Məhkəmə qərarları › İş №2(001)-2531/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2531/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2531/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölən günə qədər mərhum atası Kərimov Şəmsəddin Fərhad oğlunun mülkiyyətində olmuş Masallı şəhəri, Natəvan küçəsi, 32 saylı fərdi yaşayış evindən, Masallı şəhəri, Dadva küçəsində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və “VAZ-21214” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş atası - xx.xx.1955-ci il təvəllüdlü Kərimov Şəmsəddin Fərhad oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, onun vərəsəsidir. Miras əmlak Masallı şəhəri, Natəvan küçəsində yerləşən 32 saylı fərdi yaşayış evindən, Masallı şəhəri, Dadva küçəsində yerləşən 0.19 ha kənd təsərrüfatlı torpaq sahəsindən və “VAZ-21214” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. Bütün miras əmlak ölən günə qədər mərhum atası Kərimov Şəmsəddin Fərhad oğlunun mülkiyyətində olmuşdur. Anası Nümayəndə mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional "Asan xidmət" mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin miras əmlakın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından 326 saylı, xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Anası ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması zamanı maraqlı şəxs Cavabdeh, mərhum Kərimov Şəmsəddin Fərhad oğlunun onun atası olması faktının müəyyən edilməsi barədə Yardımlı Rayon Məhkəməsinin 2(038)-237/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməklə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-237/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və anası Nümayəndə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra, o, özü atalığın müəyyən edilməsi barədə maraqlı şəxslər - Yardımlı rayon qeydiyyat şöbəsinə və Cavabdeh qarşı ərizə ilə xüsusi icraat qaydasında Yardımlı Rayon Məhkəməsinə müraciət etmiş, maraqlı şəxs Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, o, onun bacısı deyildir. Beləliklə, hüquq haqqında mübahisə yarandığına görə məhkəmə ərizəni baxılmamış saxlamış və iddia icraatı qaydasında məhkəməyə müraciət edilməsini ona bildirmişdir. Bundan sonra, o, iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6651/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yardımlı rayon qeydiyyat şöbəsinə qarşı “atalığın müəyyən olunması barədə” iddia tələbi təmin edilməklə, xx.xx.1956-cı ildə Masallı şəhərində anadan olmuş Kərimov Şəmsəddin Fərhad oğlunun onun atası olması faktının müəyyən edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Müllki Kollegiyasının 2(103)-2008/2023 saylı, 05.04,2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6651/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2988/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni, yuxarıda göstərilən məhkəmə çəkişmələri səbəbindən miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması barədə məhkəməyə müraciət edə bilməmişdir. O, hesab edir ki, faktiki olaraq mərhum atasından miras qalmış əmlakı qəbul etmişdir. Belə ki, mərhum atası Kərimov Şəmsəddin Fərhad oğlu onlarla birlikdə yaşamış və vəfat edən zaman o, və anası onun dəfnində iştirak etmişlər. Bundan başqa, mərhum atasına məxsus bir çox şəxsi geyim əşyaları onların yaşadıqları evdədir. Həmin əşyaları onlar mərhumdan yadigar kimi bu gün də saxlayır və cavabdehin özü də bu əşyaları tanıyır. Ona görə də, o, miras əmlakın qəbul edilməsi üçün müraciətini rəsmiləşdirmək məqsədi ilə ötürülmüş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 118716 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kərimov Şəmsəddin Fərhad oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 861672 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Yardımlı rayonunda anadan olmuşdur, atası Kərimov Şəmsəddin Fərhad oğlu, anası isə Nümayəndədır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(106)-3421/2021 saylı qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(050)-2052/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(050)-2052/2021 saylı və 13 oktyabr 2021-ci il tarixli 2(050)-2052/2021 saylı qərardadları ləğv edilmiş, iddiaçı Nümayəndə Cavabdeh qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair 2(106)-3421/2021 saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respubliksının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(12)-2988/2023 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(103)-2008/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 444960 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov Şəmsəddin Fərhad oğlu xx xxxx 2003-cü il tarixdə Nümayəndə doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Nümayəndə ünvanlanmış 22 aprel 2021-ci il tarixli 326 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Kərimov Şəmsəddin Fərhad oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəliyin qəbul müddətinin keçməsinə görə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədən düşmüş 1246-cı maddəsində nəzərdə tutulmuşdur ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi məhz Mülki Məcəllənin 1301-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının atası - xx.xx.1955-ci il təvəllüdlü Kərimov Şəmsəddin Fərhad oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Masallı şəhəri, Natəvan küçəsində yerləşən 32 saylı fərdi yaşayış evindən, Masallı şəhəri, Dadva küçəsində yerləşən 0.19 ha kənd təsərrüfatlı torpaq sahəsindən və “VAZ-21214” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət olmaqla yanaşı, miras əmlak ölən günə qədər Kərimov Şəmsəddin Fərhad oğlunun mülkiyyətində olmuşdur. Daha sonra İddiaçı Cavabdeh qarşı “atalığın etiraf olunması faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(001)-6651/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2008/2023 saylı, 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(001)-6651/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək həmin qətnamə mübahisələndirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2008/2023 saylı, 05 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi tərəfindən iddiaçı tərəfin xx.xx.2021-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəliyin qəbul müddətinin keçməsinə görə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Bundan başqa, hazırki iddia ərizəsinə məhkəmə tərəfindən baxılarkən iddiaçı tərəf yenidən hazırki mübahisə ilə bağlı notariat orqanına müraciət etsə də, ona yenidən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, bu barədə 22 iyul 2024-cü il tarixli qərar qəbul edilsə də, həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı nəzərə alınmamış və qüvvədən düşmüş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən imtinaya əsas kimi istinad edilmiş norma artıq qüvvədən düşdüyündən, bununla da, hazırki iş üzrə tərəflər arasında mirasın qəbulu müddəti ilə bağlı məhkəmə müstəvisində həll olunmalı məsələ qalmadığından, İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarını əsas götürülməklə Mülki Məcəllənin 1301-ci maddəsində müəyyən edilmiş tələblərə riayət etməklə mirasın açıldığı (olduğu) yer üzrə notariat orqanına müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1301-ci maddəsində müəyyən edilmiş tələblərə riayət etməklə mirasın açıldığı (olduğu) yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar