Məhkəmə qərarları › İş №2(001)-2277/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2277/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2277/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Hərbi Vətənpərvərlik və X9” MMC-nin “Xəzri” fililalının nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "Hərbi Vətənpərvərlik və X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Xəzri" filialı və X11 cəlb edilməklə) yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və cavabdehlərdən pul vəsaitinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "Hərbi Vətənpərvərlik və X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Xəzri" filialı və X11 cəlb edilməklə) yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və cavabdehlərdən pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yaşayış sahəsindən qeyri-qanuni istifadə etdiyinə görə 3.000 manat pul vəsaitinin filialın xeyrinə tutulması, onların yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi 1 ünvanında yerləşən “Xəzri” filialında Zəngilan və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər məskunlaşmışlar. Filialın inzibati binası dövlət mülkiyyətidir. Məcburi köçkünlərin kommunal xərcləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən ödənilir. Filial özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərir. Filialın digər gəlir mənbəyi yoxdur. Məcburi köçkünlər istifadələrində olan otaqları mənzil alarkən boşaldıb filiala qaytarır. Cavabdehlər məcburi köçkünlər olmasa da 17-ci otağın açarını orada yaşayıb vəfat etmiş X4 uşaqlarından götürüb oraya köçmüşlər. Cavabdehlər 2021-ci ilin oktyabr ayından orada məskunlaşmışlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər otağı boşaldıb filiala qaytarmırlar. Dövlət əmlakından beş ay müddətinə qanunsuz istifadə etdiyinə görə cavabdehlərdən gündəlik 20 manat, beş ay üçün cəmi 3.000 manat tutulub filiala ödənilməlidir. Cavabdehlər iddiaya etiraz göndərərək bildirmişlər ki, iddianı qəbul etmirlər. Belə ki, X6 atası X5 həbsxanadan çıxdıqdan sonra 2004-cü ildən Azərbaycan Respublikası Könüllü Hərbi X10 Cəmiyyəti sədrinin göstərişinə əsasən Cəmiyyətin Nəsimi rayonu, Mərdanov Qardaşları 99 ünvanında yerləşən inzibati binasına köçürülmüş, 2013-cü ilin fevral ayından ailəsi ilə birlikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədrinin şifahi göstərişinə əsasən Cəmiyyətin ünvan 3 ünvanında yerləşən “Xəzri” mehmanxanasının birinci mərtəbəsində yerləşən 17-ci otağına köçürülmüşdür. Ailə üç nəfərdən ibarət olmuşdur: oğlu X11, qızı X7. Həmin mənzil təmirsiz olmuşdur. Mənzil Gülbala Məmmədov tərəfindən öz şəxsi vəsaiti hesabına tam təmir edilmiş, qapı və pəncərəsi qoyulmuş və istifadəyə yararlı hala salınmışdır. Gülbala Məmmədov yaşadıqları uşaq evinə həmin uşaq evində yaşayan qızı və oğlu ilə görüşə gələndə onların valideynlərinin olmadığını bilib öz uşaqları üçün gətirdiyi sovqatdan onlara da verərək birlikdə görüşmüşlər. Bu münasibətlər uşaq evindən çıxdıqlarından sonra da davam edirdi. Gülbala Məmmədov uşaqları ilə həmin bir otağa sığınaraq yaşamışlar. X16 hal-hazırda da orada yaşayır. Onlar uşaq evindən çıxdıqdan sonra bir müddət kirayələrdə dostlarının və tanışlarının yanında çətinliklə yaşamışlar. Kənarda yaşamaqlarına baxmayaraq, həmin müddətdə daimi olaraq Gülbala Məmmədov və onun övladları ilə ailəvi dostluq münasibətlərində olmaqla onların yaşadığı yataqxananın bir otağına gedişgəlişləri var idi, bayramlarda orada qaldırladı da olurdu. Gülbala Məmmədov bir müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi, onlar və X16la daim onu xəstəxanaya aparırdılar. Müalicə zamanı öz qızı ailə həyatı və himayəsində azyaşlı uşağı olduğuna görə atasına köməklik göstərə bilmədiyi üçün tək qalan oğluna qardaş olaraq onlar köməklik edirdilər. Gülbala Məmmədov 24 avqust 2021-ci il tarixində xəstəlikdən vəfat etdikdə oğlu və qızı onları çağırdı və onlar birlikdə mərhumu dəfn etdilər, yataqxanada yaşayan digər qonşuların köməyi ilə Gülbala Məmmədova məxsus olan otaqda yas mərasimi vermişlər. Daha sonra Orxan Məmmədov bacısı ailə qurub ayrıldığından tək qaldığını və onların ağır bir vəziyyətdə yaşadıqlarını görərək onları birgə yaşamağa dəvət etmiş və onların da heç bir digər yaşayış yeri olmadığına görə Orxan Məmmədovun təklifini düzgün dəyərləndirərək qəbul etmişlər. Hal-hazırda da birgə yaşayırlar. Həmin otağın təmir işləri gedərkən onlar maddi vəziyyətin aşağı olması səbəbindən fəhləlik edərək köməklik göstərmişlər. Məlum olduğu kimi, başqa yerə getməyə heç bir yerləri olmadığına və yalnız bir nəfərin işlədiyinə görə müvəqqəti olaraq Orxan Məmmədovun yanına sığınmışlar. Pul tələbinə etiraz edərək bildirirlər ki, həmin otaqda Orxan Məmmədov yaşadığına və onların da orada sığınmağı iddiaçı tərəfə heç bir maddi ziyan vurmur. Belə ki, həmin yataqxanada məcburi köçkünlər məskunlaşmış və onların kommunal xərclərini Dövlət ödəyir. Onlar böyüdükləri 3 saylı uşaq evindən çıxdıqdan sonra təxminən iki il kirayədə qaldıqları müddətdə onlara müvəqqəti sığınacaq yerinin təmin olunması üçün dəfələrlə müxtəlif dövlət qurumlarının qəbuluna yazılaraq şifahi şəkildə öz sosial vəziyyətlərini bildirmişlər. Cavab olaraq onlara bildirilmişdir ki, hal-hazırda balansda onların vəziyyətinə uyğun sığınacaq yeri yoxdur, lakin olduğu təqdirdə təmin ediləcəklər. Ona görə də hesab edirlər ki, hal-hazırda onların 17-ci otaqda yaşamaqlarına qərar verməklə dövlət qurumlarının hazırki mərhələdə yükü azaldılmış olar. Cavabdeh1 2008-ci ildən, Cavabdeh2 isə 2012-ci ildən 3 saylı uşaq evindən məzun olmuşlar. Göründüyü kimi, onlar daim dövlətə məxsus müəssisəyə sığınmaqla dövlətin himayəsində olmuş, hal-hazırda da yaşamağa başqa yerləri olmadığına görə Orxan Məmmədovun istifadəsində olan otağa sığınmışlar. Hazırda Cavabdeh1 heç yerdə işləmir, Cavabdeh2 aldığı əmək haqqı ilə sosial tələbatlarını çətinliklə ödəyirlər, normal qidalana bilmirlər, vacib olan dərman preparatlarını ala bilmirlər. Dövlət qurumları tərəfindən onlara daimi sığınacaq veriləndə onlar heç bir etiraz etməyərək yataqxana otağını tərk edəcəklər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər iddiaçıdan icazə almadan filialın otağında məskunlaşmış, bu aşkar olunduqdan sonra onların xahişləri nəzərə alınaraq qısa müddət ərzində otaqdan istifadə etməklərinə icazə verilmiş, lakin sonradan cavabdehlər həmin otağı tərk etməkdən imtina etmişlər. Cavabdehlərə təmsil etdiyi Cəmiyyətin rəhbərliyi tərəfindən hazırda orada yaşamaqlarına icazə verilmir. Məhkəmə iclasında iddiaçı tərəfində iştirak edən üçüncü şəxs "Hərbi Vətənpərvərlik və X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Xəzri" filialının nümayəndəsi bildirdi ki, cavabdehlərin qaldıqları otaq yaşayış yeri olmadığı üçün onların əməkdaşları olmuş X2 müvəqqəti istifadəyə verilmişdir. Gülbala Məmmədov 02 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Onun Orxan adlı bir oğlu və Asiman adlı bir qızı var. Qızı ailəli olduğu üçün başqa ünvanda yaşayır. Orxan isə uşaq evindən çıxdıqdan sonra əsasən bacısının yanında və digər yerlərdə qalır, arada bir atasının yanına gəlirdi. Cavabdehlər iddiaçı Cəmiyyətin icazəsi olmadan filialın otağında məskunlaşmış, bu aşkar olunduqdan sonra onların xahişləri nəzərə alınaraq qısa müddət ərzində otaqdan istifadə etməklərinə icazə verilmiş, lakin sonradan cavabdehlər həmin otağı tərk etməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazını müdafiə edərək həmçinin bildirdi ki, onun hazırda təhsil borcu da var və hazırda başqa yerdə qalaraq kirayə haqqını ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazını müdafiə edərək həmçinin bildirdi ki, hazırda işsiz olduğundan qardaşı ilə başqa yerdə qalaraq kirayə haqqını ödəməyə maddi imkanları yoxdur. Məhkəmə iclasında cavabdeh tərəfində iştirak edən üçüncü şəxs X11 bildirdi ki, o, cavabdehlərlə birlikdə uşaq evində birlikdə böyümüş, hazırda da bir ailə kimidilər. O, bu səbəbdən cavabdehləri öz otağında qonaq kimi qəbul etmiş və hazırda da birlikdə həmin otaqda yaşayırlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportunun surətindən görünür ki, “Xəzri” Mehmanxanasının mülkiyyətçisi Könüllü Hərbi X10 Cəmiyyətidir. "Hərbi Vətənpərvərlik və X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Xəzri" filialının “Otaqların qiyməti haqqında” 23 dekabr 2014-cü il tarixli, 11 nömrəli əmrinin surətindən görünür ki, özünümaliyyələşdirmə və təsərrüfathesablı filial olaraq otaqların qiymətlərinin və tariflərin tənzimlənməsi məqsədilə Respublikanın rayon və şəhərlərindən gəlmiş vətəndaşları yerləşdirmək, onlara zəruri xidmət haqqı 01 yanvar 2015-ci il tarixindən bir nəfər üçün 20 manat müəyyən edilməsi əmr edilmişdir. "Hərbi Vətənpərvərlik və X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Xəzri" filialı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış 04 may 2021-ci il tarixli, 09 nömrəli məktubun surətindən görünür ki, X8 2004-cü ildən Azərbaycan Respublikası Könüllü X10 Cəmiyyəti sədrinin göstərişinə əsasən Cəmiyyətin Nəsimi rayonu, Mərdanov Qardaşları 99 ünvanında yerləşən inzibati binasına köçürülmüş, 2013cü ildən isə ailəsi ilə birlikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X9” MMC-nin sədrinin şifahi göstərişinə əsasən Cəmiyyətin ünvan 4 ünvanında yerləşən “Xəzri” mehmanxanasının 1-ci mərtəbəsində yerləşən 17-ci otağına köçürülmüşdür. Ailə üç nəfərdən ibarətdir: oğlu X11 (1991), qızı X7 (1993). Həmin mənzil təmirsiz olmuşdur. Mənzil G.Məmmədov tərəfindən öz şəxsi vəsaiti hesabına tam təmir edilmiş, qapı və pəncərəsi qoyulmuş və istifadəyə yararlı hala salınmışdır. 3 nömrəli uşaq evi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 39, 40, 41 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 05 noyabr 1997-ci ildən, Cavabdeh2 31 mart 1999-cu ildən, X11 01 iyul 2005-ci ildən 3 saylı uşaq evində yaşayıb tərbiyə almış, Cavabdeh1 15 sentyabr 2008-ci ildən, Cavabdeh2 17 sentyabr 2012-ci ildən, X11 16 avqust 2012-ci ildən uşaq evinin qeydiyyatından çıxarılmışlar. 24 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ 187373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 avqust 2021-ci il tarixdə ölmüşdür. 08 iyun 2005-ci il tarixdə verilmiş AZ-İ 615701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 avqust 1991-ci il təvəllüdlü X6 atası X3r. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən “Xəzri” filialı (mehmanxana) iddiaçının qanuni sahibliyindədir. Həmin filialın 1-ci mərtəbəsində yerləşən 17-ci otaq X1 müvəqqəti istifadəsi üçün ayrılmış, o, 02 avqust 2021-ci il tarixdə ölmüş, ölümdən sonra oğlu X11 həmin otağı istifadə etməkləri üçün cavabdehlərə vermişdir. İddiaçı bu barədə məlumatlı olduqdan sonra qısa müddət ərzində həmin otaqdan cavabdehlərə istifadə edilməsinə icazə versə də, sonradan onun otağı boşaltmaq barədə tələbini cavabdehlər icra etməmişlər. Hazırda iddiaçı cavabdehlərin həmin otaqdan çıxarılması, otağın boşaldılması və cavabdehlərdən otaqdan istifadəyə görə pulun tutulmasını tələb edir, cavabdehlər isə iddianı qəbul etmirlər və bunu onunla əsaslandırırlar ki, hazırda başqa yaşayış yerləri yoxdur və onlara aidiyyəti dövlət qurumları tərəfindən yaşayış sahəsi ayrılan kimi iddiaçıya məxsus otağı tərk edəcəklər. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi X10 Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakının “Hərbi Vətənpərvərlik və X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan otaqdan istifadə edirlər və mülki qanunvericiliyin istinad olunan tələblərindən göründüyü kimi, iddiaçının həmin otaqdan cavabdehlərin çıxarılmasını və otağın boşaldılmasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “cavabdehlərin yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsinin boşaldılması” hissəsində əsaslı olduğundan təmin edılməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov 1 ünvanında yerləşən “Xərzi” Filialının 17-ci otağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı və cavabdehlər həmin otaqdan çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin “cavabdehlərdən pul vəsaitinin tutulması” hissəsi ilə bağlı isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının və onun tərəfində iştirak edən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında bildirdiklərinə görə, cavabdehlərin müəyyən müddət otaqdan istifadə edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov 1 ünvanında yerləşən “Xərzi” Filialının 17-ci otağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı və cavabdehlər həmin otaqdan çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov 1 ünvanında yerləşən “Xərzi” Filialının 17-ci otağı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılsın və cavabdehlər həmin otaqdan çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar