Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2590/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (bundan sonra Binəqədi rayon MKTB) Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Binəqədi rayon MKTB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 binanın zirzəmisinin cavabdehə məxsus hissəsində sökülmüş qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən 174 kv.metr qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh tərəfindən təmir-yenidənqurma işləri zamanı texniki pasportda göstərilən qapı boşluqları genişləndirilmişdir. Bununla bağlı bina sakinləri kollektiv şəkildə Binəqədi rayon İcra Hakmiyyətinə və Fövqəladə Hallar Nazirliyinə və digər instansiyalara müraciət edərək, binalarının zirzəmisində özbaşına tikilinin aparılması pəncərə və digər oyuqlar açılmasını qeyd etmiş, tədbir görülməsini xahiş etmişlər. Göstərilənlərlə bağlı araşdırma aparılmış və qeyd olunanlar təsdiq edilmişdir. Belə ki, müəyyənləşdirilmişdir ki, zirzəmidə qapı boşluqları genişləndirilmişdir. Bundan sonra MTKB-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq yenidən planlaşdırılmanın buna lazımi icazələr almadan və şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina kimi qiymətləndirmiş, MKTB-nin maraqlarına toxunduğuna görə sahibinin şəxsi vəsaiti hesabına bərpası zəruriliyi cavabdehə bildirilməklə, bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiklərini bildirib, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.F.Niftullayev iddianı qismən qəbul etdiklərini bildirərək, iddianın mütəxəssis rəyində göstərilənlərə uyğun təmin edilməsinə etiraz etmədiklərini, təmir-gücləndirmə işlərinə hazır olduqlarını bildirdi. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 174 kv.metr olan qeyri-yaşayış sahəsi 22 yanvar 2021-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi rayon MKTB-yə ünvanlandırdığı 07 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “...Vətəndaşların rayon İcra Hakimiyyətinə əvvəlki müraciətləri əsasında qeyd edilən ünvana keçirilmiş baxış zamanı aidiyyəti qurumlardan rəsmi rəy alınmadan arakəsmələrin sökülməsi və yükdaşıyıcı divarlara müdaxilə edilməsi faktının öz təsdiqini tapdığı məlum olmuşdur. Arakəsmələrin sökülmüş hissələrinin əvvəli vəziyyətdə bərpa olunmasının təmin edilməsi Sizə dəfələrlə həvalə olunmasına baxmayaraq, məsələ ilə əlaqədar bu günə kimi tərəfinizdən hər hansı bir tədbir görülməmişdir...” - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlandırılmış 17 yanvar 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “... Mütəxəssislərimiz tərəfindən qeyd edilən ünvana keçirilmiş baxış zamanı zirzəmi mərətəbəsində təmir və yenidənqurma işləri zamanı texniki pasportda göstərilən qapı boşluqlarının genişləndirilməsi faktı təsdiqini tapmışdır...” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(001)- 2590/2023 saylı qərardadına əsasən, iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, rəyin verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmiş, mütəxəssislər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 2 saylı binanın 1-ci girişinin zirzəmi mərtəbəsində cavabdehə məxsus hissəsində texniki pasportda təsvir olunan qapı boşluqları genişlənibmi?.
2. Genişlənibsə həmin genişlənmə tikinti norma və qaydalarına uyğundurmu?
3. Genişlənmə ilə bağlı baş vermiş dəyişiklik binanın konstruktiv və digər təhlükəsizlik göstəricilərinə mənfi təsir göstərirmi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə məktub ünvanlayaraq, mütəxəssis rəyinin verilməsinin onların səlahiyyətlərinə aid edilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2023-cü il tarixli müvafiq rəyində göstərilmişdir ki: - Yükdaşıyan divarların qalınlığı 0,4 metr olmaqla, beton bloklardan yerinə yetirilmişdir. Baxış zamanı binanın dəmir-betondan olan əsas yükdaşıyan konstruksiyasında müdaxilə izləri, çat və deformasiyalar müşahidə edilmədi. - Birinci sual üzrə - ünvan 4 ünvanda yerləşən 9 mərtəbəli binanın zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 5,6,7,8,9,10,11 və 12 saylı otaqlrında qalınlığı 0,4 metr olan beton bloklarda mövcud qapı boşluqlarının genişləndirilməsi (müdaxilə izləri) müşahidə edildi. Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə məxsus texniki pasportda (reyestr nömrəsi **********50-05101-083002) qapı boşluqlarının ölçüləri göstərilmədiyindən və binanın ilkin layihə sənədləri təqdim edilmədiyindən qapı boşluqlarının hansı ölçüdə genişləndirilməsini müəyyən etmək mümkün olmadı. - İkinci sual üzrə - Həmin qeyri-yaşayış sahəsinin 5,6,7,8,9,10,11 və 12 saylı otaqlarında mövcud qapı boşluqları təhlükəsizlik tədbirləri (gücləndirmə işləri) görülmədən – tikinti norma və qaydalarına əməl edilmədən genişləndirilmişdir. Yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədilə genişləndirilmiş qapı boşluqlarının ətrafının müvafiq layihə əsasında gücləndirilməsi məqsədəuyğun hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Maddə 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Maddə 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi; 7.0.3. ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; 7.0.4. şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; 7.0.5. tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; 7.0.6. ictimaiyyətin məlumatlandırılması. Maddə 67.1. Tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir. Maddə 67.2. Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, təqdim edilmiş iddia ərizəsi iki hissədən ibarətdir - ünvan 4 binanın zirzəmisinin cavabdehə məxsus hissəsində sökülmüş qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməyi cavabdehin üzərinə həvalə etmək; - həmin işləri ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə əldə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlandırılmış 17 yanvar 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “... Mütəxəssislərimiz tərəfindən qeyd edilən ünvana keçirilmiş baxış zamanı zirzəmi mərətəbəsində təmir və yenidənqurma işləri zamanı texniki pasportda göstərilən qapı boşluqlarının genişləndirilməsi faktı təsdiqini tapmışdır...” Bu hal cavabdeh tərəfində də mübahisələndirilmir. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2023-cü il tarixli müvafiq rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunmuşdur ki, “ünvan 4 ünvanda yerləşən 9 mərtəbəli binanın zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 5,6,7,8,9,10,11 və 12 saylı otaqlrında qalınlığı 0,4 metr olan beton bloklarda mövcud qapı boşluqlarının genişləndirilməsi (müdaxilə izləri) müşahidə edildiyi, həmin qeyri-yaşayış sahəsinin 5,6,7,8,9,10,11 və 12 saylı otaqlarında mövcud qapı boşluqları təhlükəsizlik tədbirləri (gücləndirmə işləri) görülmədən – tikinti norma və qaydalarına əməl edilmədən genişləndirildiyi qeyd olunaraq, yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədilə genişləndirilmiş qapı boşluqlarının ətrafının müvafiq layihə əsasında gücləndirilməsi məqsədəuyğun hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 4 binanın zirzəmisinin cavabdehə məxsus hissəsində sökülmüş qapı boşluqlarının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(001)-2590/2023 saylı mülki iş üzrə verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2023-cü il tarixli müvafiq rəyi nəzərə alınmaqla bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi Cavabdeh üzərinə həvalə edilməlidir. İddia tələbinin bərpa-gücləndirmə işlərinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, sözügedən layihə nə məhkəməyə nə də iş üzrə mütəxəssis rəyi alınması zamanı mütəxəssisə təqdim edilməmişdir. Ümumiyyətlə belə layihənin mövcudluğu ilə bağlı iddiaçı heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə iddianın bu hissəsini əsassız sayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 binanın zirzəmisinin cavabdehə məxsus hissəsində sökülmüş qapı boşluqlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2023-cü il tarixli müvafiq rəyi nəzərə alınmaqla bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsi Cavabdeh üzərinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 4 binanın zirzəmisinin Cavabdeh məxsus hissəsində sökülmüş qapı boşluqlarının (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 05 sentyabr 2023-cü il tarixli müvafiq rəyi nəzərə alınmaqla) bərpagücləndirmə işlərinin yerinə yetirilməsi Cavabdeh üzərinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev