Məhkəmə qərarları › İş №2(001)-257/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-257/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-257/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3000 manatın, mənəvi ziyana görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə 70 manatın tutulmasına, mənzilinə axıdılan suyun mənbəyinin müəyyən edilərək cavadbehin hesabına düzəldilməklə su axıntısına son qoyulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3000 manatın, mənəvi ziyana görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə 70 manatın tutulmasına, mənzilinə axıdılan suyun mənbəyinin müəyyən edilərək cavadbehin hesabına düzəldilməklə su axıntısına son qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Dəfələrlə üst qonşu tərəfindən iddiaçının mənzilinə, su axıntısı nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh faktiki yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilində hüquq normalarını kobud şəkildə pozması nəticəsində iddiaçının mənzilinə su axıtmışdır. Baş vermiş su axıntısının səbəbini aydınlaşdırması məqsədilə iddiaçı 113 saylı MKİŞ-nin rəhbərliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə 113 MKİŞ-in əməkdaşları tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və tərtib edilmiş aktla su axıntısı faktı öz təsdiqi tapmışdır. Müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilində yaşayan X2 və Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq su axıntısının qarşısı alınmır və heç bir tədbir görülmür. Nəticədə iddiaçıya məxsus mənzilə su axması nəticəsində mənzilə maddi ziyan dəymiş, mənzilin mətbəx, otaq, otaqda yerləşən dolab və işıq qutularında suyun axdığının şahidi olmuşlar. Qonşunun su axıtması nəticəsində iddiaçının mənzilinin döşəməsi islanaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçının mənzilinə 3000 manatdan çox ziyan dəymişdir. Ona görə də Cavabdeh maddi ziyana görə 3000 manatın, mənəvi ziyana görə 1000 manatın, ödənilmiş dövlət rüsumuna görə 70 manatın İddiaçı xeyrinə tutulmasına, iddiaçının mənzilinə axıdılan suyun mənbəyi tapılaraq cavadbehin hesabına düzəldilməsinə və iddiaçının mənzilinə su axıntısına son qoyulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, 10 ildir qonşusu olan cavabdeh 26 saylı mənzildən onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilinə su axıdır. Belə ki, qonşu mənzilini kirayə verir, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq mənzildə yaşayan sakinlər onun mənzilinə su axıtmaqda davam edirlər. Mənzilin mülkiyyətçisi olan X8 vəfat etmiş, mərhumun həyat yoldaşı Cavabdeh mənzildə yaşayır. Mülkiyyətində olan mənzil Xalq Sığorta ASC-də sığortalansa da, hadisədən sonra ona 183 manat sığorta ödənişi təklif edildiyindən o, cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 10 ildir o, qonşularının hərəkətlərinə dözür, dəfələrlə onlara suyun axıdılmasına son qoyulmasını desə də, nəticəsi olmamışdır. Bu müddət ərzində ona maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur. Belə ki, hər dəfə mənzilinə su axıdılarkən əsəb və ster yaşamışdır. Ona görə də iddia ərizəsinin tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xalq Sığorta ASC-nin vəkili və nümayəndəsi X7 iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verib izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan mənzil Xalq Sığorta ASC-də sığortalanmış, sığorta ödənişi olaraq iddiaçıya təklif olunan 183 manatı iddiaçı qəbul etməkdən imtina etmiş, bu səbəbdən iddiaçıya sığorta ödənişi ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1606 nömrəli reystr kitabının 147059 nömrəli vərəqində qeydiyyata alınmışdır. Binəqədi rayonu 113 saylı MKİS-in 293 saylı xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilində qeydiyyatdadır və oğlu X4 ilə həmin mənzildə yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzili Bakı şəhəri 20 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2008ci il tarixli 2V-1-54 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə X3 adına qeydiyyatdan keçmiş hal-hazırda mülkiyyətindədir. 113 saylı MKİS-nin rəisi M.Q.Qasımovun, sahə nəzarətçisi S.E.Hüseynovun, Z.Ə.Babayevin, Binəqədi RPİ-nin 6-cı PB-nin polis leytenantı E.A.Əliyevin tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilində yaşayan İddiaçı şikayəti əsasında göstərilən ünvana keçirilən baxış zamanı üst qatdan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilindən axan su nəticəsində 24 saylı mənzil islanmış, mənzilin dəhlizi, sanitar qovşağı su ilə dolmuş, dəhlizin tavanındakı alçiban su axması nəticəsində qabarıb yararsız hala düşmüşdür. 113 saylı MKİS-nin mühəndisi K.Nuriyevin, sahə nəzarətçisi S.E.Hüseynovun, Z.Ə.Babayevin, Binəqədi RPİ-nin 6-cı PB-nin polis leytenantı E.A.Əliyevin tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilində yaşayan İddiaçı şikayəti əsasında göstərilən ünvana keçirilən baxış zamanı üst qatdan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilindən axan su nəticəsində 24 saylı mənzil islanmış, mənzilin dəhlizi olmuş, dəhlizin tavanındakı alçiban su axması nəticəsində qabarıb, saralıb yararsız hala düşmüş, dəhlizin tavanında və divarlarında su izləri və ləkələr qalmaqdadır. xx.xx.2008-ci il tarixli ******* saylı qeydiyyat vəsiqəsinə əsasən 26 saylı mənzil X5 məxsusdur. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, X1 Nərgiz Şura qızının həyat yoldaşıdır. Rusiya Federasiyası Lipetsk vilayətinin Lipetsk şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8280 saylı rəyindən müəyyən olunur ki, mülki işin materiallarına əlavə edilmiş aktda göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə və 24 saylı mənzilin tikililərinin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 24 saylı mənzildən yuxarı mərtəbədə yerləşən 26 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 24 saylı mənzilə su sızması 26 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 26 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1161 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli PRM100143080 saylı əmlak sığortası şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzili Xalq Sığorta ASC-də sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərinin ölümündən sonra miras olaraq cavabdehin faktiki qəbul etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilinə su axıdılması nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. İddiaçı ona vurulan maddi ziyanın 3000 manat olmasını iddia etsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə vurulmuş maddi ziyanın 1161 manat olması müəyyən olunduğundan məhkəmə iddiaçının cavabdehdən maddi ziyana görə 1161 manat tələbini, iddiaçının mənzilinə su axıdımasının qarşısını almaq üçün cavabdehin öz mənzilində öz vəsaiti hesabına təmir işləri aparılmaqla su axıdılmasına son qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbini, əsaslı hesab edir təmin edir. Məhkəmə iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində, yəni iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus mənzildən mütəmadi olaraq su axıdılmasını, bu hərəktlərin qarşısının alınmamasını görən iddiaçının mənəvi iztirablar, sarsıntılar keçirməsi istisna edilmədiyindən iddia tələbi bu hissədə də əsaslıdır. Oan görə də məhkəmə iddiaçının cavabdehdən mənəvi ziyana görə tələb etdiyi 1000 manat vəsaiti ağlabatan və ədalətli məbləğ hesab edib bu tələbi də təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 70 manat olmaqla cəmi 2231 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 26 saylı mənzilində, su axıdılmasının qarşısını almaq üçün öz vəsaiti hesabına təmir işlərini aparmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 24 saylı evin 24 saylı mənzilinə su axıdılmasına son qoyulması vəzifəsi həvalə edilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar