Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-232/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Etibarlı MTK-ya qarşı 4464 manat tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Etibarlı MTK-nın Cavabdeh İddiaçı qarşı 5382 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Etibarlı MTK-ya qarşı 4464 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Etibarlı MTK cavabdeh İddiaçı qarşı 5382 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onunla Etibarlı MTK arasında xx.xx.2017-ci il tarixdə bağlanmış çoxmənzilli kooperativ yaşayış binasında mənzil alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı 69 saylı sahəsi 79,9 m2 olan mənzili tikib təmirsiz vəziyyətdə ona təhvil verməyi, o isə həmin mənzilə görə 66237 manat pul vəsaitini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə şərtləri onlar tərəfindən yerinə yetirilmiş, o, mənzilə görə ödəməli olduğu pul vəsaitini tam ödəmiş, cavabdeh də həmin mənzili təmirsiz vəziyyətdə ona təhvil vermişdir. 2018-ci ilin oktyabr ayında Etibarlı MTK-nin satış şöbəsinin rəisi Səbuhi adlı şəxs mənzilin yüksək keyfiyyətlə təmir edilməsini ona təklif etmişdir. O, sonuncunun təklifi ilə razılaşmış, lakin təmir üçün lazım olan sənədlərdən - təmir üçün müqavilə, təmir smetası və təmirə razılaşma protokolunu hazırlayıb imzaladıqdan sonra işə başlanılmasını tələb etmişdir. Həmin şəxs ona təmir üçün vəsaitin bir hissəsini ödəməsini istəmiş, o da 9000 manat məbləği 2 dəfəyə MTK-ya ödəmişdir. Sənədləri istədik isə həmin şəxs hüquqşünaslarının olmadığını, gələndə hazırlayıb sənədləri təqdim edəcəyini bildirmiş, lakin bu günə kimi qeyd olunan sənədlər ona təqdim edilməmişdir. Şifahi razılığa əsasən onlar mənzilin hər m2 180 manata təmir olunması barədə razılaşmışlar. O, pulu ödədikdən sonra mənzilin təmirinə başlanılmış, lakin təmir çox ləng getmiş, 2019-cu ilin aprel ayına qədər təmirin çox az bir hissəsi görülmüşdür. O, digər sakinlərin mənzillərinin təmirinə baxmış və istifadə olunan materialların aşağı keyfiyyətli olduğunu müşahidə etmiş və cavabdehin təmirdə keyfiyyətsiz materiallar işlətdiyini başa düşmüşdür. Bundan sonra o, təmir üçün lazım olan bütün materialları özü almağa başlamışdır. Həmin vaxt Etibarlı MTK-nin iki işçisi mənzili təmir etmişdir. O, həmin işçilərlə razılaşmış və işçilər cavabdehin hesabına görülən işləri hesablamış və cavabdehin hesabına cəmi 1036 manatlıq təmir-tikinti materiallarının işlədilməsi müəyyən edilmişdir. Bundan sonra cavabdehin işçiləri mənzili onun verdiyi tikinti materialları ilə təmir edib başa vurmuşlar. Həmin işçilər görülən işin 3500 manat olmasını bildirmişlər. Həmin şəxslərin zəhmət haqqı olan 3500 manat pul cavabdeh tərəfindən onlara ödənilmişdir. Yəni ümumilikdə cavabdeh tərəfindən 4536 manat pul vəsaiti xərclənməsinə baxmayaraq, cavabdeh onun tərəfindən ödənilmiş 9000 manat məbləğdən qalığını ona qaytarmamışdır. Halbuki, cavabdeh tərəfindən həmin məbləğdə iş görülməmiş, cavabdeh əsassız olaraq həmin məbləği özündə saxlamışdır. Etibarlı MTK ona məxsus mənzili təmir etməyi öz öhdəsinə götürərək bu məqsədlə ondan 9000 manat məbləğində pul vəsaiti almış, lakin həmin pul vəsaitinin müqabilində çox az dəyəri olan təmir işləri görmüş, təmir işləri onun vəsaiti hesabına aparılıb başa çatdırılmışdır. Yəni cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamış, belə olduqda isə onun cavabdehdən təmir üçün ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Lakin mənzilin təmirinə cavabdehin aldığı 1036 manat dəyəri olan tikinti materiaları işlədildiyindən və cavabdeh tərəfindən təmiri həyata keçirən şəxslərə 3500 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin pul vəsaitləri nəzərə alınaraq, cavabdehdən cəmi 4464 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində təmirin onun tərəfindən aparılmasını bildirsə də, bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə, ilk iddia ərizəsinin təmin edilərək Etibarlı MTK-dən 4464 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X2 ilk iddia ərizəsini müdafiə edib qarşılıqlı iddia ərizəsini qəbul etməyərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Etibarlı MTK-nın nümayəndəsi X1 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk iddia ərizəsində deyilənlər tamamilə əsassızdır. Belə ki, Etibarlı MTK İddiaçıla təmirin dəyərini mənzilin 1 m2 üçün 180 manat razılaşdırmaqla ümumilikdə 14382 (79,9 m2x180) manata razılaşmışdır. İddiaçı da həmin məbləğdən 9000 manatını Etibarlı MTK-ya ödəmiş, hal hazırda İddiaçı iddia etdiyinin tam əksinə olaraq onun MTK-ya 5382 manat borcu vardır. Mənzildə təmir Etibarlı MTK tərəfindən aparılsa da, bu barədə müqavilə bağlanmamış, təmirlə bağlı smeta tərtib edilməmiş, görülən işlərin şifarişçiyə təhvil verilməsinə, tikinti materiallarının alınmasına dair hərhansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı 5382 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın Etibarlı MTK-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Satıcı Etibarlı MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 7 saylı çoxmənzilli kooperativ yaşayış binasında mənzil alqı-satqısına dair müqavilədən müəyyən olunur ki, alıcının Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən satıcı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev 34-36 ünvanında inşa etdiyi 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı 69 nömrəli sahəsi 79,9 m2 olan mənzili tikib təmirsiz vəziyyətdə alıcıya təhvil verilməsini və alıcı öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən mənzilin 1 m2 829 manat olmaqla ümumi dəyəri 66237 manat təşkil edir. Etibarlı MTK-nın xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev 34-36 ünvanında inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı sahəsi 79,9 m2 olan 69 saylı mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2019-cu il tarixli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1-ci blok 13-cü mərtəbədə yerləşən 69 saylı mənzilin təmiri üçün Etibarlı MTK-ya 2300 manat ödəniş etmişdir. xx.xx.2018-ci il tarixli qəbzin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı təmir üçün Etibarlı MTK-ya 6700 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1640 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev 34-36 ünvanında inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində 2 otaqlı sahəsi 79,9 m2 olan 69 saylı mənzildə və eləcə də, İddiaçı məhkəməyə təqdim etdiyi siyahıda qeyd olunan 15 adda işlər faktiki olaraq görülmüş və 2019-cu il tarixdə aparılmış həmin tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 15940,5 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 759.1.-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 762.1.-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev 34- 36 ünvanında inşa edilmiş 1-ci binanın 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 79,9 m2 olan 69 saylı mənzilin təmir edilməsi üçün şifahi podrat müqaviləsi bağlanmış, şifarişçi M.M.Səfərov bu məqsədlə podratçı Etibarlı MTK-ya 9000 manat ödəmiş, sonuncu isə öz öhdəliklərini lazımı qaydada icra etməmişdir. Etibarlı MTK şifahi qaydada razılaşdığı podrat müqaviləsi üzrə öhdəliklərini icra etməsini, sifarişçinin isə ona gördüyü işlərin dəyərini ödəmədiyini iddia etsə də, nəzərdə tutulan işləri icra etməsinə, icra etdiyi işlərin nəticəsini sifarişçiyə təqdim etməsinə, icra etdiyi işlərin dəyərinin müəyyən edilməsinə, sifarişçinin işin nəticəsini qəbul edərək ona razılaşdırılmış muzdu ona ödəməməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Etibarlı MTK podratçı kimi öz öhdəliklərini icra etməsinə dair iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizələri üzrə dövlət rüsumları, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Etibarlı MTK-ya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin edilsin. Etibarlı MTK-dan 4464 manat İddiaçı xeyrinə tutulsun. Etibarlı MTK-nın İddiaçı qarşı təmir xərclərinə görə 5382 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5412 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Etibarlı MTK-dan iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Etibarlı MTK-dan dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-232/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-232/2021
18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver