Məhkəmə qərarları › İş №2(001)-2334/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2334/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2334/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Azlənd Plaza MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azlənd Plaza MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 28.06.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində özünə məxsus Mersedes-Benz ML markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmış, həmin vaxt avtomobili arxa hissədən vurulmuşdur. Sonradan tanıdığı X6 idarə etdiyi İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından onun idarə etdiyi avtomobili vurmuşdur. Hadisə nəticəsində ona və avtomobilinə zərər dəymişdir. Cavabdeh2 törətdiyi əmələ görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məndudlaşdırılmaqla inzibati məsuliyyətə cəlb edilmişdir. O, aldığı qapalı kəllə-beyin travmasına görə bir gün 3 saylı Sabunçu xəstəxanasında yatmışdır. Mülkiyyətində olan Mercedes-Benz ML markalı **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 2390 manat zərər dəymişdir. Cavabdehin təqsiri üzündən onun sağlamlığına zərər dəymiş və mənəvi istirablar keçirmişdir. Hadisədən sonra keçirdiyi sterlərə görə ürəyində, başında olan ağrılara görə müalicə almış, bununla bağlı Zeytun aptekindən aldığı dərmanlara görə ona verilən qəbzləri məhkəməyə təqdim etmişdir. Cavabdehlər bu günədək ona dəyən maddi və mənəvi ziyanı ödəməmişlər. Ona görə də Azlənd Plaza MMC-dən və Cavabdeh2 avtomobilinə dəymiş ziyana görə 2390 manatın, maddi ziyana görə 1000 manatın, keçirdiyi mənəvi istirablara və sarsıntılara görə 5000 manatın, Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssis rəyinə görə ödədiyi 200 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azlənd Plaza MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, icarəyəverən X8 ilə icarəçi Azlənd Plaza MMC arasında bağlanan 22.06.2018-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən icarəyə verən İsuzu Ecobus markalı **- RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 22.06.2018-ci il tarixdən 22.06.2023-cü il tarixədək Azlənd Plaza MMC icarəyə vermişdir. Azlənd Plaza MMC-nin sürücüsü olan X2 Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azlənd Plaza MMCnin yol vərəqəsi əsasında idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçının hadisə nəticəsində ona vurulan maddi və mənəvi ziyanın məbləği ilə razılaşmayaraq iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verir. Məhkəmə iclasında cavabdeh X6 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, Azlənd Plaza MMC-də sürücü işləyir. Azlənd Plaza MMC-nin verdiyi yol vərəqəsi əsasında İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən yol nəqliyyat hadisəsi törədərək İddiaçı idarə etdiyi Mercedes-Benz ML markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtobusu sığortalamaq Azlənd Plaza MMC-nin vəzifəsi olmuşdur. Hadisədən sonra iddiaçı ondan ziyana görə 650 manat istəsə də, sonradan ziyanla bağlı tələbini artırmışdır. Dəymiş ziyanı Azlənd Plaza MMC ödəməli olduğundan iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 icarəçi Azlənd Plaza MMC ilə bağladığı 22.06.2018-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinin surətindən müəyyən olunur ki, icarəyə verən İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq icarə haqqı 100 manat olmaqla 22.06.2018-ci il tarixdən 22.06.2023-cü il tarixədək icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, icarəyə götürdüyü nəqliyyat vasitəsini icbari sığorta növündə sığortalamaq icarəçinin vəzifəsidir. Azlənd Plaza MMC 2020-ci ilin iyun ayı üçün verdiyi yol vərəqəsinin surətindən müəyyən olunur ki, Azlənd Plaza MMC İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X5 həvalə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 28.08.2020-ci il tarixli 073-434-1220 saylı arayışından olunur ki, 28.06.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu- Zabrat sossesində X3 idarə etdiyi İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtobus ilə İddiaçı idarə etdiyi Mercedes Benz ML 350 markalı ** CN *** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticələnənyol-nəqliyyat hadisəsi zamanı sürücü İddiaçı qapalı kəllə-beyin travması ilə təcili tibbi yardıma müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 3(008)-2000/2020 saylı qərarından müəyyən olunur ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilətəqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 3(008)-2000/2020 saylı qərarı ilə müəyyən edilmişdir ki, X2 Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 28.06.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi istiqamətində hərəkət edərkən düzgün ara məsafəsi saxlamayıb, 2-ci Balaxanı işıqlarının qırmızı işığında dayanmış vəziyyətdə olan Mercedes Benz markalı ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini arxa hissəsindən vuraraq İddiaçı yüngül bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 3(008)-2000/2020 saylı qərarından daha sonra müəyyən olunur ki, 02.07.2020-ci il tarixli 976 saylı ekspert rəyinə əsasən İddiaçı ənsə və sol ağrı nahiyələrinin dərialtı hematomaları, sağ said nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törədilmişdir, idarə etdiyi avtomaşının avtobusla toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan 28.06.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Kamran MMC-nin 29.08.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Mercedes Benz ML 350 markalı ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymişziyanın məbləği 2390 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 04.09.2020-ci il tarixli 06-05/1656 saylı məktubundan müəyyən İsuzu Ecobus markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtobus Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmadığından 28.06.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus Mercedes Benz ML 350 markalı ** CN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə sığorta şirkətinin öhdəliyi yaranmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 03.08.2021-ci il tarixli 9\3631 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Kamran MMC-in 29.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı Mercedes Benz ML markalı ** CN *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 2390 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 19.05.2021-ci il tarixli 175 saylı rəyindən müəyyən olunur ki, aparılmış tədqiqat nəticəsində 2005-ci il buraxılışlı Mercedes Benz ML markalı ** CN *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 3050 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azlənd Plaza MMC icarəyə götürdüyü nəqliyyat vasitəsini öz işçisi olan Cavabdeh2 yol vərəqəsi əsasında idarə etməyi həvalə etmiş, sonuncu təqsirli bilindiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı yüngül dərəcəli bədən xəsarəti yetirilməklə mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 Azlənd Plaza MMC-nin qanuni sahibliyində olan nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edərkən iddiaçıya 2390 manat maddi ziyan vurması öz təsdiqini tapdığından iddia ərizəsi maddi ziyanla bağlı hissədə qismən təmin edilərək Azlənd Plaza MMC-dən İddiaçı xeyrinə maddi ziyana görə 2390 manat tutulmalıdır. Məhkəmə iddiaçının müalicəsi ilə bağlı 1000 manat tələbi üzrə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri hadisədən əvvəlki və hadısədən təxminən bir il sonrakı tarixləri əhatə etdiyindən, bu qəbzlərə əsasən hansı dərmanların alınmasını, kimin tərəfindən istifadə edilməsini müəyyən etmək mümkün olmadığından, iddiaçı hadisənin nəticəsi olaraq ona təyin olunan müalicə ilə bağlı bu qəbzlərə əsasən alınan dərmanları istifadə etməsini sübuta yetirə bilmədiyindən, məhkəməyə təqdim olunan ödəniş qəbzləri iddiaçının hadisə nəticəsində aldığı xəsarətlərdən müalicə olunması qənaətinə gəlinməsi üçün yetərli sübut növü deyildir. Ona görə də məhkəmə iddiaçının müalicəsi ilə bağlı 1000 manat tələbinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirə biləcəyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb mənəvi ziyana görə 1000 manatın cavabdeh Azlənd Plaza MMC-dən İddiaçı xeyrinə tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə müntəasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdeh Azlənd Plaza MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Azlənd Plaza MMC-dən maddi ziyana görə 2390 manat, mənəvi ziyana görə 1000 manat, ödənilmiş mütəxəssis tədqiqatının dəyərinə görə 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3620 manat İddiaçı xeyrinə tutulsun. Azlənd Plaza MMC-dən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar