Məhkəmə qərarları › İş №2(001)-2659/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2659/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2659/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X6 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “borc” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 20.000 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixdə ondan borc pul istəmişdir. İddiaçı cavabdehi tanıdığına görə ona 20.000 manat borc pul vermişdir. Borc verilərkən cavabdeh tərəfindən ona yazılı qəbz verilmişdir. Bundan sonra iddiaçı dəfələrlə borcunu tələb etsə də cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, alverlə məşöul olur və bu səbəbdən də kartına müxtəlif məbləğlərdə vəsaitlər daxil olur. Cavabdehlə də əvvəllər aralarında münasibət olduğuna görə ona nəsə satmış, o isə aldığı əşyanın pulunu onun kartına atmışdır. Lakin cavabdeh tərəfindən 20.000 manat borca dair hər hansı bir ödəniş edilməmişdir. Daha sonra qeyd etdi ki, Ak M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxan” PHŞ-ə ünvanladığı ərizədə cavabdehin ondan işə düzəltmək adı ilə 20.000 manat məbləğində pul aldığı qeyd etsə də həmin pulu cavabdehə borc vermişdir. Cavabdeh onu işə düzəldəcəyi barədə heç bir söz verməmişdir. O, pulunu geru almaq üçün belə yazmışdı. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyədiyi bildirdi. Belə ki, 2023-cü ildə anasının xəstəliyi ilə əlaqədar pul lazım olduğu üçün iş yoldaşının vasitəsi ilə iddiaçıdan faizə 1000 manat pul götürmüşdür. Pulu götürərkən iddiaçı bildirmişdir ki, bəzi şərtləri var. Belə ki, pulun müqabilində ondan 10.000 manat dəyərində qəbz yazmağını istəmiş və bildirmişdir ki, pulu illik 30%-lə verəcək. O da razılaşıb, qəbz yazıb. Lakin özü ilə görüşməmişdir. İddiaçı ona bildirib ki, qəbzi Binəqədi ərazisində yerləşən “Papa Johns”da bir nəfərə versin. O da onun dediyi adama qəbzi vermişdir. Bir neçə dəqiqə sonra iddiaçı onun kartına 1000 manat pul köçürüb. Sonra atasının xəstəliyi ilə əlaqədar pul lazım olub. O da həyat yoldaşından pul istəməyə qorxduğu üçün yenidən iddiaçıdan faizə pul götürüb. 2023-cü ilin aprel ayına qədər üzünü görmədiyi, yalnız telefonla danışdığı iddiaçıdan faizə cəmi 6000 manat pul götürüb. Götürdüyü 6000 manat pulun əvəzinə, illik 30% olmaqla ümumilikdə 7800 manat qaytarmalı olsa da 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayına qədər hər ay 1162 manat, bəzi hallarda isə 500- 600 manat ödəmə terminalları vasitəsi ilə iddiaçıya 21.000 manatdan çox pul ödəmişdir. İddiaçı bunları həyat yoldaşından gizlətdiyini bildiyi üçün onu şantaj etməyə, əlavə pul almağa başlamışdır. O da artıq onun bu əməlindən bezdiyi üçün ona olan borcunun hamısını ödədiyini, əlavə də heç bir ödəniş etməyəcəyimi bildirmişdir. Lakin iddiaçı ondan əl çəkməmiş, əsassız olaraq məhkəməyə verərək pul tələb etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Mülki işin materialları:

5. Sadə əlyazma ilə yazılmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X1 20.000 manat məbləğində pul almış və xx.xx.2024-cü ildə qaytaracağına dair öhdəlik götürmüşdür.

6. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh bank kartından (416973******0862) İddiaçı bank kartına (416973******3373) xx.xx.2023-cü il tarixdə 1162 manat, xx.xx.2023cü il tarixdə 600 manat ödəniş edilmişdir.

7. “Kapital Bank”dan əldə edilmiş hesabdan çıxarışlardan görünür ki, İddiaçı bank kartlarına (416973******8299 və 416973****3373) Cavabdeh borc götürdüyü tarixdən (qəbz imzalanan tarixdən xx.xx.2023-cü ildən) 2024-cü ilin yanvar ayı daxil olmaqla (cavabdehin hər ay ödəniş etdiyini bildirdiyi məbləğlər) xx.xx.2023-cü il tarixdə 1162 manat, 09.1.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1165 manat, xx.xx.2024-cü il tarixdə 1760 manat ödənişlər edilmişdir.

8. İddiaçı tərəfindən “Ak M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxan” PHŞ-ə ünvanlanmış ərizədən görünür ki, iddiaçı cavabdehin ondan işə düzəltmək adı ilə 20.000 manat məbləğində pul aldığı qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

9. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

10. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. 740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası MPM-nin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh sadə yazılı borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh sadə yazılı borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişlər.

28. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən qəbz əsasında verilmiş puldan cavabdeh X3 tərəfindən iddiaçının bank kartına xx.xx.2023-cü il tarixdən sonra (qəbzin imzalanma tarixi) ümumilikdə 4687 manat (1162+600+1165+1760) köçürülmə edilmişdir.

29. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır və qanunvericiliyin tələləblərinə əsasən iddia tələbi əsaslı olduğundan təmin qismən edilməlidir.

30. Belə ki, iddiaçı cavabdehdən 20.000 manat pulun tutulmasını tələb etsə də iş materiallarından cavabdeh tərəfindən bank kartı vasitəsi ilə iddiaçıya 4687 manat pul qaytarılmışdır. Bu səbəbdən də cavabdehdən 15.313 manat pul tutulmalıdır.

31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 15.313 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 150 manatın iddianın təmin edilmiş hissəsinə münasib olaraq 136 manat məbləğ tutularaq ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET Dİ :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 15.313 (on beş min üç yüz on üç) manat məbləğində borc və 136 (bir yüz otuz altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar