Məhkəmə qərarları › İş №2(001)-2584/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2584/2021

27.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2584/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi olaraq 47653.126 (əsas borc 37320.586 + 2332.54 manat faiz pulu + 8000 manat əldən çıxmış fayda) manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 24.069,11 manat vurulmuş maddi ziyan, 1203,45 manat faiz borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı MMC ilə arasında olan şifahi razılaşmaya əsasən İddiaçı MMC-dən nisyə qaydasında şirniyyat və qənnadı məhsullarını götürərək pulunu 20 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən şirniyyat və qənnadı məhsullarının götürülməsinə dair İddiaçı MMCnin “Alınmış mallara görə hesablaşma vərəqəsi” kitabında qeydiyyat aparılmış və cavabdeh həmin kitabda borcunun olmasını təsdiq etmişdir. Cavabdeh 20 iyun 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cəmiyyətdə ticarət nümayəndəsi vzifəsində işləmişdir. Eyni zamanda cavabdeh ilə MMC arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh cəmiyyətin anbarında olan şirniyyat və qənnadı məmulatlarını xidmət göstərdiyi ticarət müəssisələrindən əvvəlcədən sifariş qəbul etməklə həmin malların sürücü ekspeditorlar tərəfindən ticarət obyektlərinə tam və keyfiyyətli çatdırılmasını yoxlayıb özünün cari uçot kitabına mədaxil etməklə həmin malların satışından əldə olunan pulları şirkətin xəzinəsinə tam ödənilməsinin təmin edilməsini üzərinə öhdəlik götürmüşdür. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə 04 fevral 2020-ci il tarixində xitam verilmişdir. Cavabdeh cəmiyyətdə ticarət nümayəndəsi işlədiyi dövr ərzində ümumilikdə 104579 manat məbləğində satış üçün mal götürmüşdür. Həmin məbləğdən cəmiyyətin kassasına ödənilmiş, endirim edilmiş , satışdan geri qaytarılma edilmiş, başqa əmlakla əvəzləşdirilmiş malların dəyəri ümumilikdə 80.509,89 manat təşkil edir. Hazırda cavabdehin cəmiyyətə 24069,11 manat məbləğində borcu qalmışdır. 04 may 2020-ci il tarixində Cavabdeh maliyyə-təsərrüfat fəaliyyətinin təftiş yoxlaması aparılmış, və Cavabdeh cəmiyyətə qalan borcunun 28569,11 manat olması müəyyən edilmişdir. Bundan sonraa qeyd edilən borcun ödənilməsi üçün dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh həmin məbləğdə borclu qaldığıını və qısa müddətdə borcunu ödəyəcəyini bildirsə də, borcunu ödəməkdən yayınmışdır.Əlavə olaraq bildirilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh özünəməxsus avtomobili borcunun bir hissəsi kimi əvəzləşdirilməsini xahiş etmişdir. Onun avtomobilinin dəyəri olan 4500 manat məbləğində pul vəsaiti 02 mart 2021-ci il tarixində cavabdehin MMC-yə borcu olduğu məbləğdən çıxılmış və hal-hazırda onun MMC-yə 24069,11 manat borcu qalmışdır. Cavabdeh borcu olduğu 24069,11 manat məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün illik 5 % məbləğində faiz ödəməlidir. Odur ki, cavabdeh ödənişi gecikdirdiyi 1 il üçün 1203,45 manat faiz borcunu MMC-yə ödəməldir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin məhkəmə iclaslarında izahatları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuşdur. Belə ki, cavabdeh 20.06.2019-cu ildən 04.02.2020-ci il tarixədək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdə Ticarət nümayəndəsi vəzifəsində çalışmışdır. Həmin MMC qənnadı məlumatlarının satışı ilə məşğul olan hüquqi şəxsdir. Cavabdehlə əmək müqaviləsi bağlanarkən onunla tam maddi məsuliyyət barədə müqavilə, eyni zamanda tərəflər arasında işçinin əmək funksiyası barədə əlavə razılaşma bağlanmış, həmin razılaşmada ticarət nümayəndəsinin vəzifə borcları, konkret olaraq isə işçinin əmək funksiyası göstərilmişdir, lakin razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilməmişdir. İddiaçı iddia edir ki, cavabdeh alınmış mallara dair hesablaşma vərəqəsinə əsasən firmadan malları götürərərək sifariş əsasında mağazalara paylamış, lakin götürülmüş malların dəyəri hal-hazıradək firmaya qaytarılmamışdır. Belə ki, cavabdeh cəmiyyətdə işlədiyi dövr ərzində ümumilikdə 104579 manat məbləğində malı qəbul etmiş, lakin firmanın kassasına ümumilikdə 80509.89 manat(endirim edilmiş, satışdan geri qaytarma edilmiş, başqa əmlakla əvəzləşdirilmiş malların dəyəri) mədaxil edilmişdir. Eyni zamanda iddiaçı iddia etmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh avtomobilinin əvəzləşdirilməsini xahiş etmiş və onun avtomobili 4500 manat məbləğində qiymətləndirilərək ümumi borcdan çıxılmışdır. Hal-hazırda cavabdehin firmaya götürülmüş malın əvəzinə görə 24069.11 manat borcu vardır və ondan əlavə olaraq illik 5 faizlə bir il müddət üçün 1203.45 manat əldən çıxmış fayda tələb edilir. İddia müddətinin ötürülməsi ilə bağlı məsələyə münasibətdə isə iddiaçı tərəf bildirmişdir ki, əvvəla həmin dövrdə karantin müddəti olmuş və onlar karantin qaydalarına əməl edərək işçilərinin, o cümlədən hüquq şöbəsinin işçilərinin işlərində gecikmələr olmuş və buraxılmış müddət cuzi olmuşdur. Bundan başqa cavabdehin borcu barədə məlumatı işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra, yəni 04 may 2020-ci ildə təftiş aparılarkən müəyyən edilmiş, bununla bağlı cəmiyyətin işçiləri tərəfindən müvafiq AKT tərtib edilmişdir. Bu baxımdan yanaşıldıqda iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişlər. Cavabdeh, onun nümayəndəsi və vəkili isə iddiaya etiraz edərək məhkəmə iclaslarında bildirmişlər ki, əvvəla iddiaçı hüquqi şəxs mühasibatlıq qaydalarına uyğun olaraq hesabat aparmamışlar. Belə ki, bu cür hesablaşmalar qanunvericiliklə təsdiq edilmiş ciddi hesabat blankları əsasında aparılmalıdır. Eyni zamanda cavabdehin zərər vurulmasına gətirən təqsirli hərəkətləri olmamışdır. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əmək münasibətlərinə 04.02.2020-ci ildə xitam verilməsinə baxmayaraq, iddia ərizəsi 12.02.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Bundan başqa cavabdehin avtomobili onunla əmək müqaviləsi bağlanarkən girov götürülmüş və sonradan iddiaçı firma tərəfindən satılmışdır. Girov dedikdə onunla gələcəkdə baş verə biləcək zərərin aradan qaldırılması üçün formal olaraq avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda cavabdeh tərəf bildirmişdir ki, avtomobil məsələsini onsuz da başqa məhkəmə icraatında mübahisələndirəcəkdirlər. Cavabdehin nümayəndəsi buraxılmış müddətin üzürlü hesab edilməsi barədə iddiaçının ərizəsinə etiraz edərək bildirmişdir ki, cavabdeh faktiki olaraq 2019-cu ilin dekabr ayından işə getməmişdir. Belə ki, təqdim edilmiş əmək haqqından çıxarış məlumatlarına əsasən işçiyə sonuncu dəfə 04.11.2019-cu il tarixdə əmək haqqı ödənilmişdir. Bundan başqa karantin dövrü olsa da məhkəmələr və digər xidmət orqanları fəaliyyət göstərmiş və həmçinin elektron məhkəmə sistemi fəaliyyətdə olmuşdur. Sonuncu məhkəmə iclasında cavabdeh bildirmişdir ki, onun əmək funksiyası malların sifarişini götürüb firmaya vermək və firmadan vaxtı keçmiş malları firmaya qaytarmaq, eyni zamanda satışdan əldə edilən pulları kassaya mədaxil etmək olmuşdur. Malların sifarişini firmaya verdikdən sonra onun iştirakı olmadan firmanın sürücüsü anbardan sifariş edilmiş malları sifarişçiyə çatdırır və o isə malları yerində yoxlayaraq, sifarişin düzgün həyata keçirilməsinə nəzarət etmişdir. İddia edilən borcun yaranmasına əsas isə, sifarişçinin yaranmış borcunu firmaya qaytarmaması olmuşdur. Belə ki, o, işlədiyi firmanın rəhbər şəxslərinin təkidi ilə inşaatçılardan yuxarıda yerləşən bir mağazaya mal vermiş və sonradan həmin mağaza bağlanmış və firmaya borcunu ödəməmişdir. Bu barədə rəhbərliyinə bildirdikdə ki, sizin təkidinizlə sizin tanışınıza mal verilmiş və hazırda həmin şəxs borcunu qaytarmır, ona bu sənin problemindi deyə cavab verilmişdir. Bundan sonra o, həmin mağaza sahibinə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə tərəflərin izahatını və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Araşdırılan mübahisə ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməmişdən əvvəl iddiaçının cavabdehdən tələb etmə ilə bağlı subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə, tam maddi məsuliyyət haqqında müqaviləyə və ticarət nümayəndəsinin vəzifə borclarının müyyən edilməsinə dair razılaşmaya istinad edərək işçi tərəfindən işəgötürənə maddi zərər vurulduğunu iddia edir və dəymiş zərəri tələb edir. Bununla bağlı əmək qanunvericiliyində aşağıdakı maddi hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 57-ci maddəsinə əsasən İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 206.1-ci maddəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət, eyni zamanda bu barədə müqavilə bağlandığı hallarda isə tam maddi məsuliyyət daşıması öhdəliyi vardır. Lakin maddi məsuliyyətin yaranması üçün 3 əsasın eyni zamanda mövcud olması zəruridir. Bunlar Əmək Məcəlləsinin 191.2-ci maddəsində sadalanmışdır. İşin hallarından göründüyü kimi işəgötürən işçidən onun sifariş əsasında firmadan götürdüyü və sifarişçiyə verdiyi malların dəyərinin ödənilməməsinə görə vurulmuş zərəri tələb edir. Vurulmuş zərərin məbləği ciddi hesabat blankları ilə təsdiq edilməsə də, işçi malı qəbul edərkən alınmış mallara görə hesablaşma vərəqəsinə imza etmişdir. Lakin əmək müqaviləsində işçinin malların dəyərini sifarişçidən ala bilmədikdə onun məsuliyyət daşıması barədə vəzifəsi təsbit edilməmişdir. Belə ki, əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyaları göstərilmişdir. Bundan başqa tam maddi məsuliyyət haqqında müqavilədə də işçinin verilmiş malların dəyərinin qeyd-şərtsiz almalı olması barədə məsuliyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda ticarət nümayəndəsinin vəzifə borcları barədə təsdiq edilmiş razılaşmada da, baxmayaraq ki, həmin razılaşma əmək müqaviləsinə daxil edilməmişdir, bu barədə hər-hansı qeyd yoxdur. Bütün bunlardan daha əhəmiyyətlisi odur ki, zərərin vurulmasında işçinin təqsiri müəyyən edilmir. Belə ki, işçinin zərər vurulmasına səbəb olan qanuna zidd əməli sübut edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə zərər vurması sübut edilmədiyindən həm vurulmuş zərərə, həm də bundan irəli gələn əldən çıxmış faydaya görə pul məbləğinin tutulması barədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, zərərin işçinin təqsiri ilə vurulması sübut edilməsə də, iddiaçının malı qəbul etmiş sifarişçilərdən malların dəyərini tələb hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar