Məhkəmə qərarları › İş №2(001)-238/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-238/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-238/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, X16 Yefimoviçin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı anası X14 tərəfindən yazılmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, Cavabdeh hüquqlarına dair vəsiyyətnamə əsasında aparılmış ünvan 1 ünvandakı mənzil barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeyd və bununla bağlı çıxarışın ləğv edilməsi; miras qalan ünvan 1 ünvandakı mənzilə vərəsəlik hüququnun tanınması; ünvan 1 ünvandakı mənzilə dair mülkiyyət hüquqlarının qeydinin DƏDRX-yə həvalə edilməsi; X5 29.000 manat əmanətinə vərəsəlik hüququnun tanınması və həmin məbləğin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı anadan olanda onlar babalarının Binəqədi qəsəbəsində yerləşən həyət evində yaşamış, sonra sözügedən mənzili iddiaçının ana babasına müharibə veteranı kimi dövlət tərəfindən verilmişdir. 1988-ci ildə iddiaçı ikinci sinfdə oxuyarkən yeni verilən mənzilə köçmüşlər. O vaxtdan iddiaçı bu mənzildə qeydiyyatda olmaqla yaşayır. Arada ailə quraraq (1999-2012 illər) Suriyada və Moskvada yaşamış, sonra ayrılaraq yenə evlərinə qayıtmışdır. Onların ailə faciələri olub. Anası “paranoya” diaqnozu üzrə xəstə idi. Əvvəl iddiaçının atası dözməyib ailədən çıxdı getdi, sonra qardaşı cavan yaşında evdəki dözülməz vəziyyətdən daima depressiya keçirərək xəstəliklər tapıb dünyasını dəyişdi. İddiaçı anası ilə tək qalırdı. Mütəmadi olaraq onun tərəfindən gah müxtəlif iftiralarla şərlənərək polisə verilirdi, gah da ki, polisə verilmədən evdə üzücü bir hallar yaşadırdı. Bu onun xəstəliyindən irəli gəlirdi. İddiaçı öz növbəsində evin qayğılarını çəkir, xərclərini qarşılayır, işlərini görürdü. Təxminən 2019-cu ildə həyatlarında Cavabdeh peyda oldu. Onu iddiaçının anası ilə yaxınlıqda yaşayan Natalya tanış etmişdir. Amma bunu pis niyyətlə etməmişdir. Natalya onu belə tanımışdır ki, o, yəni Abrosimova Natalyanın qonşusu olan Valentina Paşadskayanı öz “qayğısı” altına almış və Paşadskaya ilk vaxtlar etibarlı, ona baxası adam tapıldığını deyirdi. Sonda həmin Paşadskayanın olub-olanını ələ keçirən Abrosimova keçdi iddiaçının anasının üzərinə və daima gəlib başını dolduraraq onun qayğısına qalacağı barədə iddiaçının anasında təəssürat yaratmışdır. Bu Natalyaya da, iddiaçıya da aydın olsa da, artıq Abrosimova iddiaçının anasını ovsunlamış və anası ondan başqa heç kimi görmək istəmirdi. Abrosimovanın ilk addımı ondan başladı ki, o, iddiaçının anasını təhrik edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddiaçının mənzildən istifadə hüququnun itirilməsinə dair ərizə vermişdir. Abrosimova açıq-aşkar iddiaçının da yanında anasını hamıdan döndərir və inandırırdı ki, qızı evə görə onun ölməyini istəyir. Abrosimova tam olaraq iddiaçının anasını təsiri altına salmışdır. 26 iyun 2019-cu il tarixdə Abrosimova iddiaçının anasına “mən sənə yaxşı baxacam” adı ilə öz evinə aparmışdır Sonra iddiaçının anasının vəziyyəti pisləşdiyindən təcili yardımla Onkoloji mərkəzə aparılmış və orada əməliyyat olunmuşdur. İddiaçı anasının yanına xəstəxanaya gedəndə hiss edirdi ki, o, Abrosimovanın niyyətini artıq anlayır. Əməliyyatdan sonra iddiaçının anası öz evinə qayıtmış və onda məlum olmuşdur ki, cavabdeh iddiaçının anasını təsir altına salmiş və onun bankda olan 29000 manat məbləğində pulunu ələ keçirmiş və iddiaçının anasına bildirmişdir ki, pulu onun üçün saxlayacaq və ehtiyaclarını həmin puldan qarşılayacaq. Bundan başqa, iddiaçının anası Abrosimovanın təsiri altında 2019-cu ilin iyul ayında vəsiyyətnamə yazmışdır. Bu hal İkonnikova (Storojeva) X6 evində, xəstə halda, ondan asılı olduğu və ona son ümid yeri kimi baxdığı şəraitdə baş vermişdir. Əməliyyatdan sonra evinə qayıdan artıq hər şeyi olduğu kimi anlayan iddiaçının anası Abrosimovadan pulunu istəməyə başladı. O, isə pulu qaytarmaqdan yayınırdı. Arada Krasnodara getmişdir. Oğluna zəng etdikdə 100 manat pul gətirdi, sonra isə telefonunu bağladı. Abrosimova 2019-un ilin dekabr ayında qayıtdıqdan sonra iddiaçının anasına bir dəfə 500 manan, sonra 300 manat vermiş, sonda isə 21 yanvar 2020-ci il tarixdə pulu qaytarmayacağını bildirmiş və demişdir ki, pul onun bank qutusundadır. Bundan əlavə iddiaçının anasının həm verdiyi etibarnaməni, həm də vəsiyyətnaməni ləğv etmək üçün 2019-cu ilin sentyabr ayında onlar biryerdə ASAN 1 mərkəzinə getmişlər. Orda baxıb onlara bildirmişlər ki, vəsiyyətnamə sistemdə görünmür. Bunu eşidən iddiaçının anası sakitləşdi və düşündü ki, Abrosimova vəsiyyətnamədən istifadə edə bilməyib. Həmin vaxt iddiaçının anası Abrosimovanı artıq lənətləyirdi. 2019-cu ilin payızında iddiaçının anası ondan və qonşuluqda yaşayan Natalyadan ona hüquqşünas tapmalarını xahiş etmiş, Abrosimovanın onu aldatdığını demiş və bu barədə polisə də müraciət etmişdir. Polis obyektiv araşdırna aparmamış və iddiaçının anasına məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh aldatma yolu ilə İkonnikova (Storojeva) İrina İqnatyevnanın etibarını ilk vaxtda qazansa da, sonradan, hələ sağlığında İ.İ.lkonnikova aldadıldığını, cavabdehin hiyləsinin olduğunu, anlamış, etibarnamənin və vəsiyyətnamənin 2019-cu ildə ləğv edilməsi üçün müraciət etmiş, həm pula görə, həm də evlə bağlı aldadıldığına görə polisə şikayət etmişdir. Beləliklə, inamsızlıq və əsassız şübhələrlə müşahidə olunan psixi pozuntudan və ağır xərçəng xəstəliyindən əziyyət çəkən İ.İ.İkonnikova (Storojeva) vacib əhəmiyyətli yanılma nəticəsində (yalan vədlər və qızına aid iftiralar) vəsiyyətnamə yazmış, sağlığında onu ləğv etmək istəmiş, pulunu Abrosimovadan geri almaq istəmiş və bu məqsədlə müvafiq müraciətlər etmişdir. 29.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, mübahisəli mənzil ünvan 2 ünvanında yerləşir. Həmin mənzil mülkiyyət hüququ ilə anası X9 məxsusdur. Cavabdeh X13 anası ilə arasında yaranan mübahisədən istifadə etmişdir. Anasına yalanlar danışaraq guya onun mənzili ələ keçirtmək üçün anasının ölümünü istədiyini bildirmişdir. Beləliklə cavabdeh X13 iddiaçının anasının ona etibarından sui-istifadə edərək ünvan 2 ünvanında yerləşən mənzilin ¾ hissəsinin özünə vəsiyyət edilməsinə nail oldu. Həmin tairxli iclasda iddiaçı cavabdehin vəkilinin suallarına cavab olaraq bildirdi ki, vəsiyyətnamə ona görə etibarsız hesab edilməsini tələb edir ki, anası hərəkətlərinin anlamını başa düşmürdü. Anası ilə münasibətləri normal idi. Hər ailədə müəyyən narazılıqlar olur. Onların da arasında bəzən olurdu. Bir evdə yaşayırdılar. Vəsiyyətnamə yazılan vaxt münasibətləri yaxşı deyildi və ona görə də onun vəsiyyətnamədən məlumatı yox idi. Anası cavabdehin evində olan müddətdə onun bərk ağrıları bağlamış, cavabdeh onu xəstəxanaya aparmış və müəyyən edilmişdir ki, anasında onkoloji xəstəlik var. Ondan sonra anası xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdur. Əməliyyatdan sonra o da ona qulluq etmişdir. Anası hələ sağlığında polisə müraciət etmişdir ki, cavabdeh onun evindən pul oğurlayıb. Anası ilə arasında ciddi bir problem yox idi. Onlar anası ilə birlikdə vəsiyyətnamənin ləğv edilməsinə cəhd etmişlər, lakin ASAN xidmətdə onlara bildirdilər ki, belə vəsiyyətnamə mövcud deyil. 29.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. X10 o, çoxdan tanıyırdı. O, cavabdehə dəfələrlə müraciət edərək kömək istəmişdir. Qızı ilə münasibətləri çox pis idi. İddiaçı dəfələrlə anasını psixiatriya müəssisəsinə yerləşdirilməsinə cəhd etmiş və anası bunun əvvəl-axır bir nəticə verəcəyindən çox qorxurdu. Ona görə də, bir müddət onun evinə köçüb onunla yaşamışdır. Həmin vaxt onun kəskin ağrıları başlamış və o, dəfələrlə bu səbəbdən təcili yardım çağırmışdır. Təcili yardım sonuncu dəfə çağırılanda həkim onlara dedi ki, İrina İkonnikovanı ciddi müayinə etmək lazımdır, onkoloji xəstəlik ola bilər. Bundan sonra o, İrinanı xəstəxanaya apardı. İrina mənzilinin bir hissəsini ona bu məqsədlə vəsiyyət etmişdir ki, ona qulluq etsin, müalicəsini maddi cəhətdən qarşılasın, mənəvi dəstək olsun. O da buna razılaşmışdır. Buna baxmayaraq İrina əməliyyat olunandan sonra özü onu dilə gətirdi ki, qızı ilə barışsın, evinə qayıtsın. Halbuki başa düşürdü ki, evinə qayıtdıqdan sonra qızının təsiri altında yeni vəsiyyətnamə verə və ya mənzili qızına bağışlaya bilər. Lakin buna baxmayaraq özünə borc bildi ki, ana ilə balanı barışdırmağa heç olmasa cəhd etsin. Bundan sonra, vəsiyyətnamənin talehi barədə heç bir məlumatı olmasa da, yenə də İrinaya maddi yardım etməyə davam etdi və sonuncu dəfə ona 2020-ci ilin yanvarında pul vermişdir. Bundan sonra artıq çalışdı İrina ilə ümumiyyətlə ünsiyyətdə olmasın. Belə ki, başa düşürdü ki, bu onun qızını qıcıqlandırır. O, indi də mənzili satıb pulunu tam olaraq iddiaçı ilə bölməyə razıdır. Bu barədə ona dəfələrlə yazılı müraciət də etmişdir. Lakin o, bunu qəbul etmir. Mənzilin tam olaraq onun mülkiyyətinə keçməsini istəyir. Onun iddiaçının anasından pul oğurlamağım isə ümumiyyətlə absurddur. Həmin tairxli iclasda cavabdeh iddiaçının vəkilinin suallarına cavab olaraq bildirdi ki, İrina İkonnikova xəstələndə bu özünu kəskin ağrılar ilə biruzə verirdi. Təcili yardım 9-cu dəfə gələndə bildilər ki, bu onkoloji xəstəlikdir. Əməliyyatdan sonra da əlaqələri var idi. Əməliyyat 2019-cu ilin iyul ayında olmuş və o, 2020-ci ilin yanvar ayınadək İrinaya maddi yardım edirdi. Sonuncu dəfə ona ad günündə pul vermişdir. Ondan sonra artıq düşündü ki, vəsiyyətnamə ləğv olunub və maddi yardım etməyi dayandırdı. Evin çıxarışı onlarda idi və istənilən an gedib evə dair istənilən əməliyyatı edə bilərdi. 12.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, 25.06.2019-cu il tarixdə İrina ona zəng elədi və bildirdi ki, qızı yenidən onu psixiatrik xəstəxanaya yerləşdirmək istəyir və ondan kömək etməsini xahiş etdi. Həmin tarixdə o, İrina İqnatyevnanın evinə getdi və ona kömək etmək üçün bütün lazımi hərəkətləri etdi. Ondan sonra İrina İqnatyevna evindən çıxıb getdi və tanışlarının/qohumlarının evində qalırdı. 07.07.2019-cu il tarixdən İrina İqnatyevna artıq onun evində qalırdı. 17.07.2019-cu il tarixdə İrina İqnatyevnanı əməliyyat olunması üçün xəstəxanaya yerləşdirdilər və 04.08.2019-cu il tarixdə o, xəstəxanadan artıq öz evinə getdi. 25.06.2019-cu il tarixdə İrina İqnatyevna ona kömək üçün müraciət edəndən sonra o, İrina İqnatyevnaya bildirdi ki, onun hüquqlarını müdafiə etmək üçün ona etibarnamə verməsi zəruridir. Ondan sonra 03.07.2019-cu il tarixdə İrina İqnatyevna ona etibarnamə vermişdir. Sonradan həmin etibarnamə İrina İqnatyevna tərəfindən ləğv edilmişdir. İrina İqnatyevna nikahı pozularkən əvvəlki soyadına qayıtmış, lakin bu müvafiq formada vaxtında rəsmiləşdirilməmişdir. İrina xəstəxanada əməliyyat olunarkən əməliyyatın pulunu o ödəyib. Həkim 1400 manat pul istəmiş, o İrina İqnatyevnaya bu barədə məlumat vermiş, lakin o, dedi ki, 1400 manat çoxdur, 1000 manat ver. Ondan sonra o, 1000 manatı verdi İrina İqnatyevnaya ki, həkimə özü versin, qalan 400 manatı isə həkimə ona bildirmədən vermişdir. 1400 manat onun özünə məxsus idi. Öz pullarını İrinaya ona görə xərcləyirdi ki, qadın ona mənzilini vəsiyyət etmişdir. Bankda olan pul barədə xəbəri var idi. İrina İqnatyevna deyirdi ki, pul bankdadır, sonra pulun bir hissəsini bankdan çıxardı və evinə qoydu. 05.07.2019-cu il tarixdə evdə həmin pulu tapmadığını ona bildirmişdir. O, İrina ilə Kapital Banka da getmişdir. Lakin bu pulun çıxarılmasından sonra olmuşdur. İrina İqnatyevna bank işçisindən soruşdu ki, bankdan çıxardığı pulu yenidən banka qoysa nə qədər faiz əldə edə biləcək. İrina İqnatyevna ilə 2016-cı ildən Nərimanov rayonunda ailəsi ilə birlikdə kirayə qaldığı mənzildə yaşayırdı. Həmin vaxt yaya düşdüyünə görə nəvələri rayonda idi və mənzildə onlar İrina İqnatyevna ilə ikisi yaşayırdılar. 30.07.2020-ci il tarixdən həmin mənzildə yaşamır, indi 8-ci mikrorayonda yaşayır. 16.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirmişdir ki, o, İrinanın pullarını götürməmişdir. Bilsəydi ki, pulları var, elə xidmət haqqını götürərdi. O, İrinaya 2019-cu ilin fevral ayından özü müəyyən maddi yardım edirdi. “Ximiya”sının pulunu ödəyirdi. Ona görə ki, bilirdi ki, ona mənzilini vəsiyyət edib. Onun İrinaya xidmətləri ondan ibarət idi ki, ona soyadını dəyişməyə və müvafiq qurumlara ərizə yazmağa kömək etmişdir. Özünə də demişdir ki, bu işləri heç kim pulsuz etmir. Bu onun işimdir. O bununla pul qazanır. Qızı İrinanı mütəmadi olaraq “dəlixanaya” yerləşdirməyə cəhd edirdi. 25.06.2019-cu il tarixdə yenidən onların arasında bu problem yaşanmışdır. O, həmin gün 4 saat İrina ilə polis bölməsində oturmuşdur. Onda o, İrinanı “dəlixanadan” xilas etmiş və aparılmasına imkan verməmişdir. İrinanın müəyyən problemləri olsa da, o, dəli deyildi. Ağlı başında idi. O, İrinaya demişdir ki, mənzili onun gəlinimə vəsiyyət etsin, o da İrinanın bütün işlərini onun əvəzinə görəcək. Lakin sonradan başa düşdü ki, gəlininin səhhəti bu işin dalıyca düşməyə imkan verməyəcək və ona görə İrina mənzili ona vəsiyyət etdi. 16.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin vəkilinin sualına cavab olaraq bildirmişdir ki, mərhum anası İkonnikova (Storojeva) İrina İqnatiyevnanı psixatrik xəstəxanaya özü-özünə ziyan vurması, ayağını kəsməsi ilə əlaqədar yerləşdirmişdir. Həmin vaxta kimi anası psixatrik xəstəxanada yatmamışdır. Xəstəxanada anasına “paranoya” diaqnozu qoyulmuşdur. 16.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirmişdir ki, mərhum İrina İkonnikova ondan polisə şikayət etmişdir ki, o, İrinanın pulunu götürmüşdür. Onu çağırdılar, gedib polis bölməsində izahat verdi ki, belə bir şey baş verməmişdir. Həmin vaxt ondan şikayət edəndə gedib vəsiyyətnaməni də ləğv etdirə bilərdi, qarşısını kim alırdı ki. Əgər xəstə idisə notariat kontorunu xatırlamırdısa, ondan pul götürməyini necə xatırlaya bilərdi. Bundan başqa mərhum xəstəxanadan çıxıb gələndə o, İrinaya dedi ki, get qızının yanında yaşa, göndərdi onu, onda fikirləşdi ki, gedib ona vermiş olduğu vəsiyyətnaməni ləğv etdirər, lakin bunu etməmişdir. 18.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirdi ki, məhkəmə iclasında dinlənilmiş telefon danışıqlarında olan səs anasına məxsusdur. Video yazıda da anasıdır. Anası tam olaraq xəstəliyini dərk etmirdi. Hətta ölümünə bir neçə ay qalmış belə iddiaçının xalası qızı Sveta ilə danışanda soruşmuşdur ki, ümumiyyətlə ona nə diaqnoz qoyulub. Halbuki, həmin vaxtadək həm əməliyyat olunmuş, həm də kimyaterapiya qəbul etmişdir. 18.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh sədrlik edənin sualına cavab olaraq bildirdi ki, səs və video yazıları 2019-cu ilin iyul ayının əvvəllərinə təsadüf edir. İrinanı özünü sığortalamaq üçün çəkmişdir. Onun əvvəl başqa vəkili də var idi, onun hərəkətlərindən narazı idi. Çəkdi ki, hər şeyin onun iradəsinə uyğun olunmasını təsdiq edə bilsin. Telefon danışıqları arasında səsi olan Valentina Paşatskaya cavabdehin qardaşı arvadı olub. O da İrinadan bir müddət sonra vəfat edib. Ölümündən əvvəl ona cavabdeh baxmış və evi də vəsiyyətnamə əsasında cavabdehə qalıb. İrina əvvəl evinin və bankda olan əmanətinin bir hissəsini Valentinaya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə indi də cavabdehdədir. İrinanın pulunun olmasını cavabdeh yalnız həmin vəsiyyətnaməni oxuyandan sonra bilmişdir. İrinanın evi cavabdehə vəsiyyət etməsi barədə telefon danışıqlarında heç kimə deməməsi anlaşılandır. Heç kim onun yerində bu məlumatı ailə üzvlərinə deməzdi. Ona qoyulmuş diaqnoz barədə məlumatı var idi. Bilirdi ki, ağır xəstədir. İyul ayının əvvəllərində İrina artıq cavabdehin evində qaldığı müddətdə ona qohumları zəng etməyə başladı. Həmin zəngləri qeyd etmək üçün cavabdeh İrinanın nömrəsini smart telefona taxdı ki, bütün danışıqlar yazılsın. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 21.09.2013-cü il tarixdən X11 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 2019-cu ilin yanvar ayında X17 tərəfindən tərtib edilmiş vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakını və Kapital Bankda onun ölüm gününə mövcud olacaq əmanətini bərabər paylarda X1 və qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 03.07.2019-cu il tarixli, reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X14 ölüm gününə ona məxsus olacaq bütün əmlakının ... o cümlədən, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 1 saylı evin 19-cu mənzilinin ¼ hissəsini qızı İddiaçı, ¾ hissəsini isə Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan 10 saylı şəhər poliklinikasının 21.06.2019-cu il və 19.07.2019-cu il tarixli arayışlara əsasən, ... X14 psixiatr qeydiyyatında deyil. İş materiallarında olan 20.09.2019-cu il tarixli ərizədən görünür ki, X14 (*ərizəni Cavabdeh imzalamışdır) Azərbaycan Respublikası hüquq mühafizə orqanlarna müraciət edərək, mülkiyyətində olan əmlaklar barədə 2019-cu ilin sentyabr ayından sonra bağalacaq bütün əqdlərin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, həmin əqdlər onun yeganə vərəsəsi olan qızı tərəfindən edilmiş təzyiqlər nəticəsində bağlanmış ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin 13.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, ... X14 25.09.2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisinə müraciət edərək, 03.07.2019-cu il tarixdə Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində Cavabdeh verdiyi 7E-527 reyestrli etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.12.2021-ci il tarixli sorğuya cavından görünür ki, 03.07.2019-cu il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində X7 təsdiqlənmiş vəsiyyətnaməsi “Elektron notariat” İnformasiya Sisteminə 10.07.2019-cu il tarixdə saat 16:09-da daxil edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 14.08.2020-ci il tarixdə “daxili hissəsinin bədxassəli yenitörəməsindən” ölmüşdür. İş materiallarında olan Təklif məktubundan görünür ki, Cavabdeh 18.09.2020-ci il tarixdə İddiaçı müraciət edərək, İddiaçı miras qalmış mənzili ½ hissələrdə qəbul etməyi təklif etmiş və təklifində xüsusi olaraq qeyd etmişdir ki, həmin mənzili ¾ hissədə X3 tam sağlam və aydın şüürlu vəziyyətdə vəsiyyət etmiş və vəsiyyətnamə verilərkən vəsiyyət edənin fəaliyyət qabiliyyəti notarius tərəfindən yoxlanılmışdır. İş materiallarında olan notariat ofisinə **********312 nömrəli ərizədən görünür ki, Cavabdeh 21.09.2020-ci il tarixdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinə müraciət edərək, 14.08.2020-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 1 saylı evin 19-cu mənzili qəbul etdiyini bildirmişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən 03.07.2019-cu il tarixdə təsdiq edilən və reyestrdə 2v-17 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, 14.08.2020-ci il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ... Cavabdehdır və o, miras əmlakdan (*Bakı şəhəri, ünvan 3) ¾ hissədə irs almışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ¾ hissəsi 15.03.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilmiş TT******************** nömrəli kassa məxaric orderindən görünür ki, 24.06.2019-cu il tarixdə X17 depozit hesabında olan 28868,47 manat məbləğində pulu qəbul edərək, qəbzə şəxsən imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, X17 02.02.2019-cu il tarixdə 2 saylı X2 yerləşdirilmiş, 06.02.2019-cu il tarixdə ona “F22 İnvolyusion paranoid” diaqnozu qoyulmuş və çıxarışda aşağıdakılar yazılmışdır: “ ... xəstəliyin başlanma tarixi – 2013 ... Qısa anamnez: ... 5 ildir ki, səhhətində psixi dəyişikliklər aşkar olunur. Axır 3 aydır ki, xəstənin psixi vəziyyəti daha da kəskinləşib: tez-tez əsəbiləşir, qızına qarşı aqressiv olur, şübhələnir, sayıqlama fikirlər söyləyir, gecələr narahat yatır. ... xəstəxanaya gələn gündən öncəki gecə münaqişə zəmnində əsəbiləşib, özünü öldürmək istəyirmiş, yaşamaq istəmədiyini deyib, bıçaqla sağ bud nahiyyəsinə səthi kəsiklər edib. Bu səbəbdən TTYS çağırılıb, 2 saylı KPX-ya gətirilib. ... Psixi statusu: ümumiyyətlə adekvat daxil olur. Söhbət əsnasında tez qıcıqlanır, əsəbiləşir, aqressivləşir. Əhval-ruhiyə fonu enib. Emosiona-iradi sferası labildir. ... Resperidon, Amitriptilin, Karbamazepin, Ciklodol, Diazepam preparatlarını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya X15 arayışından görünür ki, X14 10.07.2019-cu il tarixdə xəstəxanaya daxil olmuş, 11.07.2019-cu il tarixdə ona “C53.0 - Uşaqlıq boynunun daxili hissəsinin bədxassəli yenitörəməsi T4N1M1 mərhələ İVA G X” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, X12 24.10.2019-cu il tarixdə “daxili hissələrin bədxassəli yenitörəməsi. Dolayı ileo-transverzoanastomaz, təklüləli siqmostomiya. 2 kurs PKT-dan sonrakı vəziyyət. S-vari bağırsağın stenozu, yoğun bağırsaq keçməməzliyi. Kaxeksiya. Yenitörəmələrlə əlaqədar kimyəvi terapiya” diaqnozuna əsasən müddətsiz olaraq birinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Ölümdən sonrakı məhkəmə-psixiatrik ekspertizasının 15.09.2021-ci il tarixli, 2167 saylı rəyində aşağıdakılar qeyd olunmuşdur: “ ... 14.08.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində 03 iyul 2019-cu il tarixdə verilmiş, 2V-01-17 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman involyusion paranoid xroniki psixi xəstəliyi müəyyən edilir. ... 14.08.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində 03 iyul 2019-cu il tarixdə verilmiş, 2V-01-17 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman onda müəyyən edilən involyusion psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlamaq və onları şüürlu idarə etmək iqtidarında olmamışdır. ... 14.08.2020-ci il tarixdə ölmüş İkonnikova (Storojeva) İrina İqnatyevnada olan xərçəng xəstəliyi və həmin xəstəliklə əlaqədar qəbul etdiyi müalicə onun öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına təsir etməmişdir. İkonnikova (Storojeva) İrina İqnatyevnada müəyyən edilən involyusion paranoid xroniki xəstəliyi nəticəsində o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmamışdır”. 16.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində məhkəməyə bildirmişdir ki, X4 qonşusudur. Uzun illərdir ki, bir-birini tanıyırdılar. İrinanın bütün ailə üzvlərinin həyatı onun gözünün qabağında keçib. İrina evində şiriniyyat bişirirdi. O da İrinaya tez-tez ona müəyyən sifarişlər edirdi. Çox səbirsiz və əsəbi biri id. Mütəmadi olaraq özünə müəyyən bədən xəsarətləri yetirməsi, özünü asmaq istəməsi, yaşamaq istəməməsi barədə ona danışırdı. Bir gün evində oturmuşdu, İrina ona zəng etdi və yanına çağırdı. İrinanın evinə gedəndə o ona bildirdi ki, “Lyudka” onun pullarını oğurlayıb. Cavabdeh o özü də çoxdan tanıyırdı. Bilirdi ki, onların ümumi tanışları Paşatskayanın da evini eyni qaydada mənimsəmişdir. Mənzil barədə İrina ilə o xəstəxanadan təzə çıxanda söhbətləri olub. Çox əsəbi idi. Mənzil barədə söhbət düşəndə ona bildirdi ki, hal-hazırda ölmür və ona görə də, mənzilini kiməsə vəsiyyət etmək fikri yoxdur. İrinanın Lyudmilaya pul verməsini görməyib. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən audio və video yazılarda hər iki tərəfin də təsdiq etdiyi kimi, mərhum X5 telefon danışıqları və video görüntüləri əks edilib. Həmin telefon danışıqları və video görüntülər 2019-cu ilin iyul ayının əvvəllərində yazılıb. Audio və video yazılarda əks edilən tarixlərdən göründüyü kimi, onlar vəsiyyətnamə verilən tarixdən sonraya təsadüf etsələr də, İrina İkonnikova nə ailə üzvləri ilə telefon danışıqlarında, nə də ki, Cavabdeh tərəfindən video çəkilə-çəkilə sorğu-sual edilərkən bu barədə bir söz deməmiş, qızına və bacısı qızına bildirmişdir ki, qızı İddiaçı onun yeganə vərəsəsidir. Eyni zamanda həmin vaxt 28868,47 manat məbləğində əmanətini artıq bankdan götürməsinə baxmayaraq, həmin pul məbləği barədə də heç nə danışmamış, qızından pul qabından götürdüyü 600 manat məbləğində pulun geri qaytarılmasını xahiş edirdi. Halbuki, iş materiallarında olan və İrina İkonnikova tərəfindən imzalanması qeyd olunan 10.10.2019-cu il tarixli ərizədən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarna müraciət edərək, bildirmişdir ki, 03.07.2019-cu il tarixdə bank hesabından müəyyən məbləğdə pul çıxartmış və evində gizlətmiş, lakin 05.07.2019-cu il tarixdə evə gələndə görmüşdür ki, pul yerində yoxdur. Eyni zamanda həmin telefon danışıqları arasında İrina İkonnikovanın “makler”lə danışığı və Cavabdeh həmin danışığa dair şərhləri də mövcuddur. Həmin audio yazılardan Cavabdeh evin satılması məsələsinə kəskin mənfi yanaşması, eyni zamanda İrina İkonnikovanı davamlı olaraq qızına qarşı şərtləməsi aşkardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə müvafiq olaraq, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1166-cı maddəsinə görə, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Mülki Məcəllənin 1167-ci maddəsinə görə, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1225.1, 1225.2, 1225.3-cü maddələrinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 346.1-ci maddəsinə müvafiq olaraq, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, vəsiyyətnamənin yazılması birtərəfli əqd olduğuna görə, bir şəxsin istəyi və iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi yaxın qohumların hüquq və mənafelərinə toxunulduğu üçün, qanunverici vəsiyyət edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və azad, müstəqil tərzdə baş verdiyini müyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir. Mülki hüquq qanunvericiliyi vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün dəqiq, geniş şərhə imkan verməyən əsaslar sihayısını müəyyən etmiş və bununla da, vərəsələrin vəsiyyət edənin iradə ifadəsini əsassız müdaxilərdən qorumuşdur. Yuxarıda qeyd olunduğu kimi, vəsiyyətnamə birtərəfli əqddir, bu səbəbdən onun etibarsız hesab edilməsi üçün əsaslar əqdlərin etibarsız sayılması üçün əsaslarla üst-üstə düşür. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: • daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. • iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər və s. • daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri misal göstərmək olar. • iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: uydurma və yalan əqdlər. İş materiallarında mövcud olan sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 03.07.2019-cu il tarixli, reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə “iradə və iradə ifadəsi” ünsürünə görə qüsurludur. Belə ki, X14 həmin vəsiyyatnaməni tərtib edərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən şəxs olmamışdır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa, əqd bağlandığı andan etibarsız hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, restitusiya - əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması həyata keçirilir. Məhkəmə iddia ərizəsini “X5 29.000 manat əmanətinə vərəsəlik hüququnun tanınması və həmin məbləğin Cavabdeh alınaraq ona verilməsi” hissəsində əsaslı hesab etmir. Belə ki, X5 sağlığında Cavabdeh tərəfindən ondan həmin pulların götürülməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməsini məhkəmə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materialları ilə isə təsdiq olunur ki, X14 əmanətini Kapital Bankın depozit hesabından ölümündən 14 ay əvvəl çıxarmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İddia ərizəsinin “Cavabdeh hüquqlarına dair vəsiyyətnamə əsasında aparılmış ünvan 1 ünvandakı mənzil barədə ... çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz”. Yəni, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat ləğv edildiyi təqdirdə, həmin qeydiyyatı əks etdirən çıxarış da qüvvəsini itirmiş olur. Bundan əlavə məhkəmə iddia ərizəsinin “ünvan 1 ünvandakı mənzilə dair mülkiyyət hüquqlarının qeydinin DƏDRX-yə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə aktları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Ona görə də, üzərinə qoyulmuş vəzifələri icra etmək öhdəliyinin iş üzrə cavabdeh olmayan fiziki və ya hüquqi şəxsə əlavə olaraq məhkəmə qətnaməsi ilə “həvalə edilməsi” qanunvericiliyin tələblərinə və ruhuna ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X14 tərəfindən 03 iyul 2019-cu il tarixdə tərtib edilmiş və reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə etibarsız hesab edilməli; Bakı şəhəri, ünvan 3 barədə Cavabdeh hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli; Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Mülki Prosessual Məcəllinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X14 tərəfindən 03 iyul 2019-cu il tarixdə tərtib edilmiş və reyestrdə 2V-01-17 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, ünvan 3 barədə Cavabdeh hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı vərəsəlik hüququ tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar