Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2479/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.080 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, jurnalist olmaqla reallıq.tv internet xəbər portalının təsisçisi və baş redaktorudur. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh avtomobil satışı ilə məşğul olurdu. Onunla qara rəngli, 2001-ci il buraxılışlı, **-EN-*** dövlət qeydiyyat nişanlı, BAN nömrəsi WBADT41010GY25225 olan, BMW 525 minik avtomobilini 15.000 manata almaq barədə razılığa gəlmişlər. Razılıqları belə olmuşdur ki, 5.600 manat ilkin ödəniş və 420 manat hər ay ödəniş etməklə avtomobili alsın. Bu şərtlə razılaşdıqdan sonra cavabdeh ona həmin avtomobili idarə etməyə dair etibarnamə vermişdir. Razılışmaya görə ödəniş bitdikdən sonra avtomobili onun mülkiyyətinə verəcəkdi. Qeyd edilməlidir ki, avtomobili aldıqdan sonra avtomobilin sürətlər qutusunda və motorun nasosunda problemlər aşkar etmiş və Sadiqlə razılaşmışdır ki, o, problemləri düzəltsin və cavabdehdə həmin məbləğləri avtomobilin ümumi qiymətindən çıxacaqdır. Beləliklə 5.600 manat ilkin ödəniş, 2018-ci ilin oktyabr ayının sonunadək hər ay 420 manat olmaqla (ümumilikdə 9 ay X 420 manat = 3.780 və 2.700 manat avtomobilin motorunun nasosunda və sürətlər qutusunda olan nöqsanların aradan qaldırılması üçün çəkilən xərclər daxil olmaqla (5.600+3.780+2.700=12080) ümumilikdə cavabdehə 12.080 manat pul ödəmişdir. xx xxxxxxx 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun təşkilatçılığı ilə AR Dövlət Təhlükəsizliyi Xidməti onu jurnalist fəaliyyətinə görə həbs etmişdir. Heç bir cinayət törətmədiyi halda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə AR CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cəzası 3 ilə endirilmişdir. Həbs edilən zaman avtomobil də DTX-ya aparılmışdı və xx xxxxxx 2018-ci il tarixdə cavabdeh DTX-ya çağırılmış, dindirilmiş və AKT tərtib edilərək avtomobil ona təhvil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad olunmuşdur. Dəfələrlə cavabdehlə görüşüb ondan 12.080 manatını tələb etməyə cəhd etsə də, o, müxtəlif üsullarla ondan qaçır və pulunu ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobili turbo.az saytında bəyənmiş, gedib baxış keçirmiş və avtomobili satan Nizami adlı şəxsə 300 manat məbləğində beh vermişdir. Cavabdehlə aralarında yazılı müqavilə olmuşdur, həmin müqaviləni avtomobilə qoymuşdur. Lakin, cavabdeh avtomobili götürəndə müqaviləni də götürüb. Hazırda həmin müqavilənin aqibətindən xəbəri yoxdur. Bundan əlavə, o, həbsdən azad olan kimi cavabdehi axtarmış, cavabdehin ******* mobil nömrəsinə zəng etmişdir. Lakin, onun həmin mobil nömrəsinə zəng etdikdə başqa şəxs cavab vermiş və nömrənin artıq cavabdehə məxsus olmadığını bildirmişdir. Daha sonra Masazırda cavabdehin alqı-satqı ilə məşğul olduğu yerə getmiş, yenə cavabdehi tapa bilməmişdir, orada ona bildirmişdilər ki, cavabdehin burada problemi olmuş, ona görə də artıq bura gəlmir. Mübahisəli avtomobildə olan qüsurlar 2018-ci ilin aprel ayının ortalarında yaranmışdır. Təqdim edilmiş kassa qəbzləri xxxx avtoservisində avtomobilin düzəldilməsi üçün ustalara ödənilmiş haqlardır. Avtomobilin ehtiyat hissələrini isə avtoservis özü əldə etmiş, lakin ona görə qəbzlər verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatla Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində verdiyi izahat arasında zidiyyətli məqamlar var. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında avtomobil alqı-satqısı ilə məşqul olmadığını bildirsə də, AR DTX-da verdiyi izahatında avtomobil alqı-satqısı ilə məşqul olduğunu qeyd etmişdir. İkincisi, cavabdeh məhkəmə iclasında iddiaçının aylıq ödənişləri vaxtında etmədiyini, müxtəlif bəhanələrlə ödəniş etməkdən yayındığını bildirsə də AR DTX-da verdiyi izahatında isə iddiaçının ödənişləri vaxtı-vaxtında etdiyini bildirmişdir. Üçüncüsü, cavabdeh məhkəmə iclasında Nizami adlı şəxsi tanımadığını bildirsə də, AR DTX-da verdiyi izahatında isə iddiaçı ilə məhz tanışı vasitəsilə tanış olduğunu bildirmişdir. Baş Dövlət yol Polis İdarəsinin özgəninkiləşdirilən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışından görünür ki, cavabdeh peşəkarcasına avtomobil alqı-satqısı ilə məşğul olur. Belə olan halda, cavabdehin mübahisəli avtomobili ilkin ödənişsiz satması real deyil. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəli avtomobilin ilkin ödənişi üçün 5.600 manat məbləğində pul ödənilmişdir. Avtomobilin ödənişinin əvvəli xx xxxx 2018-ci il tarixdən başlamışdır. Ödənişlər 8 ay olmaqla ödənilmiş, axırıncı ayın ödənişi 2018-ci ilin oktyabr ayının 25-də ödənilmiş, səhərisi gün, yəni xx xxxxxxx 2018-ci il tarixdə isə iddiaçı həbs edilmişdir. Avtomobilin qüsurlarının aradan qaldırılması ilə bağlı xərcləri təsdiq edən sənədlər mübahisəli avtomobildə olmuşdur. Lakin, cavabdeh avtomobili götürdükdən sonra həmin sənədlər iddiaçıya qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, xx xxxxxx 2018-ci il tarixdə **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobili iddiaçıya ilkin ödənişsiz, 24 ay müddətinə, ayda 420 manat ödənilməsi şərti ilə satmışdır. Həmin vaxt nəqliyyat vasitəsinin idarə etmək üçün iddiaçıya bir illik etibarnamə vermişdir. Halbuki, belə satış zamanı etibarnamələr adətən bir aylıq müddətinə verilirdi. İddiaçı ilə aralarındakı razılıq 24 ay olduğu üçün o, bir illik etibarnamə vermişdir. İddiaçı beş ay, hər ay 420 manat olmaqla ona ödəniş etmiş, qalan ayları isə ödəməmişdir. İddiaçı ilə əlaqə saxladıqda isə hər dəfə bir bəhanə gətirərək, ödənişi etməkdən yayınmışdır. Daha sonra isə iddiaçı həbs edilmiş, o, dəfələrlə iddiaçıya görə DTX-ya çağırılmış, izahatı alınmışdır. Bundan sonra isə o, avtomobilini geri götürmüşdür. O, avtomobili götürəndə avtomobil sənədlərlə dolu idi, o, başa düşməmişdir ki, onlar nə sənədlərdir, iddiaçı nə işlə məşğuldur. Həmin sənədlərin əksəriyyəti isə şəxsiyyət vəsiqələri idi. O, dəfələrlə iddiaçının qohumlarına bildirmişdir ki, ödənişi hər ay ödəsinlər, o da avtomobili həyətində saxlasın, iddiaçı həbsdən çıxdıqdan sonra isə avtomobili iddiaçıya təhvil versin. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, iddiaçıya satılmış avtomobili təqribən 8.000-8.500 manata öz adına almış, sənədləşməyə pulu özü vermiş, həmçinin iddiaçıya etibarnamə vermək üçün notariat haqqı olan 13 manatı da o, ödəmişdir. İddiaçı ilə hər hansı tanışlığı olmamışdır, avtomobil onun mülkü olduğuna görə ilkin ödənişsiz satmışdır. Həmin avtomobili cavabdehə 10.080 manata satmışdır. İddiaçı onunla görüşəndə tək olmuşdur, onlar, Nizami adlı şəxsin vasitəsilə görüşmüşlər. Nizamini iddiaçı tanıyır, onun Nizami adlı şəxslə hər hansı tanışlıq münasibəti olmamışdır. İddiaçı ödənişləri yubadanda etibarnaməni ləğv etdirməmişdir, çünki düşünürdü ki, ödənişi edəcəkdir. İddiaçı həbs edildikdən sonra iddiaçının qohumları ilə Xırdalan şəhərində yerləşən “Prestij” çay evində görüşmüş, onlara demişdir ki, ödənişi edin və o, avtomobili versin. Lakin, 3 ay gözləmiş, ödəniş olmamış, sonra o, avtomobili satmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində onun izahatı alınmışdır. Həmin izahatı onun özü yazmışdır. O, izahatı özü o formada, yəni daha yumşaq formada yazmışdır ki, iddiaçıya daha çox problem yaranmasın. Çünki iddiaçı həmin vaxt həbs edilmişdir. O, şahid X1 tanıyır və onunla hər hansı ədavəti yoxdur. O, şahid X1 cəmi iki dəfə görmüşdür. Birinci dəfə iddiaçının əvəzinə 420 manat məbləğində ödənişi etmək üçün gələndə görmüş, ikinci dəfə isə yolda təsadüfən iddiaçıya satdığı avtomobili idarə edərkən görmüşdür. Həmin vaxt ona bildirmişdir ki, həmin avtomobili onun idarə etməsində təkrar görməsin. Çünki, o, Məhəmmədin adına hər hansı etibarnamə verməmişdir. İddiaçının həbs edilməsindən sonra iddiaçının qohumları onunla görüşə gəlmişlər. Həmin vaxt Məhəmməd orada olmamışdır. O, iddiaçının qohumlarına demişdir ki, ödənişi edin, avtomobildə iddiaçıda qalsın. İddiaçının özü dostları ilə gələndə avtomobili yoxlatdırmış və bəyənərək almışdır. O, avtomobili AR DTX-dan götürdükdən sonra avtomobilin bəzi problemlərini özü düzəltdirmək məcburiyyətində qalmışdır. Çünki, avtomobili həmin vəziyyətdə sata bilməzdi. Belə ki, həmin vaxt avtomobilin surət qutusunda vurulma var idi, akkumlyatorunda problem var idi, habelə avtomobilin rəngi də solğunlaşmışdı. Bundan əlavə, iddiaçı svetoforun qırmızı işığında keçərək yol hərəkət qaydalarını pozmuş və buna görə cərimələnmişdir. Həmin cəriməni də məcbur qalıb o, ödəmişdir. Avtomobili aldıqdan sonra əgər hər hansı problem yaranıbsa, demək iddiaçı avtomobildən pis istifadə etmişdir, bunun günahı onda ola bilməz. Çünki, cavabdeh avtomobili ondan alanda avtomobil saz vəziyyətdə olmuşdur. O, gəlir əldə etmək üçün 2011-ci ildən avtomobillərin alqı-satqısı ilə məşğul olur. Satdığı avtomobillərin bəzilərindən ilkin ödəniş alır, bəzilərini isə ilkin ödənişsiz satır. Elə avtomobil olmuşdur ki, avtomobilin ilkin ödənişi üçün 8.000 manat pul almışdır. Lakin, iddiaçıya satdığı avtomobildən isə ilkin ödəniş almamışdır. Ona olan ödənişləri özü üçün dəftərində qeyd edir, lakin edilən ödənişləri qəbz formasında ödəniş edənə imzalatmır. Çünki o, artıq bu işdə peşəkardır və bilir ki, kimə avtomobil satmaq olar, kimə satmaq olmaz. Bu günə kimi alıcıların heç biri ilə hər hansı problemi olmamışdır. O, belə etməklə risk götürsə də, artıq bu işi yaxşı bilir. Onun dəftərində 2018-cilin ödənişləri ilə bağlı da qeydlər mövcuddur. O, ******* mobil nömrəsini satmışdır, hazırda onun istifadəsində deyil. Baş Dövlət yol Polis İdarəsinin özgəninkiləşdirilən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışından görünür ki, o, 3 ay iddiaçını gözləmiş, daha sonra avtomobili satmışdır. O satdıqdan sonra verilmiş etibarnamələrin ona hər hansı aidiyyəti yoxdur belə ki, sonrakı dörd nəfər bir birinə etibarnamə verə bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur. Özü mebel ustası işləyir. İddiaçı 2018-ci ilin fevral ayında onu çağırdı ki, avtomobil almaq istəyir. Onlar görüşüb turbo.az saytından avtomobillərə baxmışlar. Həmin saytda “BMW 525” minik markalı avtomobili bəyənərək satıcı ilə əlaqə saxlamış və Əhmədli metrosunun yaxınlığına gedərək avtomobilə baxış keçirmişlər. İddiaçı avtomobili bəyənmiş və avtomobilin behi üçün təxminən 300 manat məbləğində pulu Nizamiyə vermişdir. İddiaçı həmin avtomobili kreditlə almaq niyyətində idi. Ona görə də Nizami Sadiq adlı şəxsə zəng vuraraq bildirdi ki, avtomobili bəyənən var. Bundan sonra onlar, Masazıra Sadiqlə görüşməyə getmişlər. Nizami demişdir ki, avtomobili Sadiqin adına rəsmiləşdirilsin, ödənişlər də ona ödənilsin. Arada razılıq oldu, kafedə ikinci mərtəbədə iddiaçı cavabdehə 5.300 manat məbləğində ilkin ödəniş verdi. Həmin məbləğdə pulun verilməsi ilə bağlı iltizam yazıldı və o da həmin iltizama imza çəkmişdir. Qalan məbləği isə 24 aya bölünərək, hər ay 420 manat məbləğində ödəniş edilməli idi. Sonra isə birlikdə Baş Dövlət Yol Polis İdarəsinə getmişlər. Sənədləşmə işləri üçün iddiaçı Sadiqə 250 manat, etibarnamə üçün 25 manat və 25 manat taksi pulu da olmaqla cəmi 300 manat pul vermişdir. İddiaçı 8-9 ay ödənişi gecikdirmədən etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin iltizamda verilmiş pulların məbləği qeyd edilmişdi və o da şahid kimi həmin iltizama imza çəkmişdir. Avtomobilin nağd qiyməti 10.600 manata qoyulmuşdu. Kreditlə isə həmin məbləğin yarısı əvvəlcədən ödənilməli idi, qalan məbləğ isə ikiyə vurulmaqla, 24 ay müddətinə hər ay 420 manat olmaqla ödənilməli idi. X13 tanış etmişdir. Onlarla avtomobilə baxış keçirməyə gedən iddiaçının digər dostunun adını bilmir. Nizaminin Sadiqə 300 manat behin verildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur, 2018-ci ilin fevral ayında birlikdə yemək yeyəndə iddiaçı ona demişdir ki, avtomobil almaq istəyir. Onlar, turbo.az saytında avtomobillərə baxmışdır. Həmin saytda “BMW 525” minik markalı avtomobili bəyənərək, satıcı ilə əlaqə saxlamış və Əhmədli metrosunun yaxınlığına gedərək avtomobilə baxış keçirmişlər. Avtomobilə baxmağa o, iddiaçı və iddiaçının dostu getmişdir. Avtomobilə baxmış və bəyənmişlər. Həmin vaxt iddiaçı Nizamiyə 300 manat beh vermişdir. Nizami demişdir ki, onun Sadiq adlı dostu var, avtomobili onun adına sənədləşdirilsin, ödənişlər də ona edilsin. Mehdiabadda sənədləşmə işləri üçün iddiaçı cavabdehə cəmi 300 manat pul vermişdi. Onlar saytda baxanda həmin avtomobil üçün 6.000 manat ilkin ödənişin edilməsi yazılmışdı. Sonra iddiaçı ona demişdir ki, ilkin ödəniş üçün 5.300 manat ödəmiş, həmin vaxt o, orda olmamışdır. Həmin ilin aprel ayının 1-də onun yanında iddiaçı cavabdehə təxminən 400 manat civarında ödəniş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Avtomobilin nağd qiyməti təxminən 10.000 manat idi, kreditlə isə ilkin ödəniş qiyməti saytda 6.000 manat yazılmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur. İddiaçı ilə birlikdə kafedə olanda ona demişdir ki, özünə avtomobil axtarır. Onlarda turbo.az saytından “BMW 525” minik markalı avtomobili bəyənmişlər. Həmin avtomobil üçün iddiaçı 5.600 manat məbləğində ilkin ödəniş etmiş, daha sonra isə avtomobilin alqı-satqı yolu ilə Cavabdeh adına rəsmiləşdirilməsi üçün iddiaçı cavabdehə 300 manat pul vermişdir. Qeyd etdiyi pullar onun yanında cavabdehə verilmişdir. Tərəflər arasında razılaşmaya əsasən, ilkin ödəniş edildikdən sonra növbəti aydan etibarən 2 il müddətinə hər ay 420 manat məbləğində pul cavabdehə ödənilməli idi. Təqribən 3 ayın pulunu Masazır qəsəbəsində cavabdehə o, ödəmişdir. Həmin aylar ödənişin orta ayları idi. 2018-ci ilin oktyabr ayında cavabdeh həbs edilmiş, avtomobildə Azərbaycan Repsublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən götürülmüşdür. Daha sonra isə avtomobil cavabdeh tərəfindən DTX-dan götürülmüşdür. Onlar bunu biləndə cavabdehlə görüşmüş və bildirmişlər ki, avtomobilin pulunu onlar ödəsin, o da avtomobili qaytarsın. Cavabdehdə həmin vaxt onlara demişdir ki, o, İkramla çörək kəsmişdir, İkram həbsdən çıxsın danışıb həll edərlər. Bu söhbətdən sonra bildilər ki, cavabdeh avtomobili başqa şəxsə satmışdır. Bundan əlavə, avtomobilin surət qutusunda və akkumlyatorunda nasazlıq olduğuna görə iddiaçının 2.700 manat xərci çıxmışdır. Həmin vaxt problemi Sadiqə deyəndə o, demişdir ki, ödənişin axırında həmin məbləği çıxacaq. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobilin surət qutusu və akkumlyatoru Zəngəzur restoranının yaxınlığında Servisdə 2.700 manata düzəltdirilmişdir. İddiaçı avtomobilə görə ilkin ödənişi cavabdehə verəndə ondan başqa Məqami və Sahib də orda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, cavabdehin xalası oğludur. İddiaçı avtomobil üçün iki dəfə Masazırda yerləşən Qurtuluş kafesində 420 manat məbləğində ödəniş etmişdir. O, avtomobilin alqı-satqısında iştirak etməmişdir. İş materiallarında olan: AD seriyalı 14965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobilin sahibi Cavabdehdur, şəhadətnamə xx xxxxxx 2018-ci il tarixdə verilmiş və qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuşdur; xx xxxxxx 2018-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamədən görünür ki, Cavabdeh **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobilin idarə edilməsini İddiaçı etibar etmişdir. Etibarnamə 11 ay 13 gün müddətinə verilmiş və xx xxxxxx 2019-cu il tarixədək qüvvədədir; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli şahidi dindirmə protokolundan görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır. Onunla normal münasibətləri vardır. Onunla hazırda xatırlamadığı ümumi bir tanışları vasitəsi ilə tanış olmuşdur. Qeyd elədiyi kimi o, avtomobil alqı-satqısı ilə məşğul olur. Buna görə də, İkram 2018-ci ilin fevral ayında ona müraciət edərək özü üçün münasib qiymətə yaxşı vəziyyətdə olan bir avtomobil istədi. O, isə ona buraxılış ili 2001 olan, tünd göy metallik rəngli, “BMW 525" markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobili təklif etmiş, o isə avtomobilə baxdıqdan sonra bəyənmiş və ödənişini hissə-hissə etməklə avtomobili ondan almaq istəmişdir. O, isə hissə-hissə ödəniş etməsi üçün ona qrafik hazırlamış və iki il hər ay 420 manat ödəyərək həmin avtomobili ala biləcəyini ona bildirmişdir. Həmçinin o, İkrama bildirmişdir ki, ödənişi vaxtı-vaxtında etməsə, avtomobili ondan geri alacaqdır. Bunun üçün isə avtomobili ona alqı-satqı müqaviləsi ilə deyil, idarə etmə səlahiyyətləri verən etibarnamə ilə vermişdir. Əgər ödəniş etməsə idi etibarnaməni ləğv etdirəcəkdi. Qeyd edir ki, İkram ödənişləri vaxtı-vaxtında edirdi. Lakin, bildiyinə görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuş və bundan sonra yəqin ki, avtomobilə görə ödənişi edə bilməyəcək o səbəbdən də, avtomobilin ona təhvil verilməsini xahiş etmişdir. İddiaçı “reallıq.info” saytının rəhbəri olmasını bilsə də, onun iş fəaliyyəti barədə ümumiyyətlə məlumatsızdır; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli avtomobilin təhvil verilməsi barədə aktın surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə saat 13:35-dən 14:00-dək “BMW 525" markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobil və qeydiyyat şəhadətnaməsi mülkiyyətçi Cavabdeh verilmişdir. Avtomobil Cavabdeh tərəfindən saz vəziyyətdə alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 7(005)- 485/2020 saylı qərarından görünür ki, məhkum İddiaçı və onun müdafiəçisi Vəkil ərizələrinin təmin olunması, xx xxxxxxxx 1978-ci ildə Masallı rayonu Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-462/2019 nömrəli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 1(103)- 1062/2019 nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilmiş və cəzası xx xxxxxxx 2021-ci il tarixdə başa çatan məhkum İddiaçı azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 3 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır.; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət yol Polis İdarəsinin özgəninkiləşdirilən nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışından görünür ki, **-EN-*** qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobil xx xxxxxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış, həmin tarixdə də İddiaçı nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə X6, xx xxxxxx 2019-cu il tarixdə X4, xx xxxxxx 2019-cu il tarixdə X3, xx xxxxxx 2019-cu il tarixdə isə X7 həmin avtomobil üçün etibarnamələr verilmişdir. Avtomobil xx xxxxxx 2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmışdır; “xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli arayışdan görünür ki, **-EN-*** qeydiyyat nişanlı, buraxılış ili 2001, “BMW 525” minik markalı avtomobil ünvan 2 ünvanında yerləşən “xxxx” Kiçik Müəssisəsinin avtomobillərə texniki xidmət sexində təmirə dayanmışdır. Maşının mühərrikinin yığılması və sürətlər qutusunnun dəyişdirilməsi nəzərdə tutulmuşdur. Maşına lazım olan ehtiyat hissələri servisin işçiləri tərəfindən müəyyən edilmiş və bazar qiymətinə uyğun olaraq bazardan alınmışdır. Avtomobilin təmirinə və ehtiyat hissələrinin alınmasına çəkilən xərclər aşağıdakı kimi qiymətləndirilmişdir: mühərrikin yığılması və ehtiyat hissələri – 1.600 manat, surətlər qutusunun alınması və yağın filterinin dəyişdirilməsi – 1.100 manat. Cəmi 2.700 manat; xx xxxxx 2018-ci il tarixli, xx xxx 2018-ci il tarixli, xx xxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli kassa qəbzlərindən görünür ki, “xxxx” Kiçik Müəssisəsinin hesabına 250 manat,150 manat,150 manat və 200 manat olmaqla, cəmi 750 manat məbləğində pul ödənilmişdir; xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2018-ci il tarixdə **- EN-*** qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış, həmin tarixdə də tərəflər arasında qeyd olunan avtomobilin nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq əldə edilmiş və bu razılıq etibarnamə ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, tərəflər arasında avtomobilin alqısatqısı qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, mülki qanunvericiliyin qeyd olunan normalarını tələbləri pozulmuşdur. Hazırda iddiaçı mübahisəli avtomobil üçün ödədiyi 5.600 manat məbləğində ilkin ödənişin, 9 ay müddətində hər ay 420 manat olmaqla cəmi 3.780 manat məbləğində ödənişin, avtomobilin qüsurlarının aradan qaldırılması üçün çəkilmiş 2.700 manat xərcin cavabehdən onun xeyrinə tutulmasını xahiş edir, cavabdeh isə iddiaçı tərəfindən cəmi 5 ay müddətində hər ay 420 manat məbləğində ödənişin edildiyini bildirirək iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, şahid ifadələri, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobilininin ilkin ödənişi qismində cavabdehə 5.300 manat məbləğində vəsaiti verməsi faktı məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz əksini tapmış, əksi isə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təkzib olunmamışdır. Cavabdeh qeyd olunan avtomobil üçün ilkin ödəniş almadığını bildirsə də, məhkəmə onun etirazının dəlillərini səmimi və inandırıcı hesab etmir. Belə ki, cavabdehin özü məhkəmə iclasında izahatında bildirmişdir ki, o, gəlir əldə etmək üçün 2011-ci ildən avtomobillərin alqı-satqısı ilə məşğul olur. Hamıya bəlli olan haldır ki, ölkənin avtomobil bazarında ilkin ödəniş etmədən avtomobilin alınması real deyil, xüsusən də 24 ay, yəni uzun müddətə hissə-hissə dəyərini ödəmək şərti ilə. Bundan başqa, cavabdehin məqsədinin gəlir əldə etmək olduğu nəzərə alınaraq, onun tərəfindən həmin avtomobilə görə ilkin ödəniş almadan təxminən bir illik müddətə iddiaçıya avtomobilə dair etibarnamə verməsi də ağlabatan deyil. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə avtomobilin sonuncunun adına rəsmiləşdirilməsi üçün 300 manat məbləğində pulun ödənildiyi də şahid ifadələri ilə təsdiq olunmuşdur. Lakin məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin məbləğin 250 manatı avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi üçün verilmiş, 25 manat iddiaçının adına etibarnamənin verilməsi və 25 manat isə cavabdehə yol xərci kimi iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. Göründüyü kimi, cavabdeh qanuni və ya müqavilə əsası olmadan, iddiaçının hesabına avtomobilə görə ilkin ödəniş üçün 5.300 manat məbləğində və həmin avtomobilin məhz onun adına rəsmiləşdirilməsi üçün 250 manat məbləğində əsassız varlanmışdır. Belə ki, 25 manat məbləğində ödəniş məhz iddiaçıya etibarnamənin verilməsi üçün ödənilmiş, yəni cavabdeh həmin məbləğdə əsassız varlanmamış, qalan 25 manat isə iddiaçı tərəfindən cavabdehə bağışlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehdən avtomobilə görə 9 ay üçün ödədiyi 3.780 (hər ay 420 manat olmaqla) manat vəsaiti tələb etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatla müəyyən edilmişdir ki, iddiaçı 2018-ci ilin mart ayından başlayaraq həmin ilin oktyabr ayı da daxil olmaqla 8 ay müddətində hər ay 420 manat məbləğində olmaqla cəmi 3.360 manat məbləğində ödəniş etmişdir. Sonra iddiaçı həbs edildiyindən ödənişləri edə bilməmişdir. Cavabdeh iddiaçı tərəfindən cəmi 5 ay müddətində ödəniş edildiyini bildirsə də, o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ödənişləri vaxtı-vaxtında edirdi, əgər ödəniş etməsə idi, etibarnaməni ləğv edəcəkdi. Göründüyü kimi, cavabdeh qanuni və ya müqavilə əsası olmadan, iddiaçının hesabına 3.360 manat məbləğində də əsassız varlanmışdır. Nəhayət, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin mülkiyyətində olan avtomobilin təmirinə 2.700 manat məbləğində vəsait xərcləmiş, daha sonra həmin avtomobil cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Həmin fakt “xxxx” Kiçik Müəssisəsinin verdiyi arayış və qəbzlərlə, habelə şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə məxsus avtomobilin texniki vəziyyətinin yaxşılaşdırılması üçün 2.700 manat məbləğində xərc çəkilmiş, daha sonra həmin avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirilmiş, bununla da cavabdeh həmin məbləğdə qanuni və ya müqavilə əsası olmadan, iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.610 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 29 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.610 (on bir min altı yüz on) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2479/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2479/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver