Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2404/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil, Vəkil1 Pəhlivan oğlunun, Cavabdeh1, Cavabdehin vəkili, Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X6) “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X6nin xx xxx 2007-ci il tarixli 646 saylı sərəncamına əsasən Binəqədi rayonu, Binəqədi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m ərazisi olan, torpaq üzərində tikdirdiyi fərdi yaşayış evinin qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq, sahiblik və istifadə hüquqlarıın bərpa edilməsi, həmin torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 Tanrıverdi qızının və Cavabdeh2 çıxarılması, 3-cü şəxslərdən azad fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Mövlayeva X2 müraciət edərək alqı-satqı yolu ilə istifadəsində olan 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. xx xxx 2007-ci il tarixdə edilmiş müraciətlərə baxılmış və Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “X3” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndinin, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini əsas tutaraq, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən X6nin nizamnaməsinə uyğun olaraq, vətəndaşın ehtiyacı olduğu nəzərə alınmış, onun rəsmi müraciətinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsi mümkün sayılmış və X6nin xx xxx 2007-ci il tarixli 08 saylı ümumi iclasın qərarını əsas tutaraq sərəncam verilmişdir. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Mövlayeva Əsmətel Allahverdi qızının alğı-satqı yolu ilə mülkyyətinə ayrılmışdır. Vətəndaş Mövlayeva Əsmətel Allahverdi qızı torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği yəni 1056 manatı bələdiyyə büdcəsinə ödəmiş və ödənişlə bağlı qəbz təqdim edilmişdir. xx xxxxxx 2011-ci il tarixdə həmin torpaq sahəsini Mövlayeva Əsmətel Allahverdi qızı satmaq qərarına gəlmiş və həmin torpaq sahəsini o almışdır. Ona 100 il müddətinə etibarnamə verilmiş və torpaq sahəsini idarə etməyi, lazımi sənədlər toplamağı, özəlləşdirməyi, özəlləşdirdikdən sonra Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən dövlət reyestrindən çıxarışı almağı həbs və girov barədə arayış aldıqdan sonra sərəncam verməyi , satmağı, almağı, bağışlamağı, dəyişməyi buna dair ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evləri tikmişdir. Təxminən iki il bundan əvvəl qohumu olan X8 evinin yanında kirayə üçün nəzərdə tutulmuş tikdirdiyi fərdi yaşayış evində qaynanası Cavabdeh2 və onun gəlininin yaşamasını xahiş etmişdir. O da onun xahişini qəbul edərək təxminən 3 ay kirayə haqqı almadan onların yaşamasına icazə vermişdir. 3 ay müddətində ona məxsus fərdi yaşayış evində yaşadıqdan sonra ona məxsus evdən çıxaraq başqa bir ünvanda yaşamışlar. O Qazax rayonunda yaşadığı üçün həmin fərdi yaşayış evini kirayəyə verərək şəxsi ehtiyaclarını qarşılamışdır. Qazax rayonunda yaşadığı üçün qohumu olan X1 haqqının ona göndərilməsini xahiş etmişdir. Təxminən 10 gün müddətində qohumunun arvadı Cavabdeh1 və onun anası Cavabdeh2 ona məxsus fərdi yaşayış evinə zorla soxularaq evdə yaşayan kirayəçini evdən çıxararaq özləri yaşamağa başlamışlar. Bu barədə X5 maraqlandıqda onların boşandığını və onun bu işlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Belə olan halda hüquq mühafizə orqanlarına müraciət etmiş və Binəqədi rayon 43-cü PB-nin xx.xx.2020-ci il tarixli qərarı ilə qeyd edilmişdir ki, İddiaçı iddiası mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil1 Pəhlivan oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, iddiaçının sahiblik faktı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və məhkəməyə yazılı qaydada təqdim etdiyi çıxışında bildirmişdir ki, iddiaçı iddiasında qeyd edir ki, mübahisəli torpaq sahəsində yaşayış evləri tikmişdir. Bunu sübut edən hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Evi şəxsən özü öz vəsaiti hesabına tikmişdir. Gülməmməd ev tikintisi üçün pul göndərməmişdir. Onun özünün şəxsi salonu var və əlavə gəliri vardır. Keçmiş əri əvvəl oranı satmaq istəyirdi. İndi həmin evlərdə kirayəçilər yaşayır.Bundan başqa iddiaçı iddiasında qeyd edir ki, iki il bundan əvvəl qohumu olan X8 evinin yanında kirayə üçün nəzərdə tutularaq tikilən fərdi yaşayış evində qaynanası Cavabdeh2 və onun gəlininin yaşamasını xahiş etmiş və onun xahişini qəbul edərək təxminən 3 ay müddətində onlardan kirayə haqqı almadan yaşamalarına icazə vermişdir. 3 aydan sonra isə onlar həmin mənzildən çıxaraq başqa bir ünvanda kirayə yaşamışlar. Kirayə haqqını isə X8 onun yaşadığı Qazax rayonuna göndərmişdir. Bununla bağlı qeyd edir ki, əgər iddiaçının dedikləri doğrudursa Elşənin və onun həmin evin tikintisində, ustaların axtarılmasında, usta pullarının özləri tərəfindən ödənilməsində hansı maraqları ola bilər.Mübahisəli yaşayış evi Elşənlə onların birgə nikah dövründə tikilmişdir və bu günə kimi həmin mənzildən gələn kirayə haqqını Elşənlə özü alır. İddiaçı iddia ərizəsində tikdirdiyi evdən cavabdehin çıxarılmasını tələb edir. Qeyd edir ki, ev sənədsiz evdir. İddiaçının belə bir tələb irəli sürməsi üçün həmin evin mülkiyyətçisi olması şərtdir. Bundan başqa tələb edir ki, həmin evdən istifadə və sahiblik hüququ bərpa edilsin. Hansı ki, həmin evin heç bir sənədi yoxdur və iddiaçı həmin mənzildə bir gün belə yaşamamışdır. İddiaçı iddia ərizəsində cavabdeh qismində onun anasını göstərmişdir. Halbuki anası Cavabdeh2 ümumiyyətlə burada yaşamır. Hal-hazırda da Gürcüstandadır. Mübahisəli torpaq sahəsi və mənzillə əlaqədar daşınmaz əmlakın dövlət reyestr xidmətində torpaq sahəsi və onun üzərində yerləşən evə dair hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Belə ki bələdiyyə torpaqlarının özəlləşdirilməsi üçün zəruri olan alqı-satqı müqaviləsi olmadığından həmin torpaq sahəsinə çıxarış əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, torpaq Mövlayev Əsmətel Allahverdi qızına məxsusdur. Heç həmin xanımın belə mübahisəli torpaq sahəsini özəlləşdirməsi, mülkiyyətçi olması üçün qanunvericilikdə tələb edilən müvafiq hüquq müəyyən edici sənədləri yoxdur. “Dedikləri kimi” həmin şəxsin iddiaçıya verdiyi uzunmüddətli etibarnamə var ki,o da ona əsas vermir ki, mülkiyyətçiyə məxsus olan hansısa tələbi irəli sürə bilsin. Sənədlər tam olmadığından mübahisəli torpaq sahəsi özəlləşdirilə bilməyib. Özəlləşdirilməsi də hazırki sənədlərlə mümkün deyildir. Göründüyü kimi iddia tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Odur ki, iddia əsasız və tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, mübahisəli fərdi yaşayış evi Elşənlə birlikdə rəsmi nikah dövründə əldə etdiyi şəxsi vəsait hesabına tikildiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 cavabdehlə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, hal-hazırda həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə tərəfindən verilən xx xxx 2007-ci il tarixli sərəncam həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranması üçün əsas deyildir. Mülkiyyət hüququnun yaranması üçün tərəflər arasında alğı-satqı müqaviləsi olmalı idi. Belə bir müqavilə isə mövcud deyildir. Həmçinin iddiaçı evin tikintisi üçün Qocayev Elşənə pul göndərdiyini iddia etsədə belə bir faktı sübut edə bilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayonu, X6nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, cavabdeh onun qardaşı Elşən Qocayevin yoldaşıdır. 2011-ci ilin ilk ayında evin tikilməsi qardaşına həvalə edilmişdir. Gülməmməd pul göndəriri qardaşı isə burada evin tikintisi ilə məşğul olurdu. Mübahisəli mənzil 6-7 il ərzində tikilmişdir. Əvvəllər həmin mənzili kirayə versələrdə Nairə kirayədə qalan şəxsləri oradan qovmuşdur. Həmin evdə onun bacısı qızı yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2011-ci il tarixində alınmış, 2013-cü ildə isə tikintisi başlanmışdır. O həmin tarixlərdə briqadir kimi fəaliyyət göstərdiyindən İddiaçı pul göndərir o isə evin tikintisi ilə məşğul olmuşdur. 2015-ci ildə əlavə ev tikilib. O, heç vaxt həmin evlərdə yaşamamışdır. 6- 7 aydır ki, həmin ev Nairə və onun bacısı tərəfindən zəbt edilib. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, mübahisəli ev Binəqədi ərazisində yerləşir. Özü ev tikintisi ilə məşğul olur. Mübahisəli evin tikintisində iştirak etsə də, tikinti ilə bağlı ev sahibi ilə arasında müqavilə olmamışdır. Bu məsələdə sadəcə Elşəni tanıyır. İlk dəfə Elşənin işçisi olmuşdur. Daha sonralar Nairə xanım zəng vurmuş və ona əlavə işlər tapşırmışdır. Yeznəsi Salmanla birlikdə evin tikintisinin çertyojunu Nairə xanıma vermişlər. Tikinti fəaliyyəti ilə bağlı Elşən onlara pul verməyib. Tikinti materialının pulunu, fəhlələrin pulunu Nairə xanım vermişdir. Evin tikintisi başa çatdıqdan sonra yeznəsi Salman həmin evin birində aylıq ödənişi 150 manat olmaqla kiryədə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, o Cavabdeh1 oğludur. İddiaçı düzgün biri kimi tanımışdır. Bakı şəhərində ailəsindən ayrı yaşayır. İddiaçı iddiası barəsində anası ona məlumat vermişdir. Torpaq Binqədi ərazisində yerləşir. Həmin evdə əvvəllər nənəsi də yaşamışdır. Evin tikintisində anasının əziyyəti çox olmuşdur. Anasının özünə məxsus gözəllik salonu olduğundan daimi olaraq əlavə gəlir mənbəyi olmuşdur. Atası ona münasibətdə daha az qazandığından tikintiyə anası nəzarət etmişdir. Atası isə yalnızca axşamlar tikintinin vəziyyəti ilə maraqlanmışdır. Anası ilə birlikdə tikinti işlərinə nəzarət etməyə getmişdir. Ustaları həmin gün və məhkəmə iclasında iştirak edən zaman görmüşdür. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayonu X6nin sədri E.A.Salmanov tərəfindən verilən xx xxx 2007-ci il tarixli, 646 saylı sərəncamdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Mövlayeva Əsmətel Allahverdi qızınını alğı-satqı yolu ilə mülkiyyətinə verilməsinə sərəncam verilmişdir. Sərəncamın əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “X3” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndi, 19-cu maddəsinin 4-cü bəndi, 33-cü maddəsinin 3-cü bəndi, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, X6 tərəfindən verilən xx xxx 2007-ci il tarixli, AİT seriyalı, 677642 saylı kassa mədaxil ordenindən görünür ki, Mövlayeva Əsmətel Allahverdi qızı tərəfindən 1056 manat məbləğində pul vəsaiti torpağın dəyəri olaraq ödənilmişdir. xx xxxxxx 2011-ci il tarixli, AR-İ seriyalı, 151333 saylı etibarnamənin surətindən görünür ki, Mövlayeva Əsmətel Allahverdi qızı bu etibarnamə ilə Qazax rayonu, Çaylı kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu, X6nin xx xxx 2007-ci il tarixli 646 saylı qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsini idarə etməyi, lazımi sənədləri toplamağı, özəlləşdirməyi, özəlləşdirdikdən sonra Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən dövlət reyestrindən çıxarışı almağı, həbs və girov barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, almağı, bağışlamağı, dəyişməyi buna dair ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Etibarnamə 100 il müddətinə verilir və xx xxxxxx 2111-ci ilədək qüvvədədir. Etibarnamə Bakı şəhəri 22 saylı notariat kontorunun notariusu Ş.F.Gülməmmədova tərəfindən təsdiq edilmişdir. Etibarnamə reyestrdə 7E-04/2393 nömrə ilə qeyd edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Bayramov tərəfindən qəbul edilən xx xxxxxx 2020-ci il tarixi cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/252 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki izahatı alınan İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsi zəbt olunmayıb, sadəcə olaraq Nairə onun yaşadığı evin giriş qapısının kilidini sındırıb və bunun nəticəsində ona 25 manat maddi ziyan dəymişdir. İzahatı alınan X8 bildirmişdir ki, İddiaçı onun bacısının yoldaşıdır. Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Müəyyən səbəblərə görə onlar boşanmışlar. X11 Gülməmmədovun izahatına uyğun izahat verərək onun dediklərini təsdiq etmiş və bildirmişdir ki, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən 600 kv.m torpaq sahəsi və həmin sahədə yerləşən evlər İddiaçı məxsusdur. Onun həmin torpaq sahəsinin alınmasında və evlərin tikintisində iştirakı olmayıb. Cavabdeh1 ona və qohumu İddiaçı böhtan ataraq həmin torpaq sahəsinin ona aid olmasını və onların evli olduqları müddətdə alınaraq orada ev inşa etdiklərini bildirmişdir. Lakin bildirir ki, həmin torpaq sahəsinin və evlərin onlara heç bi aidiyyatı yoxdur. Həmin torpaq sahəsi və evlər İddiaçı məxsusdur. Cavabdeh1 müxtəlif yalanlar və böhtanlar atmaqla ondan və qohumlarından ev tələb edir. İzahatı alınan Cavabdeh1 izahatında bildirmişdir ki, 2011-ci il tarizindən Binəqədi-Xırdalan şossesində torpaq sahəsi alan zaman onlarla birlikdə həyat yoldaşının qohumlarıda torpaq sahəsi aldıqlarına görə, həmin torpaq sahəsini keçmiş həyat yoldaşının qohumu olan İddiaçı adına almışlar. Onların almış olduğu torpaq sahəsi hal-hazırda İddiaçı adınadır. Həmin torpaq sahəsinin onlara aid olan 200 kv.m hissəsində 2-ədəd ayrı-ayrı olmaqla 2 otaqdan ibarət evlər inşa etdirmişlər. Həmin evin birində bir müddət anası yaşamış digərini isə kirayə vermişlər. Lakin o həyat yoldaşından boşandıqdan sonra həyat yoldaşının qohumları onu evsiz qoymaq istəyir. Cavabdeh1 həmin evdə olan əşyaların ona məxsus olduğunu bildirərək, həmin evin giriş qapısını ərinin bağladığını və məcburən kilidi sındırıb evə daxil olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi X6nin xx xxx 2007-ci il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə Mövlayeva Əsmətel Allahverdı qızına verilmişdir. Mövlayeva Əsmətel Allahverdı qızı xx xxxxxx 2011-ci il tarixində həmin torpaq sahəsi ilə bağlı əməliyyatlar (Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsini idarə etməyi, lazımi sənədləri toplamağı, özəlləşdirməyi, özəlləşdirdikdən sonra Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən dövlət reyestrindən çıxarışı almağı, həbs və girov barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, almağı, bağışlamağı, dəyişməyi buna dair ərizə verməyi və digər hərəkətləri etməyi) aparmaq barədə İddiaçı etibarnamə vermişdir. Mübahisəli torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evləri Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsində tikilən evlər faktiki olaraq özbaşına tikilidir. İddiaçı iddia edir ki, həmin torpaq sahəsi üzərində yerləşən cavabdehlərin faktiki istifadə etdiyi tikili ona məxsusdur. Cavabdeh isə bununla razılaşmayaraq əksini iddia edir. İddiaçı və cavabdehlər arasında qohumluq münasibətləri vardır. İddiaçının arvadının qardaşı Cavabdeh1 keçmiş əridir. İddiaçı tərəfindən şahid kimi dindirilən şəxslər müvafiq olaraq iddiaçının arvadı və arvadının qardaşı, cavabdeh tərəfindən şahid kimi ifadə verən şəxslər müvafiq olaraq Cavabdeh1 oğlu və evin tikilməsində işləyən ustadır. Cavabdehlər özləri də yaxın qohumdurlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayonu X6nin xx xxx 2007-ci il tarixli sərəncamında Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Mövlayeva Əsmətel Allahverdi qızına alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qeyd olunsa da, bununla-bağlı hər-hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin qanunun əvvəlki redaksiyasında, yəni hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 9.6-cı maddəsində qeyd edilmişdir ki, Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin qanunun ilkin mətninin 20.1-ci maddəsində qeyd edilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Odur ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi torpaq sahəsinin mülkiyyətə verilməsi alqı-satqı barədə aktın tərtib edilməsi yolu ilə mümkündür. Torpaq sahəsində tikiləcək tikili isə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq razılıqlar əldə edildikdən sonra aparıla bilər və tikiliyə mülkiyyət hüququ müvafiq qaydada qeydə alınmalıdır. Lakin işin hallarından göründüyü kimi mübahisə predmetini təşkil edən tikili qanunvericilikdə müəyyən olunmuş qaydada qeydə alınmamış, tikilinin yerləşdiyi torpaq sahəsi isə müvafiq qaydada mülkiyyətə ayrılmamışdır. Yəni torpaq sahəsi faktiki olaraq zəbt edilmiş, torpaq sahəsində yerləşən tikililər isə özbaşına tikilidir. Yəni torpaq sahəsi üzərində, o cümlədən mübahisəli yaşayış evi üzərində nəinki mülkiyyət, hətta sahiblik və istifadə hüquqları da qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməmişdir. Bununla bağlı Torpaq Məcəlləsinin 56.6-cı maddəsində qeyd edilmişdir ki, Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.Alqısatqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsində qeyd edilmişdir ki, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinintərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi barəsində iddiaçıya verilmiş etibarnamə onun həmin torpaq sahəsinə dair təmsilçilikdən başqa hərhansı hüququnu yaratmır. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İddiaçının nümayəndəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçının sahiblik faktının təsdiq edilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu fakt təsdiq olunmuş olsa belə torpaq sahəsinə istifadə, sahiblik və ya mülkiyyəti hüququnu təsbit edən hal edilə bilməz. Çünki torpaq qanunvericiliyi ilə bağlı yuxarıda sadalanan normalara əsasən torpağa və ya tikiliyə hüquqların təsbit edilməsinin qaydaları müəyyən edilmişdir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 81-ci maddəsində qeyd edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən o qənaətə gəlir ki, iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair subyektiv hüququ mövcud deyildir. Subyektiv hüququ olmayan tərəf başqasından nəyisə tələb etməkdə haqlı deyildir. Bundan başqa iddiaçı torpaq sahəsində yerləşən tikilinin onun tərəfindən inşa edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfdən və cavabdeh tərəfdən özlərinə yaxın olan şəxslərin şahid kimi verdikləri ifadələr isə bir birini təqzib etdiyinə görə hazırki mübahisədə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X6) “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X6) “sahiblik və istifadə hüquqlarının bərpası, bələdiyyə qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2404/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2404/2020
14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver