Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-261/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərrac yolu ilə satılması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin hərrac yolu ilə satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 saylı mənzilin qiymətləndirilməsi və hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh ilə onun arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 avqust 1995-ci il tarixdə nikaha girərək evlənib ailə qurmuşlar və nikahları pozulmuşdur. ünvan 1 saylı mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissədə olmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilməklə əmlakın ½ hissəsinə müvafiq olaraq 18 yanvar 2020-ci il tarixdə onun adına çıxarış verilmişdir. Əmlakın digər ½ hissəsi isə cavabdehin adına hüquqi qeydiyyatdan keçmişdir. Cavabdehlə ünvan 1 ünvanda yerləşən mənzilin idarə edilməsində razılığa gələ bilməmişlər, həmçinin mənzilin satılaraq əldə olunmuş gəlirin tam bölünməsində razılıq əldə olunmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-297/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən “əmlakın naturadan bölünməsinə dair” iddia tələbi təmin edilməmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən mənzilin naturadan bölünməsi mümkün olmamışdır. O, cavabdehə dəfələrlə mənzilin satılması və əldə edilmiş məbləğin bərabər paylarda bölünməsini təklif etmiş, lakin cavabdeh buna razılıq verməmişdir. Həmin yaşayış sahəsində sərbəst yaşamaq və istifadə etmək mümkün deyildir, ona görə də mənzil hərrac yolu ilə satılmalı və əldə edilmiş vəsait tərəflər arasında bərabər paylarda bölünməlidir. Cavabdehlə birlikdə yaşamaq qeyri mümkündür, rahat yaşamaq, hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyil. Ona görə də paylı mülkiyyətdə olan əmlak açıq hərrac yolu ilə satılmalı, əldə edilmiş vəsait tam bərabər qaydada bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin nüamyəndəsi və vəkili Vəkil “elektron-məhkəmə informasiya sistemi” vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün sabahkı iclası 1 ay müddətinə təxirə salınmasını xahiş etmiş, lakin ərizəsində üzrlü səbəbin nədən ibarət olduğunu göstərməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 14, 17 nömrəli mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 25 fevral 2021-ci il tarixli 2(001)-297/2021 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, mülki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının 15 yanvar 2021-ci il tarixli 10/2124 saylı rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin tərəflər arasında 1/2 paylarına uyğun olaraq təcrid olunmuş mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hazırki işdə iddiaçıların başlıca tələbi mübahisə mövzusu mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə hər birinə 1/2 hissə olmaqla bölüşdürülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasındakı daha əvvəlki mübahisə üzrə qəbul edilməklə qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(001)-297/2021 saylı qətnaməsi ilə mübahisəli mənzilin tərəflər arasında 1/2 paylarına uyğun olaraq təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mübahisəsi gedən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçıların istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir; tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsi mümkün olmamışdır. Şərh edilənlərə əsasən iddiaçının mübahisəsi gedən mənzilin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin yarısının ona verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli mənzilin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş bazar qiymətinin müəyyən edilməsi barədə 15 dekabr 2021-ci il tarixli Hesabatı ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin bazar dəyərinin 60.000 (altmış min) manat və likvid dəyərinin 54.000(əlli dörd min) manat olduğu müəyyən edilmişdir. Həmin rəylə razılaşmayan cavabdehin təqdim etdiyi "xxxx" MMC–nin 27 dekabr 2021-ci il tarixli rəyində mübahisəli mənzilin bazar qiymətinin 70.000 manat, lkivid qiymətinin 64.000 manat məbləğində olduğu göstərilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC-nin müəyyən etdiyi qiymətlər arasında fərq olduğundan, eyni zamanda cavabdehin yeni qiymətləndirmə keçirilməsinə dair xahişi nəzərə alınaraq məhkəmənin 17 yanvar 2022-ci il tarixli qərardadı ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş, əldə edilmiş "xxxx" MMC-nin 28 mart 2022-ci il tarixli 0041 №-li hesabatı ilə mübahisəsi gedən mənzilin bazar qiymətinin 70.000 (yetmiş min) manat və likvid dəyərinin 62.000(altmış iki min) manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə məhkəmə, "xxxx" MMC ilə "xxxx" MMC-nin vermiş olduqları hesabtdakı məbləğlərin eyni olduğunu və təkrar qiymətləndirmə ekspertizasının tamamlayıcı xarakterini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin orta bazar qiyməti əsas götürülməklə, ilkin satış qiyməti 70.000(yetmiş min) manat olaraq müəyyən olunmalıdır. Şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiyməti 70.000(yetmiş min) manat olmaqla açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu, Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 (yüz əlli) manatı İddiaçı, qalan 150 ( yüz əlli) manatı isə Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzili ilkin satış qiyməti 70.000(yetmiş min) manat olmaqla açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə olmaqla bölünsün. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 (yüz əlli) manatı İddiaçı, qalan 150 ( yüz əlli) manatı isə Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına (hesab: Az.MEM VÖEN **********, "xxxx" MMC, Kod: 502058 VÖEN **********H/h AZ 46NABZ******************** S.W.İ.F.T. kod:UBAZAZ22, müştərinin hesab nömrəsi AZ65UBAZ**********0060AZN001) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-261/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-261/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver