Məhkəmə qərarları › İş №2(001)-23/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-23/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-23/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hasarın sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X1rşı “qanunsuz hasarın sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ərazidən cavabdehin və ailə üzvlərinin müdaxiləsi qanunsuz hesab hesab edilməsi və cavabdehin qanunsuz inşa etdiyi hasarın sökülərək zəbt edilmiş torpaq sahəsini iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X3 1410 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə 200 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsində iddiaçı ev inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Lakin cavabdeh həmin torpaq sahəsinin bir hissəsini onun olması bəhanəsi ilə zəbt etmiş və özgəninkiləşdirməyə cəhd etmişdir. Torpaq sahəsinə dair dəfələrlə tərəflər arasında mübahisə düşmüşdür. İddiaçı Binəqədi Bələdiyyəsinin sərəncamına əsasən 10 metr eni 20 uzunluqda torpaq sahəsi almışdır, lakin cavabdeh giriş hissəsinin 8.7 metr enində 9 metr uzunluğunda hissəsini zəbt etməklə əlavə, öz evinə pilləkən inşa etmişdir. Ərazidə qanunsuz olaraq tikilən taxta hasar iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə onun öz mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıa və onun nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2005-ci il tarixli, 1265/1 nömrəli Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Bakı şəhər sakinləri X2 və Muradov X8 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış (ünvan cizgidə göstərilmiş) fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 500 m² torpaq sahəsinin sahiblik və istifadə hüquqları Muradov X8 istifadəsinə verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli, 1410 nömrəli Sərəncamına əsasən, X7 tərəfindən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Rayonu Qəsəbə ərazisindən istifadəsində olan 200 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 10/6803 saylı, xx.xx.2023-cü il tarixli tikinti-texniki ekspertiza rəyindən müəyyən edilir ki, aparılmış tədqiqatla və mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı ayrılmış torpaq sahəsi ilə cavabdeh Muradov X9 ayrılmış torpaq sahəsi faktiki vəziyyəti üzrə üst-üstə düşür. - X3 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı yaşadığı Binəqədi qəsəbəsi, A.İsfahani küçəsində inşa olunmuş fərdi yaşayış evi X3 1410 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan müvafiq sənədlərlə onun mülkiyyətinə ayrılaraq adına rəsmiləşdirilmiş 200 kv.m torpaq sahəsinin üzərində aparıldığı qeyd edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8840 saylı, xx.xx.2023-cü il tarixli tikinti-texniki ekspertiza rəyindən və ƏMDX-nıın DƏDKR PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 38770/2023 nömrəli mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsi faktiki olaraq 330 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oyl). Sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Hazırkı torpaq sahələri dövlət reyestrində qeydiyyatdan keçmədiyindən üst-üstə düşmə ilə bağlı araşdırma aparmaq mümkün olmamışdır. Həmçinin mütəxəssis rəyinə görə, sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək cavabdehin sahibliyinin qanunsuz olduğundan onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və cavabdehin ona məxsus sahədən çıxarılmasını xahiş edir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə qeyd edir ki, işdən iddiaçının mübahisəli yaşayış sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). İşdə olan ifadələrə və rəylərə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyində də olmadığı müəyyən edilir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Mülki Məcəllənin: - maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. - maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. - 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Beləliklə, müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iş üzrə İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir (istinad edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 14/2024 Qərarına). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 227.1, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar