Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-260/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçının atası Məhərrəmov Saleh Məhərrəm oğlu 1999-cu ildə ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi almışdır. Həmin vaxt o, keçmiş həyat yoldaşından yenicə ayrıldığından torpağın onun adına sənədləşdiriləcəyi halda gələcəkdə hər hansı problemlər yarana biləcəyini fikirləşmiş, həmin torpaq sahəsinin xalasının həyat yoldaşı olan Cavabdeh adına sənədləşdirmək barədə qərar qəbul etmişlər. Onlar torpağın alınması, qaz xəttinin həyətdən çıxarılması, əlavə olaraq yenidən torpağı aldıqları adamlara, torpağın və evin çıxarışının alınması üçün pul xərcləmişlər. Bundan əlavə ünvanın alınması üçün 5000 manat pul xərcləmişlər. Həmin torpaq sahəsində 1999cu ildən 2001-ci ilə qədər təmir-tikinti işləri aparılmışdır. 2001-ci ilin sentyabr ayından isə onlar tikdikləri evə köçmüşlər və bu günə kimi həmin evdə yaşayırlar. Evin təmirində və tikintisində iştirak edən ustalar evin onlar tərəfindən tikilməsini təsdiq edə bilərlər. Son bir ilə kimi Cavabdehla aralarında heç bir narazılıq olmamışdır. Hətta Cavabdeh bir neçə qohumlardan evi onun adından çıxarıb onların adlarına keçirilməsini xahiş etmişdir. Bununla bağlı Zəfər ona xx.xx.2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında o, evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair çıxarış da alımışdır. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 m2 olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirməyə vaxtı olmamışdır. Cavabdeh bu haldan suiistifadə edərək İddiaçı qarşı evin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-127/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, onun, yəni İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması, İddiaçı məhkəmə xərclərinə görə 300 manatın Cavabdeh xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, yəni o, apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4799/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)- 4086/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmənin qərarına görə cavabdeh mübahisəli torpaq sahəsində öz vəsaiti ilə fərdi yaşayış evi tikərək 24 ildən artıq olan müddətə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etdiyini bildirmişdir. İddiaçı isə belə tikilinin aparılmasına etiraz etməmiş və özü də qəbul etmişdir ki, fərdi yaşayış evi məhz cavabdeh tərəfindən tikilmişdir. Belə olduğu halda, apellyasiya məhkəməsi fərdi yaşayış evinin məhz cavabdeh tərəfindən tikilməsi və uzun müddət iddiaçının razılığı ilə orada yaşaması və iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli, tikilinin sökülməsinin nəticəsi olaraq cavabdeh tərəfin kompensasiya almaq hüququnun olub-olmamasını aydınlaşdırmalı idi. Lakin bununla bağlı qətnamədə qiymətləndirmə aparılmamışdır. Apellyasiya məhkəməsi yalnız qeyd etmişdir ki, tikilini aparmış şəxs etirazında göstərilənləri (zərərin əvəzinin ödənilməsi) ayrıca iddia qaydasında iddia tələbi irəli sürə bilər. Əgər məhkəmə həqiqətən tikilinin cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən aparılması qənaətinə gəlmişsə, məhz həmin şəxsin işə cəlb olunmasını təmin etməli, yuxarda göstərilən dəlillərin yoxlanmasını həmin şəxsə münasibətdə aparmalı idi. Lakin məhkəmə belə cəlb etməni təmin etmədən fərdi yaşayış evinin sökülməli olması qənaətinə gəlmişdir. Onun cavabdehlə dəfələrlə profilaktik söhbət aparmasına baxmayaraq artıq o, evi sənədləşdirməkdən imtina etdiyini, evin onun mülkiyyətinə heç vaxt keçirməyəcəyini bildirmişdir. O, öz hesabına torpaq sahəsi almış, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, həmin evdə əsaslı təmir-tikinti işləri aparmış, eyni zamanda həyətyani sahədə tikili və qurğular inşa etdirmişdir. Həmçinin onun tərəfindən həyətyani sahədə abadlıq işləri aparılmışdır. Onun tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həşimov küçəsi, ev 29 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 m2 olan fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət olunmuş və mütəxəssis rəyi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həşimov küçəsi, ev 29 ünvanında 0.06 ha torpaq sahəsinin və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 m2 olan fərdi yaşayış evinin bazar dəyəri 600000 (altı yüz min) manat müəyyən edilmişdir. O, halhazırda həmin ünvanda yaşayır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 kv.m olan fərdi yaşayış evinə görə dəymiş 600.000 (altı yüz min) manat məbləğində maddi ziyanın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 890 manat dövlət rüsumunun Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəklərini əsas gətirərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəyə üzrlü səbəblər barədə hər hansı sübutların əlavə edilmədiyini, işin məhkəmə icraatının isə bir ildən artıqdır ki, əsassız şəkildə uzandığını əsas gətirərək, bu günə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, işin yekunlaşdırılması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4086/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-127/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-4086/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(103)-1866/2024 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan (hakim İkram Şirinov) iddiaçı Cavabdeh İddiaçı qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(001)-3661/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 10/5816 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 kv.m olan fərdi yaşayış evi üzrə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 124353 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Zəfər Sirac oğlunun iş yoldaşı olmaqla yanaşı, "xxxx" MMC-də 1990-cı ildən 2004-cü ilədək bir yerdə işlədiklərini, Cavabdeh ev tikmək üçün 2000-ci ildə 40 kub beton verdiyini, lakin Zəfər tərəfindən tikilən evdə olmadığını, tikinti işlərinin aparılmasının şahidi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə alaraq ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki günədək qanuni qüvvəsini almamış, həmin qətnamə mübahisələndirilmiş və hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmaqdadır, iş üzrə müvafiq məhkəmə aktlarına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbləri baxımından istinad edilməsi mümkün olmadığından, məhkəmə həmin məhkəmə aktlarında olan tərəflərin izahatlarının və şahid ifadələrinin sübut qismində nəzərə alınmasını və həmin işlər üzrə müəyyən edilmiş işin faktiki hallarına istinad edilməsini prosessual qənaət və hüquqi müəyyənlik prinsipləri baxımından məqsədə müvafiq hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə obyektiv qərarın qəbul edilməsi məqsədilə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqları izah edilmiş, işə aid olan sübutların məhkəməyə təqdim edilməsi xahiş edilsə də, iddiaçı tərəfindən şahidlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iş materiallarında olan məhkəmə aktları müqayisəli şəkildə tədqiq edilmiş, məhkəmə aktlarında olan tərəflərin izahatları, iş materiallarında olan sübutlar, həmçinin şahid qismində dindirilmiş şəxslərin məhkəmə iclaslarında vermiş olduqları ifadələr nəzərdən keçirilmişdir. Bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlardan, müvafiq məhkəmə aktları ilə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflər arasında qohumluq münasibətləri olmuş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli 349 saylı sərəncamına əsasən Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m² torpaq sahəsi ayrılmışdır.Cavabdeh ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 219,10 m² olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 23428 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Tərəflər arasında münasibətlər normal olsa da, Cavabdeh tərəfindən ünvan 2 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X8 bağışlandığından tərəflər arasında münasibətlər pozulmuş, bu səbəbdən də, Cavabdeh İddiaçı qarşı evin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, 5 nəfər ailə üzvü ilə sahəsi 29,5 m² olan 2 otaqlı mənzildə yaşayır, həmin mənzil onun ailəsinin normal yaşaması üçün darısqallıq edir. Mənzil növbəsinin ləğv olunduğu, X3 üçün mənzil şəraitinin yaxşılaşdırılmasına görə xx.xx.2000-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətində ərizə ilə müraciətinə baxılaraq, Binəqədi RİH-nin xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində ona fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Yaşayış evinin tikintisi üçün həmin vaxt maddi imkanı olmadığından qohumu Saleh həyat yoldaşı Fəridənin ürək çatışmamazlığından əziyyət çəkdiyini və yaşadıqları Yasamaldakı mənzilin binanın 9-cu mərtəbəsində olduğunu əsas gətirib torpaq sahəsinin bir tərəfində hələlik ev tikərək yaşamaq istədiklərinə icazə verməsini ondan xahiş etmiş, o, da razılaşmış, Salehə ev tikməkdə yardımçı olmuşdur. Kommunal xidmətlərdən istifadə etmək üçün (qaz, işıq, su, telefon) ona notarial qaydada etibarnamə vermiş və sair köməklik etmişdir. Salehlə tikdikləri evin ümumi sahəsi 195 m² təşkil edir. Təxminən 400 kv.metr həyətyanı sahə qalır. O, torpaq sahəsinin digər tərəfində özü və ailəsi üçün ev tikmək qərarına gəlmiş, bu vaxt Araz ona hər vasitə ilə mane olmağa başlamış, səbəbini güya torpağı alarkən kiməsə pul veməsi ilə izah etmişdir. Araz ona hədə-qorxu gəlməyə başladığından o, məhkəməyə müraciət etmişdir. Araz 20 ildir təmənnasız olaraq ona məxsus torpaqda yaşayır, indi isə əmlakına yiyələnmək istəyir. O, 2002-2003-cü illərdə evin bünövrəsini qoymuş, karkasını qurmuş, beton tökmüş, evin qalan hissələrini Arazın atası tikmiş, həmin vaxt mehriban olduqlarından o, qohumlarına etibar etmişdir. Torpaqda 2 mərtəbəli, 1 zaldan ibarət 2-3 otaqlı, kommunal xidmətləri həyətdə olan ev tikilmişdir. O, Araza torpağın 3 sotunun ona verilməsini, qalan 3 sotun və evin Salehə verilməsini təklif etmiş, lakin onun təklifi ilə razılaşmamışlar. Ona görə də ünvan 4 ünvanında yerləşən və xüsusi mülkiyyətində 0.06 ha ölçüdə olan torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərindəki tikililərin boş vəziyətdə ona təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərci olan 200 manatın cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə tədqiq edilmiş sübutlar sırasında olan hədiyyə verən Cavabdeh ilə hədiyyə alan X10 arasında bağlanmaqla Bakı şəhəri 27 saylı notariat ofisində 4Ə-690 reyestr № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən ünvan 3 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini hədiyyə alana bağışlamışdır. Həmin mülki iş üzrə şahidlər X11, X4, X12 və digərləri analoji ifadə verərək, mübahisəli evin Cavabdeh tərəfindən alınmış torpaq sahəsində Cavabdeh tərəfindən tikildiyini bildirsələr də, məhkəmə bu ifadələri Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, mülkiyyətçi mülkiyyətində olan əmlaka qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan iddiaçının cavabdehə qarşı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və tikililərdən çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir. Həmçinin həmin qətnamədə məhkəmə Cavabdeh izah etmişdir ki, ünvan 2 ünvanında inşa edilmiş tikililərə sərf olunmuş vəsaiti həmin xərci çəkən şəxsin mülkiyyətçidən tələb etmək hüququ vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırda iddiaçı Cavabdeh İddiaçı həmin tikililər (fərdi yaşayış evi, qaraj və s.) və onların yerləşdiyi torpaq sahəsindən çıxarılmasını tələb edir və tələbini belə əsaslandırır ki,cavabdeh həmin ünvanda yaşamaqla onun öz mülkiyyətlərindən maneəsiz istifadə etməsinə mane olur, onu həmin sahəyə buraxmır və bununla da iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsində hazırda onun razılığı olmadan yaşayaraq istifadə edir və bu hal iddiaçının qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnir. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından həmçinin görünür ki, mübahisə olduğundan iddiaçı özünə məxsus torpaq sahəsinin 0,03 ha hissəsini oğluna bağışladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsinin bölgüsü ilə bağlı sxemin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı hazırkı iddianı qaldıraraq cavabdehin həmin əmlakı boşaltmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onunla cavabdeh arasında həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcudluğu barədə sübutlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında tərəflər öz izahatlarında və şahid qismində dindirilmiş şəxslər öz ifadələrində qeyd olunan fərdi yaşayış evinin tikintisinə Məhərrəmov Saleh Məhərrəm oğlu tərəfindən vəsait xərcləndiyini bildirmişlər. Yəni cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintisində də iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı nümayəndəsi tərəfindən mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-4086/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsində öz vəsaiti ilə fərdi yaşayış evi tikərək 24 ildən artıq olan müddətə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etdiyini bildirmişdir. İddiaçı isə belə tikilinin aparılmasına etiraz etməmiş və özü də qəbul edir ki, fərdi yaşayış evi məhz cavabdeh tərəfindən tikilmişdir. Belə olduğu halda, apellyasiya məhkəməsi fərdi yaşayış evinin məhz cavabdeh tərəfindən tikilməsi və uzun müddət iddiaçının razılığı ilə orada yaşaması və iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli, tikilinin sökülməsinin nəticəsi olaraq cavabdeh tərəfin kompensasiya almaq hüququnun olubolmamasını aydınlaşdırmalı idi. Lakin bununla bağlı qətnamədə qiymətləndirmə aparılmamışdır. Apellyasiya məhkəməsi yalnız qeyd etmişdir ki, tikilini aparmış şəxs etirazında göstərilənləri (zərərin əvəzinin ödənilməsi) ayrıca iddia qaydasında iddia tələbi irəli sürə bilər. Əgər məhkəmə həqiqətən tikilinin cavabdeh tərəfin deyil, başqa şəxs tərəfindən aparılması qənaətinə gəlmişsə, məhz həmin şəxsin işə cəlb olunmasını təmin etməli, yuxarda göstərilən dəlillərin yoxlanmasını həmin şəxsə münasibətdə aparmalı idi. Lakin məhkəmə belə cəlb etməni təmin etmədən fərdi yaşayış evinin sökülməli olması qənaətinə gəlmişdir. Digər tərəfdən Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətində istinad olunan dəlilləri üzrə ümumiyyətlə araşdırma aparılmamışdır. Məhkəmə sübutların mümkünlüyü prinsipinə və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq, mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh mülkiyyətçisi olduğu ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219.10 kv.m olan fərdi yaşayış evinin təmir-tikintisinin hazırki iş üzrə iddiaçı tərəfindən həyata keçirilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, İddiaçı Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib olaraq həmin evin təmir-tikintisinə sərf etdiyi pul vəsaitlərini geri tələb etməkdə haqlı olduğu üçün iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli, 10/5816 nömrəli ekspert rəyində həmin evin təmirtikintisinə hesablanmış 124353 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iddia tələbi “torpaq sahəsinin dəyərinin ödənilməsi” hissəsində iddiaçı tərəfindən torpaq sahəsinin alınması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 124353 (bir yüz iyirmi dörd min üç yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 890 manat dövlət rüsumunun 21%-i, yəni 187 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 79%i, yəni 703 manatı iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 21%-i, yəni 21 manatı Cavabdeh, qalan 79%-i, yəni 79 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-260/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-260/2025
27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver