Məhkəmə qərarları › İş №2(001)-2312/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2312/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2312/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “sayğacın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fərdi yaşayış evinin divarına quraşdırılmış sayğacların sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında qonşulara məxsus qaz sayğacları quraşdırılıb. Həmin sayğaclar quraşdırılanda, onun məlumatı olmayıb. Sayğacların sökülməsi ilə bağlı, Cavabdeh Bakı Regional Qaz İstismarı Departamentinə müraciət etsə də, rədd cavabı verilmişdir. Hesab edir ki, sayğacların onun evinin divarına quraşdırılması qanunsuzdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həmin ev ümumi bir həyətdə yerləşir. Sayğaclar isə yaxın qonşuların sayğaclarıdır. Hazırda həmin evdə təmir getdiyindən, ev boşdur. Sayğaclar birbaşa evin mətbəxinin divarına vurulub. Cavabdeh təşkilata sayğacların çıxarılması ilə bağlı müraciət etsə də, ona öz vəsaiti ilə etməsi tövsiyyət edilmişdir. Evə dair rəsmi sənəd kimi order mövcuddur. Bir qoşusu evinin divarında olan sayğacını onun iradından sonra çıxarmışdır. Lakin digər qonşular bu məsələyə biganə yanaşırlar. Çəkilən qaz xətti (boru) onun mətbəx məncərəsinin önündən keçir. Evi əvvəl Dəmir Yolları QSC-yə məxsus olmuş, xidməti fəaliyyətə görə ona orderlə verilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ünvanındakı 92 nömrəli fərdi yaşayış evi xx.xx.2010-cu il tarixində "xxxx" QSC tərəfindən 35 saylı xidməti orderlə iddiaçıya verilmişdir. İddiaçı evinin divarına bir neçə qaz sayğacının quraşdırıldığını və sayğacların qonşular tərəfindən təkid etsə də, yerinin dəyişdirilmədiyini bilidirir. Aidiyyəti qurum tərəfindən məsələnin öz həllini tapmamasını əsas gətirməklə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, iddiaçı sayğacların yerinin dəyişdirilməsi ilə bağlı cavabdehə rəsmi qaydada müraciət etsədə, ona xx.xx.2024-cü il tarixli, 14-2-2- 3/H-150-5/2024 saylı məktubla “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq quraşdırılmış qonşulara məxsus qaz sayğaclarının öz (müraciət edənin) vəsaiti hesabına yerinin dəyişdirilməsinə razılıq verilməməsi səbəbindən rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

7. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

8. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

9. 169.3-cü maddəsinə əsasən yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.

10. 169.4-cü maddəsinə əsasən Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.

11. Hazırda mübahisəli fərdi yaşayış evi "xxxx" QSC tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, 35 saylı xidməti orderlə iddiaçıya məxsudur. Fotoşəkillərlə evin divarının bayır hissəsində birdən çox qaz sayğacının mövcud olması öz təsdiqini tapır. Hansı ki, bəzilərinə birləşən qaz xətləri evin işlək pəncərələrinin önündən keçir. İddiaçının izahatından aydın oldu ki, həmin ərazidə ümumi həyətdə bir neçə ev var. Bəzi istehlakçıların sayğacları özlərinə məxsus fərdi yaşayış evlərinə quraşdırılsa da, digərlərinə məxsus qaz sayğaclarının hansı əsasla iddiaçının evinin divarına quraşdırılmış olması məlum deyil. Halbuki, daşınmaz əmlak mülkiyyətçisi, qaz və başqa boruların çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verir. İş materialları ilə belə bir icazənin mövcudluğu öz təsdiqini tapmır. Tətbiq edilən prosessual normalar:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

14. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

15. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

16. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

17. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bəhram oğluna məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 92 saylı fərdi yaşayış evinin divarına quraşdırılmış qaz sayğaclarının yeri Cavabdeh hesabına dəyişdirilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bəhram oğluna məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 92 saylı fərdi yaşayış evinin divarına quraşdırılmış qaz sayğaclarının(digər şəxslərə aid olan) yeri Cavabdeh hesabına dəyişdirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar