Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2277/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh əvvəllər tanımamış, ona məxsus kiçik oteldə (evdə) günü 10 manat olmaqla qaldığından və evdə təmir işləri gördüyündən tanımışdır. Belə ki, həmin şəxs oteldə qalaraq, həmçinin evlərdə təmir işləri ilə də məşğul olmuşdur. Onunla münasibəti yarandıqdan sonra evdə qaldığı günlərə görə 700 manat və evində təmir işləri gördükdən sonra ona gördüyü iş müqabilində verdiyi, lakin hesablandıqdan sonra ona qaytarmalı olduğu 90 manat borcu yaranmış və ödəməmişdir. Yaranmış borcla əlaqədar xx.xx.2023-cü il tarixdə özünün yazdığı qəbzdə ona 700 manat borcunun olduğunu və 30 aprel 2023-cü il tarixinədək tam ödəyib qurtaracağına, borclu olduğu pulu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası qanunları ilə məsuliyyət daşımağa hazır olduğuna dair yazılı qaydada söz vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdehə məxsus mobil telefon ilə əlaqə saxladığında isə müxtəlif yalan vədlər verərək borcunu ödəməkdən faktiki olaraq yayınmışdır. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid edirdi. Artıq məlum olmuşdur ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 700 manat məbləğində borcun, gördüyü iş müqabilində artıq ödənilmiş 90 manat pulun, ümumilikdə 790 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda 90 manat pulun cavabdehə ödənilməsi ilə bağlı hər hansı bir sübutlarının olmamasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Cavabdeh məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, bildirişlər müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 30 mart 2023-cü il tarixli əlyazmadan görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmada o, İddiaçı otelində qaldığı müddət ərzində yaranmış 700 manat borcunun 30 aprel 2023-cü il tarixədək tam ödəyib qurtaracağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə borc müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin borcla bağlı normaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı məxsus oteldə qalmış və nəticədə 700 manat məbləğində borcu yaranmış, həmin borc məbləğini 30 aprel 2023-cü il tarixədək tam qaytaracağına söz versə də, hazırki günədək iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh 700 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “gördüyü iş müqabilində artıq verilmiş 90 manat pulun” cavabdehdən tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 89%, yəni 26.70 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 11%, yəni 3.30 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2277/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2277/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver