Məhkəmə qərarları › İş №2(001)-2665/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2665/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2665/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən avtomobilə vurulmuş 28.100 manat məbləğində ziyanın alınaraq İddiaçı1 verilməsi, cavabdehdən avtomobilin gündəlik kirayəsi üçün 50 manat olmaqla, ümumilikdə 2.450 manat icarə haqqının və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı2nə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 avtomobillərin kirayəsi ilə məşğul olur. Bu məqsədlə müxtəlif şəxslərdən razılığa əsasən mülkiyyətlərində olan avtonəqliyyat vasitələrini gündəlik kirayəyə verir. Kirayə haqqları avtomobilin markasına görə müxtəlif qiymətlərlə müəyyən edilir. Cavabdeh 22 dekabr 2020-ci il tarixdə avtomobil kirayə götürmək üçün müraciət etmiş və “Kia Forte” markalı avtomobili bəyənmişdir. Bundan sonra elə həmin gün təhvil-təslim aktına əsasən İddiaçı1 mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı “Kia Forte” markalı avtomobili bir günü 50 manat olmaqla cavabdehin istifadəsinə verilmişdir. Avtomobili idarə etmək üçün cavabdehə 22 dekabr 2020-ci il tarixdə 3 gün müddətinə etibarnamə verilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh götürdüyü avtomobil ilə qəzaya uğramış və nəticədə avtomobilə əhəmiyyətli ziyan vurulmuşdur. Mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ziyan 28.100 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə əlaqələri heç bir nəticə verməmişdir. O, yol-hərəkəti hadisəsini törətdikdən sonra görüşdən yayınır. Avtomobilə dəyən ziyanı isə ödəmək niyyətində deyil. Cavabdeh tərəfindən vurulan real zərərin dəyəri 28.100 manatdır. Avtomobilin kirayə haqqı 49 gün üçün hesablandığı halda, hər günə görə 50 manat müəyyən edilməklə 2.450 manat icarə haqqı alınaraq iddiaçılara verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, **-VN-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı “Kia Forte” markalı avtomobili tam yararsız vəziyyətə düşmüşdür və onun əvvəlki vəziyyətə bərpa edilməsi qeyri-mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı, 759451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı1dur; İddiaçı2 tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-VN-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobil 3 gün müddətinə Cavabdeh sürmək üçün etibar edilmişdir; 22 dekabr 2020-ci il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, icarəyə verən avtonəqliyyat vasitəsini icarə üçün təhvil vermiş, icarədar isə onu təhvil almışdır. İcarəçi hər hansı avtomobili rəsmi şəkildə icarəyə götürübsə, bütün məsuliyyəti öz üzərinə götürür. Heç bir hadisəyə görə Rent A Car şirkəti məsuliyyət daşımır. İcarədarın öhdəlikləri: avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəyir; icarəçi avtomobili idarə edərkən, içkili, müxtəlif narkotik vasitələrdən istifadə edərsə, və yaxud qəza zamanı hadisə yerindən qaçarsa, belə halda bütün məsuliyyət kasko sığortanın deyil, icarəçinin öhdəliyinə düşür; avtonəqliyyat vasitəsinin icarə müddəti bitdiyi gün və saat icarəyə verənə “təhvil-təslim aktı”na əsasən qaytarır; polis avtomobili cərimə meydançasına apardıqda icarəçi cərimə meydançasının xərclərini və avtomobilin cərimə meydançasında olan günlərin icarə haqqını ödəməlidir. İcarəçinin səhvi nəticəsində avtomobil təmirə dayanırsa, icarəçi avtomobilin təmirdə olduğu günlərin icarə haqqını tam ödəməlidir; hər bir bal üçün 50 azn, həmçinin cərimə icarəçi tərəfindən ödənilir; İnzibati tənbeh vermə haqqında 02 mart 2021-ci il tarixli, TP-4228518 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh 23 dekabr 2020-ci il tarxində, saat 15:46-da Zığ yolunda “Kia Forte” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir; “Avto Servis N1” tərəfindən təqdim edilmiş ilkin qüsur aktından görünür ki, “**-VN-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte” markalı avtomobilə baxış keçirilən zaman təyin olunmuşdur ki, avtomobilin deformasiyaya uğrayıb və bunun üçün dəymiş ziyan tam olaraq bilinmir. İlkin olaraq təyin olunan dəymiş zərərin ümumi məbləği 28.100 manat (ehtiyyat hissələri 20.660 manat, servis xidməti -7.440 manat) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 9/3371 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Kia Forte” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 16.800 (21.000 manat – 20%) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 15 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı2 digər İddiaçı1 məxsus “Kia Forte” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobili 22 dekabr 2020-ci il tarixdə 3 gün müddətinə Cavabdeh istifadəsinə vermiş, 23 dekabr 2020-ci il tarixdə cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. İş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən dəymiş maddi ziyanın məbləği təxminən 16.800 manat məbləğində müəyyən edilir. Hazırda İddiaçı1 28.100 manat məbləğində ziyanın cavabdehdən alınaraq ona ödənilməsini, İddiaçı2 isə 1 günü 50 manat olmaqla 49 gün üçün hesablanmış 2.450 manat məbləğində icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından müəyyən olunduğu kimi, cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində İddiaçı1 maddi ziyan dəymişdir. Həmin ziyanın məbləği ekspert rəyinə əsasən 16.800 manat məbləğində təşkil edir. Ona görə də məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 28.100 manat ziyanın alınaraq İddiaçı1 ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh 16.800 manat məbləğində vurulmuş ziyanın əvəzi tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 2.450 manat məbləğində icarə haqqının alınaraq İddiaçı2nə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı2 cavabdehə avtomobili günü 50 manat olmaqla icarəyə verdiyini iddia etsədə, icarə haqqının məbləği ilə bağlı tərəflər arasında razılaşmanı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı avtomobili cavabdehin istifadəsinə 3 gün müddətinə verdiyi təqdirdə, 49 gün üçün ödənilməmiş icarə haqqını tələb edir. Halbuki, avtomobil icarəyə verildiyi günün növbəti günü yararsız hala düşmüş və onun istifadəsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.800 manat məbləğində vurulmuş ziyanın əvəzi İddiaçı1 ödənilməlidir. Məhkəmə həmçinin, iddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun hər bir iddiaçının üzərinə 15 manatının aid edildiyini, İddiaçı2 iddia tələbinin təmin edilmədiyini, İddiaçı1 iddia tələbinin isə qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun 9 manatı tutularaq İddiaçı1 ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 60 manatı Cavabdeh, 40 manatı isə İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.800 (on altı min səkkiz yüz) manat məbləğində vurulmuş ziyanın əvəzi və iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manatı tutularaq İddiaçı1 ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 60 (altmış) manatı Cavabdeh, 40 (qırx) manatı isə İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar