Məhkəmə qərarları › İş №2(001)-2300/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2300/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2300/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrin\ə 9500 manat məbləğində pulun, eləcə də 9 il qanunsuz istifadəyə görə 5 faiz olmaqla 4275 manat olmaqla, cəmi 13775 manatın və dövlət rüsumu kimi ödənilmiş 132 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmisindən miras pul qalmışdı. 2015-ci ildə istəyirdi ki, özünə ev alıb kirayəyə verib dolansın. Alacağı mənzili əvvəlcədən tanıdığı Nərgiz adlı qadına kirayəyə verəcəkdi. Bu söhbətdən Nərgizin qızı olan Cavabdeh da xəbəri var idi. Elmira tibb bacısı işləyirdi. Onunla və anası Nərgizlə çox mehriban münasibəti var idi. Anası ilə indi də normal münasibəti var. Elmira ona təklif etdi ki, hər ay anasının kirayə haqqı kimi 150 manat ona versin və o da ev almaq üçün topladığı pulu Elmiraya versin, sonra pulu qaytarar. O da fikirləşdi ki, Elmira pulu qaytarana kimi bir qədər də pul toplayar və sənədli ev alar. Münasibətləri yaxşı olduğundan Elmiraya xx.xx.2015-ci ildə 4000 usd və 1000 manat, xx.xx.2015-ci ildə 4000 usd, xx.xx.2015-ci ildə 10600 usd və 10400 manat pul verdi. Elmira ona nə 150 manat kirayə haqqı verdi, nə də borcunu qaytardı. O Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 18667.17 usd və 11441.17 manatın Cavabdeh alınıb ona verilməsi qət edildi. Həmin qətnamə icra mərhələsindədir və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixdə Cavabdeh onun 9500 manat pulunu da ələ keçirmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən 9 mərtəbəli binanın zirzəmisində 58 kv.m qeyri-yaşayış sahəsi almışdır və sənədləşdiirlməsinə ehtiyac var idi. Bu barədə Elmira ilə söhbətləri olmuşdu. Elmira belə işləri bacardığını, tez-tez özəlləşmə işləri ilə məşğul olduğunu deyərək, bunun üçün ona etibarnamə verməyi və 9500 manat zirzəmini özəlləşdirə biləcəyini dedi. Onlar razılaşdılar və qəbz verməklə xx.xx.2015-ci il tarixdə ondan 9500 manat pulu aldı və o da öz növbəsində onun adına bu məqsədlə etibarnamə verdi. Bu barədə indiyənə kimi şikayət etməmişdir. Keçən il şikayət ərizəsi ilə Binəqədi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis araşdırma aparmış və mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Həmin araşdırma zamanı Cavabdeh ondan pul aldığını etiraf etmiş, lakin pulu qaytardığını demişdir. Lakin ondan aldığı pulu qaytarmamış və kimin yanında, necə, hansı vaxt qaytardığını deyə bilməmişdir. Məhkəmədə tələbi borc kimi verdiyi pulları tələb etməklə bağlı olduğundan 9500 manat özəlləşmə üçün aldığı pulu tələbində göstərməmişdir.Məhkəməyə borc tələbi barədə iddia verərkən, Cavabdeh hələ də zirzəmini özəlləşdirəcəyinə inanırdı. Hazırda Elmira nə qətnamə ilə tutulan pulu, nə də özəlləşdirmə üçün ondan aldığı 9500 manatı geri qaytarmır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2015-ci ilin yanvarında digər şəxsdən aldığı zirzəmini sənədləşdirmək üçün cavabdehə 10000 abş dolları pul vermişdir. Hansı ki, o, cavabdehin bu işlərdən məlumatlı olduğunu bilirdi, çünki cavabdeh ona eyni qaydada həmin ərəfədə sənədləşdirilmiş zirzəmi satmışdır. Cavabdehdən də eşitmişdir ki, bu işlər 2-3 il davam edir. O, Azərbaycanda daimi yaşamadığına görə 1-2 ildən bir ölkəyə gəlmişdir. 2015-ci ilin oktyabr ayında ölkəyə qayıtdıqdan sonra cavabdehdən sənədləşmənin icrası ilə bağlı məlumat almış və sənədləşmənin hələ icra olunmadığına görə cavabdehə narazılığını bildirmişdir. Elə həmin vaxt da cavabdeh ona yazılı qaydada qəbz təqdim etmişdir. Həmin qəbzdə zirzəmini hədiyyə edəcəm kimi şərt onunla bağlı olmuşdur ki, zirzəmini özəlləşdirməklə bağlı etdiyi hərəkətlərə görə muzddan imtina edəcəkdir. Paralel olaraq cavabdeh ona zirzəminin qapısının açılmasının zəruriliyini və bunun üçün əlavə vəsaitə ehtiyac olduğunu, eyni zamanda Nardaran hadisələrinə görə sənədləşmə işinin uzandığını izah etmişdir. O zirzəmini Zakir adlı şəxsdən almışdır. Bununla yanaşı cavabdeh özünə ev almaq və digər ehtiyacları üçün ondan borca pul almışdır. O isə cavabdehin anasını tanıdığına, anasının onun evində kirayəçi olduğuna görə həm ona borca, həm də sənədləşdirməyə görə pul vermişdi. Sonradan cavabdeh nə aldığı borcu qaytarmış, nə sənədləşdirməni eləmiş, nə də ki anasının kirayə haqqını ödəmişdir. O isə borca verdiyi pulun geri qaytarılması ilə bağlı məhkəməyə iddia vermiş və onun xeyrinə 2017-ci ildə qətnamə qəbul edilmişdir. Nə həmin vaxt, nə də qətnamədən sonra Elmiranın borcu qaytarmağa imkanının olmasından şübhə etdiyinə görə 9500 manatla bağlı iddia verməmişdir. Halbuki, cavabdehin anası ona hər dəfə deyirdi ki, qızı həm borcu qaytaracaq, həm də sənədləşməni edəcəkdir. Eyni zamanda o cavabdehi tapa bilmirdi və cavabdeh ondan qaçırdı. Bu səbəbdən də cavabdeh əvvəlki borcundan 6000 manat qaytardıqdan sonra, bu tələbi də irəli sürmək qərarına gəlmişdir. Cavabdeh 2018-ci ildən sonra ona bildirdi ki, bu işi alındıra bilmir. O zirzəmini özəlləşdirmək üçün cavabdehə 10000 abş dolları pul vermişdir. Bundan əlavə iddiaçı bildirmişdir ki, 2018-ci ildə Ali Məhkəmənin qərarına əsasən sənədləşdirilməsi ilə bağlı məsələsi müzakirə edilən zirzəmini Zakir ondan geri almış və o da Zakirə ödədiyi pulu almışdır. Bundan sonra o həmin il birbaşa MİS-dən həmin zirzəmini öz adına keçirtmiş və hazırda da onun sahibliyindədir, lakin yenə də sənədləşdirilməmiş olaraq qalır. İddia müddəti ilə bağlı bildirir ki, 43000 manatlıq borcunu qaytarmayan cavabdehdən 9500 manatla bağlı tələb irəli sürülməsini anlamsız hesab etdiyindən, cavabdehin anasının qızının pulu qaytaracağına onu inandırdığından və 2 il cinayət işi getdiyindən hazırki tələblə məhkəməyə müraciət etməmişdir.

4. Cavabdehin nümayəndəsi, vəkil isə iddianı qəbul etmədiyini bildirmiş və iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında isə izahatında bildirmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıdan zirzəminin sənədləşdirilməsi ilə bağlı 2015-ci ildə 9500 manat pul almışdır, lakin sənədləşdirmənin mümkün olmadığını bildikdən sonra 2017-ci ildə aldığı pulu iddiaçıya qaytarmışdır. Bununla bağlı əllərində hər hansı sübut yoxdur, çünki cavabdeh ümumiyyətlə sadəlövh insan olduğundan pul qaytaranda hər hansı qəbzə qol çəkdirməmişdir. Halbuki iddiaçının borca verdiyini dediyi məbləğ sələm olmuş və cavabdeh dəfələrlə ona faiz qaytarmış və hər hansı sənədə imza etdirməmişdir. Bundan əlavə tapşırığın icrası ilə bağlı iddiaçı cavabdehə xx.xx.2015-ci il tarixdə 3 il müddətinə etibarnamə vermişdir. Çünki iddiaçının adından hər hansı tapşırığın icrası etibarnaməsiz mümkün ola bilməzdi. Deməli, tapşırıq müqaviləsinin müddəti maksimum 3 il olmuşdur. xx.xx.2024-cü il tarixli iclasda iddiaçı özü də etiraf etmişdir ki, artıq 2018-ci ildə ona bəlli olmuşdur ki, verdiyi tapşırığın icrası mümkünsüzdür. Deməli, ən azı 2018-ci ildə iddiaçı hüququnun pozulduğunu bilmişdir. Halbuki cavabdehin iddiaçıya bundan əlavə borcu olmuş və həmin məsələ ilə bağlı iddiaçı 2017-ci ildə qaldırmış və onun xeyrinə qətnamə qəbul edilmiş, cavabdeh isə həmin qətnaməni mübahisələndirməmişdir. Həmin qətnamə tam icra edilmədiyi üçün cavabdeh iddiaçının şikayəti üzrə hələ 2018-ci ildə iki dəfə inzibati xətaya görə məsuliyyətə cəlb olunub. Belə vəziyyətdə iddiaçının keçən 7-8 il ərzində tapşırığın icrasını ümidlə gözləməsi inandırıcı deyil. Yəqin ki, iddiaçının artıq qaytarılmış pul vəsaiti ilə bağlı iddia irəli sümək niyyəti yox idi. Onun bu mövqeyinin cavabdehin məhkəmə qətnaməsinin icra edilməməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməməsindən sonra dəyişdiyini ehtimal edir. Yəni hazırda iddiaçı bu yolla cavabdehdən intiqam almağa çalışır. Bundan əlavə əslində 2015-ci ildə Elmira zirzəmini iddiaçıya satmamış, ona verilən borclara görə girov kimi onun adına sənədləşdirmişdir. Ümumiyyətlə 2018-ci ildə iddiaçının dediyinə görə artıq digər zirzəmi onun sahibliyindən çıxmışdır və iddiaçı həmin vaxtdan tapşırığın icrasının mümkünsüzlüyünü yəqin etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Cavabdeh iddiaçıdan zirzəmini özəlləşdirmək üçün 2015-ci ilin yanvar ayında 9500 manat pul almış və bu barədə xx.xx.2015-ci ildə cavabdeh öz əli ilə yazılı sənəd tərtib edərək iddiaçıya təqdim etmişdir. Həmin yazılı sənəddə qeyd edilmişdir ki, Cavabdeh İddiaçı zirzəmini özəlləşdirmək üçün 9500 manat pul almışdır və sənəd İddiaçı gələnə kimi hazır olacaqdır, əks halda pulları qaytaracaqdır və zirzəmini də hədiyyə verəcəkdir. Bununla bağlı iddiaçı cavabdehə xx.xx.2015-ci il tarixdə 3 il müddətinə etibarnamə vermişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər belə olmuşdur ki, ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli binanın zirzəmisindəki 58 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar bütün dövlət idarə və təşkilatlarında imza etməyi, DƏDRX-in bakı şəhəri ərazi idarəsində nümayəndəsi olmağı, sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, ərizə ilə müraciət etməyi, reyestrdən çıxarış almağı, idarə etməyi, ərizələr verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün işləri görməyi etibar edir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 11663/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh 18667.17 abş dolları ödəniş vaxtında manata məzənnəsi ilə, eləcə də 11441.17 manat məbləğində pulun İddiaçı ödənilməsi və.s müəyyən edilmişdir.

7. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-27/2023 saylı hökmünə əsasən Cavabdeh CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

8. Binəqədi RPİ-nin müstəntiqi T.Rəcəblinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı 18 may 2023-cü il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə şikayət etmiş və bildirmişdir ki, Cavabdeh Xətai rayonu ərazisində yerləşən 58 kv.m sahəsi olan zirzəmini özəlləşdirmək üçün, eyni zamanda Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətindən sənəd alacağını vəd edərək onun 9500 manat pulunu ələ keçirməklə maddi ziyan vurmuşdur. Həmin şikayətin araşdırılması zamanı tərəflərin, o cümlədən Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, zirzəmini özəlləşdirmək üçün Səkinədən 10000 manat pul almışdır və Səkinə Türkiyəyə getməmişdən əvvəl 500 manatını geri almışdır. O, 2017-ci ildə bakı şəhəri, ünvan 3 ünvanında Səkinə ilə görüşüb 9500 manat pulu ona qaytarmışdır. Pulu səkinəyə verən vaxt yanlarında heç kim olmamışdır. Araşdırmanın nəticəsində cinayət işinin başlanmasından imtina edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

9. İddiaçı iddia edir ki, cavabdeh ondan ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli binada 58 kv.m olan zirzəmini özəlləşdirmək üçün ondan 2015-ci ilin yanvar ayında 9500 manat pul almış və bu barədə xx.xx.2015-ci il tarixdə etirafedici sənəd vermişdir. Keçən müddət ərzində nə pulu qaytarmış, nə də zirzəmini özəlləşdirmişdir.

10. Cavabdeh isə 9500 manat məbləğində pul vəsaitini zirzəmini özəlləşdirmək üçün aldığını qəbul edir, lakin həmin məbləği 2017-ci ildə qaytardığını iddia edir və bu barədə sübutunun olmadığını bildirir. Eyni zamanda iddia müddətinin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim edir.

11. İddiaçı iddia müddəti ilə bağlı məsələyə münasibətdə bildirir ki, cavabdehin anası onun kirayəçisi olduğundan və həmin şəxs qızının sənədləşdirməni edəcəyinə onu inandırdığından digər borc məbləğini tələb edən zaman bu məsələ barədə iddia irəli sürməmişdir. Bundan başqa qətnamə çıxan məbləği ödəməyən şəxsə qarşı 9500 manat tələb irəli sürülməsini mənasız hesab etmişdir. Daha sonra polisə müraciət etmiş və 2 il araşdırma getmişdir və bundan sonra məhkəməyə müraciət etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

14. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

15. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

16. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

18. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

19. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

20. 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

24. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

25. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

26. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

27. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

28. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

29. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmənin mövqeyi:

30. Məhkəmə işin müəyyən edilmiş halları baxımından o qənaətə gəlir ki, tərəflər arasında 2015-ci ilin yanvar ayında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırığın predmeti cavabdehin iddiaçının sahibliyində olan zirzəmini iddiaçının adına özəlləşdirilməsi ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə 3 il müddətinə cavabdehə etibarnamə verilmişdir. Həmin müqavilənin icrası ilə bağlı çəkiləcək xərclərə görə iddiaçı cavabdehə 9500 manat pul vermişdir. Cavabdeh tərəfindən verilən tapşırığın həm mahiyyətini əks etdirən, həm də pul aldığını etiraf edən yazılı sənəd tərtib edilmişdir. Vəkalət alan tapşırığı icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tapşırığın icrası ilə bağlı ödədiyi məbləği tələb etməsi əsaslıdır. Bu məqamda sübutetmə yükü baxımından pulun qaytarıldığını iddia edən şəxs etirazının dəlillərini sübut etməli idi. Lakin cavabdeh pulun qaytarıldığına dair hər hansı sübut təqdim etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, tapşırığın icra müddəti artıq 2018-ci ildə bitmişdir və iddiaçı hüququnun pozulduğunu həmin vaxtdan bilmişdir. Çünki verilən tapşırığın etibarnamə olmadan icra edilməsinin mümkün olmadığı bəllidir və etibarnamənin müddətinin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq, yeni etibarnamə verilməmişdir. Bundan başqa iddiaçıya artıq 2018-ci ildən məlum idi ki, özəlləşdirilməsi tələb edilən zirzəmi artıq məhkəmə qərarına əsasən onun sahibliyindən çıxmış və zirzəminin alınması üçün ödədiyi pul ona geri qaytarılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır və 2024-cü ildə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

35. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

36. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

39. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar