Məhkəmə qərarları › İş №2(001)-257/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-257/2022

28.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-257/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sami oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 182.848 ABŞ dolları və 13.337 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 182.848 ABŞ dolları və 63.367 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5084/2021 saylı qərardadı ilə İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5084/2021 saylı qərardadına əsasən İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5084/2021 saylı qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə X6 adlı şəxs arasında iş birliyi olmuş və iş birliyi çərçivəsində onlar yaşayış binasının tikintisi ilə məşğul olmuşdular. X6 rəsmi olaraq payçı olmamış, lakin qeyri-rəsmi olaraq onun tikintidə 35 % payı olmuşdur. Tikinti işləri başa çatdıqdan sonra onlar arasında haqq-hesab aparılmış və bu barədə xx.xx.2010-cu il tarixdə sadə yazılı formada sənəd tərtib edilərək, onların hər ikisi tərəfindən imzalanmışdır. Həmin sənədə əsasən iddiaçının X4 460.000 ABŞ dolları, X3 isə iddiaçıya 185.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan sonra onların arasında olan bütün haqq-hesablar həmin sənəddə qeyd edilmiş və X6 tərəfindən imzalanmışdır. Bu sənəddə göstərilən məbləğlərin fərqindən də müəyyən edilir ki, X3 iddiaçıya 182.848 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, inşa edilmiş bina ilə bağlı yaranmış kommunal borclar da 2013-cü ilin aprel ayında iddiaçı tərəfindən qarşılanmışdır ki, payına uyğun olaraq bu məbləğin 13.337 manat hissəsini məhz X6 ödəməli idi. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 onun həyat yoldaşı, Cavabdeh2 isə onun oğlu olmaqla onun vərəsələridir. Bu səbəbdən iddia üzrə tələb bu şəxslərə qarşı irəli sürülmüşdür. Göstərilənlərin və təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, həqiqətən də onun atası X6 ilə iddiaçı arasında iş birliyi olmuş və onların hər ikisi "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinə vəsait qoymuşdular. Bununla belə, həmin yaşayış binasında həm iddiaçının, həm də onun atasının qeyri rəsmi olaraq payı olmuşdur. Binanın tikintisi başa çatdıqdan sonra payçılar arasında əmlak bölgüsü, o cümlədən onun atası ilə iddiaçı arasında 2010-cu ildə son haqq-hesab aparılmış və bununla bağlı onların arasında sadə yazılı formada əlyazma tərtib edilmişdir. Bundan sonra onların arasında hər hansı iş birliyi olmamışdır. Həmin əlyazmanın onlarda olan nüsxəsi ilə iddiaçıda olan nüsxəsi arasında məzmun baxımından fərq var. Belə ki, bu sənədin birinci səhifəsinin alti hissəsində ayrı-ayrı məbləğlərlə bağlı aparılmış qeydlər onların nüsxəsində yoxdur. Həmin hissədə olan atasının imzalarını da mübahisələndirmir, həmin hissədə aparılan qeydləri ümumiyyətlə qəbul etmir. Bu qeydlər onun atasının iddiaçıya olan borclarını əks etdirmir. Əksinə iddiaçının atasına qaytardığı borcları əks etdirir. Bu səbəbdən də məbləğlərin qarşısında onun atası tərəfindən imzalar edilmiş və həmin hissə onların nüsxəsində yoxdur. Hər bir halda, həmin hissədə atasının iddiaçıya olan borcu olsa idi, məbləğlərin qarşısında iddiaçının imzaları olardı və həmin hissə onların nüsxəsində də olardı. Başqa sözlə, qaytarılan borcun qeyd edilməsində onun atası maraqlı olardı və qeydləri özündə saxlayardı. Bu səbəbdən də həmin əlyazma 2010- 2012-ci illərə aid olmasına baxmayaraq, iddiaçı tərəfindən məhz onun atasının ölümündən sonra mübahisələndirilmişdir. Həqiqətdə iddiaçının onlara borcu olmuş və hələ də qalmaqdadır. Hələ bir neçə il əvəl onların arasında baş tutmuş görüşdə iddiaçı onun atasına hələ də 30.000 ABŞ dolları borcunun olduğunu şəxsən etiraf etmiş və qaytaracağına vəd vermişdir. Digər tərəfdən məsələn, qeyd edilən hissədə xx.xx.2010-cu il tarixə aid qeyddə “175.000 ABŞ dolları” sözləri, onun yanında “obyekt” sözü, ondan sonra isə atasına aid imza əks etdirilmişdir. İddiaçı onun atasının bu məbləğdə borcunun Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə görə yarandığını iddia edir. Halbuki, hələ atası sağ olanda ona həmin qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı verilmiş, bundan sonra isə bu əmlaka dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırda da əmlak onun mülkiyyətindədir. Hər bir halda, bu əmlaka görə hər hansı məbləğdə borc qalsa idi, ona maliyyə arayışı verilməzdi və əmlak hazırda onların mülkiyyətində olmazdı. Sənədin arxa hissəsində də sonradan qarajlarla bağlı qeydlər aparılmışdır ki, onların nüsxəsində bu qeydlər də əks olunmamışdır. Bundan əlavə atasının vəfatından sonra vərəsəlik qaydasında atasından onlara hər hansı miras əmlak qalmamışdır. Bu da öz növbəsində ondan iddiaçının xeyrinə hər hansı məbləğdə pulun tutulmasını istisna edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və iddiaya qarşı yazılı etirazı, habelə Cavabdeh2 mövqeyini müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, cavabdehin atasının mülkiyyətində hər hansı əmlak olmamış və onun vəfatından sonra hər hansı miras əmlak qalmamışdır. Bu baxımdan iddiaçı cavabdehə qarşı belə bir iddianı qaldırmaq üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Həmçinin, iddiaçı ilə cavabdehin atası arasında tərtib edilmiş əlyazmadan da görünür ki, orada aparılmış son qeyd xx.xx.2012-ci il tarixə aiddir. Bundan sonra iddiaçı ilə cavabdehin atası arasında hər hansı iş birliyinin olmasını təsdiq edən sübut yoxdur. Bu səbəbdən iddiaçı borc tələbinə dair iddianı hazırda qaldırmaqla mülki məcəllə ilə müəyyən edilmiş 3 illik iddia müddətini də ötürmüşdür. Bu səbəbdən hazırki iddia həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Sami oğlu ilə X6 adlı şəxs arasında iş birliyi olmuş və hər ikisi xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC tərəfindən yaşayış binasının tikintisinin aparılmasına vəsait qoymuşdular. Nə iddiaçı, nədə ki, X6 rəsmi olaraq həmin cəmiyyətin payçısı olmamışdır. İddiaçı xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın üzvü olmaqla bu kooperativin 20 % payının sahibi olmuşdur. "xxxx" MMC xx.xx.2008-ci il tarixdə adını və təşkilati-hüquqi forması dəyişdirərək, "xxxx" MTK-ya, xx.xx.2012-ci il tarixdə isə təşkilati-hüquqi formasını təkrarən dəyişdirərək, "xxxx" MMC-yə çevrilmişdir. Tikinti işləri yekunlaşdıqdan sonra iddiaçı ilə X6 arasında əmlak bölgüsü, o cümlədən son haqq-hesab aparılmış və bununla bağlı xx.xx.2010-cu il tarixdə sadə yazılı formada əlyazma tərtib edilmişdir. Həmin əlyazma bir vərəqdən və 2 səhifədən ibarətdir. Əlyazmanın birinci səhifəsinin üst yarım hissəsində iddiaçının X4 460.000 ABŞ dolları, X3 isə iddiaçıya 185.000 ABŞ dolları məbləğində borcunun yarandığı göstərilmişdir. Əlyazmanın 1 səhifəsinin alt yarım hissəsində isə ayrıayrı məbləğlər göstərilmiş, onların qarşısında müxtəlif adlar yazılmış və imzalar edilmişdir. X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 müvafiq olaraq həyat yoldaşı və oğludur. Hazırda iddiaçı həmin əlyazmaya istinadən X3 ona 182.848 ABŞ dolları məbləğində borcunun qaldığını, habelə inşa etdikləri binanın kommunal xərcləri ilə bağlı 2013-cü ili aprel ayında ümumilikdə 23.985 manat (10.985 manat və 13.000 manat) məbləğində pul ödədiyini, həqiqətdə payına uyğun olaraq bu məbləğin 13.337 manat hissəsinin məhz X6 tərəfindən ödənilməli olduğunu iddia edir və bu məbləğlərin, həmçinin bu şəxsin qeyd edilən hərəkətləri nəticəsində ona vurulmuş 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin onun vərəsələri olan cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh tərəf (Cavabdeh2 və onun nümayəndəsi və vəkili) iddianı qəbul etmir, yaşayış binasının tikintisi işində iddiaçı ilə atası arasında həqiqətəndə iş birliyinin olduğunu, onların hər ikisinin "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinə qeyrirəsmi olaraq vəsait qoyduqlarını, binanın tikintisi başa çatdıqdan sonra payçılar arasında əmlak bölgüsünün, o cümlədən onun atası ilə iddiaçı arasında 2010-cu ildə son haqqhesabın aparıldığını, bununla bağlı onların arasında sadə yazılı ormada əlyazmanın tərtib edildiyini, bundan sonra onların arasında hər hansı iş birliyinin olmadığını, həmin sənədin onlarda olan nüsxəsi ilə iddiaçıda olan nüsxəsi arasında məzmun baxımından fərqin olduğunu, o cümlədən sənədin birinci səhifəsinin alt hissəsində ayrı-ayrı məbləğlərlə bağlı aparılmış qeydlərin onların nüsxəsində olmadığını, həmin hissədə olan atasının imzalarını mübahisələndirmədiyini, onları ümumiyyətlə qəbul etmədiyini, bu qeydlərin həqiqətdə iddiaçının onun atasına qaytardığı borcları əks etdirdiyini, bu səbəbdən də məbləğlərin qarşısında onun atası tərəfindən imzalar edildiyini və həmin hissənin onların nüsxəsində olmadığını, bu səbəbdən həmin əlyazmanın 2010-2012-ci illərə aid olmasına baxmayaraq, iddiaçı tərəfindən məhz onun atasının ölümündən sonra mübahisələndirildiyini, həqiqətdə iddiaçının onlara borcunun olduğunu, bir neçə il əvvəl onların arasında baş tutmuş görüşdə iddiaçının onun atasına hələ də 30.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etdiyini, əlyazmanın arxa hissəsində də sonradan qarajlarla bağlı qeydlərin aparıldığını, onların nüsxəsində bu qeydlərin də əks olunmadığını, bundan əlavə atasının mülkiyyətində hər hansı əmlakın olmadığını, atasının vəfatından sonra hər hansı miras əmlakın qalmadığını, bu baxımdan iddiaçının ona qarşı belə bir iddianı qaldırmaq üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığını, həmçinin, əlyazmada aparılmış son qeydin xx.xx.2012-ci il tarixə aid olduğunu, bununla da iddiaçının borc tələbinə dair iddianı hazırda qaldırmaqla mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini də ötürdüyünü bildirir və hazırki iddianın həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. X3 ölümündən sonra ondan hər hansı əmlakın miras qalmasını, habelə ondan miras qalmış hər hansı əmlakın hər hansı formada cavabdehlər tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı hal və ya sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (2016-cı ilin iyun ayınadək olan redaksiyada); 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbinin “borcun tutulması” hissəsi ilə bağlı ümumiyyətlə qeyd edir ki, iddiaçı X3 ona 182.848 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və öz iddiasının əsası kimi onunla həmin şəxs arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş əlyazmanı təqdim edir. Lakin həmin əlyazmadan bu şəxsin iddiaçıya borcunun olması müəyyən edilmir. Belə ki, əlyazmanın 1-ci səhifəsinin üst hissəsində (səhifə qələmlə çəkilmiş xətlə üst və alt hissəyə bölünmüşdür) iddiaçının X4 460.000 ABŞ dolları, X3 isə iddiaçıya 185.000 ABŞ dolları məbləğində borcunun olduğu, alt hissəsində isə müxtəlif məbləğlər, onların qarşısında müxtəlif adlar göstərilmiş və həmin məbləğlər qarşısında imzalar edilmişdir. Həmin imzaların X4 aid olmaması mübahisələndirilmir. Lakin əyazmanın 1-ci səhifəsinin alt hissəsində olan bütün məbləğlər qarşısında məhz X6 tərəfindən imza edilməsi onun iddiaçıya borc qaytarması deyil, iddiaçının ona borc ödəməsi anlamına gəlir. Həmçinin, həmin səhifənin üst hissəsində olan qeydlərlə alt hissəsində olan qeydlər tərtibat və məsələyə yanaşma baxımından ziddiyyət təşkil edir. Belə ki, əlyazmanın 1-ci səhifəsinin üst hissəsində tərəflərdən birinin digərinə olan borcu dəqiq göstərilmişdir. Lakin alt hissəsində qeyd edilən məbləğlərin tərəflərin hansının hansına və nə məqsədlə (borc verilməsi və ya qaytarılması, habelə əvəzləşdirmə qaydasında verilməsi) ödənilməsi göstərilməmiş, iddiaçının imzası ümumiyyətlə əks olunmamış, bir sıra məbləğlər silinmiş, 570.000 ABŞ dolları məbləğində pulun verildiyi göstərilsə də bu məbləğin iddiaçı tərəfindən X4 məhz borc kimi verilməsi barədə hər hansı qeyd aparılmamış, xx.xx.2012-ci il tarixə və xx.xx.2012-ci il tarixə aid olan qeydlər qarşısında ümumiyyətlə imza edilməmişdir. 17.800 ABŞ dolları məbləğinin səhv hesablandığı göstərilsə də, bu məbləğ hər hansı məbləğdən silinməmiş və ya bu məbləğ hesabına hər hansı məbləğ artırılmamışdır. Eyni qaydada, əlyazmanın 1-ci səhifəsinin alt hissəsində verilmiş, lakin sayılmamış kimi göstərilən 30.000 ABŞ dolları məbləği də hər hansı məbləğə hesablanmamışdır. Hər bir halda, X4 460.000 ABŞ dolları məbləğində borcu olan iddiaçı bu məbləği tam şəkildə qaytardıqdan sonra həmin əlyazmada bu barədə müvafiq qeyd aparılmaqla qalan məbləğin verilmə və ya alınma məqsədi dəqiqləşdirilməli, o cümlədən X3 iddiaçıya borclu olduğu məbləğ ayrıca göstərilməli və səhifənin üst hissəsinin formasına uyğun olaraq hər iki tərəfin imzası ilə təsdiq edilməli idi. Anlaşılmaz olan digər bir məbləğ xx.xx.2010-cu il tarix qarşısında qeyd edilmiş 185.000 ABŞ dolları məbləğidir. Belə ki, həmin məbləğin qarşısında “S.Vurğun obyekt + 17.800 ABŞ dolları səhv hesablanıb” qeydi aparılmışdır. Həmin səhifənin üst hissəsində də Səməd Vurğun küçəsində olan mağazaya görə X3 iddiaçıya 185.000 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Bu da öz növbəsində səhifənin alt hissəsində göstərilən bu məbləğin məhz səhifənin üst hissəsində göstərilən məbləğ olması qənaətinə gəlməyə əsas verir. Lakin səhifənin alt hissəsində məhz iddiaçının X4 verdiyi məbləğlər əks etdirildiyi bir halda, bu məbləğin də orada əks olunması anlaşılmaz olur. Belə ki, iddiaçı həmin səhifənin alt hissəsində əks olunmuş siyahıda onun X4 verdiyi pulların əks olunduğunu iddia edir. Bu məbləğdə borcun isə iddiaçıya yarandığı bu tarixdən əvvəl, yəni xx.xx.2010-cu il tarixdə artıq müəyyən edilmişdir və bu baxımdan həmin məbləğ iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilə bilməzdi. Bu məbləğin səhifənin üst hissəsində göstərilən 185.000 ABŞ dolları məbləğində hər hansı aidiyyətinin olmadığı halda hansı səbəbdən 17.800 ABŞ dolları məbləğində pulun səhv hesablandığının məhz onun qarşısında yazıldığı anlaşılmaz olur və bununla da X3 iddiaçıya olan 185.000 ABŞ dolları məbləğində borcun qaytarılıb-qaytarılmaması məsələsi açıq qalır (iddiaçının bu məbləği tələb etməməsi həmin borcun iddiaçıya ödənilməsi qənaətinə gəlmək üçün əsas yaradır). Bundan əlavə, məsələn, iddiaçı əlyazmanın 1-ci səhifəsinin alt hissəsində 395.000 ABŞ dolları barədə qeydin altında yazılmış 175.000 ABŞ dolları məbləğinin X3 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə görə ona yaranmış borc məbləği olduğunu bildirir. Lakin Cavabdeh2 bu əmlakın hazırda onun mülkiyyətində olduğunu və bundan əvvəl ona həmin əmlaka görə hər hansı məbləğdə borcunun olmadığını təsdiq edən maliyyə arayışının verildiyini qeyd edir. Hər bir halda, bu əmlaka görə hər hansı məbləğdə borc mövcud olsa idi, cavabdehə maliyyə arayışı verilməzdi və cavabdehə qarşı buna səlahiyyəti olan (binanı inşa edən) şəxs tərəfindən borcun tutulması tələbi ilə iddia qaldırılmış olardı. Bu da öz növbəsində həqiqətən də həmin məbləğdə borcun qaldığını şübhə altına alır. Həmçinin, qeyd edilməlidir ki, əlyazmanın 1-ci səhifəsində göstərilən məbləğlərin hesablanması nəticəsində dəqiq rəqəm olaraq 182.848 ABŞ dolları məbləği yaranmır. Belə ziddiyyətli halların mövcudluğu da iddia tələbinin bu hissədə əsassız olması qənaətinə gəlmək üçün əsas yaradır. Bununla yanaşı, məhkəmə, xüsusilə o halı da vurğulayır ki, iddiaçı cavabdehlərin X3 vərəsəsi olduğunu iddia edərək, bu məbləğin onlardan tutulmasını tələb edir. Buna baxmayaraq, X2 hər hansı əmlakın miras qaldığını və ya ondan miras qalmış hər hansı əmlakın hər hansı formada cavabdehlər tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəfindən də belə bir halın mövcudluğu müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda Cavabdeh2 mülkiyyətində bir ədəd mənzilin və 1 ədəd qeyri-yaşayış sahəsinin olması göstərilsə də, bu əmlakların məhz X2 ona miras qaldığı qeyd edilməmişdir. İddiaçı da bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlərə X2 hər hansı əmlak miras qalmamışdır. Bu baxımdan onlar borclu kimi X3 hər hansı kreditorunun (əgər belə bir şəxs varsa) mənafelərini ödəməyə borclu deyillər. Bu da öz növbəsində ümumilikdə iddianın rədd edilməsini şərtləndirir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, iddianın yuxarıda göstərilən səbəblərdən əsassız hesab edilməsi artıq iddia müddətinin tətbiq edilməsini istisna edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğu və iddiasının əsaslı olduğu halda belə, onun iddiası Cavabdeh2 aid hissədə məhz iddia müddəti tətbiq edilməklə rədd edilmiş olacaqdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmada məbləğlə bağlı son qeyd xx.xx.2012-ci il tarixdə aparılmış, lakin bu qeyd qarşısında hər hansı imza mövcud deyil. Qarşısında imza olan son qeyd isə xx.xx.2011-ci il tarixə aidddir. Hazırki iddia isə xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. Bu baxımdan bu qəbildən olan iddialar üçün müəyyən edilmiş nəinki 3 illik iddia müddəti, həmçinin ümumi, yəni 10 illik iddia müddətinin ötürüldüyü ehtimal edilir. Məhkəmə, iddia tələbinin “13.337 manat pulun tutulması” hissəsi ilə bağlı onu da qeyd edir ki, iddiaçı bu tələblə də cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində iddia tələbini bu hissədə də rədd edilməsi üçün əsas yaradır. Ümumiyyətlə, rəsmi olaraq payçı olmadığı bir halda, bu məbləğin məhz iddiaçı tərəfindən ödənilməsi anlaşılmazdır. Həmçinin, bu ödənişin iddiaçı tərəfindən aparılmasını təsdiq edən xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli qəbzlərə əsasən ödənişlər onun tərəfindən, lakin "xxxx" MMC-nin direktoru Əliyev Fazilin adından aparılmışdır. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə də eyni mövqedən yanaşır və bu tələbin həmçinin, törəmə tələb olmasını da nəzərə alıb, rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı Sami oğluna aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Sami oğluna aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar