaçının adına alınsa da, alındığı gündən cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Bütün kredit ödənişləri də cavabdeh tərəfindən həyata keçirilmişdir. Yalnız bu yaxınlarda iddiaçı icra məmurları tərəfindən icra şöbəsinə dəvət olunarkən ona məlum olmuşdur ki, banka olan borc Cavabdeh tərəfindən deyil, zamin tərəfindən ödənilmiş, avtomobil Şahzadənin əmisinin oğlu tərəfindən idarə olunarkən qəza nəticəsində dəyəri xeyli azalmış, borca görə hərrac vasitəsilə ucuz qiymətə satılmış, banka olan borcdan çıxılsa da, qalıq məbləğ zamin "xxxx" tərəfindən ödənilmişdir. Buna görə də, "xxxx" MMC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka ödədiyi pulun tutulmasını xahiş etmiş, məhkəmə qətnaməsinə əsasən, 5901 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Yəni, cavabdehin borcunu ödəmədiyinə görə iddiaçının 5931 manat öhdəliyi yaranmışdır. Sonda Ş.Ş.Həsənova məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş cavabdehin həm yaşayış ünvanına poçt vasitəsilə, həm də mobil telefonuna sms bildiriş formasında göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamış, habelə, iddiaya öz yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(001)-6367/2019 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 17-A-1-0-4026-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 5901 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 23 avqust 2013-cü il tarixli, 17-A-1-0-4026-13 saylı kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədilə "xxxx" İKB ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 6315 manat məbləğində kredit verilmişdir. İddiaçı bankdan kredit məbləğini almış və bu müqavilədə göstərilmiş qaydada və müddətlərdə ödənişlər etməyi barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, "xxxx" İKB ASC, İddiaçı və zamin "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixli, 17-A-1-0-4026-13 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin "xxxx" MMC xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit alan İddiaçı tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə həmin müqavilə üzrə yaranmış öhdəliklərin icra etməsi üçün zaminlik müqaviləsi ilə müəyyən eidlmiş həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. "xxxx" İKB tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, İddiaçı xx.xx.2013-cü il tarixli avtomobil kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi nəticəsində banka borcunun yarandığı bildirilmiş və "xxxx" İKB ilə zamin "xxxx" MMC və borcalan İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-A-1-0-4026-13 saylı zaminlik müqaviləsinin şərtlərinə əsasən İddiaçı bank qarşısında yaranmış gecikmə borcunun borcalanın əvəzindən "xxxx" MMCnin hesabından silinməsinə razılıq verilməsi xahiş edilmişdir. Qeyd olunan müraciətə əsasən zamin olaraq "xxxx" MMC öz hesabından İddiaçı banka ödənilməli olan borcunun silinməsinə dair razılıq vermişdir. Nəticədə "xxxx" MMC tərəfindən borcalan İddiaçı 23 avqust 2013-cü il tarixli, 17-A-1-0-4026-13 saylı kredit müqaviləsi üzrə banka ödəməli olan borcdan 6385 manat silinmiş, sonradan bu məbləğin 484 manat hissəsi qaytarılmışdır. Nəticədə cavabdehin "xxxx" İKB ASC qarşısında yaranmış öhdəlikləri üçün "xxxx" MMC tərəfindən 5901 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC reqress qaydasında həmin məbləği İddiaçı tələb etmiş, məhkəmənin bu qətnaməsinə əsasən, iddia təmin edilmiş, 5901 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qərara alınmışdır. - "xxxx" MMC-nin 13 noyabr 2023-cü il tarixli, 241/23 saylı “Açıq hərracın nəticələri haqqında yekun protokol”dan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-11956/2015 saylı icra vərəqəsi üzrə keçirilmiş hərrac nəticəsində “Nissan X Trail” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 2000 manat ilkin satış qiymətinə hərraca çıxarılmış 1700 manata X1. - “Elektron notariat” X2 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 18 oktyabr 2014-cü il tarixdə 3 illik müddətə etibarnamə verilmiş, etibarnamədə daşınmaz əmlak istisna olmaqla, İddiaçı məxsus bütün əmlak və hüquqlar Cavabdeh etibar edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yaranma əsasları Mülki Məcəllədə 3 cür fərqləndirilmişdir: müqavilədən irəli gəlmiş öhdəliklər, qanunda irəli gələn öhdəliklər, mülki hüquq pozuntularından (deliktdən) irəli gələn öhdəliklər. Mübahisənin obyektiv həlli baxımından ilk öncə iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətlərinin mövcud olub-olmaması, mövcud olmuşsa, onun əsası müəyyənləşdirilməli, daha sonra öhdəliyin icra edilib-edilmədiyi məsələsi aydınlaşdırılmalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən krediti özü üçün deyil, cavabdeh üçün götürmüş, əldə edilmiş avtomobil onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınsa da, əldə edildiyi tarixdən cavabdehin istifadəsində və faktiki sahibliyində olmuş, aralarındakı razılığa əsasən, kreditin ödənişlərini də cavabdeh həyata keçirməli idi. Lakin, cavabdeh krediti ödəmədiyindən, borc zamin "xxxx" MMC tərəfindən ödənilmiş, sonradan isə "xxxx" MMC ödədiyi borcu reqress qaydasında ondan (iddiaçıdan) tələb etmiş, bu barədə qətnamə çıxarılmışdır. Nəticədə, iddiaçının özü üçün götürmədiyi kreditə görə "xxxx" MMC qarşısında 5931 manat məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasıın mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Qeyd olunmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda iddia tələbinin əsasını cavabdehin kredit borcunu ödəməməsi nəticəsində kredit müqaviləsi üzrə zamin "xxxx" tərəfindən ödənilmiş, sonradan reqress qaydasında iddiaçıdan tutulmuş pul məbləğinin kreditin faktiki istifadəçisi olaraq cavabdehdən tutulması təşkil edir. Lakin, məhkəmə icraatı zamanı sözügedən kredit borcunun iddiaçı tərəfindən cavabdeh üçün götürüldüyü, həmin məbləğin cavabdehə avtomobil alınmasına sərf edilməsinə dair heç bir sübut müəyyən edilmədiyindən, iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətləri də müəyyən edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2270/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2270/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver