Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2316/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi İddiaçı İddiaçı oğunun iştirrakı ilə, İddiaçı oğunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ünvan 1 ünvanında yerləşən evi ayda 700 manat ödəmək şərti ilə kirayə vermişdir. Cavabdeh həmin evdə iddiaçıya məxsus 1900 manat dəyərindən olan televizoru iddiaçının xəbəri və razılığı olmadan satmış, bunun səbəbini soruşduqda isə pula ehtiyacı olduğunu bildirmişdir. Cavabdehin bu hərəkətindən sonra iddiaçı cavabdeh həmin evdə yaşamağına razı olmadığını və yığılmış 2100 manat kirayə pulunun ödənilməsini bildirmişdir. Cavabdeh ona oktyabr ayının 10-na kimi 2100 manat kirayə borcunu ödəyəcəyini, həmçinin satılmış televizorun özünü və ya onun dəyəri olan 1900 manatı qaytaracağını bildirmiş, bunun təminatı olaraq İsmailov Samirin şahidliyi ilə tərəflər arasında əlyazma ilə yazılı borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və aldığı borcu qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 15.03.2021-ci il tarixli iclasnda iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini borc hissəsində qismən qəbul edir, iddiaçı ilə aralarında bağlanmış müqavilədən sonra o, iddiaçıya ödənişlər etmişdir. İddiaçıya məxsus televizoru eyni markalı və ondan daha bahalı model ilə əvəz edərək iddiaçıya təhvil vermiş, hal-hazırda kirayə pulundan iddiaçıya 1300 manat borcu qalıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.09.2020-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən görünür, Cavabdeh İddiaçı oktyabr ayının 10-na kimi 2100 manat kirayə borcunu ödəyəcəyini, həmçinin satılmış televizorun özünü və ya onun dəyəri olan 1900 manatı qaytaracağını qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin öhdəlik hüququnun ümumi hissəsinə-öhdəliklərin icrası fəslinə aiddir. Mülki Məcəllənin 697, 700 və 705-ci maddələri Mülki Məcəllənin xüsusi hissəsinə müqavilələrdən əmələ gələn öhdəliklər bölməsində əmlak kirayəsi və icarə fəsillərinə aiddir. Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Mülki Məcəllənin 424.2 və 424.3-cü maddələrinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyi halda, həmin Məcəllənin 697.2 və 705-ci maddələrinə görə kirayə (icarə) hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi (icarəçi) kirayəyə (icarəyə) götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən (icarəyə verən) kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə (icarə) haqqının verilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisəyə Mülki Məcəllənin xüsusi hissəsinin müddəaları əsasında qiymət verilməlidir. Bəhs edilən hüquq normalarına görə kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, kirayəyə verən kompensasiya olaraq həmin müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Hazırkı işdə mübahisə kirayə haqqının ödənilməsi barədədir. Kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı formalı müqavilənin olub-olmadığından və müqavilə ilə müəyyənləşdirilmiş istifadə hüququnun dövlət reyestrində qeydə alınıbalınmadığından asılı olmayaraq, əgər şifahi formada kirayə müqaviləsi bağlanıbsa kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, yazılı müqavilənin və reyestr qeydinin olmaması kirayəçiyə hüquq vermir ki, özgənin əmlakından əvəzsiz istifadə etsin. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilənin bağlanması kifayətdir, pul ödəmək öhdəliyinin (vəzifənin) reyestrdə qeydə alınması tələb olunmur. Beləliklə, Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tərəflər arasında kirayə münasibətləri mövcud olmuşdur. İşin daha bir mübahisəsiz halı isə ondan ibarətdir ki, şifahi müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdeh mənzili tərk etməmiş, kirayə münasibətləri davam etmişdir. Hazırda iddiaçı cavabdehin ödəməli olduğu, lakin ödəmədiyi 2100 manat kirayə haqqının ondan tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, ödənilməmiş kirayə haqqının əvəzi olaraq 2100 manat (borc müqaviləsində nəzərdə tutulduğu kimi) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya hal-hazırda 1300 manat borcunun olmasını qeyd etsə də, qaytarılmış borc məbləğinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında şifahi razılaşma əsasında bağlanmış kirayə müqaviləsi əsasında cavabdehin borcu yaranmışdır. Tərəflər cavabdeh tərəfindən ödənilməyən kirayə haqqını əlyazma formasında borc müqaviləsi kimi tərtib etmişlər. Beləliklə, cavabdeh müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu (kirayə haqqını) ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qismən, yəni 2100 manat ödənilməmiş kirayə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından məlum olur ki, hal-hazırda cavabdeh iddiaçının televizorunun əvəzi olaraq iddiaçıya eyni markalı televizor təhvil vermişdir. Odur ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2316/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2316/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver