Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-236/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.138 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) İddiaçı ilə icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Günəşli qəsəbəsi, X4 (General Şıxlinski) küçəsi, ev 24D ünvanında yerləşən 2 mərtəbəli (3 saylı) yaşayış evini xx.xx.2020-ci il tarixədək tam təmir edib iddiaçıya təhvil verməyi, iddiaçı isə təmir işlərinin dəyərini təşkil edən 30.000 manat məbləğində pulun 20.000 manat hissəsini ilkin ödəniş qismində, qalan 10.050 manat hissəsini isə 15 ay ərzində, hər ayın 18-dən 1-dək 670 manat verməklə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayətlə müraciət edərək, evini təmir etdirmək üçün "xxxx" MMC-nin direktoru Cavabdeh müraciət etdiyini, həmin şəxsin onun evinə baxdıqdan sonra 30.000 manat müqabilində evdə təmir işlərinin aparılması və 3 ay ərzində evin təhvil verilməsi barədə aralarında müqavilənin bağlandığını, bununla bağlı tərəfindən cavabdehə 20.000 manat və 3 ay ərzində hər ay 670 manat pulun ödənildiyini, lakin cavabdehin hər dəfə bir bəhanə gətirərək, təmir işlərinin aparılmasından yayınıb, evi təmir etmədiyini, nəticədə təmir işlərinin yarımçıq qaldığını bildirmiş və məsələ ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Şikayət üzrə aparılmış araşdırma çərçivəsində izahatı alınmış X1 Sənan Cavid oğlu ilə aralarında əldə edilmiş razılığa əsasən onun tərəfindən 1 kv.m. – 7 manat olmaqla iddiaçının evində təmir işlərinin aparılmasına cəlb edildiyini, lakin ona bu şəxs tərəfindən cəmi 30 manat məbləğində pul verildiyini, qalan məbləğ ödənilmədiyindən təmir işlərini dayandırdığını bildirmişdir. X9 və onun qardaşı X5 isə eyni məzmunlu izahat verərək, İddiaçı evində hər hansı təmir işləri aparmadıqlarını, onunla hər hansı müqavilə bağlamadıqlarını və ona heç bir borclarının olmadığını bildirmişlər. Eyni zamanda, qeyd etmişdilər ki, İddiaçı 2020-ci ilin avqust ayının ortalarında onların işlədiyi ofisə gələrək, əvvəllər onlarla birgə işləmiş Cavabdeh ilə evin təmir edilməsi barədə müqavilə bağladığını, lakin buna baxmayaraq, Cavabdeh təmir işlərini yarımçıq qoyduğunu onlara bildirmiş, onlarda bu işdə ona köməklik etmək məqsədi ilə Cavabdeh ilə əlaqə saxlamışlar. Söhbət zamanı da Cavabdeh onlara İddiaçı evində təmir işlərini apardığını etiraf etmiş, lakin İddiaçı təmirin pulunu ödəmədiyindən işləri dayandırdığını göstərmişdir. Onlarda İddiaçı bu söhbətin nəticəsi barədə məlumat vermişdilər. Cavabdeh özündən izahat almaq mümkün olmamışdır. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış xx.xx.2021-ci il tarixli, 88 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 3.872 manat təşkil edir. Araşdırmanın nəticələri üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, cavabdeh özü də Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək, iddiaçının oğlunun ona şər və böhtan atdığını bildirmiş və məsələ ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət üzrə aparılmış araşdırma zamanı cavabdeh izahat verərək, iki ilə yaxın müddətdir ki, “Fərda” şirkətində nəzarətçi vəzifəsində işlədiyini, aralarında bağlanmış müqavilə əsasında iddiaçının evində təmir işləri apardığını, evin təmiri üçün ondan 20.000 manat pul aldığını və həmin pulun evin 2-ci mərtəbəsinin təmirinə sərf edildiyi, sonrakı müddətdə müqavilə üzrə razılaşdırılmış ödənişlər edilmədiyindən təmir işlərinin yarımçıq qaldığını bildirmişdir (həmin araşdırmanın yalnız hazırki mübahisəyə aidiyyəti olan hissəsi qeyd olunur). Araşdırmanın nəticələri üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması rədd edilməsi haqqında” qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X3 (iddiaçının oğlu) əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə təmir işlərinin görülməsi üçün cavabdehə ümumilikdə 22.010 manat (20.000 manat və 3 dəfə olmaqla, hər dəfə 670 manat) məbləğində pulun ödənildiyini, lakin təmir işlərinin yalnız bir hissəsinin yerinə yetirldiyini iddia edir və həmin məbləğdən yuxarıda göstərilən ekspert rəyi ilə təmir işlərinin ümumi dəyəri qismində müəyyən edilmiş 3.872 manat pulu çıxmaqla (22.010-3.872=18.138 manat) qalan 18.138 manat pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış məhkəmə texniki-tikinti ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/5852 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) 4.144 manat məbləğindədir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazriliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən hüquqi şəxslərin dövlət reyestrində "xxxx" MMC və "xxxx" MMC adlı kommersiya qurumları aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və cavabdeh həmin müqaviləni bu cəmiyyətin qanuni təmsilçisi kimi imzalamışdır. Lakin həmin müqavilənin giriş hissəsində iddiaçı ilə "xxxx" MMC arasında müqavilənin bağlandığı qeyd edilmiş və həmin hissədə də cavabdeh bu cəmiyyətin də direktoru qismində göstərilmişdir. Cavabdehin şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon Polis idarəsi tərəfindən araşdırma aparılan zaman isə cavabdeh iki ilə yaxın müddətdir ki, “Fərda” şirkətində nəzarətçi vəzifəsində işlədiyini bildirmiş, lakin qeyd edilən cəmiyyətlərdə direktor vəzifəsində işlədiyini qeyd etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazriliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məlumatına əsasən isə hüquqi şəxslərin dövlət reyestrində "xxxx" MMC və "xxxx" MMC adlı kommersiya qurumları aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən ödənilən məbləğlərin hər hansı digər şəxsin hesabına mədaxil edilməsini təsdiq edən sübut da mövcud deyil. Bununla belə, məhkəmə göstərilənləri, o cümlədən xx.xx.2020-ci il tarixli müqavilənin giriş və nəticə hissəsində göstərilən "xxxx" MMC və "xxxx" MMC-nin reallıqda mövcud olmamasını nəzərə alıb, belə qənaətə gəlir ki, bu müqavilə yalan əqddir. Cavabdeh həmin müqavilədə qeyd edilən cəmiyyətləri, özünü isə bu cəmiyyətlərin direktoru kimi göstərməklə iddiaçıda inam yaratmaq və məsələyə ciddilik vermək məqsədi daşımışdır. Belə bir müqavilə bağlamaqla, cavabdehin əsl niyyəti həmin müqavilə üzrə iddiaçıya göstərilən xidmətləri təşkil etmək və müqavilənin dəyərindən şəxsi gəlir əldə etmək olmuşdur. Başqa sözlə, bu müqavilə nəticəsində iddiaçı ilə hər hansı cəmiyyət arasında deyil, məhz cavabdehlə müqavilə münasibətləri yaranmışdır. Bu səbəbdən məhkəmə mübahisəyə məhz bu qaydada yanaşır və hesab edir ki, mübahisəyə hüquqi qiymət verilərkən tərəflər arasında real olaraq yaranmış münasibətlərdən irəli gələn qaydalar tətbiq edilməlidir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçı ilə məhz cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan müqavilədə göstərilən şirkətlər deyil, məhz Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçıya məxsus mənzili müəyyən edilmiş keyfiyyətdə və müddətdə (xx.xx.2020-ci il tarixə) təmir edərək, ona təhvil verilməsini təmin etməli idi. Lakin iddiaçı şərtləşdirilmiş muzdun böyük həcmini cavabdehə ödəməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan işləri tam icra etməyərək, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya vurduğu zərərin əvəzini ona ödəməlidir. Məhkəmə, Cavabdeh tutulmalı olan zərər məbləği ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilənin icrası qaydasında ötən dörv ərzində iddiaçıya məxsus evdə divarların və tavanın ağdağ materialı ilə suvanması, tavana alçıpanın vurulması, künclüyün vurulması və elektrik xətlərinin çəkilməsi işləri görülmüşdür. Bu hal həm Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış xx.xx.2021-ci il tarixli, 88 nömrəli ekspert rəyi, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5852 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə bu iki rəyi müqayisəli şəkildə təhlil edib, belə qənatə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5852 nömrəli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli, iddiaçının mənzilində aparılmış təmir işlərinin ümumi dəyəri məhz 4.144 manat təşkil etdiyindən və bu işlərin keyfiyyəti standartlara cavab verdiyindən (bu işlərin yenidən görülməsinə zərurət yoxdur, təmir işləri davam etdirilə bilər) iddiaçıya vurulmuş zərərin məbləği müəyyən edilərkən, icra edilmiş təmirin dəyərini təşkil edən 4.144 manat iddiaçı tərəfindən ödənilmiş 22.010 manat məbləğində puldan çıxılmalı, qalan (22.010 - 4.144 = 17.866) 17.866 manat məbləğində pul iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərər qismində müəyyən edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddiaçı tərəfindən ödənilmiş məbləğlə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin arxa hissəsində iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 3 dəfə, hər dəfə də 670 manat məbləğində pulun ödənildiyi qeyd edilmiş və bu barədə qeydlər cavabdehin imzası ilə təsdiq edilmişdir. 20.000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsini isə cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis idarəsində verdiyi izahatında şəxsən etiraf etmişdir. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki məsələ ilə bağlı mənəvi istirablar keçirməsini sübuta yetirə bilməmiş, mənəvi sarsıntılar keçirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi "vurulmuş mənəvi zərərin əvəzinin tutulması" hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 17.866 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 17.866 (on yeddi min səkkiz yüz altmış altı) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-236/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-236/2022
18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver