Məhkəmə qərarları › İş №2(001)-2303/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2303/2021

26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2303/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüseynov X2 Anar Arif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 84500 ABŞ dolları əsas borc (143650 manat), illik 5 faiz hesablanmaqla 4225 ABŞ dolları (7182,5 manat) əldən çıxmış fayda qismində olmaqla ümumilikdə 88725 ABŞ dolları (150832,5 manat) məbləğində pul vəsaitinin, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehi 4 ildən çoxdur ki, tanıyır. Cavabdeh metal işi ilə məşğul olur. Cavabdehin iddiaçıya 130000 manat borcu vardır. İddiaçı dəfələrlə borcunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə onu aldatmışdır. İddiaçı cavabdehdən qurğuşun külçələr götürmüş, sataraq borclarını vermişdir. Cavabdehin iddiaçıya əlavə olaraq 9000 manat borcu da vardır ki, bunu cavabdeh özü də bilir. O, cavabdehdən borcunu qaytarmağı tələb edərkən cavabdeh ona şər ataraq ondan polisə şikayət etmişdir. Cavabdeh iddiaçıya borclu olduğu halda iddiaçı məcbur olub 85000 ABŞ dolları borc götürüb cavabdehə ödəməli olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianının tamamilə əsassız olduğunu, iddia tələbində göstərilənlərlə bağlı heç bir sübutun olmadığını bildirib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmamalıdır. Belə ki, iş materiallarında olan, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Namiq Mirzəzadə tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi haqqında” 28 mart 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 2016-cı ilin iyul ayında Cavabdeh inam və etibarından sui-istifadə edib ondan 75471 ABŞ dolları dəyərində 45740 kq. külçə şəklində olan metalı alıb sonradan pulunu verəcəyinə inandırmaqla aldadaraq Cavabdeh külli miqdarda ziyan vurması faktına görə 13 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə şahid qismində dindirilmiş İddiaçı ifadəsində uzun müddətdir ki, metal alğı-satqısı ilə məşğul olduğunu, Cavabdeh da 4 ildir ki bu işlə bağlı tanıdığını bildirmişdir. Həmçinin, İddiaçı ifadəsində bildirmişdir ki, Anarın ona hissə-hissə olmaqla ümumilikdə 130000 manat borcu yaranmış, belə ki, Anar ondan dəfələrlə metal alsa da, pulunu verə bilməmişdir. O da məcbur olub Anarı aldatmaq qərarına gəlmiş, 14 iyul 2016-cı il tarixdə Anarın şirkətindən 45740 kq. çəkidə qurğuşun külçə avtomobilə yüklətmiş, külçənin dəyəri 75471 ABŞ dolları təşkil etmişdir. Məhsul avtomobilə yükləndikdən sonra Anar ondan məhsulun pulunu ona olan borcundan çıxmamasını xahiş etmiş, o da Anara narahat olmamasını, məhsulu təhvil verən kimi pulunu ödəyəcəyini bildirmişdir. Bundan sonra o, həmin malı lazımi ünvana aparmış, sataraq öz borclarını ödəmişdir. Anarın hazırda ona 9000 manat borcu vardır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, o, özünün təsis etdiyi “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyir, şirkətin fəaliyyəti əlvan metalın tədarükü və emalından ibarətdir. İstehsal etdikləri malları külçə şəklində satmışlar. Metalın satqısı nağd pulla olmaqla yanaşı, tanıdıqları, etibar etdikləri şəxslərə nisyə olaraq da icra olunmuşdur. İddiaçı 4-5 ildir ki tanıyır, aralarında ədavət olmamışdır. 14 iyul 2016cı il tarixdə Yusif ona məxsus şirkətin həyətinə “Shacman” markalı yük avtomobili ilə gəlmiş, həmin avtomobilə 45740 kq. qurğuşun külçəsi yüklənmiş, malın dəyəri 122263 manat, yəni 75471 ABŞ dolları təşkil etmişdir. O, Yusifdən pulu tələb etsə də, Yusif üzərində pul olmadığını, malı Hövsan qəsəbəsinə aparıb təhvil verdikdən 2 saat sonra pulunu ona çatdıracağını bildirmiş, lakin vədinə əməl etməmişdir. Sonradan o, Yusiflə görüşmüş, pulunu tələb etdikdə Yusif tezliklə pulu qaytaracağını bildirmişdir. İbtidai istintaq orqanı İddiaçı əməllərində dələduzluq cinayətinin tərkibi olmadığı üçün cinayət işinin icraatına xitam verilmiş, qərar onunla əsaslandırılmışdır ki, İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh ona 130000 manat borcu olmuş və borcunu qaytarmamışdır. O, Cavabdeh məxsus şirkətrən 45740 kq. qurğuşun külçəni aparmaqla borcundan çıxmışdır. Məhkəmə iş materiallarını araşdırıb işin faktiki hallarına diqqət yetirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı cavabdehdən 84500 ABŞ dollarında əsas borcun, eləcə də həmin borcun ödənilməməsi ilə bağlı illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda kimi 4225 ABŞ dolları, beləliklə ümumilikdə 88725 ABŞ dolları məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını tələb edir. Əsas borcun yaranma səbəbi kimi isə barəsində açılmış cinayət işi üzrə həmin pulu vurulmuş zərərin əvəzi kimi borc tapıb Cavabdeh ödəməsini göstərir. Halbuki, iş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan da görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh ona olan 130000 manat borcun əvəzi kimi 45740 kq. qurğuşun külçəni aparmış, İddiaçı bu əməlində cinayət tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Yəni, İddiaçı Cavabdeh 85000 ABŞ dolları ödəniş etməsi barədə heç bir sübut nə iş materiallarında mövcud deyil, nə də cinayət işi üzrə ibtidai araşdırmaq zamanı müəyyən edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı halda isə tərəflər arasında nə borc müqaviləsinin olması nədə ki cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlı iddiaçıya ziyan vurulması iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut olmadığı təqdirdə isə cavabdehdən 84500 ABŞ dolları məbləğində əsas borcun və həmin borcun vaxtında ödənilməməsinə görə illik 5 faiz hesablanmaqla müəyyən edilmiş 4225 ABŞ dolları məbləğində pulun tutulmasına heç bir əsas yoxdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar