Məhkəmə qərarları › İş №2(001)-2626/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2626/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2626/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Əmı̇ rbəyova Tahı̇ rə Məmməd qızının cavabdehlər Cavabdeh1 Fəxrəddı̇ n qızına, Cavabdeh2 qarşı mənzilə köçürülmə, mənzildən məcburi çıxarılma və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Əmı̇ rbəyova Tahı̇ rə Məmməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən məcburi çıxarılması, İddiaçı mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mənzildən istifadəyə maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: xx.xx.2002-ci il tarixində İddiaçı ilə Mahir MTK arasında bağlanılmış 114 saylı Müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil əldə etmişdir. xx.xx.2002-ci il tarixli, 170 saylı Qəbzə əsasən mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2003-cü il tarixdə BŞİHnin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER verilmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER-də özü və azyaşlı uşaqları xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və 1984-cü il təvələddülü İ.Zamanova iə birgə ailə tərkibi qeyd edilmişdir. Sonradan qızı 1984-cü il təvələddülü İ.Zamanova kooperativdən çıxmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özlləşdirərək mülkiyyət hüquqlarını qeydiyata aldırmış, buna dair xx.xx.2018-ci il tarixdə Çıxarış verilmişdir. 2024-cü ilin fevral ayında iddiaçı ilə birgə mnzildə yaşayan Cavabdeh2 Müzəffər oğlu və həyat yoldaşı olan Cavabdeh1 İddiaçı xəsarətlər yetirərək mənzilindən çıxarmışlar, hazırda şikayət araşdırma mərhələsindədir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 115-ci maddəsinə görə, mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil- tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 117-ci maddəsinə görə, mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyəxitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativi nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: yaşayış sahəsinin kirayəyə verilməsi və yaşayış sahəsindən müvəqqəti sakinlər köçürülməsi qaydası; müvəqqəti başqa yerə getmiş kooperativ üzvünün və onun ailə üzvlərinin mənzil hüququnun saxlanması şərtləri; pay yığımı bölüşdürülərkən yaşayış sahəsindən istifadə qaydası və mənzil-tikinti kooperativi evində yaşayış sahəsindən istifadənin başqa şərtləri. MTK-dakı mənzilin üzvünün adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Pay haqqının tam ödənilməsi MTK üzvünə həmin mənzildən istifadə və sahiblik hüququ verir, sərancam hüququ isə yalnız dövlət qeydiyyatından sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 17 iyun 2003-cü il tarixədək qüvvədə olmuş «Kooperasiya haqqında» 07 fevral 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Kooperativin nizamnaməsində digər məsələlərlə yanaşı kooperativin üzvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları göstərilir. Həmin Qanunun 13- cü maddəsinə əsasən kooperativin üzvü öldükdə kooperativdə üzvlüyə xitam verilir. Kooperativin üzvlərindən biri (bir neçəsi) öldükdə, hüquqi şəxs olan üzv isə ləğv edildikdə onun (onların) varisi kooperativə üzv qəbul edilə bilər.

3. MTK mənzilinə münasibətdə özəlləşdirmə yox, qeydə alma baş verir, yəni MTK üzvünün pay haqqını tam ödəməsi onun həmin mənzil üzərində hüquqlarının qeydə alınması üçün kifayət edir və kiminsə buna razılığı tələb olunmur («Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 10-cu maddəsi). Özəlləşdirmə zamanı isə dövlətə məxsus mənzil əvəzsiz olaraq həmin mənzilə hüququ olan, yəni özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilir (həmin Qanunun 5-ci maddəsi).MTKdakı mənzilə münasibətdə pay haqqı tam ödənildikdən sonra yaşayış sahəsinə mülkiyyət hüququnu yalnız MTK üzvü əldə edə (qeydə aldıra) bilər. Yəni, hazırki halda İddiaçı MTK üzvü olduğundan 2018-ci il tarixdə maneəsiz olaraq (kiminsə razılığının olubolmamasından asılı olmayaraq) mübahisəli mənzili adına qeydə aldırmağa qanuni imkanı olmuşdur. Qeyd olunan proseslərin baş verməsindən Cavabdeh2 Müzəffər oğlu məlumatlı olmuş, razılıq ərizəsi vermiş, bu hal qanuna uyğun şəkildə olmuş, hər hansı pozuntuya yol verilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayədəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, İddiaçı cavabdehlərlə münaqişə etdikdən sonra evdən çıxmışdır. Cavabdeh bu barədə müvafiq polis bölməsinə müraciət etmişdir. Polis bölməsində tədqiqatçı tərəfindən inzibati qaydada tədbir görülməsi barədə qərar çıxarılmışdır. Lakin qərarın nəticəsi barədə məlumatı yoxdur. Mənzil 2002-ci ildən İddiaçın mülkiyyətindədir. İddiaçı payçı olaraq mənzilin bütün vəsaiti ödəyib, mənzili isə 2018-ci ildə özəlləşdirmişdir. Cavabdeh2 öz payından 2018-ci ildə İddiaçı xeyrinə imtina etmiş, eyni zamanda İddiaçı mənzili özəlləşdirməsinə etiraz etməmişdir. Ona görə də, hesab edir ki, Cavabdeh2 tərəfindən mənzilin özəlləşməsinə razılıq verildiyi üçün tərəflər arasında yeni hüquq münasibətləri 2018-ci ildən sonra yaranmışdır. Eyni zamanda cavabdehlərə kompensasiya verilmədən mənzildən çıxarılmalıdırlar. Lakin bütün bunlara baxmayaraq iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsinə razıdır.

6. İddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı çıxışında bildirir: mübahisəli mənzil dövlət mənzil fonduna aid olmamışdır. Özəl MTK olmuşdur ki, həmin MTK-dan tam ödənişlə mənzil əldə edilmişdir. Sonradan isə həmin mənzil özəlləşdirilərək, çıxarış əldə edilmişdir. Cavabdehin MTK-dan mənzilin alınmasında, ödənişlərin edilməsində heç bir iştirakı olmadığından payı da, yoxdur. Cavabdehin MTK-dan heç bir pay hüququ yoxdur, mənzilin özəlləşməsinə isə qeydiyyatda olan şəxs kimi yazılı razılıq ərizəsi verərək, heç bir etirazının olmadığını bildirmişdir. Bu səbəbdən də, kompensasiya almaq hüququ yoxdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi izahatında bildirmişdir ki, əslində iddiaçı tərəf cavabdehlərlə kompensasiya ödənilməsi ilə bağlı təklif kimi 80000 ödənilməsinə razı olduğunu bildirsə də, cavabdehlər həmin məbləğlə razılaşmamışlar. Onlar 100000 manat məbləğində kompensasiya məbləği ilə razılaşacaqlarını bildirmişlər. Ailə tərkiblərini və maddi imkanları ilə əlaqədar olaraq daha aşağı kompensasiya məbləği ilə razılaşmırlar. Bundan başqa evin dəyərinin artmasına səbəb olan 30000 manat dəyərində əsaslı təmir də, cavabdehlərin hesabına baş tutmuşdur. Bundan başqa iddiaçının iddia etdiyi kimi o, evdən qovulmamış, döyülməmişdir. Prokuror nəzarəti qaydasında polisin müvafiq qərarı ləğv edilmiş, döymə faktı sübut edilməmişdir. Hətta Cavabdeh1 iddiaçının mənzilinə çox rahat daxil olub, çıxdığını bildirmişdir. Odur ki, kompensasiya verilmədən istifadə hüququna xitam verilməsində və mənzildən çıxarılmadan söhbət gedə bilməz.

8. Əvvəlki məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi izahatlarında və məhkəməyə ünvanladığı etirazında göstərmişdir: İddiaçı oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia ərizəsi mümkün sayılaraq Məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz oğlu Cavabdeh2 ilə birlikdə Mahir” MTK ilə bağlanmış 114 saylı payçı müqaviləsinin əsasında əldə edilmiş ünvan 2 ünvanında olan mənzildə 2002-ci ildən bir yerdə yaşamışdır. Sonradan Cavabdeh2 ailə həyatı qurmuş və həyat yoldaşı ilə Cavabdeh1 və övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Etirazın əsaslandırıldığı hallar: İlk öncə, qeyd etmək istəyir ki, hüquqlarını müdafiə etdiyi şəxslərlə İddiaçı arasında heç bir zaman sonuncunun iddia ərizəsində göstərdiyi münaqişə olmamışdır. Onlar mehriban ailə münasibətlərində olmuşlar. Hər bir ailədə olduğu kimi, ara-sıra ailə münasibətləri zəminində mübahisələr olsa da, bu mübahisələr fiziki zorakılıq, təhir və böhtan həddinə gəlib çatmamışdır. Onu da qeyd edir ki, İddiaçı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 onu döyərək xəsarətlər yetirməsi və nalayiq söyüşlərlə söyüb təhqir etmələri və onu öldürməklə hədəmələri səbəbi ilə sonunculardan şikayətçi olmuşdur. İş üzrə toplanmış materiallar araşdırılmanın davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlı tərəfindən material üzrə AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh2 barəsində İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilmişdir. Lakin, Binəqədi rayon prokurorluğu tərəfindən qərar əsassız olduğu üçün ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı döyülməsi iftiradır və əsassızdır. Həmçinin qeyd etmək yerinə düşər ki, İddiaçı X4 ilə 1990-cı iyununda nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Buzovna qəsəbəsində, Ağa Nemətulla küçəsində ev almışdılar. İndiki, ünvan 2 ünvanında yerləşən mənzili isə, məhz Cavabdeh2 atası X1 vəfatından sonra Buzovna qəsəbəsində yerləşən evlərini satdıqdan sonra əldə etmişdilər. Məlumdur ki, qanunverciliyin tələbinə əsasən valideynlərin mülkiyyətində olan əmlaklarda övladların payı vardır. Bu səbəblə də, qanunvericiliyin tələbini nəzərə almaqla iddiaçının öz oğlunu kompensasiyasız mənzildən çıxarmaq istəməsi əsassızdır və qanuna uyğun deyil. Eyni zamanda, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və adı çəkilən mənzilin anası İddiaçı adına özəlləşdirilməsi üçün ərizə vermiş və nəticədə xx.xx.2018-ci il tarixdə sonuncunun adına AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Əlavə olaraq, cavabdeh iddia ərizəsində qeyd edir ki, onun yəni İddiaçı mənzildən istifadəsinə dair cavabdehlər tərəfindən maneələr yaradılıb. Lakin maneələrin nədən ibarət olması da göstərilmir. Bildirir ki, cavablər İddiaçı öz evinə geri qayıtması üçün dəfələrlə əlaqə saxlamağa cəhd etsələr də, İddiaçı ilə əlaqə saxlaya bilməmişdilər. İddiaçı hazırda yaşadığı qızının evinə gəlməyə cəhd etmələrinə baxmayaraq, sonuncular tərəfindən suni maneələr yaradılmış və bu görüşlər baş tutmamışdır. Əlavə olaraq bildir ki, hüquqlarını müdafiə etdiyi şəxslərdən heç biri, nə Cavabdeh2, nə də, Cavabdeh1 İddiaçı evinə qayıtmasına etiraz etmir və hətta geri qayıtmasına çalışırlar. Bundan əlavə, cavadehlər tərəfindən adı keçən mənzilin təmirbərpası üçün 30000 (otuz min) manata qədər vəsait xərclənib. Bu xərc özlüyündə həmin mənzilin bugünə olan real bazar qiymətinin 1/6 hissəsini təşkil edir. Cavabdeh2 və Cavabdeh1 öhdəliklərində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 iki az yaşlı övladları vardır. İddiaçının tələbi ilk növbədə bu uşaqların hüquqlarının kobud surətdə pozulması deməkdir. Bütün bunlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən kompensasiyasız çıxarılmasına dair iddiası qanuna zidd və əsassızdır.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Əlavə olaraq bildirir ki, mübahisənin məhkəmədən kənar həlli məqsədilə dəfələrlə anasına və bacısına zəng etmiş, lakin nömrəsini bloka atdıqlarından onlarla əlaqə saxlaya bilməmişdir. Anası ilə arasında böyük münaqişə baş verməmişdir ki, anası mənzili tərk etsin. Lakin buna baxmayaraq, anası hazırda bacısıgildə qalır. Bundan başqa bildirmək istəyir ki, ata evləri Buzovna qəsəbəsində idi, anası həmin evi satıb, hazırki mənzili almışdır. Bundan sonra özü anası ilə birgə yaşamaq istəyir. Mənzil iki otaqlı idi, 1 il əvvəl maşınını satıb, əlavə pul da qoyaraq mənzili təmir etmiş, sahəsini artıraraq 3 otaq etmişdir. 2018-ci ildə çıxarış alan zaman razılıq vermiş və mənzil anasının adına özəlləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxş tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir.

11. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 989268 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X2 arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 989 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Zamanova” soyadı verilmişdir.

12. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 606624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.

13. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 475697 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.

14. "xxxx" MTK tərəfindən verilən 169 №li mədaxil qəbzindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 48000000 manat ödəniş etmişdir.

15. "xxxx" MTK tərəfindən verilən 170 №li mədaxil qəbzindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 31200000 manat ödəniş etmişdir.

16. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçıovnaya verilən 001014 saylı, xx.xx.2003-cü il tarixli orderdən (orderin verilməsinə əsas BŞİH-nin xx.xx.2022-ci il tarixli, 437 nömrəli sərəncamı) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə ailə tərkibi İddiaçı, İ.M.Zamanova, F.M. Zamanov qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. İddiaçı cavabdehlərdən Cavabdeh2 anası, digər Cavabdeh1 isə Cavabdeh2 arvadıdır. Cavabdehlər 2014-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. ünvan 2 ünvanında yerləşən mənzil pay haqqı tam ödənilməklə "xxxx" MTK-dan iddiaçı tərəfindən alınmışdır. Həmin dövrdə olan prosedura görə Kooperativ binadan mənzil alınarkən İcra hakimiyyəti tərəfindən sərəncam və order verilirdi. İddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestrində 2018-ci ildə qeydiyyata aldırmışdır. Cavabdeh2 mənzil alınan vaxtdan iddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdeh 2023-cü ildə evin təmirinə vəsait qoymuş və əsaslı təmir elətdirmişdir. Bu faktı iddiaçı tərəf mübahisələndirmir. Hazırda ailə mübahisəsi zəminində iddiaçı evdən çıxmışdır və evdə cavabdehlər yaşayır. Cavabdehlər iddiaçının mənzildə yaşamasına hər hansı maneə törətmədiklərini bildirir. İddiaçı kompensasiya ödənilmədən cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə evə xərclədikləri vəsaitin nəzərə alınmadan evdən çıxarılmalarına etiraz edirlər. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.(2017-ci ilədək qüvvədə olan redaksiyasında)

21. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

22. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

23. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

25. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

26. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüqudan sui-istifadədir.

27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

28. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

29. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

30. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əsaslandırma:

31. İddiaçı 2002-ci ildən mübahisəli mənzilin mülkiyyətçisidir, belə ki, Mülki Məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinin tələbinə əsasən kooperativin üzvü kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Cavabdeh2 iddiaçının oğludur, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ vardır və onun mənzildən çıxarılması üçün istifadə hüququna xitam verilməlidir, bu isə kompensasiya ödənilmədən mümkün deyildir.

32. Bundan əlavə cavabdehlər nikahda olduqları dövrdə birgə gəlirlər hesabına mübahisəli mənzili əsaslı təmir etmişlər və əmlakın dəyərini artırmışlar. İddiaçı cavabdehlərin mənzili əsaslı təmir etdiklərini, dolayısı ilə bunun onun razılığı ilə həyata keçirildiyini qəbul edir. Bununla belə iddiaçı başqa yaşayış sahəsi olmayan şəxsə hər hansı kompensasiya və ya çəkilən xərcin əvəzini ödəmədən yaşayış sahəsindən çıxarılma tələbini irəli sürməklə hüquqdan sui-istifadə edir. Belə ki, cavabdehlər mənzilin təmiri üçün xeyli vəsait sərf edərkən onların bir ailə kimi uzun müddət biryerdə yaşayacaqları barədə rəftara güvənsələr də, iddiaçının qısa müddət sonra belə bir tələb irəli sürməsi hüqudan sui-istifadə hesab edilməlidir.

33. Odur ki, iddia bu hissədə göstərilənlərə əsasən əsassız hesab edilməlidir.

34. Məhkəmə iddianı digər hissədə əsaslı hesab edir. Belə ki, iddiaçının Mülki Məcəllənin 157-ci maddəsinin tələbi baxımından öz mülkiyyətindən maneəsiz istifadə, sahiblik etmək hüququ vardır və cavabdehlərin bununla bağlı istənilən hərəkətləri qanunsuzdur.

35. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzilə köçürülmə özündə istifadəyə yaradılan istənilən maneənin və müdaxilənin aradan qaldırılmasını ehtiva etdiyindən iddianın həmin hissədə təmin edilməsi kifayət edir. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

40. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

41. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

42. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

43. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar