Məhkəmə qərarları › İş №2(001)-2278/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2278/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2278/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 722,6 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanmış 03 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “X6 Prado” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 fevral 2021-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “Haojue” markalı 99-A-429 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 772,6 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Belə ki, qeyd olunan motosikletin mülkiyyətiçisi Cavabdeh1 olduğundan, hadisə zamanı motosiklet etibarnaməsiz Cavabdeh2 idarə etdiyindən zərərin əvəzi onlardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, onlar iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 28 may 2021-ci il tarixli məktubundan görünür ki, “Haojue HJ 150-9” markalı 99-A-429 dövlət qeydiyyat nişanlı motosikl 01 avqust 2018-ci il tarixdən Cavabdeh1 adına qeydiyyatdadır. 30 sentyabr 2019-cu il tarixdən 07 sentyabr 2020-ci ilədək Cavabdeh2 etibarnamə verilmişdir; "xxxx" X2 fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prado” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 iyun 2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixə qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Nərimanov rayon Polis İdarəsinin təhqiqat şöbəsi bildirir ki, 12 fevral 2021-ci il tarixdə saat 12:40 radələrində A.Neymətulla küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs barədə məlumat qrafasında avtonəqliyyat vasitəsinin markası “Haojue” markalı 99-A-429 dövlət qeydiyyat nişanlı motosiklet, mülkiyyətçisi Cavabdeh1, hadisə hadisə baş verdiyi anda sürücü Cavabdeh2 göstərilmişdir. Cavabdeh2 sürücülük vəsiqəsi yoxdur; Fərdi sahibkar X4 tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli qüsur aktından görünür ki, **-OE-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” minik markalı avtomobilə 722,6 manat məbləğində ziyan dəymişdir; 20 aprel 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 “Haojue HJ 150-9” markalı, 99-A-429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, etibarnaməsiz idarə edərkən 12 fevral 2021-ci il tarixdə “Toyota Prado” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəymiş, sürücü Cavabdeh2 dərəcəsi müəyyən edilməyən bədən xəsarəti alıb. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 07 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır; "xxxx" ASC-nin 21 aprel 2021-ci il tarixli sığorta aktının və 28 aprel 2021-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən **-OE-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” minik markalı avtomobilə dəymiş ziyana görə 722,6 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxs X3 avtomobilinin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür; 10 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından göründüyü kimi, Cavabdeh2 sürücülük vəsiqəsi və etibarnamə olmadan Cavabdeh1 məxsus “Haojue HJ 150-9” markalı, 99-A-429 dövlət qeydiyyat nişanlı motosikletlə 12 fevral 2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Toyota Prado” markalı, **-OE-***dövlət qeydiyyat nişanlı avtomobilə 722,6 manat məbləğində zərər dəymiş, nəticədə Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. “Toyota Prado” markalı, **-OE-***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 722,6 manat məbləğində zərər "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 722,6 manat məbləğində sığorta ödənişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddianın qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 722,6 (yeddi yüz iyirmi iki manat, altmış qəpik) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar