Məhkəmə qərarları › İş №2(001)-267/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-267/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-267/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikilinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikilinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, ünvan 1 ünvanındakı özbaşına tikili iddiaçıya məxsusdur. Cavabdehin qardaşı X4 arvadı olub. İddiaçıya məxsus olan özbaşına tikili onun qardaşına məxsus olan və onun tərəfindən inşa edilmiş öbaşına tikili ilə bitişikdir. İddiaçının qardaşının ailəsi 2016-cı ildə həmin evə köçdükdən sonra onun yoldaşı Cavabdeh iddiaçıya məxsus olan hissəni də zəbt edərək orada tikinti işləri aparmaqda davam edir. Dəfələrlə ona bu qanunsuz əməllərindən əl çəkməyə görə müraciət edilsə də, o, bundan imtina edərək get hara istəyirsən şikayət et deyə bildirmişdir. Cavabdeh daha bir qanunsuzluq edərək iddiaçının qardaşını da ona məxsus evə daxil olmağa imkan verməmiş, bu səbəbdən iddiaçının qardaşı da məhkəməyə müraciət etməli olmuşdur. Hazırkı özbaşına tikilinn yerləşdiyi torpaq sahəsi iddiaçının atasına məxsus evlə üzbəüz yerləşir. Ona görə də ora şərti olaraq, ünvan 1 b ünvanı adı verilmişdir. Əlavə olunmuş Memarlıq-layihə və dizayn X1 Bölməsinin tərtib etdiyi fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixli layihəsinə əsasən həmin tikilinin iddiaçıya məxsus olması təsdiq edilmişdir. Bundan başqa digər sübutlarla da özbaşına tikilinin iddiaçıya məxsus olması təsdiq olunur. Buna baxmayaraq, Cavabdeh özbaşınalığı o həddə çatıb ki, o, iddiaçıya məxsus evi də öz yaşadığı sahəyə qataraq oranı zəbt etmiş və iddiaçıya ora daxil olmağa imkan vermir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda X7 məhkəməyə bildirdi ki, ünvan 1 iddiaçının atası X8 adınadır. Hazırda mübahisələndirilən 15B saylı tikili isə özbaşına tikilidir. Həmin evə nömrəni bələdiyyə verib. Ev oğlu İddiaçı məxsusdur, lakin cavabdeh oğlunu həmin evə daxil olmağa qoymur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ünvan 1b özbaşına tikilidir və onun iddiaçıya məxsus olmasını təsdiq edə biləcək hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o, ustadır, mübahisəli evi təxminən 1 il əvvəl tikib. Evin tikintisi üçün pulu ona Natiq Kərimov (iddiaçının qardaşı) verib. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, o, ustadır, mübahisəli evi təmir edib və evi təmir etmək üçün onu Natiq Kərimov (iddiaçının qardaşı) dəvət edib. Təmirin pulunu da Natiq Kərimov verib. O, zəhmət haqqı olaraq Natiq Kərimovdan 500 manat pul almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-562/2020 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən digər özbaşına tikili ilə bağlı iddiaçı X10 ilə Cavabdeh arasında mübahisə olmuş və həmin qətnamədə aşağıdakılar göstərilmişdir: “ ... iddiaçı X10 ilə Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən özbaşına tikilidə yaşayır. Mübahisənin tam və hərtəfəli araşdırmasının təmin edilməsi və həmin tikili ilə bağlı daha dolğun məlumat əldə edilməsi məqsədi ilə tikilinin yerləşdiyi ünvanda tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, tikili dəmir yolunun mühafizə zonasında, daha dəqiq desək tikilinin arxa divarı dəmir yol xəttindən təxminən 1 metrlik məsafədə yerləşir. Tikili dar küçədə yerləşir. Həmin tikilidə hazırda cavabdeh və onun iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları yaşayır. İddiaçı hazırda tikili ilə üzbəüz yerləşən və valideynlərinə məxsus olan evdə valideynləri və yeni nikaha daxil olduğu şəxslə birlikdə yaşayır. Tikilinin dəmir qapısı var, qapıdan içəri daxil olduqda balaca dəhliz və əşyaların saxlanılması üçün isitifadə edilən dar yerlər inşa edilmişdir. Girəcəkdən solda iç-içə bir neçə otaq var. Tikilidə təmir işləri hələ də davam edir. Müayinə zamanı tikilidə cavabdeh və onun iddiaçı ilə birgə nikahından olan uşaqları, cavabdehin birinci nikahından olmuş uşağı və iddiaçının tanışı olan bir neçə qadın var idi. Həmin şəxslər, o cümlədən cavabdehin ilk və iddiaçı ilə nikahından olan uşaqları bütün müayinə dövründə iddiaçıya qarşı aqressiv münasibətdə olmuşlar, tərəflər biri digərinin ünvanına atmacalar atmaqdan və müəyyən yersiz fikirlər söyləməkdən çəkinməmişlər. Tərəflər arasında münasibətlər çox gərgindir. Yerində müayinə bitmiş elan edildikdən sonra tərəflər arasında səs-küylə müşayiət olunan mübahisə yaranmışdır. İddiaçı mübahisəli evi birgə nikah dövründə və şəxsi vəsaitlər hesabına inşa etdiyini, cavabdehin bu işdə hər hansı xidmətinin və vəsait qoyuluşunun olmadığını, 2019-cu ilin əvvələrinə kimi həmin tikilidə yaşadığını və sonradan ona cavabdeh tərəfindən maneələr yaradıldığından evi tərk etdiyini, hazırda isə evə buraxılmadığını bildirir. Cavabdeh iddiaçının evin tikintisinə hər hansı məbləğdə vəsait qoymadığını, evin onun vəsaiti hesabına inşa edildiyini və iddiaçının həmin evdə heç vaxt yaşamadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni nikaha daxil olmuşdur. İddiaçı hazırda mübahisəli evlə üzbəüz yerləşən və valideynlərinə məxsus olan evdə valideynləri və həyat yoldaşı ilə birlikdə yaşayır. Mübahisəli evdə qaz, su və işıq sayğacı quraşdırılmışdır. Həmin xidmətlərin göstərilməsinə dair müqavilələr iddiaçı ilə bağlanmışdır. İştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid, evin cavabdehin vəsaiti hesabına inşa edildiyini, onun da inşa işlərinə tikinti materialları verməklə və inşa işlərinə şəxsən cəlb edilməklə kömək etdiyini, iddiaçının həmin evdə heç vaxt görmədiyini bildirir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iş materiallarından göründüyü kimi, mübahisəli Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 22, mənzil 15b ünvanında yerləşən tikili özbaşına tikilidir və həmin tikilinin iddiaçı tərəfindən tikiliməsi iş materialları ilə təsdiq olunmur. İddiaçının özünün dəvət etdiyi şahidlər – evi tikən ustalar məhkəməyə bildirmişlər ki, evi onlara iddiaçı deyil, iddiaçının qardaşı və cavabdehin keçmiş əri Natiq Kərimov tikdirib. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığına görə, onun Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikilinin təhvil verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar