Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2434/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə əsasında verdiyi 9000 manat və əlavə olaraq ona dəymiş maddi ziyanla bağlı 5000 manat, cəmi 14000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 3 sot torpaq sahəsini almışdır. Sonradan tanıdığı Cavabdeh ona bildirmişdir ki, “tikinti sahəsi 110,0 kv.m təşkil edən 4,0 metr hündürlüyündə olan birmərtəbəli yaşayış evini tikib, yaşayış üçün hazır vəziyyətdə təhvil verəcək”. O, cavabdehə inanaraq 31000 manata razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə cavabdehlə 32 saylı notariat ofisində “Podrat müqaviləsi” bağlayaraq, 9000 manat pulu cavabdehə vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh dələduzluqla məşğuldur. Bu günə kimi heç bir tikinti işləri aparmamış və verdiyi pulu da geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, pulu götürməmiş, yalnız müqaviləni imzalamışdır, lakin bunlara baxmayaraq o, 9000 manataı iddiaçıya ödəyəcək. Qalan 5000 manatla razı deyil və o, məbləği ödəməyəcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan bu məsələ ilə bağlı heçnə bilmir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, “Birinci tərəf” (Podratçı) öz materiallarından istifadə etməklə Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən tikinti sahəsi 110.0 kv.m. təşkil edən 4.0 m hündürlüyü olan bir mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, “İkinci tərəf” (Sifarişçi) isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. İcra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 31000 manat təşkil edir. Sifarişçi 9000 manat məbləği müqavilə bağlandığı gün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 22000 manat pulu xx.xx.2026-cı il tarixinə kimi ödəməyi öhdəsinə götürür. X1 tərəfindən Nəsimi RPİ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatından görünür ki, bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. Həmin müddətdə Xırdalanda yaşadığı ünvanın yaxınlığında Dilbər adlı şəxs kafe işlədirdi. Həmin ərəfədə də onunla Dilbər arasında həmin kafeye getdiyi üçün tanışlıq yaranmışdır. Daha sonra Dilbər ondan kreditlə ev axtardığını, bu barədə adam olarsa köməklik etməyini ona bildirmişdir. Həmin Dilbər adlı tanışı ilə birlikdə Vüqarla görüşməyə getmişlər. Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən tikinti sahəsində Vüqar adlı şəxslə görüşmüşlər və həmin zaman orada olan boş torpaq sahəsini göstərərək onun özünə məxsus olmasını bildirmişdir. Daha sonra həmin ünvanda həmin torpaqda ilkin olaraq 10000 manat müqabilində ödəniş edilərək sonradan aylıq olaraq hissə-hissə qalan pulu ödəyərək 110 kv.m. olan birmərtəbəli yaşayış evini 2026-cı ilə qədər təhvil verəcəyini bildirmişdir. Sonradan Dilbər həmin Vüqar adlı şəxslə razılaşaraq Nəsimi rayonu ünvanında yerləşən 32 saylı notariusa gələrək onlarla görüşmüşdür. Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə orada Vüqar və atası kimi onlara təqdim etdiyi Həsən adlı şəxs və Dilbərlə birlikdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ilkin olaraq Dilbər 9000 manat pulu notarius vasitəsilə Həsən adlı şəxsə vermişdir. Daha sonra qalan 500 manat pulu isə Vüqar adlı şəxsə vermişdir. Həmin vaxt Dilbər özü ona əvvəldən söz verdiyi üşün şirinlik olaraq 500 manat da vermiş, lakin Vüqar və Həsən adlı şəxlərin Dilbər adlı tanışını aldatmalarından məlumatı olmamışdır. Onlar onu da aldatmışlar. Aldığı 500 manatı da Dilbər adlı şəxsə qaytarmışdır. Cavabdeh tərəfindən Nəsimi RPİ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatından görünür ki, bildirmişdir ki, İddiaçı o, tanımır. İddiaçı ilə heç vaxt əlaqəsi olmamış və bundan əvvəl də heç bir yerdə görüşməmişdir. Sadəcə olaraq Osman adlı şəxs 15 sentyabr 2022ci il tarixdə onun dostuna olan borcunu ödəmək adı ilə onu aldadaraq Nəsimi rayonu 32 saylı notariat konturuna aparmış və orada güya ki, onun dostuna olan borcundan 20000 manat ödəmək məqsədilə tanımadığı bir nəfər qadınla müqavilə bağlatdırmışdır. Müqaviləyə əsasən həmin qadın Osman və onun dostları ilə mənzil tikilməsi barədə razılaşaraq 3 il müddətinə 22000 manat məbləğində pulu ödəməli idi. İlkin olaraq isə onlara 9000 manat pul verməli idi. O da onlara inanaraq həmin müqaviləyə imza etmişdir. Onlar həmin vaxt ona qadının gələcəkdə 3 il ərzində ödəyəcəyi puldan onun da dostunun pulunu verəcəklərini bildirmişlər. Müqavilədə göstərilən 9000 manat pulu isə onlar tikintiyə başlamaq üçün lazım olan tikinti materiallarını almaq üçün götürmüşlər. Yəni ki, onlar ona burdan heç bir məbləğdə pul verməmişlər. Qeyd edilən İddiaçı adlı şəxsi isə o, birinici dəfə idi ki, orada görürdü. Təqdim olunan sənədlərdəki ev və torpaq sahəsi barədə onun heç bir məlumatı olmamış, sənədləri onlar düzəltmişdirlər. Onlar əvvəlcə ona borclu olduqları məbləğdən bir hissəsini ödəmək üçün bank kartı göndərməsini xahiş etmişlər. Lakin o da onda belə bir kart olmadığından və təqaüd kartına da belə pulların köçürülməsi qadağan olunduğundan onlar ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdilər ki, yaşadığı ünvana həmin pulu poçt vasitəsilə göndərsinlər. Lakin o, şəxsiyyət vəsiqəsinin fotoşəklini “Whatsapp” şəbəkəsi vasitəsilə göndərsə də, onlar onun ünvanına heç bir məbləğdə pul göndərməmişlər. İlk öncə həmin məbləğin notariat konturuna verilməsi barədə onun məlumatı olmamışdır. Həmin 9000 manatı Osman adlı şəxsin götürdüyünü görmüşdür. Lakin kassada ons imza etdirirək pulun verildiyini görmüşdür. Həmin vaxt o, Osmandan ona olan borc pulun bir hissəsini verməsi ilə bağlı bildirdikdə, Osman bu pulun tikinti materialları üçün xərclənəcəyini bildirmişdir. 1000 manat məbləği barədə isə heç bir şey görməmişdir. O, Vüqar adlı şəxsi tanımır, onu Osman adlı şəxs kimi bilir, həmçinin ondan əlavə onlar iki nəfər deyillər və bir neçə nəfərdilər. Həmin notariat konturundan çıxarkən çöldə həmin 9000 manatın bölüşdürülməsini görmüş, amma müdaxilə etməmişdir. O, həmin vaxt elə başa düşmüşdür ki, həmin şəxslər tikinti ilə məşğul olan şəxslərdir. Onlara verilən pul da tikinti ilə əlaqədardır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə olan bazar dəyəri 32000 manat təşkil edir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin, polis orqanında verilmiş izahatlardan müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə cavabdehə 9000 manat məbləğində pul vəsaiti ödəmiş, cavabdeh verilən sifarişi yerinə yetirmədiyi üçün daha sonra iddiaçı həmin pul vəsaitini cavabdehdən geri tələb etsə də, cavabdeh pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın 5000 manat maddi zərərin ödənilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən ona dəymiş 5000 manat məbləğində maddi zərərin tutulmasını tələb etsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən ona 5000 manat məbləğində maddi zərərin dəyməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9000 manat məbləğində vəsait İddiaçınun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2434/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2434/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver