Məhkəmə qərarları › İş №2(001)-2696/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2696/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2696/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh Cavabdeh3, Cavabdeh4 Ağatahir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızına qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızına qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Əngəxaran kəndində yerləşən mərhum həyat yoldaşı X3 adına olmuş qeyriyaşayış sahəsinin 5/8 hissəsinin miras kimi almaq hüququnun olması, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə nəzərə alınmadığı üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 15 mart 1965-ci ildə rəsmi nikaha daxil olmuşlar. 18 yanvar 2016-cı il tarixdə həyat yoldaşı vəfat etmişdir. Onun adına Şamaxı rayonunun Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsinin dövlət reyestrindən çıxarışını isə 14 mart 2014-cü il tarixdə almışlar. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində onlar 2010-cu il tarixdə ikimərtəbəli yaşayış evi tikdirmişlər. Mərhum həyat yoldaşının sağlığında həmin tikidirdikləri yaşayış evinin sənədləşdirilməsi üçün Şamaxı rayon İcra hakimiyyətinə müraciət edib, rəy almışlar ki, yaşayış evinin dövlət reyestrindən çıxarışı olsun. Eləcə də Şamaxı rayonunun Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsinin A hissəsinin ona miras əmlak kimi almaq hüququnu təsdiq edən, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona verilmişdir. Həmin şəhadətnaməyə əsasən o, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX -nin 4 saylı Şamaxı rayon ərazi idarəsinə müraciət etmək istədikdə ona izah etdilər ki, Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsi, mərhum həyat yoldaşı X4 ilə birgə nikah dövründə əldə olunduğuna baxmayaraq, yəni həmin əmlakın yarısına onun mülkiyyət hüququnun olması, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə nəzərə alınmadığı üçün, ona həmin əmlakın bütövlükdə A hissəsi verilməlidir. Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona verilmiş 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə onun mülkiyyət hüququ nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi-vəkili Z.Gülalıyev məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı iddia tələbini qəbul edərək, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul edərək, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 27 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov X1 Əzizə Kamil qızı ilə 15.03.1965-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahdan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızı adlı övladları olmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18.01.2016-cı il tarixdə vəfat etmişdir. -RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Əngəxaran kəndi tam mülkiyyət hüququ əsasında X3 adına 08.04.2014-cü il tarixdə qeydə alınmışdır. -RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Əngəxaran kəndində X3 adına olan miras əmlakdan vərəsələri İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızı 1/4 hissədə pay almışdır. - 27.08.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X3 vərəsələri İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızı miras əmlakdan 1/4 hissədə pay almalıdır. - 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X3 vərəsəsi əri İddiaçı miras əmlakdan 1/4 hissədə pay almalıdır. - 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/4 hissədə pay almalıdır. - 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/4 hissədə pay almalıdır. -29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh4 Ağatahir qızı miras əmlakdan 1/4 hissədə pay almalıdır. Məhkəmə qeyd elir ki, miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi əqd deyil, mirasın rəsmiləşdirilməsinin qanundan irəli gələn formasıdır (Mülki Məcəllənin 1321-ci maddəsi). Çünki şəhadətnamə mirası qəbul edənlə notarius arasında və yaxud ölmüş şəxslə hüquq və vəzifələrə səbəb olmur, şəhadətnamə birtərəfli qaydada vərəsənin mirası mülkiyyətinə rəsmiləşdirməsi üçün əsas kimi çıxış edir. Mülki qanunvericilik (Mülki Məcəllənin 1243.3. maddəsi) mirasın qəbulunun iki üsulunu nəzərdə tutur: vərəsənin mirası qəbul etmək üçün notariusa müraciət etməsi, və yaxud əmlaka sahiblik və ya idarə etməyə başlama. Həmin hərəkətlər özlüyündə birtərəfli əqdlərə xas olan əlamətlərinə uyğun gəlsə də (birtərəfli iradə ifadəsi) özlüyündə birtərəfli əqd sayıla bilməz. Çünki Mülki Məcəllənin 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Birtərəfli əqdin (məsələn: bağışlama müqaviləsi) qeyd olunan anlayışına uyğun olaraq şərh versək, miras əmlakın qəbulu üçün ərizə ilə notariusa müraciət edilməsi Məcəllədə əqd olaraq nəzərdə tutulmamışdır və normanın ikinci hissəsi isə tərəflərin razılaşmasını nəzərdə tutur ki, hazırkı halda belə razılaşmanın olması zəruri şərt deyil. Deməli, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı vərəsənin notariusa müraciət etməsi əqd kimi dəyərləndirilə bilməz. Həmin məntiqlə çıxış etsək, onda hüquq əldə etmək üçün nəinki notariusa, digər orqanlara birtərəfli müraciətlərin hamısı əqd kimi dəyərləndirilməlidir. Mirasın qəbulu əqd deyil, hüquqların (ölənin hüquqlarının) vərəsəlik qaydasında keçməsidir (Mülki Məcəllənin 1133.1. maddəsi). Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 adına 08.04.2014-cü il tarixdə qeydə alınmışdır. Bu müddət Cavabdeh3nın iddiaçı ilə birgə nikah dövrünə təsadüf etdiyindən, həmin əmlak birgə nikah dövründə əldə edilmiş hesab edilməlidir. Odur ki, vərəsəlik şəhadətnaməsi veriləndə İddiaçı Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsinə birgə nikah dövründə əldə etdiyi pay mütləq nəzərə alınmalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikasinin Qanununun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediliməli, 29.04.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərini pozmaqla qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 29 aprel 2017-ci il tarixli reyestrdə 2V-120 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar