Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-245/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı Kərı̇ mov Azər Sədrəddı̇ n oğlunun və onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Kərı̇ mov Azər Sədrəddı̇ n oğlunun cavabdeh "Energy Servı̇ ce" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X9 və X13 cəlb edilməklə) hesabatın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kərı̇ mov Azər Sədrəddı̇ n oğlu cavabdeh "Energy Servı̇ ce" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətı̇ nə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleks tikilisini qiymətləndirilmələrinə dair 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə ondan 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaydan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. 04 fevral 2021-ci il tarixdə icra məmuru İ.Allahverdiyevə müraciət edərək, həmin qiymətləndirmə tapşırığın surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Belə ki, hesabatı göndərərkən 01 fevral 2021-ci il tarixli məktubu imzalamış cavabdehin direktoru Nümayəndə qeyd etmişdir ki, qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X2 (BQS) və digər qanunvericilik aktlarına uyğun aparılmışdır. Lakin, sadalanan sənədlərin heç birinə istinad edilmədən hesabat tərtib edilmişdir. Məktubda qeyd edilmişdir ki, ona məxsus olan 0,099380 (ölçü vahidi yoxdur) torpaq sahəsi və ümumi sahəsi 2315,75 kv.m əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti – 246.575 manat (hesabatda belədir). Məktub Yasamal rayon İcra və probasiya şöbəsinə ünvanlanmağına baxmayaraq, axırıncı abzasında qeyd edilmişdir ki, ona məxsus əmlakın obyektiv qiymətləndirilməsi və əmlaka aid digər məsləhət xarakterli məlumatları əldə etmək üçün cavabdehə müraciət edə bilər. Bildirir ki, həmin torpaq sahəsi və əmlak kompleksi Yasamal rayon icra və probasiya şöbəsinə deyil, ona məxsusdur. Hesabatın 5-ci bəndində göstərilir: qiymətləndirilən əmlakın qısa təsviri - 0,099380 (yenə də ölçü vahidi yoxdur) torpaq sahəsi. Torpağın texniki pasportu təqdim olunub və üzərində (hesabatda belə yazılıb) 2315.75 kv. m əmlak kompleksi tikilisi vardır. Bundan sonra həmin qrafada qeyd var torpağın sotu 1.500 manat, tikilinin 1 kv.m 100 manat dəyərində qiymətləndirilmişdir. Onun üçün maraqlıdır ki, əmlakını qiymətləndirən şəxs hansı meyarla əmlakına qiymət qoyur? Bütün Zaqatala əhli bilir ki, ona məxsus olan torpaq sahəsi yerləşdiyi yerdə bir sot torpağın ən aşağı qiyməti 2500-3.000 manatdır, sənaye tikilisinin 1 kv.m qiyməti heç vaxt 100 manat olmamışdır. Nədənsə, mütəxəssis bu cür başa düşüb və ağlına gələn məbləği yazıb. Hesabatın 10-cu - Qiymətləndirilən əmlakın texniki göstəricilərini təsdiq edin sənəd bəndində göstərilir Daşınmaz əmlakın çıxarışı №0230178, elə burada qeyd də var: çıxarışda göstərilən 1 ha 15 sot torpağın Qərara əsasən 10 sotu qiymətləndirilib. Bu da onun üçün maraqlıdır - nəyə görə 1 hektar 15 sot olan torpaq sahəsinin məhz 10 sotu qiymətləndirilir? Hesabatın - Qiymətləndirmənin keyfiyyəti və AMQŞ-nın tələblərinə uyğunluğu haqqında bildiriş — adlı 3-cü bölümündə qeyd edilib ki, onlarda olan məlumatlar əsasında hesabatda göstərilən faktlar doğrudur və həqiqətə uyğundur. Çox maraqlı müddəadır! Hesab edir ki, ona məxsus olan torpaq sahəsinə və əmlak kompleksi tikilisinə cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı qərəzli, qeyri-obyektiv və qanunsuzdur. Buna görə də həmin qiymətləndirmə hesabatı etibarsız hesab edilməlidir. Bunun üçün isə obyektiv rəy alınmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə etiraz və mülahizələr göndərərək bildirmişdir ki, İddiaçı ondan notariat qaydasında aldığı 210.000 ABŞ dolları vəsaiti qaytarmadığından onun iddiası əsasında Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında vəsaitin qaytarılması təmin olunmuşdur. İddiaçı məhkəmə qətnaməsini icra etmək əvəzinə yuxarı instansiyalara müraciət etmiş və nəticə olaraq Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib icra olunmasına baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqdan imtina edir. Məhkəmə icra məmuru tərəfindən borclunun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoymuş, müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış, tələbkar olaraq ona təklif olunmuşdur. O, iddiaçının əmlak vəziyyətini və digər süründürməçilik hərəkətlərinin nəzərə alaraq, həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır. Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka onun adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd etdiyi bu proseslərin gedişindən iddiaçı tam məlumatlı olmuşdur. Baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210.000 ABŞ dolları, yəni- 357.000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da yalnız əmlak kimi 246.575 manat məbləğin əvəzi ödənilmişdir. Qalan 110.425 manat hələ ki, ödənilməmiş qalmışdır. Məhkəmə qətnaməsinin icrası qismən icra olunmasına baxmayaraq, İddiaçı əsassız mülahizələrlə Yasamal İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsinə dair 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə iddia tələbi vermişdir. Tələbini onunla əsaslandırmışdır ki, əmlak qiymətləndirilərkən torpaq sahəsi 1 hektar 15 sot olduğu halda yalnız 10 sotu qiymətləndirilmişdir. Absurd bir bəhanədir. İddiaçı özünün çox yaxşı bildiyi kimi qiymətləndirici yalnız təqdim olunmuş hüquqmüəyyənedici və təsdiqedici sənədlər əsasında hesabat aparmaq səlahiyyətinə malikdir. Təqdim olunmuş rəsmi sənədlərdə isə torpaq sahəsinin ölçüsü 0.0994 ha göstərilmişdir. Bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunda müvafiq qeydlər aparılmışdır. Yəni qanunsuz zəbt olunmuş ərazi və özbaşına tikilmiş tikililərin hesabatının aparılması qanunvericiliklə qiymətləndiricinin səlahiyyətinə aid deyildir. Bu və bu kimi əsassız bəhanələrlə məhkəmə süründüməçiliyi yaratmaq hesab edir ki, məntiqsizlikdən başqa bir şey deyildir. Əgər həqiqətən də iddiaçı həmin əmlakın daha qiymətli olduğunu iddia edirsə, bu 3 il müddət ərzində onu satıb ona olan borcunu ödəyə bilərdi. Bu və digər məqamlar bir daha təsdiq edir ki, iddiaçının məqsədi illərlə davam edən məhkəmə proseslərini bir qədər də uzatmaqdır. Bütün bunların nəzərə alınması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 məhkəməyə etiraz və mülahizələr göndərərək bildirmişdir ki, o, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsində yerləşən 829,55 kv.metr olan əmlak kompleksini 26 iyul 2021-ci il tatrixli, AN-1№0907404 saylı alqı-satqı müqaviləsi əsasında X4 almışdır. Bu əsasla ona 28 iyul 2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Aldığı məlumata görə X9 həmin əmlak kompleksini hərrac vasitəsi ilə əldə etmişdir. X9 alqısatqıdan sonra ona bildirmişdir ki, qapısı bağlı olan boksun içərisində "xxxx" ASC-yə məxsus olan avadanlıqlar qalmaqdadır. Həmin avadanlıqlar "xxxx" ASC ilə obyektin əvvəlki sahibi olmuş İddiaçı arasında bağlanmış müqavilə əsasında orada yerləşdirilmişdir. Bu gün həmin əmlak onun tərəfindən mühafizə olunur. Eyni zamanda həmin əmlakın qısa müddət ərzində götürülməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə rəsmi müraciət ünvanlamışdır. Onun qanuni əsasla əldə etdiyi əmlak barəsində İddiaçı ilə X5 aralarında hər hansı mübahisə açmalarının ona heç bir aidiyyəti olmamalıdır. Təqdim olunmuş rəsmi sənədlərdə torpaq sahəsinin ölçüsü 0.00994 ha göstərilmişdir. Bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunda müvafiq qeydlər aparılmışdır. Yəni qanunsuz zəbt olunmuş ərazi və özbaşına tikilmiş tikililərin hesabatının aparılması qanunvericiliklə qiymətləndiricinin səlahiyyətinə aid deyildir. Bu və bu kimi əsassız bəhanələrlə məhkəmə süründürməçiliyi yaratmaq məntiqsizlikdən başqa bir şey deyil. Əgər həqiqətən də İddiaçı həmin əmlakın daha qiymətli olduğunu iddia edirsə, bu illər ərzində onu satıb borcunu ödəyə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun tərəfindən əmlak kompleksində əlavə tikililər də inşa edilmiş, hətta bir binanın inşasına onun tərəfindən 1 ABŞ dollar 0,78 manat olan dövrdə təqribən 350.000 manat məbləğində vəsait xərclənmişdir. Həmin bina çıxarışda və texniki pasportda əks olunmur. Belə ki, həmin binanın sənədləşdirilməsini həyata keçirməmişdir. Buna səbəb binanın tikintisinin yekunlaşması ilə bağlı təhvil-təslim həyata keçirilməməsi, həmçinin onun 5 il ölkədə olmamasıdır. Həmin bina çıxarışda göstərilən torpaq sahəsində inşa edilməmişdir. Binanın içində "xxxx" ASC-yə məxsus avadanlıqlar yerləşir. İcra işindən məlumatlı olsa da, ona məxsus əmlak hərraca çıxarılarkən ona məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya məxsus əmlakın hərracdan satılması ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmış, hərracın nəticələri mübahisələndirilmişdir. Eyni zamanda, əmlak kompleksi üzərində məhkəmə qərardadı ilə həbsin olmasına baxmayaraq, əmlak digər şəxsə satılmışdır. Həmin iş üzrə icraat dayandırılmış və hazırki işin nəticələri gözlənilir ki, icraat təzələnsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, əmlakın qiymətləndirilməsi barədə tərtib edilmiş hesabatın etibarsızlığına əsas ola biləcək hər hansı hal yoxdur. O, şəxsən özü əmlak yerləşən ərazidə olmuş və qiymətləndirməni həyata keçirmişdir. İddiaçı ona sənədlərdə əks olunmayan əlavə tikililərə daxil olmağa şərait yaratmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X10 məhkəməyə ünvanlanmış etiraz və mülahizələrdə göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizaları tərəfindən verilmiş rəylərdə qiymətlər həqiqəti əks etdirmir, həmin qiymətlər əsassız olaraq şişirdilmişdir. İddiaçının məqsədi borcu ödəməkdən yayınmaqdır və buna görə də hazırki əsassız iddianı qaldırmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: MA seriyalı, ******* nömrəli çıxarışdan və texniki pasportdan görünür ki, dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829.55 kv.metr olan əmlak kompleksi kimi müəssisə (idarə binası, iki anbar, gözətçi və istirahət binası, ayaq yolu) İddiaçı xüsusi mülkiyyətindədir. Zaqatala rayon Daşınmaz Əmlakın Ekspertiza Mərkəzinin 22 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 03 mart 2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Qazangül qəsəbəsində 0.01 ha (1 sot) torpaq sahəsinin real bazar satış dəyəri 2500-3000 manat məbləği arası dəyişir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 mart 2021-ci il tarixli qüsur aktından və smetasından görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası əmlak kompleksinə yerində baxış keçirilmiş və baxış zamanı tikinti quraşdırılma işlərinin mövcud olduğu aşkar edilmişdir. Tikinti quraşdırılma işlərinin cəmi dəyəri 471.772,3 manat hesablanmışdır. 04 iyun 2020-ci il tarixdə Kərimov X12 rayon icra və probasiya şöbəsində izahat verərək bildirmişdir ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(004)-962/2019 saylı icra vərəqəsindən məlumatlıdır. O, işləmir, lakin 337 manat məbləğində pensiya alır. Hazırda Zaqatala rayonunda olan əmlakına alıcı tapmışdır, lakin Covid-19 pandemiyası ilə bağlı bölgəni tərk edə bilmir. Yaxın zamanda həmin obyektin alqı-satqısını rəsmiləşdirib borclu olduğu məbləği ödəmək niyyətindədir. İcra sənədində göstərilən tələbi icra etməkdən boyun qaçırmır. Zaqatala rayonunda olan əmlakdan başqa əmlakı yoxdur. İcra sənədinin icrasından yayınmır. “Energy Service” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01 fevral 2021ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Zaqatala rayonu, Göyəm kənd ərazisində yerləşən 0.099380 torpaq sahəsi və ümumi sahəsi və 2.315,75 kv.m əmlak kompleksinin 01 fevral 2021-ci il tarixə bazar dəyəri 246.575 manat təşkil edir. 08 aprel 2021-ci il tarixdə “İxtisaslaşdırılmış Təşkilat” “Külək” Məhdud məsuliyyətli Cəmiyyəti ilə X5 etibarnamə əsasında nümayəndəsi X14 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(004)-962/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar hərrac təşkil edilmiş, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.09938 ha torpaq sahəsi və ümumi sahəsi 829.55 kv.m əmlak kompleksi 246.575 manat vəsaitə sonuncuya satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən dövlət müllkiyətində olan 0.0994 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829,55 kv.metr əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə 06 iyul 2021-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat ofisində 26 iyul 2021-ci il tarixdə X9 ilə X13 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 829,55 kv.m əmlak kompleksi 250.000 manat vəsaitə sonuncuya satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən dövlət müllkiyətində olan torpaq sahəsi üzərində ümumi sahəsi 829,55 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə 28 iyul 2021-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin 15 noyabr 2021-ci il tarixli, LP-201/2021 saylı rəyindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 944.580 manat və likvid qiyməti 900.000 manatdır. Həmin rəydə qeyd olunmuşdur ki, əmlak kompleksi kimi müəssisəyə baxış keçirilərkən ümumi torpaq sahəsi 1.15 ha, əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi isə 3.260,7 kv.m-dir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli rəyindən görünür ki, QMA seriyalı ******* nömrəli çıxarışdakı məlumatlar nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 350.000 manat və likvid qiyməti 310.000 manat təşkil edir. Həmçinin, 08 iyul 2021ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundakı məlumatlar (o cümlədən əmlaka yerində baxış zamanı müşahidə edilən vəziyyət) nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 650.000 manat və likvid qiyməti 600.000 manat təşkil edir. 21 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829.55 kv.metr olan əmlak kompleksi kimi müəssisə (idarə binası, iki anbar, gözətçi və istirahət binası, ayaq yolu) İddiaçı xüsusi mülkiyyətində olmuş, iddiaçı həmin ərazidə başqa tikililər inşa etsə də, onlar qeyd olunan torpaq sahəsi üzərində inşa edilməmiş, həmçinin həmin tikililər dövlət reyestrində qeydə alınmamışdır. Daha sonra, 829.55 kv.metr sahəsi olan əmlak kompleksi məhkəmə qətnaməsinin icrası ilə bağl hərrac vasitəsilə satışa çıxarılmış və tələbkar X9 tərəfindən 246.575 manata əldə edilmiş və dövlət reyestrində qeydiyyata alınmış, daha sonra isə sonuncu tərəfindən 250.000 manata X1. Hazırda həmin əmlak dövlət reyestrində qeydə alınmaqla X7 mülkiyyətindədir. Həmçinin, hazırda iddiaçı tərəfindən başqa məhkəmədə qeyd olunan hərracın nəticələri mübahisələndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, məhkəmə hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə hesabatının onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş hesabatı ona görə mübahisələndirir ki, ona məxsus 1,15 ha torpaq sahəsi və ümumi sahəsi 2.315,75 kv.metr olan əmlak sahəsinin qiyməti aşağı göstərilmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsi olmamış, onun rəsmi reyestrdə qeydə alınmış 829.55 kv.metr sahəsi olan əmlak kompleksi olmuş və həmin əmlak dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin 829.55 kv.metr sahəsi olan əmlak kompleksi keçirilmiş hərrac nəticəsində X9 tərəfindən alınmış, daha sonra isə X11 alındığı qiymətdən 3.425 manat bahasına satılmışdır. İddiaçı tərəfindən inşa edilmiş digər tikililər isə hərracın predmeti olmamış, kiminsə mülkiyyətinə keçməmişdir. Ona görə də cavabdehin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın etibarsızlığı iddiaçıya nəyi vəd edir aydın deyil. Bundan başqa, iddiaçı tərəfin bildirdiyinə görə hazırda onun tərəfindən başqa məhkəmədə keçirilmiş hərracın nəticələri mübahisələndirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin iddiası uğurlu olduğu təqdirdə icra icraatı qaydasında o, əmlakın yenidən qiymətləndirilməsini tələb edə bilər, tələbi təmin olunmadığı təqdirdə hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı Kərı̇ mov Azər Sədrəddı̇ n oğlunun cavabdeh "Energy Servı̇ ce" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X9 və X13 cəlb edilməklə) hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Kərı̇ mov Azər Sədrəddı̇ n oğlunun cavabdeh "Energy Servı̇ ce" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X9 və X13 cəlb edilməklə) hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-245/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-245/2022
19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver