Məhkəmə qərarları › İş №2(001)-2345/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2345/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2345/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı X5 (Mamedov Elvin) X5 Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddia ərizəsi üzrə mülki işə 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 yanvar 2022-ci il tarixdə vəfat etmiş arvadı X4 mirasının qəbuluna dair buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X6 ilə 07 sentyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. T.Məmmədova 05 yanvar 2022-ci il tarixdə vəfat etmiş, mülkiyyətində olan avtomobil miras qalmışdır. İddiaçı həmin avtomobildən arvadının vəfatından sonra da istifadə etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Lakin, hüquqi savadsızlığından əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat orqanına qanunvericiliklə nəzərdə tutulan müddəti buraxmaqla müraciət etmiş, buna görə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Mülki iş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən görünür ki, iddiaçı X10 Respublikasının vətəndaşıdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X1 07 sentyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. - AD seriyalı, 843586 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Ford Transit” minik markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 avqust 2020-ci il tarixdə X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - ünvan 1 ünvanlandırdığı məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadınız X3 miras qalmış 90ZU485 dövlət nömrə nişanlı Ford Transit minik markalı avtomobilin vərəsəlik yolu ilə qəbul edilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, qanunvericiliyə əsasən mərhumun ölüm tarixindən 3 ay ərzində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət edilməli, 6 ay keçdikdən sonra isə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət müddətini ötürdüyünüzdən müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Məhkəmə qeyd edir ki, həqiqətən iddiaçı mirasın qəbulu müddətinin 3 ay olduğunu bilməmişdir. Hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. İddiaçının 3 ay ərzində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) onun bu hüquqdan imtinası kimi qiymətləndirilə bilməz, çünki bu bilikli olmayıb. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Gürcüstan Respublikasının vətəndaşı, xx xxxx 1995-ci il təvəllüdlü Elvin Mamedovun 05 yanvar 2022-ci il tarixdə vəfat etmiş arvadı X4 mirasının qəbuluna dair müəyyənləşdirilmiş müddətin buxarılması üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar