Məhkəmə qərarları › İş №2(001)-247/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-247/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-247/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2020-ci il tarixli “təmir-bərpa işlərinin görülməsi” müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilkin ödəniş kimi verilmiş 22.500 manat pul məbləğinin, həmçinin göstərilən hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğinin dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsini və iddia üzrə tələb edilən məbləğin hər iki cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh1 MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh1 MMCnin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) İddiaçı ilə cavabdeh (podratçı) Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinə əsasən Cavabdeh1 MMC iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 65 saylı binanın, 2 saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 201, m 2, m 2) 45.500 manat məbləğində pula təmir edilməsini, iddiaçı isə bu məbləğin 50%-ni müqavilə bağlandığı gün, qalan 50%-ni isə mənzildə 60%-70% iş görüldüyü zaman işlərin gedişatından asılı olaraq hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilə cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilə bağlanan günü, yəni xx.xx.2020ci il tarixdə müqavilədə göstərilən 45.500 manat məbləğində pulun 22.500 manat hissəsi iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı cavabdehlə bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini, müqavilə dəyərinin yarısını, yəni 22.500 manat məbləğində pulun müqavilə bağlanan tarixdə tərəfindən Cavabdeh1 MMC-yə ödənildiyini, lakin buna baxmayaraq, cavabdehlər Cavabdeh1 MMCnin və onun direktoru Cavabdeh2 müxtəlif bəhanələrlə müqavilə üzrə müəyyən edilmiş işlərin yerinə yetirilməsini təmin etmədiklərini, mənzildə yalnız az həcmdə ağartma işlərinin aparıldığını, sonradan isə hər hansı təmir işlərinin görülmədiyini, bununla bağlı cavabdehə göndərilmiş pretenziya məktubunun da nəticəsinin olmadığını bildirir və qeyd edilən müqavilə üzrə tərəfindən ödənilmiş 22.500 manat pulun, göstərilən hüquqi xidmətə görə tərəfindən ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutulmasını tələb edir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış məhkəmə texnikitikinti ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4034 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, bina 65, 2 saylı (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 201, m 2, m 2) mənzilin təmirinə (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) 2.360 manat məbləğində pul vəsaiti sərf olunmuşdur. Həmin mənzildə aparılan təmirin ilkin mərhələ vəziyyətində olduğu nəzərə alınaraq təmirin keyfiyyətinin standartlara cavab verdiyi göstərilmişdir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan Cavabdeh1 MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçıya məxsus mənzili müəyyən edilmiş keyfiyyətdə və müddətdə (4-5 ay ərzində) təmir edərək, ona təhvil verilməsini təmin etməli idi. Lakin iddiaçı şərtləşdirilmiş muzdun yarısını Cavabdeh1 MMC-yə ödəməsinə baxmayaraq, Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan işləri tam icra etməyərək, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə bu cavabdeh tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya vurduğu zərərin əvəzini ona ödəməlidir. Məhkəmə, Cavabdeh1 MMC-dən tutulmalı olan zərər məbləği ilə bağlı qeyd edir ki, qeyd edilən müqavilənin icrası qaydasında ötən dörv ərzində iddiaçıya məxsus mənzildə döşəməyə istilik sisteminin borularının çəkilməsi, divarların ağdağ materialı ilə suvanması və elektrik xətlərinin çəkilməsi işləri görülmüşdür. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4034 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Həmin rəyə əsasən də material və xırda ləvazimatların dəyəri, habelə nəqliyyat xərcləri də daxil olmaqla mənzildə görülmüş ümumi təmir işlərinin qiyməti 2.360 manat təşkil edir. Həmin işlərin keyfiyyətinin də standartlara cavab verdiyi göstərilmişdir. Məhkəmə, məhkəmə ekspertinin həmin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçının mənzilində aparılmış təmir işlərinin ümumi dəyəri məhz 2.360 manat təşkil etdiyindən və bu işlərin keyfiyyəti standartlara cavab verdiyindən (bu işlərin yenidən görülməsinə zərurət yoxdur, təmir işləri davam etdirilə bilər) iddiaçıya vurulmuş zərərin məbləği müəyyən edilərkən, icra edilmiş təmirin dəyərini təşkil edən 2.360 manat ödənilmiş 22.500 manat məbləğində puldan çıxılmalı, qalan (22.500 – 2.360 = 20.140) 20.140 manat məbləğində pul iddiaçıya Cavabdeh1 MMC tərəfindən vurulmuş maddi zərər qismində müəyyən edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı qeyd edir ki, podrat müqaviləsindən irəli gələn münasibətlər iddiaçı ilə Cavabdeh1 MMC arasında yaranmışdır. Həmin münasibətlərdə Cavabdeh2 öz adından çıxış etməmiş, fiziki şəxs olaraq həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Bu münasibətlərdə Cavabdeh2 məhz həmin cəmiyyəti təmsil etmişdir. İddiaçı tərəfindən ödənilmiş pul vəsaiti də bilavasitə Cavabdeh1 MMC-nin hesabına mədaxil edilmiş və iddiaçıya bu halı təsdiq edən GİF/3 seriyalı, 798018 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Bu səbəbdən qeyd edilən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra olunmaması nəticəsində iddiaçıya vurulmuş zərər məbləği Cavabdeh2 tutula bilməz və iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbinin “göstərilən hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun” tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı ona göstərilən hüquqi xidmətə görə 100 manat məbləğində pulun ödənilməsini sübut etməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməlidir. Lakin iddiaçı tərəfindən bu tələbin əsaslığına dair, yəni göstərilən hüquqi xidmətə görə hər hansı məbləğdə ödənişin aparılmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş üzrə keçirilmiş məhkəmə iclaslarında vəkillə təmsil olunması ona xidmət haqqının ödənilməsini istisna etmir, əksinə bu qənaətə gəlməyə imkan verir. Lakin buna baxmayaraq, hər bir halda, göstərilən hüquqi xidmətə görə ödənişin aparılmasını təsdiq edən sübut əlavə edilməlidir. İddiaçı tərəfə də bu barədə sübutun təqdim edilməsi təklif edilsə də, nəticə etibarı ilə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh ”Fərda Design” MMC-dən İddiaçı xeyrinə 20.140 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdeh ”Fərda Design” MMC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 20.140 (iyirmi min bir yüz qırx) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar