Məhkəmə qərarları › İş №2(001)-240/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-240/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-240/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 (əlli min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2009-cu il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X25 doğulmuşlar. Qeyd etmək istəyir ki, ailə qurandan sonra birgə nikah dövründə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 4 otaqdan ibarət olan fərdi yaşayış evi tikmişlər. Bildirir ki, həmin evin tikilməsinə çəkilən vəsaitin çox hissəsi mərhum atası tərəfindən ödənilmişdir. Münasibətləri tutmadığı üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-3562/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və həmin qətnamə ilə hər üç övladı onun himayəsinə verilmişdir. Bildirir ki, nikahları pozulduqdan sonra da o, uşaqları ilə birlikdə həmin bu Bakı şəhəri Sulutəpə qəsəbəsində tikdirdikləri evdə yaşayırdı. Lakin 2023-cü ilin payız aylarından başlayaraq cavabdeh onun bu evdə yaşamasına imkan vermədi. Artıq aralarında olan mübahisələr onun bu evdə yaşamağını mümkünsüz etmişdir. Ona görə də o, bu evin və mağazanın tikilməsinə çəkilmiş xərcin bərabər şəkildə bölünməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdehla nikah pozulandan sonra 2 il, yəni 2021-ci il sentyabr ayına kimi bir evdə, ancaq ayrı yaşamışlar. Belə ki, balaca otaqda Cavabdeh yaşamış, digər otaqlarda isə o, öz uşaqları ilə. Yeməyi suyu o, hazır edirdi. Anası xəstə idi, tez-tez onun yanına gedib gəlirdi, uşaqlarını Cavabdeh etibar edə bilmirdi. Sonradan o, müəyyən səbəblərə görə həmin evdə yaşamağa davam edə bilmədiyi üçün, atasının evinə köçmüş və uşaqlarını anasının yanında qoyub işləməyə başlamışdır. O, 2023-cü ildə uşaqlarını saxlamaq üçün evi kirayə vermiş, evi əlindən alıb, kirayəşini də, çıxartdılar. O, həmçinin qeyd etmişdir ki, 2008-ci ildə ev tikilib, evin tikilməsi üçün atasından cehiz əvəzi pul istənilmiş və atasının vəsaiti hesabına da, ev tikilmişdir. Hazırda qızlarının ataları Cavabdehla ünsiyyəti yoxdur, o, qızlarını ona göstərmir. Oğlu hərdən atasının yanına gedib gəlir. Cavabdeh özü bilir hansı səbəbdən qızlarını ona göstərmir. Bundan əlavə o, izahatında göstərdi ki, o, 2023-cü ildə aktı ona görə tərtib etmişdir ki, Fizuli rayonundan ona ev düşməli idi. Yəni, Fizuli rayonunda ev əldə etmək üçün lazimi sənədləri hazırlamalı olmuşdur. Həmin aktı o, məhkəməyə təqdim etmək üçün imzalatmamışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçını əslində cavabdeh evdən qovmayıb, cavabdeh öz qızına qarşı əxlaqsız hərəkətlər edirdi. Bu hadisə 2019-cu ildə olub. Hazırkı mübahisəli evi iddiaçının atası tikib, onun pulu ilə tikilib. Həmin aktıda iddiaçının atası tərtib etməyi təklif edib, çünki xəstə idi və qızına görə narahat idi, düşündü ki, o, öləndən sonra Cavabdeh onu evdən çıxartmasın. İddiaçı 2023-cü ilə qədər mübahisəli evdə yaşayıb və həmin evdən 2023-cü ilin sonunda çıxmışdır. O, həmçinin bildirmişdir ki, iddiaçı hazırkı mübahisənin yaracağını bilirmiş, ona görə də həmin aktı tərtib etmiş və qonşulara imzalatmışdır. Şahidlər boş kağıza imza atmaları barədə məlumat yalandır. İddia müddətinin tətbiqinə dair ərizə əsassızdır, aktdan da məlum olur ki, 2023-cü ilə kimi iddiaçı həmin evdə yaşayıb. İddiaçı həmin evdə yaşadığına görə qonşular problem yaratmadan aktı imzalamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiq edib, bildirdi ki, tərəflər arasında nikah 2019-cu ildə pozulmuş, iddiaçı mübahisəli evdə 2021-ci ilin sentyabr ayına kimi cavabdehlə birgə yaşayıb. Həmin fərdi yaşayış evi də iddiaçının atasının vəsaiti hesabına tikilib. İddia ərizəsi 2024-cü ilin fevral ayında məhkəməyə təqdim olunub və iddiaçı tərəfindən iddia müddəti ötürülməyib. Odur ki, iddianın təmin olunmasını və ekspert rəyində müəyyən olunmuş məbləğin ½ hissədə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 11 fevral 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, 2019-cu ildə iddiaçı ilə aralarındakı nikah pozulmuş, iddiaçı uşaqlarla birlikdə getmiş atasının evinə və həmin vaxtdan onun evində yaşamamışlar. Həmin ev iddiaçının atasının pul vəsaiti hesabına yox, onun və atasının pulu vəsaiti hesabına tikilmişdir. Həmin vaxtlar evin tikilməsi üçün bankdan kredit götürmüş, buna dair sübutu da təqdim edə bilər. İddiaçının vəkili həqiqəti əks etdirməyən məlumatları deyir onun barəsində, lakin o, elə bir insan olsaydı iddiaçı uşaqlara imkan verməzdi onunla ünsiyyətdə olmağa. İddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, uşaqlarını görür, 2024-cü ili dekabr ayının 31 uşaqlarının hər üçü onun yanında olublar. Nikah pozulandan sonra 2020-ci ilin oktyabr-noyabr ayınadək iddiaçı uşaqlarla birgə onun evində yaşamışdır. O, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş şəkillərə münasibətdə qeyd etdi ki, qeyd edilən şəkillər onun evində çəkilmiş şəkillərdir. İddiaçının evdən çıxmağının səbəbi isə atasının evində yaşamaq istəməsidir. İddianın rədd olunmasını xahiş etdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişdir ki, tərəflər 2007-ci ildə nikaha daxil olmuşlar və təxminən 2 ay sonra o, ev tikilməyə başlanılmışdır. Aralarındakı nikah xx.xx.2019-cu ildə pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur, göründüyü kimi 5 ilə yaxındır nikah pozulub, buna görə də hesab edir ki, iddia müddəti keçib. Sözügedən ev cavabdehin və onun atasının vəsaiti hesabına tikilmişdir, atası sahibkarlıq fəaliyyəti ilə məşqul olurdu. Buna görə də o, ərizəsini məhkəməyə təqdim edərək hazırki əmlak bölgüsünə dair iddia tələbinin 3 illik iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Daha sonra o, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nikah 2019-cu ildə pozulub və nikah pozulandan sonra iddiaçı uşaqları ilə birlikdə gedib atası evində yaşamağa. İddiaçı iddia ərizəsində qeyd edib ki, guya 2023-cü ilin payız aylarınadək həmin evdə yaşayıb sonradan isə cavabdeh tərəfindən evdən qovulub. İş materiallarına xx.xx.2023-cü il tarixli bir akt əlavə edilib ki, guya onun orda yaşaması təsdiq olunur. Bu mötəbər sübut kimi qəbul olunmamalıdır, çünki akt 2023-cü ilin iyul ayında tərtib olunub, iddiaçı isə evdən guya payız aylarında qovulub. Belə çıxır ki, iddiaçı əvvəlcədən bilirdi ki, qovulacaq. Aktın imzalanma məqsədi məlum deyil. Digər bir neçə nəfərdən isə yazılı ərizələrin alıb elektron kabinetə yükləmiş, bu aktı hazırkı məsələ ilə bağlı imzalamadığını bildirmişdirlər. İddiaçı Fizuli rayonun işqaldan azad olunmasını bildirib və orada onun üçün evin verilməsi üçün qonşulardan aktın tərtib olunub imzalanmasını xahiş etmiş, qonşularda bu səbəbdən həmin aktı imzalamış, imzalayarkən kağızda heçnə yazılmamış, boş olub. Həmçinin bildirir ki, Ailə məcəlləsinə əsasən tərəflərin nikah pozulandan sonra 3 il ərzində birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüquqları var, bilindiyi kimi 2019-cu ildə aralarındakı nikah pozulmuş və 2022-ci ildə həmin müddət bitmişdir. Məhkəməyə tərəflərindən iddia müddətinin tətbiqinə dair ərizədə təqdim olunmuşdur. İddiaçının vəkili hazırkı iddia ərizəsinin perspektivinin olmadığını bilərək iş materiallarında olan saxta aktı tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 izahatında bildirdi ki, iddianı qəbul etmir. İddiaçı özü ifadəsində qeyd edir ki, 2021-ci ilin sentyabr ayında evdən çıxıb, lakin iddia ərizəsində 2023-cü ilin payız aylarında cavabdeh tərəfindən evdən qovulduğu qeyd olunur. Yeganə sübut həmin o aktdır, o, da mötəbər sübut kimi qəbul edilə bilməz. Şahidlərin verdiyi ifadələrdə ziddiyatlar var. 2019-cu ildən tərəflər ayrı yaşayıblar və birgə təsərrüfat aparmayıblar. İddia müddəti 2019-cu ildən hesablanmalıdır. İddia müddəti tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Gülnar onun yanına boş kağızla gələrək, dedi bu sənədi imzalamaq lazımdır, ona Fizuli rayonundan ev verilməlidir. O, isə Cavabdeh görə heçnə imzalamamışdır. Aktda olan imza onun imzası deyil. Gülnarla Cavid 2-ci Qarabağ müharibəsindən əvvəl boşanıblar. Boşanandan sonra Gülnarın həmin evdə yaşamaqlarını görməmişdir. Gülnarın atası həmin ərazidə qonşuluqda yaşayırdı, o, da uşaqları ilə orda qalırdı. O, İddiaçı 2010-cu ildən tanıyır, nikah pozulanadək həmin evdə yaşayırdı, amma o, Gülnarı daha çox ata evində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gülnar qonşusu idi, boş ağ kağızla ona yaxınlaşaraq bildirdi ki, Fizuli rayonu işqaldan azad olunub və ona ordan ev verilməlidir. Onun uşaqları ilə birlikdə həmin evdə yaşamağını təsdiqləmək üçün həmin kağıza imza atmağını xahiş etdi. O, da kağıza imza atmış, lakin o, bilmirdi ki, onu ailə məsələsi ilə bağlı məhkəməyə müraciət etmək üçün istəyir. Gülnar həmin evdə 2019-cu ilin sonu 2020-ci illərdə yaşayıblar, 2023-cü ildə isə orda yaşamamışlar. O, 2009-cu ildən həmin ərazidə yaşayır, Gülnarın atası ilə o, qonşudur. Cavabdehla Gülnar evlənəndə Cavidin atası gildə yaşamışlar, sonra Cavabdeh ev tikib, həmin evə köçdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, İddiaçı onun xalası qızıdır. O, ailə qurandan sonra həyat yoldaşının Sulutəpə qəsəbəsində yerləşən evində yaşayırdı. 2023-cü ilə qədər Sulutəpədə yaşayıb, atası və anası rəhmətə gedəndən sonra kirayəyə köçüb. Gülnarın atası 2023-cü ildə rəhmətə gedib. Mübahisəli ev isə 3 otaqlı ev idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. Cavabdehla aralarındakı nikah nə vaxt pozulub yadında deyil. Nikah pozulandan sonrada Cavidlə bir evdə yaşamağa davam etdilər. Qohumları Gülnarın boşanma səbəbini bilməmişlər. Hətta o, özü də gedib həmin evdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, İddiaçı onun doğma bacısıdır. Bacısı 2023-cü ilə qədər daimi Sulutəpədə yaşayıb, atası rəhmətə gedənə kimi. Atası rəhmətə gedəndən sonra kirayə evə köçüb. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 16 noyabr 2007-ci il tarixdə Füzuli rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X20, xx.xx.2009-cu il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X13 anaları İddiaçı yanında saxlanılmaları, 06 mart 2019-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək hər ay, hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məcburi köçkün vəsiqəsindən görünür ki, 1985-ci il təvəllüdlü İddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. İddiaçı tərəfindən təqdim edilmiş (mübahisəli mənzildə çəkilmiş) foto-şəkildən görünür ki, İddiaçı iki qızı ilə yan-yana, qarşılarında tort və tortun üzərində “Xanım 10 yaş” yazısı ilə bəzədilmiş və həmin şəkil 6 iyul 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində paylaşılmışdır. xx.xx.2023-cü il tarixdə X22, X16, X6, X30, X23, X7, X8 və X10 tərəfindən imzalanmış aktdan görünür ki, onlar qeyd edilən akta imza edərək İddiaçı 2009-cu ildən yetkinlik yaşına çatmayan övladları X20, X21 və X25 ilə birlikdə Binəqədi rayonu Sulutəpə qəsəbəsi əvvəlki Ruslan Allahverdiyev, indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evində faktiki yaşayır və sahiblik etməsini təsdiq etmişlər. BRİHB-nin Xocəsən qəsəbə İƏD ürə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, vətəndaş Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə R.Allahverdiyev küçəsində inşa edilmiş fərdi yaşayış evində Füzuli rayonundan gəlmiş məcburi köçkün kimi yaşayır. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 xx.xx.2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, (keçmiş Ruslan Allahverdiyev küçəsi) indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 33000 (otuz üç min) manat təşkil edir. "xxxx" MMC-nin 0138 saylı hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, (keçmiş Ruslan Allahverdiyev küçəsi) indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri 40500 (qırx min beş yüz) manat təşkil edir. X17 ərizəsindən görünür ki, o, qonşusu İddiaçı onlara gələrək qaçqın olduğu üçün ona Füzuli rayonunda ev vərəcəklərini bildirib, qaçqın olduğunu təsdiq etməsini xahiş etmişdir. X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı onlara gələrək Füzuli rayonundan məcburi köçkünlərə verilən evlərdən almaq adı ilə ona tərtib etdiyi aktda qol çəkdirib. Qeyd edir ki, 2019-cu ildə ailəsindən boşandıqdan sonra atasına aid olan mənzildə yaşayıb. X3 ərizəsindən görünür ki, İddiaçı onun evinə gələrək ondan xahiş etmiş ki, Füzuli rayonunda məcburi köçkünlərə veriləcək evlərdən hökümətdən pay istəyir. Vaxtı ilə onun qonşuluğunda yaşadığına və hal hazırda nikahı pozulduğuna görə burda yaşamadığına görə ərizə toplayır. Onu aldadıb və öz xeyrinə iddialar yazıb. Onun adından nə şahidlik yazılıbsa onu rədd edir. X22 öz istəyi ilə yazıb bildirir ki, İddiaçı bacısı Yaqubova Samirə ilə 2020-ci ildə evinə gələrək Füzuli rayonundan məcburi köçkünlərə verilən evlərdən almaq adı ilə ona, tərtib etdiyi aktda qol çəkdirib. Qeyd edir ki, 2019-cu ildə ailəsindən boşandıqdan sonra atasına aid mənzildə yaşayıb. X4 ərizəsindən görünür ki, o, öz istəyi ilə yazaraq bildirir ki, İddiaçı bir neçə il öncə onun evinə gələrək, Füzuli rayonundan məcburi köçkünlərə verilən evlərdən almaq istədiyi üçün ona tərtib etdiyi aktda qol çəkdirib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, (keçmiş Ruslan Allahverdiyev küçəsi) indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi iddiaçı X27 ilə Cavabdeh birgə nikahları dövründə tikilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər 16 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və bundan sonra sözügedən özbaşına tikilini də həmin dövrdə inşa edərək orada yaşayaraq birgə təsərüfat aparmışlar. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.3.Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İşin mübahisəli halı ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 16 noyabr 2007-ci il tarixdə Füzuli rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulmuşdur. İddiaçı mübahisəli evdə nikah pozulandan sonra 2 il, yəni 2021-ci il sentyabr ayına kimi yaşadığını, cavabdeh isə onun nikah pozulduqdan sonra uşaqları ilə birlikdə evi tərk etdiyini bildirərək ümumi əmlakının bölünməsi haqqında tələbə 3 illik iddia müddəti tətbiq olunması xahiş edir. Qeyd edilməlidir ki, tərəflərin bu dəlilləri bilavasitə sübutetmə ilə bağlıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçının 2019-cu ildə (nikah pozulduqdan sonra) evi tərk etməsi ilə bağlı arqumentlərini əsaslandıracaq mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfin istinad etdiyi sübutlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəf sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli akta istinad etsədə, həmin aktı imzalayan X22İ, X6, X30, X7 və X1 məhkəməyə ünvanlanmış ərizələrində həmin akta Füzuli rayonundan məcburi köçkünlərə verilən evlərdən almaq üçün akta imza etdiklərini bildirmişlər. Bu faktı iclasında şahid qismində dindirilmiş X16 da təsdiq etmişdir. Göründüyü kimi sözügedən akt iddiaçının mübahisəli evdə yaşamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı iş üzrə şahid qismində dindirilmiş X29 iddiaçının xalası oğlu, X9 və X26 iddiaçının bacıları olduğundan onların ifadələrini işdə marağı olmayan şəxsin sərbəst ifadəsi kimi və əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilməsini məhkəmə ədalətli hesab etmir. Qeyd olunanlarla yanaşı aşağıdakılara əsasən hesab edir ki, iddianın qismən əsaslı olduğu iş üzrə sübuta yetir. Mövcud qanunvericilkdə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır (məhkəmə qərarı və s.). Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ər arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: a) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ər-arvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi mübaihisə predmeti olan fərdi yaşayış evinin tərəflərin nikahda olduqları dövrdə tikildiyi işin mübahisələndirilməyən halıdır. Həmçinin məhkəmə "xxxx" MMC-nin tərtib etmiş olduğu qiymətləndirmə rəyi ilə razılaşır və hesab edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, (keçmiş Ruslan Allahverdiyev küçəsi) indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin hazırki bazar dəyərini təşkil edən, yəni 40.500 manatın ½ hissəsinə, yəni 20.250 manat dəyərində olan hissəsinə iddiaçının hüququ tanınmaqla həmin fərdi yaşayış evinin real bazar dəyərini təşkil edən 40.500 (qırx min beş yüz) manatın yarısı 20.250 (iyirmi min iki yüz əlli) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 32-ci maddəsi ərarvadın birgə nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Normanın mənasına görə, hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına alındıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Hazırkı halda mübahisəli evin birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına inşa olunması prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir, bununla belə o, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 hazırki iş üzrə 3 illik iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyrimütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. İddiaçı tərəfindən mübahisəli evdə nikah pozulduqdan sonra da uzun müddət yaşamısını təsdiq edən sübut kimi 11 ədəd fotoşəkil təqdim etmişdir. Həmin şəkillərin 2020-2021-ci illərdə sosial şəbəkədə əks olunduqları müəyyən edilir. Lakin cavabdeh tərəf bu tarixlərin şəkillərin çəkildiyi tarix deyil, onların paylaşıldığı tarix olduğunu qeyd edir. Məhkəmə iclasında iştirak edən İddiaçı 2021-ci ilin sentyabr ayınadək Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, (keçmiş Ruslan Allahverdiyev küçəsi) indiki Elçin Əzizov küçəsində yerləşən 4 otaqlı fərdi yaşayış evində övladları ilə birlikdə yaşadığını bildirmiş və məhkəməyə həmin mənzildə müxtəlif vaxtlarda çəkilmiş foto şəkilləri təqdim etmişdir. Cavabdeh isə qeyd edilən şəkillərin həqiqətən də onun evində çəkildiyini etiraf etmiş lakin onların tarixlərinin 2020-ci il olduğunu bildirmişdir. Təqdim olunmuş şəkillər həqiqətən də 2020-2021-ci illəri əhatə edir. Lakin təqdim edilmiş 06 iyul 2021-ci il tarixli foto şəkildən müəyyən edilir ki, İddiaçı iki qızı ilə yan-yana, qarşılarında tort və tortun üzərində “Xanım 10 yaş” yazısı ilə bəzədilmiş və həmin şəkil 6 iyul 2021-ci il tarixdə instaqram sosial şəbəkəsində paylaşılmışdır. Bu isə ona dəlalət edir ki, iddiaçı ən azından 6 iyul 2021-ci il tarixdə həmin evdə uşaqları ilə birlikdə yaşayıb və 2021-ci ildə 10 yaşını tamam olan uşağının şəkilini 2020-ci ildə sosial şəbəkədə yerləşdirməsi sağlam mühakimə üzrə məntiqli görünmür. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş X13 xx.xx.2011-ci il tarixdə doğulduğunu və 2021-ci ilin 05 iyul tarixində onun 10 yaşının tamam olmasını, eləcə də həmin şəkilin 06 iyul 2021-ci il tarixdə (doğum günündən bir gün sonra) instaqram sosial şəbəkəsində yayıldığını nəzərə alaraq, iddiaçının 2021-ci ilin sentyabr ayınadək mübahisəli mənzildə yaşamasını inandırıcı hesab edir və qeyd edir ki, hazırki iş üzrə iddia müddətinin axını ən azından 2021-ci ilin iyul ayından götürlüdüyü halda belə iddia müddətinin buraxılmadığı müəyyən edilir. Belə ki, hazırki iş üzrə iddia müddətinin axınının 2021-ci ilin iyul ayında başladığını, iddiaçının isə iddia ərizəsinin 22 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən mübahisələndirmə (3 illik) müddətini ötürməmişdir. Ona görə də cavabdeh tərəfin arqumentləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar