Məhkəmə qərarları › İş №2(001)-247/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-247/2023

06.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-247/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pulun ödənilməsi və ATV telekanalı vasitəsilə üzr istənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pulun ödənilməsi və ATV telekanalı vasitəsilə üzr istənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, ATV telekanalında xx.xx.2020-ci il tarixdə yayımlanan Bizimləsən verlişində cavabdeh tərəfindən onun barəsində şərəf və ləyaqəti alçaldan ifadələr işlədilmişdir. Belə ki, onun ailə məsələləri barəsində müzakirələr gedən zaman cavabdeh sual vermişdir ki, “5 yaşında uşaq əcəba anasını niyə istəməsin ki?”. Bundan sonra cavabdeh ona imkan vermədi ki, sözünü desin. Azər də cavabdehə dedi ki, “minnətdaran sizə Nüşabə xanım”. Beləliklə, cavabdeh bütün hamının fikrini pis mənada ona tərəf çevirdi. Guya iddiaçı pis anadır ki, 5 yaşında uşaq onu istəmir. Sonra cavabdeh yenə də sakitləşmədi və bildirdi ki, “5 yaşlı uşağı öldürəsən haa. Onu öyrətmək mümkün deyil, qeyri-mümkündür. O sizi avtomatik sevməlidir”. Bu sözlərə də Azər mikrofonla dedi “halaldı sizə Nüşabə xanım”. Cavabdeh davam etdi və “niyə sevmir görəsən, ananı niyə sevməsin 5 yaşlı uşaq bu necə ola bilər” kimi ifadələrlə davam etdi. Bütün bunlar deyilən zaman ona cavab verməyə belə şərait yardılmadı. Sonra cavabdeh bildirdi: “Mən uşaqlarımı balaca olanda döyürdüm, amma seçim edəndə, həmişə mənim üstümə qaçırdılar. Çünki mən anayam. Anam da deyərdi ki, nə qədər canavara yemək də versən, yenə də meşəni istəyir. Ana nə qədər pis olsa da o uşaq anasını istəməlidir. Mən onu başqa cür başa düşə bilmirəm. 5 yaşlı uşaq anasını istəməlidir”. Cavabdeh bütün bunları qışqıra-qışqıra deyirdi, Azər də onu alqışlayırdı. Cavabdehin onun haqqında belə mənfi fikirlər söyləməsi iddiaçı haqqında düşünülən bütün müsbət fikirləri alt-üst etdi. Cavabdehin nə haqqı var ki, iddiaçını tanımadığı halda TV-də, özü də rekord izləmə sayı olan “Bizimləsən” verilişində mənfi fikirlər söyləsin. Cavabdehin bu fikirləri cəmiyyətdə və iddiaçını bütün tanıyanlar içində belə bir təəssürat yatartdı ki, sanki iddiaçı əxlaqsız və pis vərdişləri olan bir anadır. “5 yaşlı uşağı öldürsən də, anasını istəməlidir, niyə istəmir əcaba?” deməsi cəmiyyətdə iddiaçının ana adına layiq olmaması barədə fikirlər yaratdı. Cavabdehin bu mənfi fikirləri iddiaçıya qarşı açıq-aşkar qərəzli mövqeyi tam ortadadır. Reklamarası cavabdeh Azərlə təkbətək söhbət elədi, iddiaçı isə cavabdehə yaxınlaşmaq istəsə də, o iddiaçını heç dinləmədi. Əgər cavabdeh ekspert idisə, hər iki tərəfi dinləməli və sonda düzgün nəticə çıxarmalı idi, cavabdeh isə Azəri çox səbir və təmkinlə dinlədi, iddiaçını isə heç üzünə də baxmadı. Hətta verilişin aparıcısı da dedi ki, keçən dəfə Dürdanənin 4 yaşlı uşağı anasından imtina etdi. Ondan sonra artıq psixoloq da dözməyib, məsələyə müdaxilə etdi ki, “bəli 5 yaşlı uşağı öyrətmək daha asandır, bir telefon verməklə, bir konfet verməklə və s.”. Amma cavabdeh nə aparıcının, nə də psixoloqun fikirlərinə məhəl qoymadan yenə də iddiaçını alçaltmağa davam etdi və "5 yaşındakı uşaq anasının istəməlidir, başqa cür ola bilməz" ifadəsini işlətdi. Azər də öz növbəsində Nüşabə xanıma “Bravo, bravo!” deyə öz fikirlərini bildirirdi. Hətta Azərin bacısının yoldaşı Elşən YouTube kanalında Nüşabənin məhz bu “5 yaşlı uşaq anasını istəməyə bilməz” ifadəsinə istinad edərək, iddiaçını bir daha rüsvay etdi. Beləliklə, cavabdehin iddiaçıya qarşı təhqirləri və hətta verilişin aparıcı və psixoloquna qarşı çıxması iddiaçını bir ana kimi məhv etdi. 2020-ci ildə eyni verilişlə bağlı məhkəmədə iddia qaldırsa da, həmin vaxt hazırkı cavabdehə qarşı iddia irəli sürməməsinin səbəbi məhkəmə mübahisələrinin çox olması və başının ailə məsələlərinə qarışıq olması olmuşdur. Verilişdən 2 ildən artıq müddət keçməsi cavabdehin cəzasız qalması üçün əsas ola bilməz. Eyni zamanda, Azər Əsgərovdan dediyi sözlərə görə pulun tutulması, Cavabdeh dediyi sözlərə görə cavab verməli olmaması anlamına gəlmir. Onun qohumları bu günədək anası ilə danışanda soruşurlar ki, görəsən Nüşabə niyə onun barəsində belə danışırdı. Beləliklə, cavabdehin sözləri onun barəsində cəmiyyətdə, qohum-qonşunun içində mənfi rəyin formalaşmasına əsas olub. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, verilişə ekspert kimi dəvət edilmişdir. Verilişin formatı odur – müəyyən bir məsələ qoyulur ortalığa, onlar da ekspert olaraq fikirlərini bildirirlər. Həmin verilişdə iştirak edən zaman o, nə iddiaçını, nə də ki, iddiaçının keçmiş ərini tanıyırdı. Ümumi olaraq, öz həyat təcrübəsini əsas götürərək fikrini bildirdi ki, beş yaşlı uşaq anasını sevməyə bilməz. İndi də belə fikirdədir ki, beş yaşında uşaq ananı sevmirsə, deməli anasından sevgi görməyib. Bu onun fikridir və bunun iddiaçının həyatı və ya şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur. İddiaçı bir fərd kimi onun üçün hər hansı məna kəsb etmir, onu və ailə üzvlərini tanımır. İndi də, sözügedən verilişdə də həyat təcrübəsi və düşüncələri əsasında sadəcə ümumi olaraq fikirlərini bildirib və sözlərində təhqiramiz və ya alçaldıcı hər hansı ifadə işlətməyib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki,“məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:

1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

2. həmin məlumatların doğru olmaması;

3. bu məlumatların yayılması. ... Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Beləliklə, şərəf və ləyaqətin ləkələnməsini müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd olunan üç hal müəyyən edilməlidir. Bu üç haldan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir. “ATV” telekanalında xx.xx.2020-ci il tarixdə yayımlanan “BizimləSən” verilişində (https://youtu.be/Nb78mw_eDUc) Cavabdeh tərəfindən aşağıda qeyd olunan ifadələr səsləndirilib: “Cavabdeh? - İcazə verin bir söz deyim mən. Sizin balaca uşağınızın neçə yaşı var? Azər Əsgərov (*iddiaçının keçmiş əri): - Balacanın beş yaşı var. - Balaca uşaq, əcəba, anasını niyə istəməsin, Zaur? Aparıcı: - Mən də onu deyirəm. Azər Əsgərov: - Ay çox sağ olun, Nüşabə xanım. Minnətdaram sizə. İddiaçı: - Məndə səsləri var, Zaur müəllim. Cavabdeh: - Nərgiz xanım, bir dəqiqə dayanın. Beş yaşlı uşağı öldürəsən haa ... Azər Əsgərov: - Mən onu öyrədə bilmərəm. İddiaçı: - Öyrədirsən. Cavabdeh: - ... onu öyrətmək qeyri-mümkündür. O “düzgün yolda, pis yolda” nə olduğunu bilmir. Azər Əsgərov: - Halaldı sizə. Cavabdeh: - ... o sizi avtomatik sevməlidir. Niyə sevmir görəsən? Ananı niyə sevməsin beş yaşlı uşaq? ... Cavabdeh: - Biz də uşaq böyüdəndə, məsəlçün, mən uşağı yemək yeyəndə döyürdüm. Anam qoymurdu döyməyə. Anam onları ərköyün böyüdüb. Başlarını sığallayırdı. Amma seçim qarşısında olanda, balaca uşaqdı, döyən mən idim – mənim üstümə qaçırdılar. Anam da həmişə deyərdi ki, “Buna bax e, ... nə qədər canavara yemək də versən, yenə də meşəni istəyir. Ana nə qədər pis olsa da, o uşaq anasını istəməlidir. Mən onu başqa cür başa düşmürəm. 5 yaşlı uşaq anasını istəməlidir. Avtomatik istəməlidir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1492 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Müğənni (verilişdə qonaq-ekspert) tərəfindən irəli sürülmüş fikirlər əsasən sual cümlələri ilə ifadə edilir. Həmin sual cümlələri bir növ Cavabdeh məsələni dərk edə bilmədiyini, azyaşlı uşağın ananı nədən sevmədiyinin səbəbini bilmək istəyi kimi anlaşılır. Hümmətovanın nitq tərzi, məhz bu istiqamətdə qurulmuş, daha çox belə bir halın mümkünsüzlüyünü vurğulayır. Cavabdeh “ana nə qədər pis olsa da, uşaq anasını istəməlidir” deməsi ilə problemin bu səbəblə də əlaqəli ola biləcəyi ehtimalını istisna edir. Belə ki, ana nə qədər pis olsa belə uşaq ananı sevməlidir fikrini önə çəkir. Mövzunun emosional xüsusiyyətləri müəyyən qədər müğənninin nitq üslubuna sərtlik vermiş, lakin nitqdə istər söz, istər cümlə, istər vurğu və intonasiya səviyyəsində, ümumilikdə, dil faktı olaraq hər hansı neqativ məzmunlu vahidlərdən istifadə edilməmişdir. Nitqdə işlədilən və müəyyən səviyyədə gərginlik yaradan yeganə cümlə “niyə sevmir?” məzmunlu cümlələrdir. Tədqiqat materialının xarakteri mübahisəli nitqin şərait və məqamını da nəzərə almağın vacibliyini ortaya çıxarır. Televerilişdə müzakirə mövzusuna çevrilən ailə-məişət problemləri belə mübahislərin mümkünlüyünü nəzərə alır. Yəni analoji verilişlər cəmiyyətdə yaşanılan problem və konfliktlərin diskussiya və mübahisələr yolu ilə çözülməsi təşəbbüsü ilə tərtib edilmişdir. Məhz belə mübahisələrin, ailə-məişət konfliktlərinin araşdırılması sayəsində həmin verilişlər yüksək izləyici sayı qazanır. Yəni istənilən halda bu xarakterli verilişlərdə mövzular təhlil olunan zaman müəyyən bir tərəf hansısa yanaşmadan narazı qala bilər və əksinə digər tərəf daha artıq rəğbət toplaya bilər. Bu mənada belə verilişlərdə iştirak üçün yer alarkən şəxs nəzərdə tutulan məsələlərə müxtəlif tərəflərdən və fərqli mövqelərdən yanaşmalara hazır olmalı, duyğusal təzyiqlərlə, subyektiv fikirlərlə qarşılşacağını nəzərə almalıdır. Təbii ki, mübahisələr etik çərçivədən kənara çıxmadan, birbaşa təhqirə və alçaltmalara yol verilməməklə. Cavabdeh problemlə bağlı çıxışı və ifadə etdiyi fikirlərdə ana üçün müəyyən həssas məqamlar müşahidə edilir. Belə ki, müğənni tərəfindən mübahisə tərəfi olan anaya, durumunu nəzərə alaraq daha artıq anlayışlı münasibət göstərilə bilər, məsələ ətrafında səmərəli dialoq qurula bilərdi. Lakin həmin fikirlər şəxsin subyektiv və sırf özünün qənaətlərinə aiddir. Hümmətovanın nitqində isə ana ilə bağlı birbaşa alçaldıcı, aşağılayıcı söz və ifadələr, yaxud neqativ məzmunlu daha geniş həcmli nitq vahidləri müəyyən olunmur. Eləcə də, Hümmətovanın fikirlərini ifadə etdiyi tərz sual forması olduğu üçün fikirləri qəti deyil, ehtimal və sorğu səviyyəsində qərarlaşır. Ümumilikdə, tədqiqat materialı leksik, sintaktik konstruksiyalar və məna-məzmun, məntiqi anlama mərhələlərində aparıldı. İfadə olunan məlumatlarda müşahidə olunan informativlik əsasən dilin sintaktik qatında əks olunmuşdır. İfadə olunan fikirlər əsasən ehtimal və sual xarakterlidir. Belə ki, istifadəçinin nitq ifadəsində ardıcıl sual, bir qədər də gizli və aydın olmayan qınaq xarakterli deyim tərzi nəzərə çarpır. Bildirilən məlumatlar mətni-anlama aspektindən yanaşıldıqda bir qədər qapalı, bir qədər qeyri-müəyyənlik üslubunda irəli sürülür. Cavabdeh tərzində məhdud çərçivədə emosianallıq da müşahidə olunur. Lakin bu tərzdə heç bir sərt və kəskin nitq ünsürlərindən istifadə edilmir. Deyilənlərin əsas məna yükü tək-tək cümlələrin və ümumi məzmunun üzərinə düşür. İfadə olunanların məna-məzmun tərkibindən Cavabdeh mübahisə tərəfi ananın övladları ilə yaranmış vəziyyətin səbəbini özünün bilməli olduğunu ifadə etdiyi aydın olur. Tədqiqat materialının linqvistik araşdırmasından müəyyən olundu ki, Hümmətovanın nitqində hər hansı birbaşa olaraq mənfi anlamlı, konkret olaraq aşağılayıcı nitq vahidlərindən istifadə edilməmişdir. ... ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin xx.xx.2020-ci il tarixli buraxılışında Cavabdeh tərəfindən işlədilən ifadələr arasında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr müəyyən olunmadı”. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1492 saylı ekspert rəyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli qərarında müəyyən edilmiş birinci halın mövcud olmaması müəyyən edilmiş və belə olan halda digər iki halın olub-olmamasının araşdırılmasını məhkəmə prosessual qənaət prinsipi baxımından zəruri hesab etmir. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/498 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı keçmiş həyat yoldaşının xx.xx.2020-ci il tarixdə ATV telekanalında “Bizimləsən” verlişinə çıxıb onun barəsində danışması, o cümlədən Cavabdeh verilişdə dediyi sözlər, onun özünü ifadə etməyinə imkan verməməsi, verilişdən sonra qohumları və tanışlarının onu qınamaları, Cavabdeh sözlərinə istinad etmələri İddiaçı psixikasına neqativ təsir göstərmiş və o, biabır olma ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər orta dərəcədə olmaqla, keçmiş həyat yoldaşının verilişə çıxıb onun barəsində danışması, Cavabdeh verilişdə barəsində dediyi sözlər, qohum və tanışlarının olanlara münasibəti ilə şərtlənmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər onun qarşılaşdığı şəraiətlə əlaqədar biabır olma ilə müşayiət olunan emosional gərginlik halını keçirməsində, onda neyrotizm əlamətlərinin üzə çıxmasında və səhhətində problemlər yaranmasında özünü göstərir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1492 saylı ekspert rəyindən göründüyü kimi, Cavabdeh tərəfindən hər hansı hüquqa və ya qanunazidd hərəkət icra edilməmiş, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/498 saylı ekspert rəyində də iddiaçının emosional gərginlik halını keçirməsi qeyd olunsa da, bunun səbəbləri sırasında ilk olaraq “İddiaçı keçmiş həyat yoldaşının xx.xx.2020-ci il tarixdə ATV telekanalında “Bizimləsən” verlişinə çıxıb onun barəsində danışması” göstərilir. “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatlardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdeh X4 qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, ... cavabdeh “ATV” telekanalında yayımlanan “BizimləSən” verilişində ona qarşı ağır və təhqiramiz ifadələr işlətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4456/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 üzərinə İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq (“Xəzər” telekanalının “Səni axtarıram” və “ATV” telekanalının “BizimləSən”) verilişlərində təkzib edilməsi və İddiaçı üzr istənilməsi vəzifəsi qoyulmuş; vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin ... cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçının şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı artıq qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mövcuddur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin sözlərindən bu qədər təsirləndiyi, sarsıntı və iztirab keçirdiyi halda, Cavabdeh qarşı hazırkı tələblə həmin verilişlə bağlı Azər Əsgərova qarşı iddia irəli sürdüyü vaxt (xx.xx.2020-ci il tarixdə) deyil, iki ilə yaxın müddət sonra – xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/498 saylı ekspert rəyində Cavabdeh münasibətdə göstərilənləri sual altına qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pulun ödənilməsi və ATV telekanalı vasitəsilə üzr istənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün hazırkı vəziyyətdə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsas mövcud deyil. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi 200 (iki yüz) manat dəyəri iddiaçı Cəfərova Nərgı̇ z Nurəddı̇ n qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar