Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2679/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikintidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “tikintidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən qaraja bitişik otaq kimi istifadə edilən tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kirov RXDS İK-nin 14 iyun 1991-ci il tarixli qərarına əsasən ona məxsus olan ünvan 1 ünvanda inşa edilmiş qaraj onun istifadəsinə verilmişdir. Qeyd olunmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən qarajdan çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır, lakin icra edilməmişdir. ünvan 1 ünvanda yerləşən qaraj ona məxsusdur və şəxsi istifadəsindədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, xeyli müddətdir qarajdan istifadə edə bilmir, şəxsi əşyalarından məhrum olmuşdur. Qeyd edir ki, cavabdehin hal-hazırda otaq kimi istifadə etdiyi tikili faktiki olaraq ona məxsusdur, tərəfindən inşa edilmişdir, cavabdeh bu tikilidən istifadə etməklə onun qanuni istifadəsində olan qarajdan istifadə etməyini mümkünsüz etmişdir. Belə ki, qeyd edilən tikilinin giriş-çıxış qapısı qaraja açılır, cavabdeh qarajdan giriş-çıxış kimi istifadə edir, qarajı otağa birləşdirmişdir və bu səbəbdən də o, qarajdan təyinatı üzrə istifadə edə bilmir. Tikili ona məxsus olan torpaq sahəsində yerləşir. Cavabdeh onun iradəsi əleyhinə olaraq ona məxsus tikilini zəbt etmişdir, dəfələrlə tikilidən çıxmasını tələb etsə də buna əhəmiyyət verməmişdir, həmin tikilidən istifadə etməyə davam etmişdir. Göründüyü kimi cavabdehin bu tikilidə yaşaması onun qanuni istifadəsində olan qarajdan istifadə etməyini imkansız etmişdir, bu səbəbdən də cavabdeh qeyd edilən tikilidən çıxarılmalıdır. Qeyd edir ki, o, Çernobıl əlilidir, cavabdehin tikilidən çıxmaması, qarajdan sərbəst istifadəyə imkan verməməsi səbəbindən onun səhhəti pozulmuşdur, cavabdehin qanunsuz əməlləri ilə üzləşməli olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Kirov rayon Deputatlar Soveti İcra Komitəsinin xx.xx.1991-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində müvəqqəti metal qaraj tikməsinə icazə verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 10141/2014 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qarajdan çıxarılması, Cavabdeh İddiaçı və X1 qarşı yaşayış sahəsindən çıxarılma barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 1722/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 10141/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-3611/2015 saylı qərarının surətindən görünür ki, Cavabdeh kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015ci il tarixli, 2(103)-1722/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 8(103)- 420/2016 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-10141/2014 saylı qətnaməsinə izah verilmişdir ki, “qaraj” ifadəsi Cavabdeh faktiki yaşayış otağı kimi istifadə etdiyi tikiliyə şamil edilmir, həmin ifadə yalnız avtomobilin saxlanması üçün istifadə olunan tikiliyə şamil olunur. Buna görə də qətnamə Cavabdeh qaraja bitişik olan, lakin faktiki yaşayış otağı kimi istifadə olunan tikildən çıxarılmasına əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-6186/2016 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 8(103)-420/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarının surətindən görünür ki, Manafov X2 AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilmiş əlilliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı aşkar edildi ki, ünvan 3 ünvanında qaraj və qarajın arxa hissəsində isə 1 otaqlı yaşayış sahəsi mövcuddur. Həmin yaşayış sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Həmin yaşayış sahəsində cavabdeh və 11 yaşlı oğlu yaşayır. Həmin yaşayış sahəsində xırda məişət əşyaları vardır. Cavabdeh bildirdi ki, onun yeganə yaşayış yeri bu 1 otaqlı sahədir, o, burdan çıxarsa oğlu ilə küçədə yaşamalı olacaq. İddiaçı isə buna cavab olaraq bildirdi ki, cavabdehin başqa yaşayış yeri var. Göründüyü kimi, iddiaçının cavabdehin çıxarılmasını xahiş etdiyi mübahisəli sahənin üzərində hər hansı şəxsin hüququ dövlət qeydiyyatına alınmamış və mübahisəli sahəyə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisələndirilən 1 otaqdan ibarət yaşayış sahəsi özbaşına tikilidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “tikintidən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2679/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2679/2023
17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver