Məhkəmə qərarları › İş №2(001)-2304/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2304/2021

05.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2304/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzil mülkiyyətçilərinin qanuni hüquqlarının pozulmasının aradan qaldırılması və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 9B ünvanda yerləşən 603,1 kv.m zirzəmi sahəsinə dair mülkiyyət hüququn Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehin həmin zirzəmi sahəsinə müdaxiləsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı Cavabdeh1 adına inzibati orqan olan digər cavabdeh tərəfindən verilmiş çıxarışın qanunsuz olaraq verildiyini iddia edir, başqa sözlə, dövlət reyestrində olan qeydiyyatın düzgün aparılmadığını mübahisələndirir. Bu qəbildən olan işlərə isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya həmin tələblərlə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi “cavabdehin zirzəmi sahəsinə müdaxiləsinin qadağan olunması” hissəsində isə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Prosessual normanın tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir. İddiaçının isə tələbi mübahisəli əmlakla bağlı hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə olan halda isə mübahisəyə Binəqədi Rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydalarının tələblərinə riayət edilməsi məqsədi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə, yəni Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin “cavabdehin zirzəmi sahəsinə müdaxiləsinin qadağan olunması” hissəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi bu hissədə geri qaytarılmalı, iddiaçıya bu tələbi ilə bağlı mübahisəli əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 153, 263-264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı iddia ərizəsinin “dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” hissəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddiaçıya bu tələblərlə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı iddia ərizəsinin “cavabdehin zirzəmi sahəsinə müdaxiləsinin qadağan olunması” hissəsi geri qaytarılsın və iddiaçıya bu iddia tələbi ilə bağlı mübahisəli əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar