Məhkəmə qərarları › İş №2(001)-2477/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2477/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2477/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli Qərarının 9-cu maddəsinin tələbinə əməl edilməsi və üç ədəd pəncərənin bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli Qərarının 9-cu maddəsinin tələbinə əməl edilməsi və üç ədəd pəncərənin bağlanması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında aldığı torpaq sahəsində fərdi yaşayış evi tikərək, 2011-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildə qonşuluqda inşa edilən iki mərtəbəli fərdi yaşayış evi (hündürlük 9 m) ara məsafəsini pozmuş (0,70 m saxlamaqla), iddiaçının evinin pəncərələrinin önünü kəsmiş və təbii işıqlanmanın qarşısını almışdır. Bundan əlavə, həmin evin arxa tərəfinə dəhliz üçün, zəruri olmadığı halda (çünki, digər tərəfə təbii işıqlanma imkanı vardır) iddiaçının evinin pəncərələri ilə üzbəüz iki ədəd (hər mərtəbə üçün bir), həmçinin birbaşa iddiaçının həyətyanı sahəsinəə baxan 2 ədəd (hər mərtəbə üçün bir) pəncərə boşluqlarının açılması nəticəsində iddiaçın və ailəsi üçün nəzərəçarpacaq qədər narahatlıq yaratmışdır. Bununla bağlı tikintinin ilkin mərhələsində - 2018-ci ilin mart ayında Binəqədi rayonu Biləcəri qəsəbəsinin icra nümayəndəliyinə şifahi qaydada şikayət olunmuş, nümayəndəliyin göndərdiyi səlahiyyətli şəxs tikintinin onsuz da qanunsuz aparıldığını, qısa zamanda dayandırılacağını söyləmişdir. Lakin evin tikintisi müəyyən aralıqlarla davam etmiş və pəncərə boşluqları saxlanmışdır. 2018-ci ilin aprel ayında iddiaçı tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsinin icra nümayəndəliyinə yazılı müraciət olunmuşdur. Biləcəri qəsəbəsinin icra nümayəndəliyindən qöndərilən səlahiyyətli nümayəndələr tərəfindən tikintini həyata keçirən qonşuya Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin gözlənilməsinin vacibliyi ilə əlaqədar iradlarını bildirmiş, qonşunun birbaşa otaqlarına və həyətinə baxan pəncərələrin yolverilməzliyini izah etmişdirlər. Tikintini aparan qonşu bir neçə şahid qonşunun qarşısında, həm də sözügedən qurumun səlahiyyətli nümayəndəsi mühəndis Osman Qasımovun qarşısında pəncərə boşluqlarını bağlayacağına dair söz vermişdir. Lakin pəncərələr bu günədək bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 16.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, həmin ünvanda onun və qardaşının evi mövcuddur. İddiaçı tərəfindən də onların sahələrinə 5 pəncərə açılmışdır. Evlərin hansının daha tez tikilməsinin heç bir fərqi yoxdur. İddiaçı onların sahəsinə pəncərə aça bilirsə, onlar da aça bilər. Lakin bununla yanaşı o, heç vaxt deməyib ki, pəncərələrin qabağını bağlamayacaq. Həmin pəncərələr evin dəhlizində, pilləkan olan hissədədir və çox hündürdən qoyulub. Həmin pəncərələrdən kiminsə boylanıb baxması mümkün deyil. Pəncərələrin şüşəsini iddiaçı ilə razılığı əsasında buzlu şüşədən eləyib. Həmin pəncərələr tamamilə bağlansa evin dəhlizinə işıq düşməyəcək. 06.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, iddiaçını narahat edən pəncərələrin qarşısını ümumi bir "jalyuz"lə bağlaya bilər, lakin pəncərələri hörməyə razı deyil. Belə ki, həmin pəncərələr iddiaçıya heç bir narahatlıq verməməlidir, həmin pəncərərəli açıb iddiaçının həyətinə baxılması qeyri-mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Biləcəri qəsəbə Bələdiyyəsinin 697 saylı, 01.09.2006-cı il tarixli qərarı ilə X2 ayrılmış 600 kv.m. torpaq sahəsinin 230 kv.m. hissəsi 16.12.2009-cu il tarixdə İddiaçı satılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək ailə üzvləri ilə həmin ünvanda yaşayır. İş materiallarında olan cavab məktublarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlara müraciət edilmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində məhkəməyə bildirdi ki, o, Binəqədi bələdiyyəsinin nümayəndəsidir. İddiaçı X4 2 dəfə onu yerli baxışa dəvət etmişdir. O, tikiliyə baxan zaman evlər arasındakı ara məsafəsinin hər iki şəxs tərəfindən pozulduğunun şahidi olmuşdur. Eyni zamanda ilk dəfə gedən zaman cavabdeh söz verdi ki, pəncərələri buzlu və açılmayan şüşə edəcək, lakin ikinci dəfə orada olanda pəncərələrin buzlu şüşədən qoyulduğunu, lakin iddiaçının tələbindən fərqli olaraq açılan pəncərə formasında olduğunu görmüşdür. İş materiallarında olan 13.07.2021-ci il tarixli, 10/1754 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında yerləşən İddiaçı fərdi yaşayış evinin pəncərələrinin qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan inşaat işləri zamanı ara məsafəsi 2,40 m. əvəzinə 1,75 m. saxlandığına görə Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2.-1-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilir. Cavabdehlər tərəfindən həmin yaşayış evi inşa edilərkən yaşayış evində mübahisəli pəncərələrin normalara uyğun quraşdırılmadığı müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən quraşdırılan üç ədəd pəncərə İddiaçı özünə məxsus torpaq sahəsindən sərbəst istifadə imkanlarını məhdudlaşdırır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı 2011-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında yerləşən evdə yaşayır, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən bələdiyyə tərəfindən verilmiş sənədləri mövcuddur, cavabdehlər isə 2018-ci ildə həmin ünvanda qonşuluqda ev inşa etməyə başlamış, məhkəməyə torpaq sahəsinə və ya evə dair hər hansı sənəd təqdim etməmişlər. Tərəflər arasında əvvəl bu tip mübahisə olmuş, iddiaçının yataq otağına açılmış pəncərə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə edilmiş müraciətlər nəticəsində bağlanmış, lakin iddiaçının həyətinə cavabdehlərə məxsus evin dəhlizindən açılmış digər üç pəncərə bağlanmamışdır. İddiaçıya məxsus torpaq sahəsinin ölçüləri və evlərin bir-birinə nisbətdə yerləşməsi nəzərə alınarsa, iddiaçının həyətinə açılmış pəncərələrin torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırdığı aşkardır və bu 13.07.2021-ci il tarixli, 10/1754 saylı ekspert rəyi ilı də təsdiq olunmuşdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin maddəyə əsasən öz mülkiyyət hüququnu həyata keçirən hər bir kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 171-ci maddəsinə müvafiq olaraq, qonşunun təsiri digər qonşunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnirsə, buna yol verilmir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus torpaq sahəsinə evin dəhlizindən açılmış üç ədəd pəncərənin daşla hörülməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. Məhkəmə iddia ərizəsinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli Qərarının 9-cu maddəsinin tələbinə əməl edilməsi” hissəsinin mücərrəd olmasını nəzərə alaraq, hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, X6 küçəsi, İİ döngə ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus torpaq sahəsinə evin dəhlizindən açılmış üç ədəd pəncərənin daşla hörülməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar