Məhkəmə qərarları › İş №2(001)-259/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-259/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-259/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı evdə iki azyaşlı uşağı ilə istifadə etməklə yaşamaq hüququnu məhdudlaşdıran maneələrin, cavabdeh tərəfindən otaqlar arası salınmış arakəsmənin sökülməsi, otağa pəncərələrin açılması və torpaq sahəsində salınmış qanunsuz hasarın cavabdehin hesabına sökülməklə əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 26 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 13 aprel 2010-cu il təvəllüdlü Aylin və 26 oktyabr 2012-ci il təvəllüdlü Elxan adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Tərəflər arasındakı nihak 01 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, uşaqların analarının yanında saxlanmaları qərara alınmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən tikilinin alınması üçün birgə nikah dövründə verilmiş 16500 manat məbləğə və birgə vəsait hesabına sərf olunmuş 4000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməklə, həmin ünvanda yerləşən tikiliyə uşaqları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun uşaqları ilə birlikdə həmin ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqlı evə köçürülməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra o, evə köçürülərkən müəyyən edilmişdir ki, cavabdeh evin otaqlarını ayırmış, iddiaçının payına düşən torpaq sahəsinə hasar çəkərən istifadə hüquqlarını pozmuş, otağı yaşanılmayacaq vəziyyətə gətirmişdir. İddiaçı otağa gün işığının düşməsi üçün cavabdeh tərəfindən tikilmiş tikilini sökmüş, cavabdeh onun barəsində polisə şikayət etmiş, cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, iddiaçı həmin evdə istifadə hüquqlarının qorunması üçün cavabdeh tərəfindən tikilmiş arakəsmələrin və torpaq sahəsində olan hasarın cavabdehin hesabına sökülməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bərabər şəkildə bu hüququ realizə etməsi məqsədəmüvafiqdir. Cavabdehin yaratdığı maneələr nəticəsində iddiaçı uşaqları ilə birlikdə həmin otaqda yaşaya bilmir. Cavabdehin otaqları ayırması nəticəsində otağa gün işığı düşmür, torpaq sahəsində isə hasar çəkməklə ümumi istifadədə olan torpaq sahəsindən iddiaçını məhrum etmişdir. Həyətə giriş birbaşa yoldan evə düşür. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, mübahisələndirlən ev 2 otaqlıdır. O, iddiaçının həmin evə köçürülməsinə dair qətnamə çıxarıldıqdan sonra evin otaqlarını ayırmış, bir otağı özünə saxlamış, bir otağı isə iddiaçı üçün ayırmış, bütün şəraiti yaratmış, evin həyətini də tam ortadan bölmüş, iddiaçı üçün ayrıca giriş qapısı da qoymuşdur. Evin şəraiti bundan ibarətdir. İddiaçı istəyirsə, orada yaşasın, istəmirsə yaşamasın. Sonda Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Sübutlar: Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(001)-6113/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, İddiaçı uşaqları – 13 aprel 2010-cu il təvəllüdlü X3 və 26 oktyabr 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı evə köçürülmələri qərara alınmışdır. Məhkəmənin 10 oktyabr 2022-ci il tarixli, 2(001)-5102/2022 saylı qərardadına əsasən, evdə son 3 il ərzində konstruktiv dəyişikliklərin edilib-edilməməsinin, əgər dəyişiklik edilmişsə, hazırki halda evin iddiaçıya uşaqları ilə birlikdə yaşaması üçün ayrılmış hissəsinin havalaandırma, təbii və süni işıqlandırma tələblərinə cavab veribverməməsinin, mövcud vəziyyətdə iddiaçının həmin evin sanitar qovşağı və mətbəxdən maneəsiz istifadə etmək imkanının olub-olmamasının müəyyən edilməsi, habelə, əgər ayrılmış ərazi yaşayış normalarına cavab vermirsə, həmin evdə iddiaçının uşaqları ilə birlikdə yaşaması üçün hansı konstruktiv dəyişikliklərin edilməsinin zəruri olmasının müəyyənləşdirilməsi üçün mülki iş üzrə məhkəmə mühəndis-texini ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 10/7311 saylı müvafiq rəyində göstərilmişdir ki: - Evdə konstruktiv dəyişikliklər edidlyi (pəncərə və qapı boşluqları bağlanmış, arakəsm divar və tualet tikilisi və s. inşa olunmuşdur) müəyyən olunmuşdur. Lakin, təmirtikinti işlərinin aparılması müddətinin müəyyən edilməsinə dair metodika olmadığından, həmin dəyişikliklərin hansı müddət ərzində aparılmasını müəyyən etmək mümkün olmamışdır. - Faktiki vəziyyətdə evin iddiaçıya uşaqları ilə birlikdə yaşaması üçün ayrılmış hissəsində pəncərə olmadığından və yaşayış sahəsi 4 tərəfdən tikililər ilə əhatə olunduğundan və ayrıca elektrik xətləri ilə təmin olunmadığına görə, həmin hissədə faktiki vəziyyət üzrə havalandırma, təbii və süni işıqlandırma mümkün deyildir. - Mövcud vəziyyətdə iddiaçıya uşaqları ilə birlikdə yaşaması üçün ayrılmış hissə iddiaçının faktiki istifadəsində olan hissədən təcrid şəkildə ayrıldığına görə, iddiaçının cavabdehin faktiki istifadəsində olan hissədə inşa olunmuş mətbəx və sanitar qovşaqdan istifadə etməsi mümkün deyildir. Həmçinin qeyd olunur ki, iddiaçıya uşaqları ilə birlikdə yaşaması üçün ayrılmış hissədə olan sanitar qovşaqdan və mətbəxdən istifadə olunması sanitar qovşağın inşası və təmiri, mətbəxin isə təmiri başa çatdıqdan, qaz, su və elektrik ilə təmin edildikdən sonra mümkün olacaqdır. - İddiaçının uşaqları ilə birlikdə yaşaması üçün aşağıdakı konstruktiv dəyişikliklər aparılmalıdır:

1. Sanitar qovşağı inşası və təmiri başa çatdırılmalı, su və elektrik xətləri çəkilməli, küçə tərəfə olan divarda nəfəslik açılmalı;

2. Mətbəx bütövlükdə dəmir olunmalı, suyun və elektrik verilməsi bərpa olunmalı;

3. Yaşayış otağı bütövlükdə təmir olunmalı, elektrikin verilməsi bərpa olunmalı, faktiki olaraq cavabdehin istifadəsində olan həyətin (sahəsi 23.2 kv.metr olan) üzərinə vurulmuş dam örtüyü sökülməli, iddiaçının və cavabdehin faktiki istifadəsində olan yaşayış otaqlarının arasında olan divar boyunca yol istiqamətinə doğru hasar hörülməklə həmin hissə iddiaçının istifadəsinə verilməli, iddiaçının istifadəsinə verilmiş yaşayış otağının sonradan hörülərək bağlanmış pəncərəsi yenidən açılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək, hesab edir ki, iddianın qismən edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisələndirilən fərdi yaşayış evi qanunsuz tikili olmaqla, 2 otaqdan ibarətdir, cavabdeh həmin evdə yaşamaqla ondan maddi varlıq kimi faydalanır, iddiaçının isə uşaqları ilə birlikdə həmin evə köçürülməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qərara alınmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçının həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra evin bir otağını iddiaçı üçün ayırdığını, yaşamaq üçün həmin sahəyə bütün lazımi şəraiti yaratdığını bildirmişdir. Lakin, aparılmış ekspertiza ilə bunun əksi müəyyən edilmişdir. Belə ki, faktiki olaraq iddiaçıya ayrılmış sahədə normal yaşayış üçün şərait mövcud olmadığı, faktiki vəziyyət üzrə havalandırma, təbii və süni işıqlandırmanın mümkün olmadığı, cavabdehin faktiki istifadəsində olan hissədə inşa olunmuş mətbəx və sanitar qovşaqdan istifadə etməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, qətnamə ilə iddiaçının sözügedən evə köçürülməsi qərara alınsa da, tərəflərin həmin evdən bir-birindən təcrid qaydada istifadə qaydaları müəyyən edilməmişdir və hazırki iddia tələbi cavabdeh tərəfindən iddiaçının evdən istifadəsini məhdudlaşdıran maneələrin aradan qaldırılması, otaqlar arası salınmış arakəsmənin sökülməsi, otağa pəncərələrin açılması və torpaq sahəsində salınmış qanunsuz hasarın sökülməklə əvvəlki vəziyyətinə qaytarılmasından ibarətdir. Ekspert rəyi ilə tərəflərin həmin evdən bir-birindən təcrid qaydada istifadə etmələri üçün zəruri konstruktiv dəyişikliklərlə bağlı layihə tərtib olunsa da, məhkəmə iddia tələbini nəzərə almaqla hesab edir ki, rəydə göstərilənlərə uyğun istifadə qaydalarının müəyyən edilməsi hazırki mülki iş üzrə iddia tələbini təşkil etmir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının evdə yaşamaq hüququnun məhdudlaşdırılması ilə bağlı aparılmış konstiruktiv dəyişikliklər məhz cavabdehin hesabına ləğv edilməli, yəni cavabdeh tərəfindən bağlanmış pəncərə və qapı boşluqları açılaraq bərpa edilməli, eyni zamanda, cavabdeh tərəfindən evin həyətini ikiyə bölən hasar sökülməlidir. Cavabdeh tərəfindən iddiaçının istifadəsinə ayrılmış mətbəx və sanitar qovşaq hazırda istifadəyə yararsız olduğundan, iddiaçının evin həyətində olan, faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən mətbəx və sanitar qovşaqdan istifadəsinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, evin hər iki otağına elektrik xəttinin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia predmetini təşkil edən evdən tərəflərin birbirindən təcrid qaydada istifadə etmələri hazırki mülki iş üzrə aparılmış ekspertizanın müvafiq rəyində göstərilmiş layihəyə uyğun mümkün olsa da, layihədə bir neçə divarın sökülməsi, əlavə pəncərələrin açılması, otağın əsaslı təmir edilməsi, mətbəx və sanitar qovşağın su, qaz, elektrik xətti ilə təmin edilməsi və s. kimi işlərin görülməli olduğu göstərilmişdir. Bütün bu hərəkətlərin cavabdehin hesabına edilməsi üçün faktiki olaraq əsas olmadığından, evdən təcrid istifadə qaydaları tərəflərin qarşılıqlı razılıqları əsasında müəyyən edilməli, bu mümkün olmadıqda tərəflər “evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat cavabdehdən iddiaçının xeyrinə, məhkəmə mühəndis-texniki ekspertizası xərci olaraq 50 manat vəsaitin 45 manat hissəsi cavabdehdən, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı evlə bağlı Cavabdeh tərəfindən İddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşamaq hüququnun məhdudlaşdırılması ilə bağlı aparılmış konstiruktiv dəyişikliklər cavabdehin hesabına ləğv edilsin, yəni bağlanmış pəncərə və qapı boşluqları açılaraq bərpa edilsin. Eyni zamanda, Cavabdeh tərəfindən həmin evin həyətini ikiyə bölən hasar sökülsün. İddiaçı uşaqları ilə birlikdə evin həyətində olan, faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilən mətbəx və sanitar qovşaqdan istifadəsinə cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın, evin hər iki otağına elektrik xəttinin verilməsi cavabdeh tərəfindən təmin edilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh, 5 manat məbləğində pul vəsaiti isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar