Məhkəmə qərarları › İş №2(001)-2273/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2273/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2273/2024 26.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nəğd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr ayı ailəvi münasibətləri olan Cavabdeh onun evinə yaxınlaşaraq, dələduzluq yolu ilə insanlardan 170000 (yüz yetmiş min) manat pul aldığını və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onu yaxalayaraq saxladığını bildirdi. Bununla yanaşı, insan alveri ilə məşğul olduğunu polis tərəfindən yaxalanaraq saxlandığını da etiraf etdi. Ondan insanlara olan borcunu ödəməyinə kömək etməyi üçün xahiş etdi. Cavabdeh ilə ailəvi münasibətləri olduğuna görə, onunla birgə lombarda gedərək 120 (yüz iyirmi) qram qızılını girov qoyaraq 5000 (beş min) manat və nəğd şəkildə özündən 800 (səkkiz yüz) manat məbləğində pulu borc olaraq cavabdehə vermişdir. Cavabdeh hər ay lombarda olan 200 (iki yüz) manat borcu özü ödəməyi öhdəsinə götürdü. Lakin 3 ayın ödənişini etdikdən sonra müxtəlif bəhanələr irəli sürərək borcu ödəməkdən yayındı. Borc ödənmədiyi halda lombardla bağlanmış müqaviləyə əsasən hər ay əsas borcun üzərinə 350 (üç yüz əlli) manat faiz pul gəlir. Beləliklə, Cavabdeh onun etibarından sui-istifadə edərək 120 (yüz iyirmi) qram qızılını girov qoyaraq adına lombarddan borc götürmüş, hər ay müxtəlif bəhanələrlə ona söz verdiyi öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nəğd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, Cavabdeh 2022-ci ilin oktyabr ayı lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 4600 (dörd min altı yüz) manat faiz borcu və 800 (səkkiz yüz) manat məbləğində isə nəğd şəkildə özümdən borc pul alıb. Lakin həmin vaxtdan bu günədək dəfələrlə tələb etməyimə baxmayaraq, cavabdeh aldığı pulu qaytarmaqdan imtina edib. Odur ki, Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nəğd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 20 ildir Cavabdeh ilə bir-birlərini tanıyırlar. Cavabdehin hüquq mühafizə orqanları ilə problemləri var idi, ağlayaraq ona gəlmiş və ona təcili məsələnin həlli üçün pul lazım olduğunu bildirdi. O, təklif etmiş ki, qardaşının uşağına məxsus olan qızılları (sep, üzük və s.) lombarda qoyaq, razılaşdı və 1-2 aya qaytaracağını söz verdi. Çoxsaylı səs yazılar var, bir yerdə lombarda getmiş, kamera görüntüləridə var, cavabdeh pulu götürüb qoydur cibinə. 2-3 aydan sonra cavabdeh bacısı ilə Türkiyəyə getmiş, qayıdandan sonra gəldi ki, yenidən böyük problemi var, onda təcüblənib ki, görəsən nə işlə məşquldur. Bu səbəbdən gözləmiş ki, problemini həll etsin. 5000 manat lombarddan götürmüş və 800 manat özü üstünə qoyub vermişdir. Cavabdeh ona 3 dəfə 200 manat məbləğində, ümumilikdə 600 manat ödəniş edib. Pulunu qaytararsa, barışıq mümkündür. O, həmçinin göstərdi ki, cavabdeh pulu qaytarmaq üçün Xaçmaz rayonunda olan evini girov qoymaq istəyirdi. Onda, bankla bağlı yazılarda mövcuddur. Lombardın müqaviləsi arxivdədir, arayış verdilər ona və o, məhkəməyə təqdim etmişdir. Lombarddan götürdüyü puldan əlavə 800 manat vermişdir. Xaçmaz rayonuna getmiş, 700 manatı bir, 100 manatı ayrı vermişdir. Lombardın arayışında borc və faizləri qeyd olunub. Göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı qızılları lombarda qoyanda onların kimə məxsus olmasından məlumatım olmayıb. 5000 manatı lombarda gedəndə verdilər, orada da, özü götürdü, ola bilsin mənim adıma olub, yadımda deyil dəqiq, ola bilsin şəxsiyyət vəsiqəni mən vermişəm. İddiaçının hər yerə borcu var, banklara və lombardlara. Mənim heç bir idarə ilə problemim olmayıb, olsada öz həllini tapıb. O, həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş səs yaıları pərdə dükanına aiddir, iddiaçı dedi gedək dükandan pərdə alaq, 5000 manatlığa 10000 yazırlar, O, da demiş ki, gəlinin şəxsiyyət vəsiqəsi ilə alınarsa gedək götürək. Xaçmaz rayonundakı evinin heç bir sənədi yoxdur, onu girov qoymaq fikri olmayıb. İddiaçı Xaçmaza gələndə o, orada olmuş, iddiaçı otaqda qalmaqlarına görə bilmir 800 manat yoxsə nə qədərsə ödəniş etmişdir. İddiaçıdan pul almamış və iddiaçıya verəcək pulu yoxdur, öz problemləri ilə məşquldur. Qardaşı rəhmətə gedib, bütün suallara cavab veribdir. İddianın rədd olunmasını xahiş edir. Mülki iş materiallarında olan: 149825 nömrəli girov biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə VÖEN ********** olan X3 məxsus lombarddan 1 ədəd klon, 3 ədəd sep, 1 ədəd üzük olmaqla, ümumi çəkisi 83,93 qram olan qızıl-ziynət əşyalarını girov qoyaraq 5000 manat məbləğində pul götürmüşdür. VÖEN ********** olan X3 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində faiz ödəmişdir. VÖEN ********** olan X3 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 1200 manat məbləğində faiz ödəmişdir. VÖEN ********** olan X3 məxsus lombardın möhürü ilə təsdiq edilmiş və K.Sevda tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Bahadır qızına 5000 manat kredit verilmişdir. Həmin məbləği (5000 manat) İddiaçı Cavabdeh vermişdir. Cavabdeh 3 ay müddətində aylıq 600 manat məbləğində ödəniş etmişdir. Daha sonra İddiaçı 1200 manat faiz ödənişi edib. Hazırki günə qızılın çıxarışına 11.650 manat ödənilməlidir. 5000 manat sudda, 3800 manat faiz, 2850 manat gecikdirilmiş məbləğ. xx.xx.2024-cü il tarixinə 11650 manat cəmi ödəniş olunmalıdır. VÖEN ********** olan X3 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçı 19X200=3800 faiz, 2850 manat gecikmə, 5000 manat sudda, 6650 manat faiz borcu olmaqla, ümumilikdə 11650 manat borcu vardır. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək 2022-ci ilin sentyabr ayında Nəsimi rayonu ərazisində yerləşən S.Vurğun adına istirahət parkının yanında yerləşən Lombard mağazasında tanıdığı Cavabdeh qızıl-zinət əşyalarını girov qoyaraq 6000 manat məbləğində borc pul verməsi, lakin həmin şəxsin pulunu geri qaytarmaması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış Müslümova X2 Afaq Bahadır qızının onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, Afaqı təxminən 20 ildir tanıyır. Təxminən 01 il bundan əvvəl Afaq pula ehtiyacı olduğunu ona demiş və özünə məxsus qızılları Lombard mağazasına girov qoyub onun adına sənədləşmə yolu ilə pul götürmək istədiyini bildirmişdir. O, razılaşdıqdan sonra Afaqla birlikdə Bakı şəhəri Nəsimi rayonu D.Əliyevə küçəsində yerləşən Lombard mağazasına getmişlər, orada o, şəxsiyyət vəsiqəsini təqdim etmiş, Afaq da özünə məxsus qızıl-zinət əşyalarını girov qoyub 5000 manat pul götürmüşdür. Həmin pula görə Afaq Lombard mağazasına ayda 200 manat faiz pulu ödəməli idi. Bundan sonra o, yeni il bayramı ərəfəsində istirahət üçün Türkiyəyə getmişdir. Həmin ərəfələrdə Afaq ona zəng edərək, maddi durumu zəif olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Buna görə o, Afaqın bank kartının hesabına hissə-hissə olmaqla ümimilikdə təxminən 500-600 manat pul göndərmişdir. Daha sonra Afaq “votsap” proqramı vasitəsi ilə ona mesaj yazaraq qızıl-zinət əşyalarını onun Lombard mağazasına girov qoyması və ödəniş edəcəyi barədə ona mesaj yazmasını xahiş etmişdir. O, səbəbini Afaqdan soruşanda isə həmin mesajları bacısına göstərəcəyini bildirmişdir. O da əhəmiyyət vermədən Afaqa dediyi formada mesajlar yazmışdır. Əslində isə o, Afaqdan pul almamış və sonuncuya heç bir borcu olmamışdır. Sadəcə Afaq öz qızıl-zinət əşyalarını Lombard mağazasına girov qoyaraq onun adına sənədləşmə yolu ilə 5000 manat pul götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, İddiaçı izahatında göstərdikləri yalandır. Həmin ərəfələrdə İddiaçı Polis Bölmələrində problemləri olmuş, həmçinin, evini təmir etdirmiş. Buna görə Afaqa pul lazım olmuşdur. Lakin, Afaqın bir çox banklara pul borcu olduğuna görə heç yerdən kreditlə pul götürə bilməmişdir. Həmin ərəfələrdə Afaq ondan xahiş etmişdir ki, öz qızıl-zinət əşyalarını girov qoyub onun adına sənədləşmə yolu ilə pul krediti götürsün. O da Afaqı 20 ildir tanıdığına görə xahişini yerə sala bilməmiş və sonuncunun təklifi ilə razılaşmışdır. Beləliklə də, Afaq öz qızıl-zinət əşyalarını Lombard mağazasına girov qoyub onun adına sənədləşmə yolu ilə 5000 manat pul götürmüşdür. İddiaçı müraciəti əsasında toplanmış materialda və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olmaması, tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən olan baza məlumatlarından müəyyən edilmişdir ki, Cavabdeh adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr mövcuddur. Cavabdeh mülkiyyətində olan ***-***-**-** mobil nömrənin “VOTSAP” proqramı vasitəsi ilə müxtəlif vaxtlarda edilmiş yazışmalardan görünür ki; Cavabdeh bəzi yazılarda İddiaçı “5 min pul vermisən, dedim ki, verecem, pulum yoxdur, sənədimi düzəldək gedək nə qədər istəyirsən götürək”, bəzi yazılarda “Afa salam, gələn həftə ödəniş edəcəm”; İddiaçı Cavabdeh “sən özünü çətinə salırsan, hər günə 5 manat hesablayır lombard, təxminən 7000 manat gəlib çıxıb” kimi yazısına Cavabdeh cavabında “bezmişəm vallah, problem mənimdi həll edəcəm” cavabını vermiş; İddiaçı Cavabdeh “lombarrda günə 5 manat gecikmə cəriməsi sayır” kimi yazısına Cavabdeh cavabında “üzümüzə gələn həftə inşallah qızılları çıxardacam, söz verirəm” cavabını vermiş; İddiaçı Cavabdeh “axşam gələcəm Ayka, bilmirəm Sevdadan al, ərindən istəsin, qohum dost tanışdan al. Amma bunu bağlamaq lazımdır. Mən camahatın qızılını qaytarmalıyam. 7 ay sən heç yarısını bağlaya bilməmisən. Pislik eləmədimki” kimi yazısına Cavabdeh cavabında “salam yatıb qalmışam, 5 dəqiqəy pul səndədir” cavabını yazmışdır; İddiaçı Cavabdeh “1 dəfə 100 manat vermisən, 1 dəfəsə 200 manat vermisən, Məndə onu lombarda verib çeki sənə atmışam” kimi yazısına Cavabdeh cavabında “bu dəqə pul düzəldim 1 həftəyə verəcəm uzağı” cavabını yazmışdır; Cavabdeh İddiaçı yazısında “o gün danışanda sənə dedim ki, ayın axırınnan başlayacam ödəniş etməyə” cavabını yazmış, İddiaçı isə həmin yazıya kartını ataraq “buda kartım” cavabını yazmışdır; İddiaçı Cavabdeh “ilin sonuna faiz borcu olan müştərilərin girovları satışa çıxır ayın 30-u son gün Hər kəsə aid kimliyindən aslı olmayaraq-bu gün mütləq həll elə” kimi yazısına Cavabdeh cavabında “salam yatıb qalmışam, 5 dəqiqəy pul səndədir” cavabını yazmışdır. İddiaçı “Sabah 100% bir şey elə. Bunları saxlaya bilmirəm” kimi yazısına Cavabdeh “narahat olma” kimi cavab yazmış və təkrar İddiaçı “bir şey ödəmək lazımdır ki, satışı minnətinən saxlatdırmışam, illik hesabat verirlər banka” kimi yazı yazılmışdır. Cavabdeh “yaxşı hər ay 200 düzəldib atacam” kimi yazıına, İddiaçı “uje hər ay 200 deyile. 200 man 5000 manat götürəndə idi. İndi 3000 manat gecikmə gəlib. Həm də mən camahatın qızılını qaytarmalıyam. Tən yarısını ödə sepi çıxart” kimi yazısına təkrar Cavabdeh “gələn həftə ödəniş edəcəm” kimi cavab yazmışdır. İddiaçı “uje hər ay 200 deyile. Sabah 100% bir şey elə. Bunları saxlaya bilmirəm” kimi yazısına Cavabdeh “narahat olma” kimi cavab yazmış və təkrar İddiaçı “bir şey ödəmək lazımdır ki, satışı minnətinən saxlatdırmışam, illik hesabat verirlər banka” kimi yazı yazılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş yaddaş kartına (fleş kart) olan səs yazıları dinlənilərkən, yaddaş kartının 134 kb olan hissəsində Cavabdeh “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı qeydə alınmışır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin oktyabr ayında qardaşının övladının qızıllarını girov qoyaraq lombarddan ümumilikdə 5000 manat pul götürərək cavabdehə verdiyini iddia edir, cavabdeh isə iddiaçıdan pul almadığını, həmin pulu iddiaçı özü üçün lombarddan götürdüyünü iddia edir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə məhz 5000 manat pulun verildiyini iddiaçı, borcunun olmamasını isə cavabdeh sübut etməlidirlər. Məhkəmə araşdırması zamanı izahat verən iş üzrə Cavabdeh izahatlarında iddia tələbini qəbul etməyərək onun iddiaçıya heç bir borcunun olmadığını, eləcə də lombarddan pulu iddiaçı özü üçün götürdüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş VÖEN ********** olan X3 məxsus lombardın möhürü ilə təsdiq edilmiş və K.Sevda tərəfindən imzalanmış arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Bahadır qızına 5000 manat kredit verilmiş, həmin məbləğ (5000 manat) İddiaçı Cavabdeh vermişdir. Cavabdeh isə həmin borcla bağlı 3 ay müddətində aylıq 200 manat olmaqla, ümumilikdə 600 manat məbləğində ödənişlər etmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda iddia ərizəsində tələb olunan borcun qaytarılması ilə bağlı tərəflər arasında (cavabdehin mülkiyyətində olan ***-***-**-** nömrə vasitəsi ilə) “VOTSAP” yazışmaları olmuş və həmin yazışmalarda iş üzrə Cavabdeh dəfələrlə pulunun olmadığını, lombardda ödənişlər edə bilmədiyini, özünə sənəd düzəltdikdən sonra bankdan pul çıxardıb, lombardda girovda olan iddiaçıya məxsus qızılların çıxardaraq özünə qaytarcağı ilə bağlı yazışmaları olmuşdur. Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş yaddaş kartına (fleş kart) olan səs yazıları dinlənilərkən, yaddaş kartının 134 kb olan hissəsində Cavabdeh “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı qeydə alınmışır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq həmin yazışmaları iş üçün əhəmiyyətli subut kimi qiymətləndirir. Belə ki, həmin Qərarda plenum telefon danışıqlarının və yazəşmaların mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Göründüyü kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Bu yazışmlardan isə belə məlum olur ki, cavabdeh 5000 manat pulun iddiaçıdan götürdüyünü, sonradan onu qayatara bilmədiyini açıq ifadə etmişdir. İddiaçı tərəfindən lombarddan görürülmüş 5000 manat məbləğində pulun, 3 ay aylıq ödənişinin cavabdeh Aynurə Məmmədovanın ödəniş etməsi, eləcə də yuxarıda qeyd edilən “VOTSAP” yazışmaları ilə cavabdehin dəfələrlə lombardda ödənişlər edəcəyi və s. yazışmaları, həmçinin səs yazısında “iş var gələn həftə alınsa lombarddan sepi çıxardacam” kimi səs yazısı onu deməyə əsas verir ki, VÖEN ********** olan X3 məxsus lombarddan xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən götürülmüş 5000 manat məbləğində pul məhz Cavabdeh üçün götürülməsi sübuta yetirilir. Eyni zamanda bu faktların mövcudluğu Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan tərəflərin izhatında da məlum olur. Göründüyü kimi iş üzrə iddia tələbində əsas borc kimi tələb edilən 5000 manat məbləğində pulu iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallarında olan sənədlərlə sübuta yetirildiyindən, eləcə də həmin borcun məhz iddiaçının özü üçün götürməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin əsas borca görə 5000 manat məbləğində olan hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbinin faiz kimi hesablanmış 5000 manat məbləğində olan hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən VÖEN ********** olan X3 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzlə müəyyən edilir ki, xx.xx.2024cü il tarixə İddiaçı 5000 manat əsas borca 19 ay gecikməyə görə hər ay 200 manat hesablanmaqla 3800 manat, faizə hesablanmış gecikməyə görə isə 2850 manat olmaqla (19x200=3800, faizə gecikmə 2850 manat olmaqla) ümumilikdə 6650 manat faiz borcu vardır. Məhkəmə, 24 iyul 2024-cü il tarixə iddia tələbində göstərilən borc üzrə faiz məbləği 6650 manat təşkil etsə də, iddiaçının tələbində cavabdehdən faiz borcu olaraq 5000 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehdən əsas borca hesablanmış 5000 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 800 manat məbləğində iddiaçı tərəfindən cavabdehə nəğd şəkildə pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmənin qənaətinə görə, iddiaçının 800 manat məbləğində pulun cavabdehə verilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmamaqla yanaşı, bu halı cavabdeh də qəbul etmir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin 800 manat hissəsi əsassızdır və təmin edilməməldir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 5000 (beş min) manat, əsas borca faiz olaraq hesablanmış 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 124 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 124 manat məbləğində pulun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5000 (beş min) manat, əsas borca faiz olaraq hesablanmış 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 124 manat məbləğində pulun 100 manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar