Məhkəmə qərarları › İş №2(001)-2467/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2467/2021

20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2467/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh X3 qarşı 7600 ABŞ dolları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X3 qarşı 7600 ABŞ dolları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Laçın ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş, cavabdeh A.A. Kərimova ilə də orada tanış olmuş, cavabdeh ondan bir neçə dəfə qızıl almış, bundan sonra isə aralarında etibar yaranmışdır. Cavabdehə etibar etdiyinə görə ona nisyə qızıl satmağa başlamışdır. Sonuncu dəfə cavabdeh ondan 2009-cu ildə 20000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları almış, həmin qızılları satıb dəyərini tezliklə ödəyəcəyini ona bildirmişdir. Cavabdeh həmin məbləğin bir hissəsini ona ödəmiş, lakin son ödənişi 2009-cu ildə etdikdən sonra qalan 7600 ABŞ dollarını ona qaytarmamışdır. O, cavabdehə dəfələrlə müraciət edərək, pulunu tələb etsə də, cavabdeh pulu qaytarmamış, hər dəfə ona müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən imtina etmişdir. Sonuncu dəfə cavabdeh onu aldadaraq, evini satışa qoyduğunu, evi salıb onun pulunu ödəyəcəyini bildirmiş, o, cavabdehin evinin satılmasını gözləmiş, lakin cavabdeh evini satdıqdan sonra, köçüb başqa yerə getmiş, telefon nömrələrini də dəyişdirərək, ondan gizlənmişdir. O cavabdehə verdiyi qızılların pulunu ödəmək üçün özünə məxsus evi girov qoyaraq, bankdan pul götürmüşdür. Krediti avro ilə götürdüyü və avronun məzənnəsi kəskin bahalaşdığı üçün banka olan borcunu ödəyə bilməmiş, onun evi hərracda satılaraq əlindən çıxmışdır. O, cavabdehin əməli barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nə şikayət etmiş, onun şikayəti polis bölməsində araşdırılmış, cavabdehin izahatı alınmışdır. Cavabdeh öz izahatında ondan qızıl-zinət əşyalarını almasını, həmin qızıl-zinət əşyalarının dəyərinin bir qismini ödəməsini, lakin 7600 ABŞ dolları məbləğində qızılın pulunu ödəməməsini etiraf etmişdir. 37-ci PŞ-nin məktubu ilə ona şikayətində göstərdiyi xüsusatların mülki xarakterli olması bildirilmişdir.Cavabdeh ona borclu olmasına dair yazılı qəbz vermiş, lakin həmin qəbz uzun müddət onda olduğundan yarasız vəziyyətə düşmüş, lakin oxunması mümkündür. Ona görə də cavabdeh X1 7600 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanladığı 25.10.2020-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Laçın ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Aynur adlı xanımın ona hal-hazırda 7600 ABŞ dolları borcu qalmış, indiyə qədər ona pul ödəməmişdir. Ona pulun ödənilməsində kömək edilməsini xahiş etmişdir. Cavabdeh Xətai RPİ-nin 37-ci PŞ-ə verdiyi izahatının surətindən müəyyən olunur ki, o, Səidəni keçmiş həyat yoldaşına görə tanıyır. Onun keçmiş həyat yoldaşı ilə Səidə bir yerdə alış-veriş etmişlər. Onun evində həmişə Səidənin üstündə mübahisələr düşmüşdür. Səidə onun ailəsini dağıtmış, onu dəfələrlə şantaj etmiş, onun üstünə rekert göndərmişdir. Bu hadisələr 2005-ci ildə olmuşdur. Səidə çox yerlərə şikayət vermiş, hələ də onu rahat buraxmır. Onun Səidə və keçmiş həyat yoldaşının aralarında olan işlərdən xəbəri yoxdur, bu işə görə narahat edilməməsini xahiş edir. Xətai RPİ-nin 37-ci PŞ-nin arayışından müəyyən olunur ki, İddiaçı 03.12.2020-ci il tarixdə icraata daxil olmuş ərizəsinə əsasən, Aynur adlı xanımın ona 7600 ABŞ dolları borcunu qaytarmamasını bildirmiş, araşdırma zamanı ərizədə göstərilənlərin mülki məsələ olması məlum olaraq vətəndaşa aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai RPİ 37-ci PŞ-nin 16.12.2020-ci il tarixli 105-20098S-3220 saylı məktubunun surətindən müəyyən olunur ki, İddiaçı müraciətində göstərilən xüsusatlar mülki məsələ olduğundan aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin ona 7600 ABŞ dolları borcunun olmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə sübut növü olaraq təqdim etdiyi cavabdeh tərəfindən tərtib olunması bildirilən qəbzə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin qəbzin yarasız vəziyyətdə olması səbəbindən oxunması mümkün olmadığından bu qəbz iddia tələbində istinad olunan halı təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilməz. Daha sonra iddiaçı cavabdehin Xətai RPİ-nin 37-ci PB-də izahat verərkən ona borclu olmasını etiraf etməsini bildirsə də, məhkəmə araşdırması bu halın tam əksi öz əksini tapmışdır. Belə ki, məhkəmə iclasında tədqiq olunan Cavabdeh Xətai RPİ-nin 37-ci PB-də verdiyi izahatından onun Səidə ilə alqı-satqı münasibətinin olmaması, sonuncuya onun borcunun olmaması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X3 qarşı 7600 ABŞ dolları tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar