Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2357/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X2, İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3, Cavabdeh2 katibliyi ilə, İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlər və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 qarşı 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlər və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərkommunallayihə” Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən Koroğlu Rəhimov küçəsi, 53A saylı yataqxananın 14B saylı mənzilində yaşayan Cavabdeh2 isə kompensasiya məbləği ilə razılaşmadıqlarına görə mənzilillərini boşaltmaqdan imtina etmişlər. ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının registrindən xx.xx.2023-cü il tarixli, 1194 saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansındadır. Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli, 5-10/2-555/2023 saylı məktubla Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 3-52/2-1498/23 saylı tapşırıq məktubuna əsasən sözügedən yataqxanada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürükmələrinə köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması və sakinlərin təhlükəsizliyinin təmin olunmasını köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktuba əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 4, Koroğlu Rəhimov küçəsi 53 “A“ saylı ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 4 və Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanlarda yerləşən binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 534 ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53A ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 83 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında ümumi sahəsi 19.9 kv.m. olan bir otaqdan ibarət 14 B saylı mənzilin sahibi Cavabdeh2 30.000 manat məbləğində birdəfəlik maddi yardımı almaqdan və qəzalı mənzili boşaltmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə qərarı mövcud deyil, həmçinin cavabdehlərə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahəsinin verilməsi nəzərdə tutulmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Belə ki, onun 30000 manata özünə alternativ yaşayış sahəsi alması mümkün deyil. O, mülkiyyətçi olaraq təklif olunan məbləğlə qəti olaraq razı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. İlk növbdədə qeyd olunmalıdır ki, iddia ərizəsinin hansı əsaslarla Cavabdeh1 qarşı irəli sürülməsi, həmçinin tələbdə mücərrəd olaraq qeyd olunmuş “həmin mənzildə yaşayan digər şəxslər” deyildikdə, kimin nəzərdə tutulduğu iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 53a, mənzil 14B xx.xx.2018-ci il tarixdən məhz tam olaraq Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Mənzil Məcəlləsinin 28.2-ci maddəsinə görə, qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Mənzil Məcəlləsinin 28.4-cü maddəsinə əsasən, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Mənzil Məcəlləsinin 28.4-1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə görə, qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Mənzil Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Mənzil Məcəlləsinin 85-ci maddəsinə müvafiq olaraq isə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, qanunvericilikdə qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması və s. üçün konkret olaraq xüsusi prosedur nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə: a) nə mənzilin qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilmiş; b) nə mülkiyyətçi təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzilin açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması barədə məhkəmə tərəfindən qərar qəbul edilmiş; c) nə mənzilin qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunmuş; d) nə müvafiq hərrac keçirilmiş; e) nə də ki, çıxarılan vətəndaşa sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahəsi verilmişdir. İddiaçı birbaşa özü (icra hakimiyyəti orqanının məktubuna istinad edib) 30000 manat kompensasiya təklif etməklə və evin onun balansında olmasını əsas götürərək, mülkiyyətçinin və mənzildə yaşayan digər şəxslərin hər hansı alternativ yaşayış sahəsi təklif edilmədən mənzildən çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə isə öz növbəsində göstərilənləri yuxarıda sadalanan normaların tələblərinə zidd olmasını hesab edir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə cavab verməli və mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Hazırkı vəziyyətdə isə, yuxarıda sadalananlardan göründüyü kimi, məhdudlaşdırmanın qeyd olunan meyarlara cavab verməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlər və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlər və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2357/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2357/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver