Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2292/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49000 manat əsas borcun, 12375 manat faiz məbləğinin, cəmi 61375 manat pul vəsaitinin, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 274.15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27.42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17.25 manat olmaqla, cəmi 638.82 manat məhkəmə xərclərinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır, 2019-cu ilin oktyabr ayında Cavabdeh biznesinə kömək üçün ondan 77000 manat borc almışdır. Borcun qaytarılma müddəti müəyyən edilməmişdir. Yəni o nə vaxt istəsə pul qaytarılmalı idi. Eyni zamanda onun pulunun onda qaldığı müddətdə əldə etdiyi qazancından ona da pay verməli idi. İlk aylar Adil bir neçə ay qazancından ona da pul verirdi. Amma bir müddətdən sonra ölkədə konorovirus karantini ilə əlaqədar Adil ona pul verməyi dayandırıb bildirdi ki, işləyə bilmirlər və qazancları yoxdur. O da vəziyyəti başa düşüb, ondan heçnə tələb etməmişdir. Daha sonra gördü ki, Adil pandemiyanı bəhanə edərək pul verməkdən yayınır.Ona görə də pulun qaytarılmasını tələb etməyə başlamışdır. 2021-ci ilin iyun ayının 11-də Adil onun bloknotuna 77000 manat borcunun olduğunu və həmin borcu 2022-ci ilin yanvar-fevral aylarında qaytaracağını öhdəsinə götürdyü barədə yazılı iltizam verim, imzası ilə təsdiq etdi. Bundan sonra Adil ondan dəfələrlə xahiş etdi ki, birlikdə işləməyi davam etdirsinlər, hər ikisinə faydası olsun, yəni o pulu götürməsin, pul qalsın onda və həmin puldan istifadə edib biznesini davam etdirsin. Qardaşı Ceyhun kimi təqdim etdiyi şəxsi də gətirdi onun yanına və onu səriştəli iş adamı kimi təqdim edib bildirdi ki, onun borcunun hamısını birdən qaytara bilməyəcək, borcu hissə-hissə qaytaracaq, həm də qazancından ona pay verəcək. O, bu təkliflə razılaşmasa da, 2021-ci ilin dekabr ayından başlayaraq Adil hər ay, bəzən iki ayda bir dəfə ona 1000 manatdan 2000 manata qədər pul verirdi. Həmin pulun hansı hissəsini borcu qaytarmaq kimi, hansı hissəsini isə qazancından pay kimi ona verdiyini açıqlamadı. Amma o həmin ödənişləi borcun ödənilməsi kimi qəbul edir. Beləliklə Adil 2021-ci ilin dekabr ayından 2023-cü ilin may ayına qədər ona 28000 manat pul qaytarmışdır. Verdiyi 77000 manat borcdan ödənilmiş 28000 manat çıxdıqdan sonra Adilin ona 49000 manat borcu qalmışdır. 2023-cü ilin may ayından sonra Adil ona heç bir pul ödəməmişdir və müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınır. Məhkəmə iclaslarında iddiaçı tərəf bildirmişdir ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaiti ilə işlətdiyi taksi şirkətinə əlavə nəqliyyat vasitələri almalı idi. Cavabdeh təxminən 22-24 nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçının pulunun cavabdehdə qaldığı müddətdə cavabdeh əldə etdiyi qazancından iddiaçıya pay verməli, iddiaçıya pul lazım olduğu halda cavabdehi 2-3 ay qabaqcadan xəbərdar etməklə pulunu götürə bilərdi. Tərəflər arasında biznes münasibətləri olub, lakin hər hansı ortaqlıq olmamışdır. Cavabdehin nümayəndəsi, vəkil vəsatət verərək, iddiaçı və cavabdehin hər ikisinin vergi ödəyicisi kimi fərdi sahibkar olduğunu nəzərə alaraq, işə kommersiya məhkəməsinə baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə razılaşmayaraq bildirmişdir ki, müqavilədən kənar münasibətlər kommersiya mübahisəsi hesab edilə bilməz. Kommersiya mübahisəsi olması üçün ən azından bank hesablaşmaları, yazılı sənədlər olmalıdır. İddiaçı evində olan pulu cavabdehə vermişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının fikrini öyrənərək o qənaətə gəlir ki, vəsatət təmin edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən sorğulanmış məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində spa, masaj, hamam fəaliyyəti istiqaməti üzrə, Cavabdeh isə taksi fəaliyyəti istiqaməti üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Göründüyü kimi mübahisə fərdi sahibkar kimi fəaliyyət göstərən iki fiziki şəxsin arasında müqavilədən irəli gələn mübahisə ilə bağlıdır və həmin mübahisə kommersiya mübahisəsi hesab olunur. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında bildirmişdir ki, o cavabdehə verdiyi pulun onda olduğu müddətdə qazancdan pay almalı idi və onlar arasında biznes fəaliyyəti olmuşdur. Cavabdeh iddiaçıdan aldığı pul ilə nəqliyyat vasitəsi alaraq, onsuz da məşğul olduğu taksi fəaliyyətini genişləndirəcək və həmin fəaliyyətdən ona müəyyən hissədə pay verəcəkdir. Odur ki, aşağıda göstərilənlərə əsasən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsində göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Eyni zamanda məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki qərardaddan şikayət verildiyi təqdirdə MPM-nin 269-cu maddəsinin tələblərini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatları nəzərə alsınlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2292/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2292/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver