Məhkəmə qərarları › İş №2(001)-2520/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2520/2022

18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2520/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan paya uyğun olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi satış dəyərinin 1/3 hissəsinin (payının) Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, bu qəbildən olan (qiymətləndirilməyən) iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsinə 20 manat və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən 2 ədəd qəbz əlavə edilmişdir. Həmçinin, qəbzə əsasən 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Halbuki, hazırki iddia xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bu da öz növbəsində həmin qəbzin qeyd edilən iddiaya hər hansı aidiyyətinin olmadığı qənaətinə gəlməyə imkan verir. Hər bir halda, iddiaçı təxminən 11 aydan sonra belə bir iddia ilə məhkəməyə müraciət edəcəyini bilə bilməzdi. Başqa sözlə, iddia ərizəsinə əlavə edilmiş qəbz üzrə ödənilmiş dövlət rüsumu hazırki iddia ilə bağlı ödənilmiş dövlət rüsumu deyil. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmiş və bu səbəbdən iddia ərizəsi tələb olunan məbləğdə dövlət rüsumu ödənilmədən verilmiş kimi qiymətləndirilməlidir. Bu da öz növbəsində iddianın geri qaytarılmasını şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar