Məhkəmə qərarları › İş №2(001)-2606/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2606/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2606/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində xadimə və uşaq baxıcısı kimi fəaliyyət göstərən Cavabdeh ona olan etibardan sui-istifadə edərək haqqı olmayan 100 manat vəsaiti mənimsəmişdir. Belə ki, haqqında bəhs olunan xanım bir müddətdir ki, iddiaçının yaşadığı mənzildə azyaşlı övladına dayə xidmətləri göstərirdi. Həmin müddət ərzində 12 dəfə müxtəlif zamanlarda və müxtəlif səbəblərlə yarım gün olmaqla evə tez getmək zərurətininin olduğunu bildirmişdir. İddiaçı tərəfindən hümanistlik nümayiş etdirilərək həmin günlərdə Mələk xanıma icazə verilmiş və buna əvəzi növbəti günlərdə əlavə işə çıxmaqla və ya artıq işləməklə kompensasiya edilmək şərti ilə razılıq verilmişdir. Həmin aylar üzrə xidmət haqqı ödənişlərində heç bir tutulma tətbiq edilmədən tam ödəniş olunmuşdur (aylıq 400 manat). Lakin, buna baxmayaraq Mələk xanım əldə edilmiş razılığı yerinə yetirməmiş və hər ay Mələk xanımın 12 yarım iş gün borcu bir sonrakı aya ertələnmişdir. Nəhayət 30 oktyabr 2020-ci il tarixində Mələk xanımla son haqqhesab aparılarkən müvafiq günlərin əvəzini, danışıq əsnasında əldə olunmuş razılaşmaya əsasən müəyyən olunmuş qrafik üzrə (noyabrın 2-dən başlayaraq 14 noyabradək) mütləq əlavə gəlib xidmət göstərməklə ödəyəcəyinə dair öhdəlik götürərək aylıq ödənişini tam olaraq yəni sonuncu ay üzrə işləmiş olduğu 13 tam iş günü (gününə 18 manat 18 qəpik olmaqla) 237 manat ödənilməsini xahiş etmişdir. Qeyd olunan vəsaitin 109.08 manatlıq hissəsi (12 yarım gün olmaqla) Mələk xanımın götürdüyü öhdəlik üzrə əlavə işə çıxmaqla ödəyəcəyi borcudur. Baxmayaraq ki, Mələk xanımın əmək haqqı üzrə ödəniş günü 14 noyabr tarixinə təsadüf edirdi yenə də hümanistlik nümayiş etdirərək ona çatası vəsaitin 14 noyabra qədər gözlədilmədən 2 noyabrda verilə biləcəyi iddiaçı tərəfindən bildirilmişdir. Mələk xanım sağollaşarkən yol pulunun olmadığını əsas gətirərək avans istəmiş və xanımın bu xahişi növbəti dəfə iddiaçı tərəfindən anlayışla qarşılanmış və ona 20 manat avans ödənilmişdir. Bundan sonra Mələk xanım 03 noyabr tarixində iddiaçının mənzilinə gələrək sövdələşmələri üzrə geri qalan 217 manat vəsaiti almış və öhdəliyi üzrə 12 yarım gündən bir yarım günü xidmət göstərməklə ödəmişdir. Lakin, 03.11.2020 tarixindən 16.11.2020 tarixinədək keçən müddət ərzində Mələk xanım iddiaçının evinə gəlməmiş və eyni zamanda gəlməməyinin səbəbini hər hansı bir rabitə vasitəsi ilə iddiaçıya bildirməmişdir. 16.11.2020 tarixində saat 22:00 radələrində iddiaçı tərəfindən Mələk xanımla əlaqə saxlanılmış və Mələk xanımın qrafik üzrə icra etmədiyi öhtəliyinə müqabilində 100 manat vəsaitin geri ödənilməsi tələb olunmuşdur. Lakin Mələk xanım tələb olunan vəsaitin geri ödənməsindən qərəzli şəkildə imtina etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, bu hal Mələk xanımın törətdiyi birinci hal deyildir. Belə ki, Mələk xanımın şəxsən özünün etiraf etdiyinə görə daha öncə işlədiyi iş yerlərində ev sahiblərindən qabaqcadan avans alaraq işi tərk etmiş və vəzifə öhtəliyini yerinə yetirməmişdir. İddia ərizəsinə əlavə olunan, təhlükəsizlik kamerasının 30.10.2020 tarixinə qeydə aldığı video qeydlərin 26:02-ci və 26:43-cü dəqiqələrində bu məqamlar qeyd olunub. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onu qarşılıqlı iddia üzrə cavabdehlə ortaq tanışları əlaqələndirdlər. Ortaq tanışları ona bildirdilər ki, ilkin iddia üzrə iddiaçı evində rəsmi müqavilə əsasında işləməyə işçi axtarır. Həmin vaxt işsiz olduğuna görə belə bir qanuni iş təklifi məni qane etdiyindən razılaşdı. İlkin danışıqları o oldu ki, İddiaçı onunla əmək müqaviləsi bağlamaqla aylıq bütün vergi və öhdəliklər çıxılmaqla tam olaraq 400 manat əmək haqqı ödəməklə evinə xadimə kimi işə götürəcəkdir. Fəaliyyətə başlayan kimi ondan şəxsiyyət vəsiqəsini aldı ki, əmək müqaviləsini elektron qaydada həll edəcəkdir. Lakin, dəfələrlə yadına salsa da, aylar keçmiş olsa da, Şahsənəm xanım dediyini etmədi, yəni onunla rəsmi müqavilə bağlamadı. Karantin müddətində belə qarşılıqlı iddia üzrə iddiaçını onun evində işləməyə vadar etmiş, ilkin iddiaçı son iki aylıq əmək haqqını ümumiyyətlə ödəməmişdir. Sonradan müxtəlif bəhanələrlə ev əşyalarının güya onun ucbatından xarab olması, sınması bəhanələr edərək ondan pul tələb etməyə başladı. Ona səsli mesajlar ataraq hədə-qorxu gələrək pul tələb edirdi. Yazdıqlarının əksəriyyəti böhtan və yalan olmasına baxmayaraq İddiaçı özü imzaladığı ərizə ilə təsdiq etmişdir ki, o həqiqətən də qarşılıqlı iddia üzrə iddiaçını işçi kimi işə götürmüş, bütün bu aylar ərzində onunla əmək müqaviləsi bağlamadan onu işə cəlb etmiş, onun hüquqlarını qəsdən və kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, həqiqətən də, İddiaçı evində işləmiş, onlar 400 manat əmək haqqı barədə razılaşmışlar və o, ona aylıq ödənilməli olan pulun bir hissəsini qabaqcadan almışdır. Halhazırda onun İddiaçı 9 iş günü borcu var, bu da təxminən 100 manat pul edir. Həmin pulu o, İddiaçı verməyə razıdır. Lakin belə olan halda İddiaçı da ona borclu olduğu pulları ona qaytarmalıdır. Belə ki, o, İddiaçı öz hesabına aldığı süd məhsullarını gətirmiş, ayaqqabısını təmir etdirmiş və pulunu almamışdır. Bundan əlavə İddiaçı uşağı onun mobil telefonunu xarab etməklə ona maddi ziyan vurmuşdur. Lakin, o, hal-hazırda həmin pullardan imtina edib, İddiaçı borclu olduğu 100 manatla əvəzləşdirməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, hər iki tərəfin məhkəmə iclasında təsdiq etdiyi kimi, Cavabdeh İddiaçı müəyyən xidmətlərin göstərilməsi üçün pul almış, lakin həmin xidmətləri tam həcmdə göstərməmiş və İddiaçı 100 manat məbləğində pul borclu qalmışdır. Bu işin mübahisələndirilməyən hallarındandır və tərəflərin izahatlarından əlavə iş materiallarına əlavə edilmiş video yazı ilə də təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin “30 oktyabr 2020-ci il tarixdən bu günə kimi həmin vəsaitdən qanunvericiliyə uyğun şəkildə hesablanmış faizlərin ondan tutularaq mənə ödənilməsi” hissəsinin qanuni əsası mövcud deyil. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində İddiaçı son aylıq 400 manat əmək haqqının, ödənilmiş dövlət rüsumunun və vicdansızcasına iddia qaldırdığına görə 80 manat məbləğində pulun tutulmasını tələb etsə də, məhkəmə iclasında verdiyi izahatında bu barədə ümumiyyətlə heç nə bildirməmiş, İddiaçı ayaqqabının təmirinə və süd məhsullarının alınmasına xərclənmiş pulun, eyni zamanda xarab olmuş mobil telefonun dəyərinin əvəzinin ona ödənilməsini tələb etmiş və bildirmişdir ki, həmin pul məbləğlərinin onun İddiaçı borclu olduğu 100 manatla əvəzləşdirməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh İddiaçı tərəfindən ona hər hansı pul məbləğinin ödənilməli olması iddia edildiyi təqdirdə, bu xüsusatlar onun tərəfindən sübut edilməli idi. Lakin o, məhkəməyə hər hansı sübut təqdim etməmiş, İddiaçı 100 manat məbləğində pul borclu olduğunu bildirərək, ona olan borc barədə sırf öz borcunu əvəzləşdirmək kontekstində izahat vermişdir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 100 manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. İlk iddia üzrə Cavabdeh dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar