Məhkəmə qərarları › İş №2(001)-265/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-265/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-265/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6, habelə nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Çimen Yakupun, habelə onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" şirkətinin cavabdeh Çimen Yakupa qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə ilk, iddiaçı Çimen Yakupun cavabdeh "xxxx" şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" şirkəti cavabdeh Çimen Yakupa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi, əmək vəzifələrini pozması nəticəsində vurulmuş 204.977,36 manat məbləğində ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Çimen Yakupdan tutularaq, iddiaçı "xxxx" şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" şirkəti ilə Türkiyə vətəndaşı olan X16 arasında 18 mart 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh həmin tarixdən "xxxx" şirkətinə zavod direktoru vəzifəsinə işə qəbul edilmiş, 01 noyabr 2019-cu il tarixdən istehsal müdiri vəzifəsinə keçirilmiş, 20 may 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" şirkətinin direktoru vəzifəsinə təyin edilmişdir. Həmçinin, cavabdehlə tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Lakin cavabdeh həmin vəzifələrdə işlədiyi dövrdə əmək müqaviləsi üzrə əmək vəzifələrini düzgün icra etməmiş, səhlənkarlığa yol vermiş və bununla da şirkətə ciddi ziyan vurmuşdur. Belə ki, zavod direktoru və istehsal müdiri kimi cavabdehin əmək müqaviləsi üzrə vəzifələri sırasına istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsal edilməsi, əsas və dövriyyə vəsaitlərində səmərəli istifadənin təmin edilməsi, məhsulun maya dəyərinin aşağı salınmaması, istehsalın yüksək inkişafı v’ təkmilləşdirilməsi üçün illik planların hazırlanması, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, ona tabe olan xidmət istehsal sexinin gündəlik iş nəticələrinin növbə üzrə hesabatlarının qəbul edilməsi daxil olmuşdur. Həmçinin, direktor kimi cavabdeh digər vəzifələrlə yanaşı istehsal tapşırıqlarının yerinə-yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsalı, istehsalatın texnoloji hazırlığı və texniki cəhətdən yenidən qurulması, xammala, materiala əmək sərfinə qənaət edilməsi, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanması, operativ istehsal planlaşdırılması üçün normativlərin tətbiqinin həyata keçirilməsi, istehsal gedişinə operativ nəzarət, istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsinin təşkil edilməsi, istehsal gedişinin gündəlik operativ uçotunun təmin edilməsi, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsulun buraxılışı tapşırığının yerinə yetirilməsi, başa çatmış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edilməsi, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına nəzarət edilməsi vəzifələrini daşımışdır. Cavabdeh 2019-cu ilin sonunda direktor olduğu Qazax zavodunda hazır məhsul anbarlarında yerləşən məhsullar və kisələrin zavod ərazisində açıq hava şəraitində yığılmasına göstəriş vermiş, zavodda [lkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Nəticədə torpaq səthinin üzərində yığılmış məhsullar və kisələr açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı cavabdehə dəfələrlə elektron poçt vasitəsi və şifahi qaydada xəbərdarlıq edilmişdir. Belə ki, “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avıl Qurbanov 02 aprel 2020-ci il tarixdə, 18 noyabr 2020-ci il tarixdə cavabdehə məsələ ilə bağlı məlumat vermiş, lakin sonuncu tərəfindən hər-hansı tədbir görülməmişdir. Cavabdehə baş verənlər barəsində yazılı izahat və bu proseslər barədə elektron yazışmalarını Daxili Audit və Nəzarət şöbəsinə təqdim edilməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yol verilən səhlənkarlıqlar səbəbindən açıq havada yığılmış məhsulların təqribən 70%-i təkrar emala yararlı, 30%-i isə təkrar emala yararsız olmuşdur. Nəticədə Azerlime suvaq üçün əhəng 18 kq – 110.770 ədəd, Azerlime suvaq üçün əhəng 20 kq – 57.157 ədəd və Azerlime söndürülmüş əhəng 20 kq – 57.048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində şirkətə dəymiş ziyan və əldən çıxmış fayda ilə birlikdə 648.255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305.372,36 manat, əgər 30 %-i təkrar emal olunduğu təqdirdə 204,977,36 manat məbləğində zərər dəymişdir ki, bu ziyanın dəyməsi cavabdehin öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlıdır. Cavabdeh öz əmək funksiyalarını qəsdən yerinə yetirməyərək şirkətin Qazax zavodunda istehsal edilmiş məhsulların açıq havada saxlanılması ilə müəssisəyə ciddi şəkildə ziyan vurmuşdur. Çimen Yakup qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli əmrinin ləğv edilməsini, onun "xxxx" şirkətinə işə bərpa edilməsini və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən ona xeyrinə tutulması, habelə ezamiyyə xərci olaraq 15.000 ABŞ dollarının və ezamiyyə xərcinin gecikdirilməsinə görə 27 mart 2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün 3 (üç) faiz hesablanmaqla həmin ödəncin, həmçinin dəymiş mənəvi zərərə görə 15.000 manat pulun "xxxx" şirkətindən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 18 mart 2019-cu il tarixdə "xxxx" şirkəti ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən istehsalat müdiri vəzifəsində işə qəbul edilmişdir. İşlədiyi müddətdə heç bir pozuntuya və ya səhlənkarlğa yol verməmiş, bu səbəbdən barəsində hər hansı intizam tədbiri görülməmişdir. Əksinə, yaxşı işlədiyi üçün vəzifədə irəli çəkilərək şirkətə direktor vəzifəsinə təyin edilmişdir. Başqa işə götürənlə əmək müqaviləsi bağlayaraq, xx.xx.2021-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim etmiş və ona son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Şirkətin təsisçisi Elxan Bəşirov ilk öncə ondan işdən çıxmamağı xahiş etmiş, lakin o, işdən çıxmaqda israrlı olduğunu bildirdikdə, o, onu cəzalandıracağını və ezamiyə pulunu ödəmədiyini bildirmişdir. Daha sonra işdən azad edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona verilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin yenə də əmrin surətini əldə edə bilməmişdir. Əmrin surətini işin artıq məhkəmədə baxılması zamanı elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra 18 avqust 2021-ci il tarixdə əldə etmişdir. Həmin əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri ilə mülkiyyətçiyə ziyan vurması əsası ilə xitam verilmişdir. Bununla belə, həm ona qarşı qaldırılmış iddianın, həm də əmrin əsasını işçinin işəgötürənə ziyan vurması təşkil edir. Bu səbəbdən ilk öncə onun işəgötürənə ziyan vurubvurmaması aydınlaşdırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin bu məsələni tənzimləyən normalarına əsasən işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurduğu aşkar olunmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Hazırki işdə isə həmin halların heç biri mövcud deyil. Bu səbəbdən ziyanın vurulması ilə bağlı işəgötürənin mülahizələri əsassız hesab edilməlidir. Belə ki, "xxxx" şirkəti onun şirkətə ziyan vurmasını onunla əsaslandırmışdır ki, güya o, direktor olduğu dövrdə zavodun anbarında olan məhsulun (əhəngin) daşınaraq, açıq hava şəraitində yığılmasına göstəriş vermiş, daha sonra zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, o, şirkətdə xx.xx.2019-cu ildən xx.xx.2020ci il tarixədək istehsalat müdiri vəzifəsində, ondan sonra əmək müqaviləsinə xitam verilənədək direktor vəzifəsində işləmişdir. Qeyd edilən məhsullar isə ölkə rəhbərliyinin zavodun açılışına gəlməsi nəzərə alınmaqla, 2019-cu ilin sentyabr ayında açıq əraziyə daşınmışdır. Həmin vaxt şirkətin müdiri Tolga Sarı olmuş və həm ambarda, həm də zavodun həyətində olan məhsulların açıq əraziyə daşınıb yığılmasına da göstərişi həmin şəxs vermişdir. Lakin sonradan zavodun açılışı təxirə salınmış və açılışın nə vaxt olacağı qeyri-müəyyən olduğundan məhsullar daşındığı yerdə saxlanılmışdır. Nəhayət zavodun açılışı 03 mart 2020-ci il tarixdə baş tutmuşdur. Altı aydan artıq müddətdə yağışlı havada açıq hava şəraitində qalan əhəng artıq daşlayaraq, yararsız hala düşmüşdür. Hətta həmin məhsullar qapalı şəraitdə anbarda saxlansa belə, onun yararlıq müddəti altı ay olduğundan yenə də yararsız məhsul olacaqdır. Bu səbəbdən açılışdan sonra həmin məhsulların geri anbara yığılması ilə bağlı direktor Fuad Bəşirli tərəfindən hər hansı göstəriş verilməmişdir. Əslində zavodun açılışından sonra həmin malların anbara geri yığılması barədə göstəriş verilə bilməzdi. Belə ki, anbarda yalnız satışa yararlı məhsullar yığılıb oradan birbaşa satışa göndərilirdi. Bu məhsulların anbara geri daşınması aylarla yağışlı havada və nəm şəraitdə qalaraq, yararsız hala düşmüş əhəngin istelakçılara satılması olardı ki, bu da qanunla yolverilməzdir. Beləliklə, göründüyü kimi, məhsulun açıq əraziyə daşınması və altı aydan artıq müddətdə açıq hava şəraitində saxlanılması və bunun nəticəsində yararsız hala düşməsi onun direktor təyin edildiyi tarixədək (xx.xx.2021-ci il tarixədək) baş vermişdir. Başqa sözlə, məhsulların açıq havaya daşınması və ya onun geri yığılması ilə bağlı məsələlər onun səlahiyyətində olmamışdır. Bu səbəbdən məhsulların onun təqsiri üzündən yararsız hala düşməsi barədə işəgötürənin qənaəti əsassızdır. İddiaya əlavə edilmiş yazışmaların məzmunundan göründüyü kimi, işçilər həmin malların hazır məhsul anbarına yığılması barədə tədbir görülməsini deyil, əksinə, təkrar istehsalata yararsız hesab edilərək, anbar qalığından silinməsi barədə tədbir görülməsini xahiş edirlər. O, isə yararsız məhsulların təkrar istehsalata verilməsi göstərişini vermiş və zavoda dəyən zərərin həcmini azaltmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, şirkət ziyanın əvəzinin ödənilməsini tələb edərkən, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən və işin hallarından da göründüyü kimi, məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından başlayaraq, 2020-ci ilin mart ayınadək olan müddətdə baş vermişdir. Tam maddi məsuliyyət haqqında müqavilə isə onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlanmışdır. Bu baxımdan da iddia ərizəsi üzrə tələb edilən maddi ziyanın təmin edilməsi istisna edilir. Bu səbəbdən maddi ziyanın tutulması ilə bağlı iddia əsassızdır. Bundan başqa, o, 04 dekabr 2020-ci il tarixdə şirkət tərəfindən Gürcüstan Respublikasına ezam olunmuş və 20 mart 2021-ci il tarixədək ezamiyyətdə olmuşdur. Lakin şirkət tərəfindən ezamiyyə xərci ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əsasən Gürcüstan Respublikası üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. 107 gün ezamiyyətdə olduğuna görə ümumilikdə ona 15.000 (107 x 140 +20) ABŞ dolları məbləğində ezamiyyə xərci ödənilməli olduğu halda, bugünədək işəgötürən tərəfindən ödənilməmişdir. Ona görə də həmin məbləğ şirkətdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, ezamiyyə xərci vaxtında ödənilməməsi səbəbindən gecikdirilən hər gün üçün həmin məbləğin ödənildiyi günədək üzərinə faizlər də hesablanmalıdır. İşəgötürən tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətlər onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən ona dəymiş mənəvi zərər də işəgötürən tərəfindən kompensasiya edilməlidir. Bundan sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Çimen Yakupun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsini, X7 "xxxx" şirkətinə işə bərpa edilməsini və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən onun xeyrinə tutulması, habelə X7 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üzrə ezamiyyə xərcinin ödənilməsini və ezamiyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə 27 mart 2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla həmin ödəncin "xxxx" Şirkətindən X8 xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X11 iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, Çimen Yakup "xxxx" şirkətindən işlədiyi dövrdə onunla bağlanmış 18 mart 2019-cu il, 01 noyabr 2019-cu il və 20 may 2020-ci il tarixli əmək müqavilələrinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilələr də bağlanmışdır. Həmin müqavilələrdən də görünür ki, zavodda istehsal olunmuş əhəng məsulu onun əmək vəzifələrini düzgün icra etməməsi, səhlənkarlığa yol verməsi nəticəsində yararsız hala düşmüşdür. Ona bu məsələ ilə bağlı dəfələrlə şifahi və elektron poçt vasitəsi ilə yazılı qaydada müraciət edilmiş, lakin bu müraciətlərin nəticəsi olmamış, bir sıra hallarda isə o, müraciətlərə cavab verməmişdir. Əhəng məsulunun anbardan açıq sahəyə daşınması da onun tərəfindən həyata keçirilmişdir. Bu barədə onun tərəfindən şirkətin direktoruna elektron poçt vasitəsi ilə məktub da göndərilmişdir. O, daşıma işlərini 2019-cu ilin 15 oktyabr tarixində başlasa da, bu barədə şirkət rəhbərinə yalnız 16 oktyabr 2019-cu il tarixdə məlumat vermişdir. Başqa sözlə, şirkət rəhbəri ilə məsləhətləşmədən bu işə fəhlələri cəlb etmiş və malların açıq sahəyə yığılması göstərişi vermişdir. Şirkət rəhbəri də ona bu işə işi bilən şəxslərin cəlb edilməsini bildirmişdir. Çimen Yakup da zavodun direktoru kimi hər hansı fəsadların riskini nəzərə almadan məsulu açıq sahəyə daşımışdır. Həmin vaxt şirkətin direktoru Tolga Sarı adlı şəxs olsa da, zavodun X27 olmuş və bu məsula görə zavod müdiri və tam maddi məsul şəxs olaraq o, məsuliyyət daşımışdır. Bu məsulun açıq sahədə yığılması da düzgün aparılmamışdır. Belə ki, açılmamış kisələr, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay müddətinə saxlanıla bilməsinə baxmayaraq, təxminən 40 kisə olmaqla üst-üstə yığılmış və uzun müddət açıq havada, o cümlədən yağışın altında qalmışdır. Onların açıq hava şəraitinə uyğun saxlanılması qaydalarına da riayət edilməmiş, qorunma tədbirləri lazımi səviyyədə təşkil edilməmişdir. Bu məsələlərə də məhz Çimen Yakup nəzarət etməli, o cümlədən təşkil etməli idi. 01 noyabr 2019 tarixdə Yakup Çimən öz istəyi ilə zavod mudiri vəzifəsindən istehsalat şöbəsinin rəhbəri vəzifəsinə keçmişdir. Buna səbəb isə onun bütün zavoda məsuliyyət daşımaq istəməməsi, yalnız istehsalat sobəsinə cavabdeh olmaq istəməsi olmuşdur. Lakin buna baxmayaraq 2020-ci ilin may ayına kimi zavod mudiri vəzifəsi vakant qaldığı üçün bu vəzifəni məhz o, icra etmişdir. Məhsullar açıq havaya yığılandan sonra 2019-cu ilin noyabr ayinin 12-də şirkətin direktoru Tolga Sarı öz xahisi ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Bundan sonra bütün idarətetmə Çimen Yakupda olmuşdur. Bununla belə, göründüyü kimi, şirkətə maddi ziyan məhz onun hərəkətsizliyi nəticəsində dəymişdir. Aparılmış araşdırmalar və hesablamalar nəticəsində maddi ziyanın ümumi məbləği müəyyən edilmiş və qeyd edilən səbəblərdən də zərər məbləği ondan tutulmalıdır. Onunla bağlanmış əmək müqaviləsinə də məhz bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrin ləğv edilməsinə də hər hansı əsas yoxdur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilmişdir. Onun əmək məzuniyyətində olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün də məzuniyyət haqqı ödənilmişdir. Onun məzuniyyətə çıxması öz istəyi ilə olmuş və bu barədə əmr də onun tərəfindən imzalanmışdır. Bu səbəbdən onun həmin dövr ərzində də ezamiyyətdə olması barədə dəlilləri əsassızdır. Ezamiyyətdə olan dövr üçün də ona ezamiyyə xərcləri göndərilmişdir. Belə ki, həmin vaxt X26 Respublikasında olduğundan ezamiyyə pulu şirkətin əməkdaşları tərəfindən köçürmə yolu ilə ona göndərilmişdir. Bundan əlavə onun tapşırığına əsasən onun həyat yoldaşı və qaynına bu məqsədlə ümumilikdə 6.600 manat məbləğində pul ödənilmişdir. Lakin ezamiyyə xərcləri ona müəyyən edilmiş tariflə, yəni bir gün üçün 140 ABŞ dolları deyil, daha az məbləğdə ödənilmişdir. Belə ki, Çimen Yakup kirayə əsaslarla şirkətin istifadəsində olan evdə yaşamışdır. Elektron poçt vasitəsi ilə Çimen Yakup tərəfindən göndərilən məktubda da o, ona ezamiyyə xərci olaraq bir gün üçün 67 ABŞ dolları məbləğində pulun ona ödənilməsini təsdiq etmişdir. Bu səbəbdən Çimen Yakupun ona ezamiyyə xərclərinin ödənilməməsi barədə tələbi də əsassızdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı və nümayəndəsi X6 mövqeyini müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Çimen Yakup ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, zavod ilk dəfə fəaliyyətə başlayandan sonra açılış mərasimi təşkil olunmalı və ölkə rəhbərliyi açılış mərasimində iştirak etməli idi. Bu səbəbdən də zavodun səliqə-səhman baxımından hər bir tələblərə cavab verməsinə nəzarət edirdilər. Zavodun ilk işə salınma protokolunda zavodun avadanlıqlarının alındığı avropa şirkətinin nümayəndəsi də var idi. Zavodun ilkin mərhələdə işə salınması çox böyük xərclər tələb edirdi. "xxxx" şirkətlər qrupunda mövcud olan sistemə əsasən zavod meneceri zavodun işləmə prosesinə məsul idi. Hazır məhsulların anbarlardan satışı, maliyyə, satın alma kimi məsələlər birbaşa təsisçinin və təsisçinin təyin etdiyi baş direktorun tapşırıqları ilə həll edilirdi. Onun bu məsələlərə, o cümlədən satışa və satış anbarlarına müdaxilə etmək səlahiyyəti yox idi. O, istehsalatla məşğul olur, hazır məhsul anbarı isə istehsal olunmuş məhsulu təhvil alır. Hazır məhsul anbarı məhsulla dolmuş, lakin satış onlar istədikləri kimi getməmiş, nəticədə məhsul satılmamışdır. Bununla bağlı, məhsula dair reklamlar yerləşdirilmiş, təşkil edilmiş tədbirdə onun tərəfindən məhsulun prezentasiyası da aparılmış, lakin satış hədəfləri yerinə yetirilməmişdir. Hazır məhsul dolandan sonra artıq zavodun fəaliyyətinin dayandırılması məsələsi qalxmışdır. Birincisi, zavodun açılışı gözləndiyindən onun fəaliyyətinin dayandırması təklifi keçmədi. İkincisi zavodun dayandırmasından sonra işə salınması üçün xərclər hesablanmışdır. Məhsullar açıq havaya daşındıqdan bir həftə on gün sonra onlar yararsız hala düşəcəkdi. Belə ki, tikinti materialıdır, yağışa və soyuq havaya dözümlü deyil. Bunu hərkəs bilir. Bununla bağlı ona verilmiş təlimata uyğun olaraq, zavodun fəaliyyətinin dayandırılmasından sonra təkrar işə salınmasına görə xərclər və məhsulun açıq havaya daşınması xərcləri müqayisə edildi. Sobanın yeni olması səbəbindən onun söndürüb ikinci dəfə yandırılmasının partlayış riski də var idi. Partlayış olsa idi daha böyük xərclər yaranmış olacaqdır. Bu səbəbdən sobanın söndürülməsi riskinə girilmədi və istehsalatın davam etdirilməsi və məhsulun açıq havaya yığılması barədə tapşırığı verildi. Həmçinin açılış məsələsi də var idi. Məhsullar açıq havaya daşındıqdan sonra 2019-cu ilin sentyabr ayının sonunda o, Tolga Sarıya və Fuad Bəşirova elektron poçt vasitəsi ilə məktub yazaraq, hazır məhsul anbarının dolduğunu, zavodun ərazisinin də məhsulla dolduğunu, artıq məhsulu yığmaq üçün yer qalmadığını bildirmiş və sobanın dayandırılması barədə ona tapşırıq verilməsini xahiş etmişdir. Bundan sonra açılışla bağlı tədbirlər görülməyə başlandı. Açılışda ölkə rəhbərliyi iştirak edəcəyindən açılışdan öncə səlahiyyətli nümayəndələr zavoda gələrək hazırlıq işləri ilə tanış olmuşlar. Zavodun açılışı da 03 mart 2020-ci il tarixdə baş tutumuşdur. Bununla əlaqədar verilmiş aidiyyəti suallarla (açılış zamanı göstəriləcək sahələrin ardıcıllığı, mümkün risklər və sair) bağlı o, öz rəyini bildirmişdir. Açılışda da zavodun fəaliyyətinə start verilməli və bundan sonra fəaliyyət dayanmamalı idi. Bu səbəbdən aparılmış sınaqlarla maraqlanmışdır. Bununla bağlı anbarda olan yararsız məhsullar açıq havaya daşınaraq, aparılmış sınağın nəticəsi kimi göstərilmişdir. Bununla da zavodun açılışa hazır olduğu müəyyən edilmişdir. Açılışdan sonra o, bütün zavodlar üzrə istehsalat şöbəsinin müdiri, sonra şirkətin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra isə şirkətin Gürcüstan Respublikasındakı digər zavodunun işə salınması vəzifəsi də ona həvalə edilmişdir. O baş direktor olandan sonra ona elektron poçt vasitəsi ilə məktub göndərilərək, bu məsulların hazır istehsalat anbarından silinməsinə göstəriş verilməsi ondan xahiş edilmişdir. Onun şirkətə ziyan vurmaq məqsədi olsa idi, o, həmin vaxt qeyd edilən məhsulların silinməsi barədə tapşırıq verərdi və məsələdə hazırki vəziyyətə gəlib çıxmazdı. Lakin o, bu məhsulların silinməsi barədə tapşırıq verməmiş, əksinə məhsulun təkrar istehsalata verilib emal olunması və yenidən məhsula çevrilməsi tapşırığı vermişdir. Həmçinin, sobalar söndürüldüyü halda, onların sonradan təbii qazdan istifadə edilməklə yandırılması mümkün deyil. Bunu təmin edən lazımı avandanlıqlar mövcud deyil. Bunun üçün digər ölkələrdən kömür sifariş edilməli idi. Belə ki, kömür rezervi mövcud deyildi. Həmin kömürlə soba bir neçə gün qızdırılmalı, daha sonra isə yandırılmalı idi. Bununla bağlı sobaların fəaliyyəti dayandırılmadı və məhsul açıq havaya daşındı. Başqa sözlə bütün xərclər analiz edildi və baş ofisdən sobaların fəaliyyətinin dayandırılmaması barədə ona rəy verildi. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhsulun başqa bir yerə daşımaq səlahiyyəti olmamış, zavod direktoru məhsul istehsal olunduqdan sonra onu hazır məhsul anbarına təhvil verirdi, məhsulun saxlanması, hansı anbara daşınması və logistik işləri onun səlahiyyətlərinə aid olmamışdır. Xammalın daxil olub əhəngin istehsal olunmasına kimi proses onun səlahiyyətlərinə aid olmuş, maddi məsuliyyəti də bu işlə bağlı olmuşdur. İstehsaldan sonrakı prosesin ona hər hansı aidiyyəti olmamışdır. Bu hal həmin vaxt şirkətin direktoru olan Tolga Sarının elektron poçt vasitəsi ilə yazdığı bir məktubda da öz əksini tapır. Belə ki, həmin şəxs öz məktubunda hazır məhsul anbarının menecerinə anbarın mövcud vəziyyəti barədə ona məlumat verilməsini istəyir. Həmçinin, zavodun fəaliyyətə başlaması ilə bağlı logistikanı həyata keçirəcək şəxslərin cəlb edilməsini logistika müdirinə tapşırır. Eyni qaydada şirkətin direktoru logistik menecerinə də müraciət etmişdir. Başqa sözlə, məhsul istehsal olunduqdan sonra anbarın icarəyə götürülməsi, hazır məhsulların saxlanması, bu işlərin təşkil edilməsi hazır məhsul anbarının menecerinin səlahiyyətlərinə aid edilmişdir. Həmin şəxs də birbaşa şirkətin direktoruna və baş ofisə tabedir. Məhsulun satışı ilə bağlı bir sənəddə belə onun imzası yoxdur. Hazır məhsul anbarının və onun müdirinin ona hər hansı tabeçiliyi yoxdur. Bu şəxsi şirkətin direktoru vəzifəyə təyin edir və tutduğu vəzifədən azad edir. İstehsal, yəni xammal anbarı ona aid olmuşdur. Bu anbar zavoddan bir neçə km. aralıda yerləşir. Sobanın dayandırılması barədə onun müraciətinə Tolga Sarı tərəfindən cavab verilməmiş, bundan sonra da açılış prosesinə başlanılmış və zavod dayandırılmışdır. Lakin hər bir halda, məhsulun anbardan daşınması, habelə logistik məsələlərinin həlli onun səlahiyyətlərinə aid olmamış, bu məsələlər şirkətin direktoru tərəfindən həll edilirdi. Onun zavodun əməkdaşlarının, o cümlədən anbar menecerinin hərəkətləri, məsələn səhlənkarlığı ilə bağlı təqdimatla şirkətin rəhbərliyinə müraciət etmək səlahiyyəti də yox idi. Avıl Qurbanov adlı əməkdaş ona məhsulların yararsız vəziyyətə düşməsi barədə məktub yazanda, məhsullar artıq yararsız vəziyyətə düşmüşdür. Bunu həmin şəxs öz məktubunda da göstərmişdir. Həmin məhsulların da onun anbara göndərilməsi səlahiyyəti olmamışdır. Olsa belə o, bu məhsulları anbara göndərməzdi. Belə ki, bu məhzul tikintidə istifadə edilən məhsuldur, o da yararsız vəziyyətdə olan məhsulu hazır məhsul kimi anbara göndərsə idi daha böyük məsuliyyətə cəlb edilə bilərdi. Şirkətin saytında da azerlime məhsulunun saxlama qaydası, müddəti, hansı sayda kisənin üst-üstə yığılmasının mümkünlüyü barədə məlumatlar əks olunmuşdur. Həmin məlumata əsasən bu məhsul qapalı şəraitdə üst-üstə 10 kisə yığılmaqla 6 ay saxlanıla bilər. Məhsulun satılması onun səlahiyyətlərinə aid olmamış, bu işi baş mərkəzdə olan logistik üzrə menecer həyata keçirilmişdir. Qeyd edilən məhsul şirkətin direktoru Tolga Sarının ona verilmiş tapşırığına uyğun olaraq açıq havaya daşınmasını təmin etmişdir. Tolga Sarıya da bu barədə təsisçi Elxan Bəşirov tapşırıq vermişdir. Həmin məhsulun daşınması onun səlahiyyətlərinə aid olmasa da, açılışla bağlı yaranmış fors major hala görə bu iş ona tapşırılmışdır. O da bu işi satınalma meneceri ilə birlikdə təşkil etmişdir. Məhsulun daşınacağı yeri də o, müəyyən etməmişdir. Ümumiyyətlə o, mühafizə xidmətinin razılığı olmadan anbardan bir kisə belə götürə bilməz. Ümumilikdə 4.000 tona yaxın çəkidə məhsul daşınmışdır. Zavod may ayında işə düşmüş, məhsul da may ayından oktyabr ayına kimi istehsal olunmuş və oktyabr ayında açıq havaya daşınmışdır. Bu səbəbdən istehsal tarixi etibarı ilə məhsul artıq yararsız hala düşmüşdür. O, hazır məhsul anbarından artıq yararsız məhsulu açıq havaya daşımışdır. Oktyabrın əvvəli açılışla bağlı istehsal dayandırıldı. Onun istehsalatı azaltmaq səlahiyyəti də olmamışdır. Bu səlahiyyət də baş ofisə aid olmuşdur. Zavodun istehsalat şöbəsinin müdirinin yalnız istehsalata nəzarət etmək səlahiyyəti olmuşdur. Bu şəxsin nə satışa, nə hazır məhsul anbarına, nə də ki, satınalmaya müdaxilə etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət bölgüsü həmçinin, yeyinti hallarının, müxtəlif sahələr üzrə menecerlərin bir-biri ilə münasibət yaratması hallarının qarşısının alınması məqsədi ilə aparılmışdır. O, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona həmin məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, bu belə bir məslə ilə bağlı müraciət etmək məhz menecerin səlahiyyətidir. Həmin məktubu Avıl Qurbanov hazır məhsul anbardarı ilə birlikdə ona yazmışdır. Anbardan açıq havaya daşınmış məhsula görə də anbardar məsuliyyət daşıyır. Ümumiyyətlə istehsalla bağlı məsələlərdə məsuliyyəti o, istehsaldan sonra isə hazır məhsul anbardarı məsuliyyət daşıyırdı. Zavoda kənar bir şəxs gəldikdə belə, mühafizə bu məsələni ona məruzə etmir. Zavod müdiri olaraq da yalnız istehsalat anbarına və zavod avadlanığına görə məsuliyyəti olmuşdur. O, məzuniyyətdə olmamış, dekabr ayının əvvələrindən mart ayının 20-dək ezamiyyətdə olmuşdur. Təsisçinin onun ezamiyyətdə qalması barədə ona məktubu da mövcuddur. Lakin o, ezamiyyə xərci almamışdır. Xeyli iş görməsinə baxmayaraq, ona hər hansı premiya və ya mükafat verilməmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra bununla bağlı haqq-hesabın aparılmasını tələb etmişdir. Ezamiyyətdə olduğu dövrdə də satınalma mütəxəssisi olan Ziya Axundovla birlikdə kirayə tutduqları və bunun üçün ayda 1.500 ABŞ dollar məbləğində pul ödədiyi oteldə qalmışdır. Həmçinin, bir gün üçün 30 ABŞ dolları ödəməklə kirayə əsaslarla avtomobildən də istifadə etmişdilər. Şirkətdən ona ezamiyyətdə olduğu hər gün üçün 67 ABŞ dolları məbləğində pulun ödənilməsini bildirdikdə, o buna razı olmamış və qanunvericiliyin tələblərinə uyğun olaraq bir gün üçün 140 ABŞ dolları məbləğində pulun ödənilməsini xahiş etmişdir. İşdədiyi dövrdə onun hər hansı nöqsana yol verməsi, hər hansı çatışmazlığın yaranması ilə bağlı hər hansı audit rəyi mövcud deyil. Məhz yaxşı işinə görə şirkətdə vəzifədə qabağa çəkilmiş və şirkətin direktoru vəzifəsinə kimi yüksəlmişdir. Gürcüstan Respublikasında olan zavodun açılışında da onun böyük işi olmuşdur. Ondan əvvəl bir neçə il ərzində həmin zavodu açmaq mümkün olmamışdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Çimen Yakupun nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı və Çimen Yakupun mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Çimen Yakupun şirkətdə işlədiyi hər üç vəzifə üzrə səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdir. Şirkətdə mövcud olan idarəetmə sisteminə uyğun olaraq zavod, habelə istehsalat müdirinin vəzifə və funksiyası gələn sifarişlərə nəzarət etməkdən ibarət olmuşdur. Zavod müdirinin bir kisə artıq və ya əskik istehsal etmək səlahiyyəti belə olmamışdır. Təqdim edilmiş elektron poçt yazışması ilə də bu hal öz təsdiqini tapır. Belə ki, yazışmalardan birində 150.000 kisə əhəngin dərhal hazırlanıb, istehsal olunması tapşırığı verilmişdir. Sifarişlər məhsulun satış şöbəsindən birbaşa hazır məhsullar anbarına göndərilirdi. Bununla bağlı Yakup Çimenə hər hansı göstəriş verilmirdi, ona sonuncu şəxs olaraq sadəcə sifarişə uyğun istehsalın aparılmasına nəzarət etmək tapşırılırdı. Onun hətta 150.000 kisə deyil, 149.000 kisə hazırlaması səlahiyyətli belə yox idi. Yazışmalardan birində bir şirkətin məhsul sifariş etdiyi, lakin sifarişi aparmadığı bildirilir. Bununla belə, istehsal həcmi Yakup Çimen tərəfindən müəyyən edilməmişdir. Onun bu məsələ ilə bağlı ümumiyyətlə fikir bildirmək səlahiyyəti olmamışdır. Satış departamenti 150.000 kisənin lazım olduğunu bildirirdisə, məsələ artıq bununla bitirdi. Yakup Çimendə 150.000 kisədə olacaq məhsulun hazırlanması ilə məşğul olur və bu prosesə nəzarət edirdi. Bu barədə məktubdan da görünür ki, Yakup Çimən məktubun ünvanlandığı sonuncu şəxsdir. Onun tərəfindən 149.000 kisə hazırlandığı təqdirdə o, artıq məsuliyyət daşımış olacaqdır. O, sadəcə istehsal prosesinə nəzarət etmişdir. Hər hansı bir məktubdan istehsal və satışla bağlı Yakup Çimənə bir başa tapşırığın verildiyi müəyyən olunmur. Yazışmalardan da onun qərarverici şəxs olmadığı, satış, logistika və digər xidmərlərin birbaşa baş ofisdən idarə edildiyi görünür. Sifarişi verəndə, dayandıranda həmin vaxt şirkətin direktoru olmuş Tolğa Sarı idi. Bu hallar, o cümlədən Çimen Yakupun açıq havaya daşınmış məhsula görə məsuliyyət daşımaması yazışmalarla da öz təsdiqini tapır. Digər tərəfdən şirkətin qeyd etdiyi məhsullar da anbardan açıq havaya daşınan zaman artıq yararsız olmuşdur. Bu hal şirkətin saytında bu məhsulun saxlama müddəti və şəraiti ilə bağlı əks olunmuş məlumatlarla da öz təsdiqini tapır. Yararsız olmasa idi belə, onların yararsız hala düşməsinə görə Çimen Yakup hər hansı məsuliyyət daşıya bilməzdi. Buna görə hazır məhsul anbarının müdiri məsuliyyət daşımışdır. X30 təşəbbüsü ilə qeyd edilən məhsul təkrar emala göndərilmişdir. Bununla belə, Çimen Yakup şirkətə və ya təsisçiyə hər hansı maddi ziyan vurmamış və öz səlahiyyətlərinə görə vura bilməzdi. Bu da öz növbəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsas olmasını təsdiq edir. Bu səbəbdən əmr ləğv edilməli, Çimen Yakup tutduğu vəzifəyə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Maddi ziyanın tutulması barədə tələbin əsassız olması ilə yanaşı iddiaçı ümumiyyətlə bu tələbin irəli sürülməsi üçün əmək məcəlləsi ilə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Belə ki, əhəng istehsalına 2019-cu ilin may ayında başlanılmış, həmin ilin 15 oktyabr tarixində məhsul anbardan açıq havaya daşınmışdır. İşdə şahid qismində iştirak edən Avıl Qurbanov adlı şəxs də məhsulun açıq havaya daşınmasından bir ay sonra məhsulun artıq yararsız vəziyyətdə olduğunu bildirmişdir. Çimen Yakupa qarşı iddia isə yalnız 2021-ci ilin iyun ayında qaldırılmışdır. Bununla belə, bu tələb həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Digər tərəfdən Çimen Yakup 3 aydan artıq müddət ərzində Gürcüstan Respublikasında olmasına baxmayaraq, ona hər hansı məbləğdə ezamiyyə xərci ödənilməmişdir. Həmin vaxt o, məzuniyyətdə olmamış, bu barədə hər hansı sənəd imzalamamışdır. Belə ki, həmin vaxt Çimen Yakup Azərbaycan Respublikasında olmamışdır. Qarşı tərəf Çimen Yakupun 2020-ci ilin yanvar ayında məzuniyyətdə olduğunu bildirsə də, bundan sonrakı dövrə hər hansı aydınlıq gətirmir, onun ezamiyyyətdə olduğunu da təsdiq etmir. Halbuki, bu şəxs şirkətin əməkdaşı olaraq Azərbaycan Respublikasında deyil, məzuniyyətdə də deyil. Bu da öz növbəsində onun harada və hansı şəxsin tapşırığı əsasında olması sualını yaradır. Bununla bağlı, şirkətin təsisçisinin ona elektron poçt vasitəsi ilə göndərdiyi məktub da aydınlıq gətirir. Həmin yazışmadan da müəyyən olunur ki, Çimen Yakup məhz şirkətin təsisçisinin tapşırığı və razılı əsasında Gürcüstan Respublikasında ezamiyyətdə olmuşdur. Lakin ona bugünədək hər hansı məbləğdə ezamiyyə xərci ödənilməmişdir. Ona ezamiyyə pulunun göndərildiyi bildirilsə də, bu pulun hansı səbəbdən onun əmək haqqı kartına köçürülməməsi, başqabaşqa şəxslər tərəfindən göndərilməsi, habelə bu şəxslərin kimliyi sual doğurur. Ümumiyyətlə bu sənədlərdən orada göstərilmiş məbləğin "xxxx" şirkəti tərəfindən göndərildiyi müəyyən edilmir. Sənədlər üzərində bu barədə hər hansı qeyd aparılmamışdır. Çimen Yakupa pul vəsaiti şirkətdən Gürcüstan Respublikasında açılan şirkətin nizamnamə kapitalının ödənilməsi məqsədi ilə göndərilmişdir. Lakin göndərilmiş məbləğ tam olmadığından həmin pulun müəyyən hissəsi Çimen Yakupun özü tərəfindən ödənilmişdir. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti X17 tərtib etdiyi 29 avqust 2022-ci il tarixli ekspert rəyini müdafiə etmiş və verilmiş suallara cavab olaraq, bildirmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən işçinin ezamiyyətdə olmasının hesablanması üçün əmrlər və əmrlər kitabı araşdırılır. İşçi ezamiyyətdə olubsa ezamiyyətdən qayıdanda ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərlərin məbləğini təsdiq edən avans hesabatı təqdim edilməlidir. Təqdim olunmayıbsa artıq bu məsələdə xüsusi biliyə ehtiyac qalmır. Sadəcə olaraq kalkulyator götürüb hesablamaq lazımdır. Hesablamar da məhz təqdim edilmiş sənədlər əsasında aparılmış və rəy verilmişdir. Məhkəmənin 18 iyun 2022-ci il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə 20 iyun 2022-ci il tarixli əlavə sənədlər daxil olmuşdur. Təqdim edilmiş əmrə əsasən işçi 03 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi 29 gecə 30 gün müddətində ezamiyyətdə olmuşdur. İş materiallarının 212-ci - 218-ci vərəqlərində, habelə 218-219-cu vərəqində vəsaitlərinin köçürülməsini təsdiq edən elan məlumatları öz əksini tapmışdır. Həmin məlumatlarda ezamiyyə xərci olaraq 4.213 ABŞ dolları məbləğində pulun köçürülməsi göstərilmişdir. İş materiallarında olan tabel məlumatlarına əsasən isə işçi 2021-ci ilin yanvar ayında 1 gün işə çıxmış, sonra isə 05 yanvardan 31 yanvar 2021-ci ilə qədər 27 təqvim günü məzuniyyətdə olmuşdur. Həmin dövr üçün hesablanmış məzuniyyət haqqı 888 manat, iş günü üzrə hesablanmış əmək haqqı 43,48 manat təşkil edir. Bu məbləğ bank vasitəsilə ona ödənilmişdir. Bu barədə hesabdan çıxarış da var. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X18 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Çimen Yakupun işçisi olmuş və nəqliyyat dispetçeri kimi fəaliyyət göstərmiş, birgə işlədikləri dövrdə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin təxminən dekabr ayında Çimen Yakup ona zəng edərək, ezamiyyətdə olduğunu, şirkət tərəfindən ona pulun verilməsini razılaşdırdığını bildirmiş və pulun şirkətdən götürülərək, çatdırılmasını tapşırmışdır. Bundan sonra o, şirkətdə işləyən Kamil adlı kassirdən ayrı-ayrı vaxtlarda, təxminən 1 ay 40 gün ərzində 1.900 manat, 2.200 manat və 2.500 manat məbləğində pul götürərək, onun 1.900 və 2.500 manat hissələrini Corat Novxanı yolunda yerləşən 2 mərtəbəli evin qarşısında Çimen Yakupun həyat yoldaşına, qalan məbləği isə Bakı şəhəri 7-ci mikrorayon ərazisində yerləşən Ruslan marketin yanında Çimen Yakupun qaynına vermişdir. İstifadəsində olan telefon aparatını dəyişdiyindən həmin şəxsin nömrəsini saxlamamışdır. Xatırlayır ki, arıq, balaca boy, saçlari seyrək, 52-53 yaşında olan bir şəxsdir. Çimen Yakup hətta bu pulun 50 manat hissəsinin benzin xərcinin əvəzi olaraq götürülməsini ona təklif etmiş, lakin o, razılaşmamışdır. Çimen Yakupun hansı müddət ərzində ezamiyyətdə olduğu barədə məlumatı olmamışdır. Pulları hər dəfə götürən zaman şirkətin kassasında olan müvafiq kitaba imza etmiş, lakin pulun verilməsi zamanı yazılı qeyd aparmadığını, bu barədə şirkətin kassasına hər hansı yazılı sənəd təqdim etmədiyini bildirmişdir. Pulun verilməsi ilə bağlı telefonunda hər hansı yazışmanın saxlanılmadığını, sonradan istifadə etdiyi telefon aparatını dəyişdiyini bildirmişdir. Eyni zamanda, Çimen Yakupun məhkəmə iclasında iştirak etməməsi səbəbindən tərəflərin bu barədə fikri öyrənilməklə onunla telefon bağlantısı yaratmaq barədə qərar qəbul edilmiş və tərəflərin iştirakı ilə məhkəmə iclasında telefon vasitəsi ilə onunla əlaqə yaradılmışdır. Söhbət zamanı Çimen Yakup şahid X2 və özünü tanımış, bundan sonra şahidin ona hansı vaxt və nə məqsədlə pul verdiyini dəqiqləşdirmiş və bunu xatırlamadığını belə bir halın olmadığını, onun tərəfindən şahidə pulun verilməsi barədə tapşırığın verilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X19 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, əvəllər zavodda baş operator vəzifəsində işləmiş, hazırda isə sahə rəisi vəzifəsində çalışır. Hazırki vəzifəsi daha yüksəkdir. Struktur baxımından zavodda birinci şəxs zavodun müdiridir, 2-ci şəxs isə istehsalat şöbəsinin müdiridir. Çimen Yakup zavodun müdiri olmuşdur. X31 istehsalat şöbəsinin müdiri vəzifəsinə keçmiş və həmin vaxt zavodun müdiri vəzifəsi boş qalmışdır. Zavod müdiri vəzifəsini istehsalat şöbəsinin müdiri, yəni Çimən Yakup idarə etmişdir. Daha sonra Çimen Yakup şirkətin direktoru vəzifəsinə təyin edildi və istehsalat şöbəsinin müdiri vəzifəsi də boş qaldı. Çimen Yakup şirkətin direktoru olan zaman zavodun müdiri və istehsalat şöbəsinin müdiri vəzifələrini də idarə edirdi. Bütün işləri o, idarə edibdir. Çimen Yakup şirkətin direktoru olanda zavod üzrə göstərişlərini ona verirdi. Belə ki, yerində nəzarəti o, həayata keçirdi. Yararsız vəziyyətə düşən məhsullar 2019-cu ilin may ayından sentyabr ayına kimi, yəni 4 ay ərzində istehsal edilmişdir. Zavod tərəfindən istehsal edilən məhsullar zavodun rəsmi açılışı ilə bağlı qisa müddət ərzində açıq havaya daşınmalı idi. Bununla bağlı Çimən Yakup tərəfindən verilmiş tapşırığa əsasən məhsullar 2019-cu ilin oktyabr ayında zavoda yaxın əraziyə daşınıb üstü bağlanmışdır. Anbarda yer olmadığından asfaltın üstünə yığılmışdır. Məhsul açıq havada saxlandığından yararsız vəziyyətə düşməyə başladı. O, bu barədə hər gün Çimen Yakupa melumat verirdi, lakin, o, bu məsələyə reaksiya vermirdi. Məhsullar isə gündən günə yararsız hala düşürdü. Bu səbəbdən məcbur qalıb ona elektron poçt vasitəsi ilə rəsmi məktubla müraciət etmişdir. Çimen Yakup 2020-ci ilin may ayına kimi zavodda olub, ona ayrılmış kabinetində oturubdur. Açıq havada olan həmin məhsulları da işə gələndə görmüşdür. Yakup Çimən məhsulun yararlıq müddəti barədə məlumatlı olmuşdur. O, da Çimen Yakupa bu barədə məlumat vermişdir. Həmin məhsulların açıq havada saxlanması şəraitini Çimen Yakup müəyyən etmiş, məhsul onun tapşırığı ilə açıq havaya yığılmışdır. Məhsulun üstünün örtülməsi ilə bağlı Çimen Yakup tərəfindən çadır da sifariş verilmişdir. Zavodun açılışının gecikməsi ilə bağlı açıq havaya daşınmış məhsul əvvəlki yerinə, yəni anbar daxilinə daşına bilməzdi. Belə ki, həmin yer artıq təmizlənmişdir və açılışa tam hazır vəziyyətdə idi. Lakin başqa ərazidə icarəyə qapalı anbar götürüb, həmin anbara daşına bilərdi. Zavodda gündəlik istehsalat norması satış planına uyğun olmalı idi. Normadan artıq məhsul istehsal onunduğu halda, Çimen Yakupa bu barədə elektron poçt vasitəsi ilə məktub yazmağa ehtiyac yox idi. Belə ki, eyni zavod daxilində fəaliyyət göstərmişlər. Lakin 02 aprel 2020-ci il tarixdə ona məktub yazmağa məcbur olmuşdur. Belə ki, dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq, Çimen Yakup onun müraciətlərinə məhəl qoymurdu, hər dəfə tədbir görəcəyini, məsələ ilə bağlı danışacağını deyirdi. Lakin tədbir görülmürdü. Zavodun rəsmi açılışından sonra, yəni mart ayında açıq havaya daşınmış məhsul artıq yararsız idi. Məhsulun tam yararsız vəziyyətə düşməsi yay fəslində baş verdi. Bu səbəbdən o, Çimen Yakupa məktub yazaraq, bu barədə xəbərdar etmişdir. O, Çimen Yakupa aprel ayında məktub yazanda artıq məhsulun yararsız hala düşməsi ilə bağlı proses gedirdi. Yağışlı havada məhsulun olduğu kisələrin altında buxarlanma olaraq, rütubət verirdi, bu da əhəngin dağılmasına səbəb olurdu. Lakin o, əhəng kisələrinin yararsız vəziyyətə düşməsinin qarşısının alınması ilə bağlı bir dəfə olsun belə tapşırıq almamış, Çimen Yakup cəmi bir dəfə məhsulun təkrar istehsalata qaytarmağını yazmışdır ki, onda da artıq gec idi. Məhkəmə tərəfləri, habelə şahidləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X16 18 mart 2019-cu il tarixdən "xxxx" şirkətinə 3 ay sınaq müddəti ilə Zavod direktoru vəzifəsinə işə qəbul edilmişdir. Ərizəsinə əsasən 01 noyabr 2019-cu il tarixdən "xxxx" şirkətinin İstehsalat və Anbarlar Departamentinin Zavod direktoru vəzifəsindən İstehsalat şöbəsinə istehsal vəzifəsinə keçirilmişdir. 20 may 2020-ci il tarixdən etibarən "xxxx" şirkətinin İstehsal müdiri vəzifəsindən "xxxx" şirkətinin Direktoru vəzifəsinə keçirilmişdir. Bu vəzifələrin hər birinə işə qəbul edilərkən onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Qeyd edilən zavod azerlime markalı söndürülmüş əhəng istehsal edir. Şirkətin rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, biri-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Zavod tərəfindən 2019-cu ilin may ayından sentyabr ayının sonunadək əhəng məhsulu istehsal edilmiş və zavodun rəsmi açılışı ilə bağlı qeyd edilən tarixdə istehsal prosesi müvəqqəti dayandırılmış və görülmüş hazırlıq tədbirləri çərçivəsində xx.xx.2019cu il tarixdə 4.500 ton hazır əhəng məhsulu anbardan açıq havaya daşınmış və açıq havada qalmışdır. Bunun nəticəsində yararsız vəziyyətə düşmüşdür. Aparılmış araşdırma nəticəsində məhsulun 70 faizinin təkrar emala yararli, 30 faizi isə təkrar emala yararsız olduğu müəyyən edilmişdir. Şirkətin aidiyyəti əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən zavodun sahə rəisi vəzifəsində çalışan Avıl Qurbanovdan alınmış məlumat üzrə zavodun ərazisində hazır məhsulun zay olması və təkrar emala verilməsi nəticəsində dəymiş ziyanın məbləği və səbəbləri araşdırılmış, məsələ ilə bağlı Çimen Yakupa izahat verilməsi təklif edilmiş, lakin o, yazılı izahat verməkdən imtina etmişdir. Yakup Çimen şifahi şəkildə 2019-cu ildə zavodun açılışı ilə bağlı, hazır məhsul anbarında yerləşən məhsullların və kisələrin zavod ərazisində açıq hava şəraitində yığıldığı, açılışdan sonra zavod ərazisində yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstərişin verildiyini, lakin məhsulun geri yığılmasının yüksək xərc tələb etdiyindən məhsulların anbara geri yığılmadığını, nəticədə torpaq səthinin üzərinə yığılmış məhsulların və kisələrin açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Ondan baş verənlər barədə yazılı izahat və bu proseslər barədə elektron yazışmalarını Daxili Audit və Nəzarət şöbəsinə təqdim etməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmiş və elektron yazışmanı təqdim etməmişdir. Araşdırma zamanı qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı Çimen Yakupa dəfələrlə elektron poçt vasitəsi ilə və şifahi qaydada xəbərdarlıq edildiyi, o cümlədən “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avıl Qurbanovun 02 aprel 2020-ci il tarixdə, 18 noyabr 2020-ci il tarixdə, 05 yanvar 2021-ci il tarixdə elektron poçt vasitəsi ilə Çimen Yakupa məsələ ilə bağlı məlumat verildiyi, lakin sonuncu tərəfindən hər hansı tədbirin görülmədiyi müəyyən edilmişdir. “Azerlime” zavodunun sahə rəisi vəzifəsində çalışan Avıl Qurbanovun elektron poçt vasitəsi ilə verdiyi məlumata əsasən bu məhsulların təqribən 70 faizi emala yararlı, 30 faizi isə təkrar emala yararsız olmuşdur. Nəticə olaraq, Azerlime suvaq üçün əhəng 18 kq – 110.770 ədəd, Azerlime suvaq üçün əhəng 20 kq – 57.157 ədəd və Azerlime söndürülmüş əhəng 20 kq – 13.119 ədəd təkrar emala verilmişdir. Azerlime söndürülmüş əhəng 20 kq – 57.048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində şirkətə dəymiş ziyan, əldən çıxmış fayda ilə birlikdə 648.255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305.372,36 manat, əgər 30 faizi təkrar emal olunduğu təqdirdə 204.977,36 manat zərər dəymişdir ki, bu ziyanın dəyməsi Çimen Yakupun öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlı olmuşdur. Təkrar emal olunduğu halda dəymiş ziyanın 186.722 manat, kisə üzrə 18.255,36 manat, cəmi 204.977,36 manat olduğu müəyyən edilmişdir. Həmin akt Daxili Audit və Nəzarət Şöbəsinin müdir müavini, auditoru, maliyyə mütəxəssisi və Maliyyə Departamentinin direktoru tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" şirkətinin İnsan Resurslarının idarəedilməsi şöbəsi tərəfindən Çimen Yakupa MA-02/210 saylı məktub göndərilərək, vəzifə səhlənkarlığı göstərilməklə məhsul olduğu vəzifənin təsərrüfatsızcasına idarə olunması və bunun nəticəsində "xxxx" şirkətinə külli miqdarda ziyan dəyməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulduğu, eyni zamanda xx.xx.2021-ci il tarixdən iş yerinə gəlməyərək, şirkətə aid sənədlərin, məlumatların və digər maddi qiymətlərin təhvil-təslim etmədiyi ona bildirmiş, o, "xxxx" şirkətinə dəvət olunmuş, həmçinin, bildirişi aldığı tarixdən 3 gün ərzində gəlməməsinin izahat verməkdən imtina etməsi kimi qəbul ediləcəyi onun nəzərinə çatdırılmışdır. Həmin məktub ona xx.xx.2021-ci il tarixdə rəsmi təqdim edilmişdir. Şirkətin xx.xx.2021-ci il tarixli, 202k saylı əmri ilə 08 may 2021-ci il tarixdən "xxxx" şirkətinin X1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilmiş, 18 mart 2019-cu il tarixdən 08 may 2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş 37 təqvim günü əsas məzuniyyətə görə pul əvəzinin ödənilməsi, təhvil-təslimin mövcud qaydada aparılması əmr edilmişdir. Əmrə əsas kimi xx.xx.2021-ci il tarixli, MA02/210 nömrəli ünvana göndərilmiş məktub, Daxili Audit və Nəzarət şöbəsinin xx.xx.2021-ci il tarixli təqdimatı və ona əlavələr göstərilmişdir. Hazırda "xxxx" şirkəti qeyd edilənlərə və Çimen Yakupun tam maddi məhsul şəxs olmasına əsaslanaraq, şirkətə 204.977,36 manat məbləğində maddi ziyanın məhz onun tərəfindən vurulmasını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir. Çimen Yakup iddianı qəbul etmir, şirkətə hər hansı məbləğdə maddi ziyan vurmadığını, zavod müdiri olaraq tam maddi məsul şəxs kimi yalnız istehsalat anbarına və zavod avadlanığına görə məsuliyyət daşıdığını, əhəngin istehsal olunmasından sonra həmin məhsula görə hər hansı məsuliyyət daşımadığını, hazır məhsul anbarında saxlanılan məhsula görə hər hansı məsuliyyətinin olmadığını, məhsulun anbardan açıq havada daşınmasının, habelə açıq havada saxlanılan məhsula nəzarət edilməsinin və həmin məhsulla bağlı tədbirlər görülməsinin, o cümlədən onun hər hansı başqa yerə daşınmasının onun səlahiyyətlərinə aid olmadığını, məhsulun açıq havada daşınan zaman artıq yararsız vəziyyətdə olduğunu, bu səbəbdən əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə, xüsusilə də qeyd edilən maddə ilə xitam verildiyini bildirir və iddianın həm əsass olması, həm də ziyanın tələb edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 illik müddətin ötürülməsi səbəbindən (iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə) iddianın rədd edilməsini xahiş edir. Eyni zamanda, öz mövqeyinə əsaslanaraq, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Eyni zamanda, şirkətin rəhbərliyinin tapşırığı əsasında və şirkətin işləri ilə bağlı 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğunu, lakin ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə istinadən bir günü 140 ABŞ dollarından hesablamaqla həmin dövr üçün ezamiyyə xərclərinin və bu ödənişin gecikdirilməsi üçün 27 mart 2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla ödəncin tutulmasını tələb edir. "xxxx" şirkəti qarşılıqlı iddianı qəbul etmir. Çimen Yakupla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni və əsaslı olduğunu, X20 Respublikasına xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək ezam olunduğunu, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə məzuniyyətdə olduğunu, ona həm ezamiyyə, həm məzuniyyət, həm də son haqq-hesabın ödənildiyini bildirir. Bununla bağlı şirkət tərəfindən təqdim edilmiş sənədlərə əsasən Çimen X3 tərəfindən xx.xx.2021-ci il tarixdə 987 ABŞ dolları, X4 tərəfindən xx.xx.2021-ci il tarixdə 987 ABŞ dolları, X14 tərəfindən xx.xx.2021-ci il tarixdə 989 ABŞ dolları, X21 tərəfindən xx.xx.2021-ci il tarixdə 250 ABŞ dolları, Yusubov Rəşad tərəfindən xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları, cəmi 4.213 ABŞ dolları məbləğində pul göndərilmişdir. Şirkətin 03 dekabr 2020-ci il tarixli, 412 saylı əmrinə əsasən "xxxx" şirkətinin X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasına ezam olunmuşdur. Şirkətin (imzalayan Çimən Yakup) 05 yanvar 2021-ci il tarixli, 41M nömrəli əmri ilə şirkətin direktoru X9 2019-2020-ci iş ili üzrə növbəti məzuniyyət hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Çimen Yakup məzuniyyətdə olmadığını və məzuniyyət əmri imzalamadığını bildirir. Məsələ ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertiza üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 29 avqust 2022-ci il tarixli, 4/860-9/4136 saylı ekspert rəyinə əsasən "xxxx" şirkətinin adından olan 05 yanvar 2021-ci il tarixli, 41M saylı əmrinin sonunda “Yakup Şimen” yazılarından aşağıdakı imza – Yakup Çimən tərəfindən icra olunmuşdur. "xxxx" şirkətinin X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasına ezam olunması nəzərə alınmaqla, ona Gürcüstan Respublikasında olduğu 29 gecə üçün hesablanmalı olan ezamiyyə xərcləri 4.060 ABŞ dolları 9140 ABŞ dolları x 29 gecə), köçürülmüş ezamiyyə xərcləri 4.213 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa, X10 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir, “X38” məlumatlarından göründüyü kimi, işçi 2021-ci ilin yanvar ayında 27 təqvim günü əmək məzuniyyətində olmuş, həmin ay üzrə hesablanmış məzuniyyət haqqı 888,03 manat təşkil edir. Bundan başqa “X38” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin fevral, mart və aprel ayları üzrə faktiki iş günləri üzrə işləmiş və onun bankda olan əmək haqqı hesabına 2021-ci ilin fevral ayı üzrə 899 manat, mart ayı üzrə 899 manat, aprel ayı üzrə 899 manat əmək haqqı köçürülmüşdür. Yakup Çimenlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi nəzərə alınmaqla ona hesablanmalı olan və hesablanmış son haqq-hesab 1.216,93 manat təşkil edir (istifadə edilməmiş 37 gün əmək məzuniyyətinə görə pul əvəzi). DSMF-yə tibbi sığorta haqqı və işsizliklə sığorta haqqı tutulmaları nəzərə alınmaqla ödənilməli məbləğ 1090,99 manat və həmin vəsait işçinin bank hesabına köçürülmüşdür. Beləliklə, bütün qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün işçiyə “X38” məlumatlarına əsasən əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq-hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-ci maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-ci maddəsinin 2-ci hissəsinə əsasən işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir; 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən, habelə digər aidiyyəti müddəalarını rəhbər tutub, qeyd edir ki, ümumi çəkisi 4.500 ton olan əhəng məhsulu xx.xx.2019-cu il tarixdə, yəni Çimen Yakupun zavodun direktoru olan zaman saxlanıldığı anbardan açıq havaya daşınmış və sonradan yararsız hala düşmüşdür. Hazırda şirkət məhsulun yararsız hala düşməsi nəticəsində ona vurulmuş maddi ziyanın ümumi məbləğini həmin şirkətdə 3 rəhbər vəzifədə işləmiş və hər üç vəzifə üzrə maddi məsul şəxs olan Çimen Yakupdan tutulmasını tələb edir. Belə ki, şirkətin mövqeyinə əsasən Çimen Yakup həmin məhsulun açıq havaya daşınması zamanı onu istehsal edən zavodun direktoru olmuş, bununla bağlı məhsulun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi bilavasitə onun səlahiyyətlərinə aid edilmiş, buna baxmayaraq, o, hər hansı tədbir görməmiş, bununla da öz əmək vəzifələrini kobud şəkildə pozmuş, onun bu hərəkətsizliyi şirkətə maddi ziyanın vurulmasına səbəb olmuşdur. Bu hal da onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə əsas olmuşdur. Çimen Yakup iddianı qəbul etmir və öz mövqeyinin əsası kimi, bu məsələnin, o cümlədən məhsulun açıq havaya daşınmasının onun səlahiyyətlərinə aid olmadığını, məhsulun 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınmasının da şirkətin direktorunun tapşırığı əsasında və həmin vaxt zavodun açılışı ilə bağlı yaranmış fors major halla bağlı olduğunu, məhsulun daşınması zamanı artıq yararsız olduğunu, zavod direktoru olaraq məhsul istehsal olunduqdan sonra onu hazır məhsul anbarına təhvil verdiyini, məhsulun saxlanması, hansı anbara daşınması və logistik işlərinin onun səlahiyyətlərinə aid olmadığını, xammalın daxil olub əhəngin istehsal olunmasına kimi prosesin onun səlahiyyətlərinə aid olduğunu, yalnız istehsalat anbarına və zavod avadlanığına görə məsuliyyət daşıdığını bildirir. Başqa sözlə, Çimen Yakup şirkətə ziyan vurmadığı, habelə ziyanın vurulmasında təqsiri olmadığını bildirir. Məhkəmə Çimen Yakupun mövqeyi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Çimen Yakup həm zavodun direktoru, həm də istehsalat şöbəsinin müdiri vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Halbuki, Çimen Yaqup iddia ərizəsində tam maddi məsuliyyət haqqında müqavilənin onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlandığını, bu baxımdan da maddi ziyanın tutulması ilə bağlı iddia tələbinin təmin edilməsinin istisna edildiyini bildirir. Başqa sözlə, zavodun direktoru olduğu vaxt bu barədə müqavilə bağlanmasına baxmayaraq, iddia ərizəsinin məzmununda bu halı etiraf etmir və nəticə etibarı ilə özünü ümumiyyətlə maddi məsul şəxs hesab etmir. Lakin, artıq müəyyən edildiyi kimi, həm zavod müdiri, həm də istehsalat şöbəsinin müdiri olaraq onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Çimen Yakup ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Digər tərəfdən həmin məhsulların daşınması ilə bağlı şirkətin direktoru ona tapşırıq verməmişdir. Həqiqətdə ilk olaraq məhz Çimen Yakup ona elektron poçt vasitəsi ilə müraciət edərək, zavodun açılışı ilə bağlı 4.500 ton hazır məhsulun daşınmasına icazənin verilməsini xahiş etmişdir. Şirkətin direktoru isə tapşırıq deyil, buna razılıq vermişdir. Bu işin görülməsi Çimen Yakupun mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi. Başqa sözlə, qeyd edilən vəziyyətdə Çimen Yakup məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Bu baxımdan qeyd edilən işin Çimen Yakup tərəfindən görülməsinin fors major halın yaranması ilə bağlı olması barədə fikilər də əsasızdır. Hər bir halda, fors major (hazırki vəziyyətdə daha düzgün ifadə gücləndirilmiş iş rejimi ifadəsidir) hal yaranmışdırsa da, bu halın bütün zavod heyətinə, o cümlədən hazır məhsul anbarı müdirinə və logistik menecerinə də aidiyyəti olmuşdur. Başqa sözlə, zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Çimen Yakup da zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə). Bunu bilmək üçün xüsusi biliyə malik olmağa hər hansı eytiyac yoxdur, sadə məntiqə sığınaraq, bu qənaətə gəlmək olar. Bundan əlavə Çimen Yakupun özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Əhəngin açıq havaya dşınması zamanı artıq yararsız halda olması ilə bağlı qeyd olunmalıdır ki, Çimen Yakup bu mövqedən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Əhəngin daşınması dövründə aparılmış elektron poçt yazışmalarında da belə bir fikir əks olunmamışdır. Hər bir halda hazırda bu mövqedən çıxış edən Çimen Yakup zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, Çimen Yakup buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Lakin göründüyü kimi etməmişdir. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır. O da qeyd olunmalıdır ki, Çimen Yakup məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq xx.xx.2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan Çimen Yakup hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. X39 tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, Çimen Yakup məhkəmədə bildirir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə aid olmadığından Çimen Yakup zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Azerlime zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan Çimen Yakupunun vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində təsisçiyə maddi ziyan dəymişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi ondan şirkətin xeyrinə tutulmalıdır. Məhkəmə maddi ziyan məbləğinin tələb edilməsi üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik müddətin ötürülməsini və bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qarşı tərəfin ərizəsi ilə bağlı qeyd edir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və Çimen Yakupun məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Hazırki iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı "xxxx" şirkəti tərəfindən təqdim edilmiş aktları mötəbər hesab edir və belə qənaətə gəlir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq Çimen Yakupdan "xxxx" şirkətinin xeyrinə məhz 204.977,36 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı onu da qeyd edir ki, Çimen Yakup zavod müdiri vəzifəsindən İstehsalat müdiri vəzifəsinə keçirilmiş, 2020-ci ilin may ayında isə şirkətin direktoru təyin edilmişdir. Lakin onun məhsulun təkrar istehsalata verilməsi barədə təklifi də artıq 2020-ci ilin noyabr ayına aiddir (bu məsələdə də təşəbbüskar olmamış, ona edilmiş müraciətə uyğun təklif vermişdir). Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən Çimen Yakup belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 (bir) nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. İlk iddianın təmin edilməsi, Çimen Yakupla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlməyə əsas verir və qarşılıqlı iddianın “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” hissəsində rədd edilməsini şərtləndirir. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, əmrin rəsmiləşdirilməsi zamanı da əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, o cümlədən Şirkət tərəfindən Çimen Yakupa müraciət edilərək, izahat verilməsi (xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli elektron poçt yazışması) təklif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qarşılıqlı iddia tələbinin “ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Çimen Yakup 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu və bu müddət üçün ona ezamiyyə xərclərinin ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını iddia etsə də, bu halı təsdiq edə bilmir. Belə ki, Çimen Yakup rəsmi olaraq, yəni şirkətin müvafiq əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Bu dövr üçün ona həm məzuniyyət, həm də ezamiyyət haqqının ödənildiyi, habelə məzuniyyət barədə əmrin onun tərəfindən imzalandığı işdə olan sübutlarla, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən və qəbul edilən ekspert rəyi ilə təsdiq olunur. Çimen Yakup ona göndərilən pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Həmin pullar da ona köçürmə yolu ilə şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir. Bu şəxsin eyni zamanda məzuniyyətdə və ezamiyyətdə olması əmək qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. X36 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gürcüstan Respublikasına ezam edilməsi rəsmiləşdirilməmişdir. Halbuki, onun bu ölkədə məhz şirkətin rəhbərliyinin tapşırığı əsasında ezamiyyətdə olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapır. Hər bir halda, bu şəxs bir neçə ay Azərbaycanda, o cümlədən iş yerində olmamış, lakin işə gəlməməyə görə onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Bu da bir daha onun öz xidməti vəzifələrini əsas iş yerindən kənarda icra etməsini təsdiq edir. Hər bir halda, bu hal şirkət tərəfindən rəsmiləşdirilib rəsmiləşdirilməməsindən asılı olmayaraq, Çimen Yakup qeyd edilən dövr ərzində şirkətin işləri ilə bağlı Gürcüstan Respublikasında olmuşdur. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi şirkət tərəfindən ona ödənilməlidir. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Gürcüstan Respublikası üzrə ezamiyyə xərcinin 1 günü 140 ABŞ dolları təşkil edir. Lakin nəzərə alınmalıdır ki, Gürcüstan Respublikasında kirayə əsaslarla şirkətin istifadəsində mənzil mövcuddur. Həmin mənzil məhz bu əsaslarla istifadə edilir (ezamiyyətdə olan əməkdaşların qalması). Bu səbəbdən Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Belə ki, onun başqa bir yaşayış sahəsi tutması və həmin yaşayış sahəsinə görə hər ay kirayə haqqı ödəməsi (1.500 ABŞ dolları) ezamiyyə xərcinin tam məbləğdə tələb etməsi üçün əsas ola bilməz. Hər bir halda, tərəflər arasında bu məsələnin razılaşdırılması ilə bağlı hər hansı yazışma mövcud deyil. Eyni zamanda, qeyd edilən dövr üçün Çimen Yakupa əmək haqqı ödənilmişdir, habelə ekspert rəyinə əsasən ona 4060 ABŞ dolları ezamiyyə xərci ödənilməli olan halda, 4.213 ABŞ dolları ödənilmişdir. Qeyd edilən əmək haqqı, habelə artıq ödənilmiş ezamiyyə xərci də ezamiyyə xərcləri ödənilərkən nəzərə alınmalıdır (ödənilən ezamiyyə xərcindən silinməlidir). Eyni zamanda, məhkəmə, qarşılıqlı iddianı “gecikdirilən dövr üçün bir faiz hesablanmaqla ödəncin tutulması” hissəsində əsassız hesab edir və bu tələbin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia təmin edilməli, cavabdeh Çimen Yakupdan 204.977,36 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi cavabdeh "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh Çimen Yakupdan 204.977,36 (iki yüz dörd min doqquz yüz yetmiş yeddi manat, otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi cavabdeh "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar