Məhkəmə qərarları › İş №2(001)-2670/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2670/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2670/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 515.000 manat məbləğində borcun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılan 14 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 550.000 (beş yüz əlli min) manat məbləğində borc pul vermişdir. Kredit üç il müddətinə verilmişdir və cavabdeh 14 yanvar 2024-cü il tarixə qədər krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər ona yalnız 35.000 (otuz beş min) manat pul qaytarmış, qalan 515.000 (beş yüz on beş min) manat vəsaiti isə qaytarmamışdır. O, dəfələrlə müraciət edərək qalan borcu qaytarmağı tələb etsə də cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu qaytarmamış, öhdəliyin icrasından yayınmışdır. Odur ki, cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, Cavabdeh 515.000 (beş yüz on beş min) manat məbləğində borc tutularaq ona ödənilməlidir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan kredit məbləğini 14 yanvar 2024cü il tarixinə qədər tam və ya hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borc məbləğindən yalnız 35.000 manat qaytarmış, qalan 515.000 manat borc hələ də cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə (Borc müqaviləsinin forması) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə (Öhdəliyin icra edilməməsi anlayışı) əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə (Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla bağlı olaraq bildirmişdir ki, həmin borc məbləği cavabdehə verilmişdir və cavabdeh borcun qaytarılmamasına görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Həmin Məcəllənin 430cu maddəsinə (Öhdəliyin icrasından imtina) əsasən öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Göstərilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4488 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2670/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün qaytarılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, 14 yanvar 2021-ci il tarixdə iddiaçı ilə aralarında bağlanan kredit müqaviləsinə əsasən iddiaçı ona 550.000 manat borc vermişdir. O, aralarında olan razılığa əsasən borcu 3 il müddətində qaytarmalı olduğu halda həmin borcdan cəmi 35.000 manat qaytarıb. Hazırda onun iddiaçıya cəmi 515.000 manat borcu vardır.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirərək qeyd etdi ki, həqiqətən də cavabdeh, yəni onun əri Cavabdeh İddiaçı kredit müqaviləsi bağlayaraq 550.000 manat borc götürmüş, 35.000 manatını qaytarmış, 515.000 manat borcu isə qalmışdır. Həmin pulu ailənin məsrəflərinə, borclarının qaytarılmasına sərf etmişdilər.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 550.000 manat borc pul vermişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. 740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikası MPM-nin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını nəzərə alıb, işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 550.000 manat borc pul vermişdir.

24. Həmin kredit Müqaviləsinin 2-ci bəndinə əsasən borc alan kredit məbləğini 14 yanvar 2024-cü il tarixinə qədər tam və ya hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

25. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 550.000 manat borc aldığını, 35.000 manatını qaytardığını, 515.000 manat borclu qaldığlnl etiraf etmişdir.

26. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqaviləyə əsasən borc aldığı pulu müəyyən edilmiş vaxtda qaytarmalı olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

27. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

28. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 515.000 manat məbləğində pul vəsaiti və 805 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 515.000 (beş yüz on beş min) manat məbləğində pul vəsaiti və 805 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar