Məhkəmə qərarları › İş №2(001)-2293/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2293/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2293/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan miras əmlakın Cavabdeh2 və Cavabdeh3 adına hüquqi qeydiyyata alınmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh 26 saylı Notariat Kontoru tərəfindən miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X5 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m. olan mənzil (miras əmlak) onların məhrum ataları X5 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı olmuş, atalarının vəfatından sonra vərəsələrinə miras qalmışdır. Mərhum atalarının vəfatından sonra 11 vərəsəsi qalmışdır. Həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidməti tərəfindən hüquqi qeydiyyata alınmaqla mərhum atalarına mənzilin onun xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2021-ci il tarixində Çıxarış verilmişdir. Mərhum ataları X9 xx.xx.2017-ci il tarixində hipertyonuya xəstəliyindən vəfat etmişdir. Atalarının vəfatından sonra onlar vərəslər faktiki olaraq mirası qəbul etmişlər, miras payları bölünməsinə dair vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etsələr də, sonra sənədləri geri almışlar. Belə ki, faktiki mirası qəbul etdiklərindən və qardaşları Cavabdeh2 həmin evdə ailəsi ilə yaşadığından, onlar razılaşmışdırlar ki, Cavabdeh2 özünə ev alana kimi həmin mənzildə yaşasın və sonra miras paylarını bölüşsünlər. Bu səbəbdən də vərəslik işinin açılmasını dayandırmışdırlar. Lakin Cavabdeh3 və Cavabdeh2 onların məlumatları olmadan cavabdeh 26 saylı Notariat Kontoruna müraciət edərək vərəslik işi açdırmışlar və miras əmlakı öz aralarında bərabər paylara bölmüşlər. Belə ki, mübahisəli mənzili ilkin olaraq qardaşları Cavabdeh3 öz adına rəsmiləşdirmişdir. Sonra digər Cavabdeh2 həmin miras paydan payını tələb etmiş və qeyd etdikləri kimi miras kütləsi cavabdehlər arasında bərabər paylara bölüşdürülmüşdür. Hər iki cavabdeh miras payı bölüşdürərkən, digər vərəsələrin olmasa barədə məlumatı 26 saylı Notariat ofisindən gizlətmişlər. Cavabdeh 26 sayl Notariat ofisi isə öz növbəsində digər vərəsləri olması faktını araşdırmamış, qanunsuz olaraq onların miras paylarını Cavabdeh2 və Cavabdeh3 arasında bölüşdürmüşdür. Bu fakt onlara yalnız hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında “mənzilə köçürülmə, mənzilin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə məhkəmə mübahisəsi zamanı aşkar olunmuşdur. Belə ki, onlar vərəsələr Cavabdeh2 tərəfindən şahid qismində məhkəməyə çağırıldıqda onlara məlum olmuşdur ki, miras əmlak qeyd etdikləri kimi həmin iki cavabdeh vərəslər arasında bölüşdürülüb. Hesab edirlər ki, məhkəmə qaydasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan mənzilin Cavabdeh2 və Cavabdeh3 adına hüquqi qeydiyyata alınmasının, Cavabdeh2 və Cavabdeh3 miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X5 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, o, həmin mənzilə xərc çəkmiş, təmir etdirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Cavabdeh 26 saylı Notariat ofisinin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi üzrə ona qarşı cavabdeh qismində irəli sürülən tələb əsassızdır, həmin iddianı qəbul etmir. İddiaçılar öz iddia ərizələrində bildiriblər ki, xx.xx.2017-ci ildə vəfat etmiş X5 11 vərəsəsi var.İddia ərizəsində qeyd edildiyi kimi Cavabdeh3 ilk olaraq 2021-ci il tarixdə notariat ofisinə müraciət etmiş, müraciət edərkən onun tərəfindən müvafiq arayış təqdim edilib. Arayışda qeyd edilib ki, mübahisəli mənzil Cavabdeh3 qanuni sahibliyindədir. Həmin ərəfədə mərhumun digər vərəsləri bununla bağlı hər hansı notariat ofisinə müraciət etməmişdirlər. 2021-ci ildə tərəfindən Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra iş üzrə digər Cavabdeh2 notariat ofisinə müraciət edərək vərəsə qismində onun da tanınmasını tələb etmişdir. Notariat ofisi tərəfindən müvafiq imtina məktubu veriləndən sonra Cavabdeh2 Cavabdeh3 və digərlərinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmişdir. Bundan sonra qətnamə əsasında 2024-cü ildə hər iki şəxsə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddia tələbinə əsasən cavabdeh qismind cəlb edilməyinə baxmayaraq, ona qarşı yönələn tələbin nədən ibarət olması məlum deyil. Qeyd edilənlərə əsasən, mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İ-ЗЖ seriyalı 135852 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 atası X9, anası X6r. İ-ЗЖ seriyalı 162775 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X7 atası X9, anası X6r. İ-ЗЖ seriyalı 821116 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X2 atası X9, anası X6r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2, X16, X17, X18, X19, Cavabdeh3, X11, X12, X13 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********29-05101-093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşəm ümumi sahəsi 54 kv/m olan mənzildən ibarətdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********29-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşəm ümumi sahəsi 54 kv/m olan mənzildən ibarətdir. Cavabdeh2 Cavabdeh1na ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmuş, həmin ünvanında yaşamış və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakları qəbul etmişdir. AZ-İİ seriyalı 200037 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. İ-ЗЖ seriyalı 007883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 atası X9, anası X6r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 22 saylı mənzil (Yeni qaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 58, M1, m3) xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə ½ hissədə Cavabdeh3, xx.xx.2024-cü il tarixdə ½ hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. X5 ərizəsinin surətindən görünür ki, onun adına olan mənzili qeydiyyatdan çıxardıb öz oğlu Cavabdeh3 adına qeydiyyata dəyişdirilməsini xahiş etmişdir. Buna bütün ailə üzvləri öz razılıqlarını bildirmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2717/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı notariat ofisini tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 1 barədə Cavabdeh3 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6113/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2717/2023 saylı qətnaməsindən Cavabdeh3 təərfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, Bakı şəhəri 26 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəsat etmiş X5 vərəsəsi Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və tərəflərindən vərəsəlik işi açılmışdır. Lakin iddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə müraciətləri həqiqəti əks etdirmir, yalnız şifahi şəkildə onlara müracoət etmişlər və onlara vərəsələr arasında yaranmış mübahisəni məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respubikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəyə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Göründüyü kimi miras fiziki şəxsin ölümü ilə açılır, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəçiliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Mülki iş materiallarında olan X5 ərizəsinin surətindən görünür ki, o, onun adına olan mənzili qeydiyyatdan çıxardıb öz oğlu Cavabdeh3 adına qeydiyyata dəyişdirilməsini xahiş etmiş, buna da bütün ailə üzvləri öz razılıqlarını bildirmişlər. Daha sonra X5 ölümündən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etmişlər və onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. X1 ölümündən sonra birinci dərəcə üzrə digər vərəsələr, yəni iddiaçıların heç biri məcburi payın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etməmiş, nə də ki məcburi payın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət etməmişlər. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hüquqi nəticə etibari ilə miras qoyanın digər övladları, yəni iddiaçılar istər rəsmi olaraq notariat kontoruna ərizə ilə müraciət formasında, istərsə də faktiki qəbul formasında miras əmlakında məcburi paylarını qəbul etmədiklərindən miras qalmış əmlakdan pay tələb etmək hüququ əsassızdır. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi məhz Mülki Məcəllənin 1301-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq həyata keçirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin və ondan irəli gələn digər nəticələrin etibarsız hesab edilməsi üçün qanuni əsas olmadığından, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar