Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2704/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, üzərində tərəfindən fərdi ev inşa edilmiş, ümumi sahəsi 180(yüz səksən) kvadrat metr olan torpaq sahəsinə dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən, Cavabdeh tərəfindən ona satılmış, 180 kv.metr ölçüdə olan (10 m.enində x18 m uzunluqda) ona torpaq sahəsində inşa etdirdiyi fərdi evdə 1998-ci ildən ailəsi ilə birlikdə yaşayır. Belə ki, cavabdeh atasından onlara miras qalmış torpaq sahəsinin özünə aid hissəsindən 180 kv.metrlik hissəni ona satmış və bunun müqabilində ondan 2300 (iki min üç yüz) Amerika dolları almışdır ki, buna dair cavabdehlə aralarında rəsmi yazılı əqd var. Cavabdeh və onun ailə üzvləri eləcə də notariat qaydasında təsdiq etdirdikləri razılıqlarında da bildirmişlər ki, ona satılan əraziyə dair heç bir iddialarının olmayacağını bildiriblər. Cavabdeh ona razılaşma zamanı bildirmişdir ki, əraziyə dair atasının adına olan texniki pasporta əsasən torpaq sahəsini adlarına sənədləşdirdikdən sonra o,özünə aid hissədən ona satdığı torpaq sahəsini adına rəsmiləşdiricəkdir. Lakin son günlərə kimi bu vəd olaraq qalıb. Artıq 25 ildir ki, cavabdeh ona satılan ərazinin rəsmiləşdirilməsi üçün hər hansı hərəkətini etmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.1998-ci il tarixdə tərtib edilmiş İddiaçı və Cavabdeh Ağaşirin qızı arasında bağlanmış müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-in sakini Cavabdeh Ağaşirin qızı xx.xx.1998-ci il tarixdə İddiaçı etibar etdiyi uzunluğu 18 metr, eni 10 metr sahənin əvəzində ondan 2.300 (iki min üç yüz) ABŞ dolları məbləğində əmanəti qəbul etmiş və almışdır. “Pasport İ-VCГ №698666. Verilib Bakı şəhəri, Kirov rayonu, İcraiyyə komitəsi, daxili işlər şöbəsi 09 iyul 1976-cı il. Müqavilə Cavabdeh Ağaşirin qızı tərəfindən imzalanmışdır. İddiaçı xx.xx.1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Cavabdeh Ağaşirin qızı tərəfindən aşağıda göstərilən sahəni (eni 10 m x uzunluğu 18 metr) almışdır. Gələcəkdən heç bir iddiasının olmayacağına zəmanət verir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-in sakini Cavabdeh Ağaşirin qızının xx.xx.1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, İddiaçı aşağıda göstərilən sahəni etibar edir və gələcəkdə heç bir iddiasının olmayacağına zəmanət verir. ( eni 10 metr x uzunluğu 18 metr). Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-in sakini X3 xx.xx.1998ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, İddiaçı aşağıda göstərilən sahəni etibar edir və gələcəkdə heç bir iddiasının olmayacağına zəmanət verir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-də yaşayan X1 xx.xx.1998-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, İddiaçı aşağıda göstərilən sahəni etibar edir və gələcəkdə heç bir iddiasının olmayacağına zəmanət verir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 402 № -li Arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən evdə akta əsasən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti əmlakın könüllü sığorası haqqında AS seriyalı 002264 №-li Şəhadətnaməsinin surətindən görünür ki, Koroğlu küçəsi 71c ünvanında yerləşən tikinti xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək sğıortalanmışdır. xx.xx.2001-ci il tarixli GSC seriyalı 033404 №-li yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzin surətindən görünür ki, Cəfərov X2 71s ünvanında yerləşən torpaq sahəsindən istrifadəyə görə 10 manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Hesab Fakturanın surətindən görünür ki, ünvan 2 ünvanı üzrə abonent İddiaçıdir və ailə tərkibi 2 nəfərdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat məbləğində ödəniş etdilmiş və yekun ödəniləcək məbləğ 25,06 manatdır. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanı üzrə abonent İddiaçıdir və 2010-cu ildən 2012-ci ilədək qazdan istifadəyə görə müvafiq ödənişlər edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1998-ci ildə yarandığından mübahisənin həlli də əvvəlki MM-in normaları ilə tənzimlənməlidir. Əvvəlki Mülki Məcəllənin 39-cu maddəsinə əsasən, ətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Qanunla müəyyən forması nəzərdə tutulmayan əqdlər şəxsin hərəkətindən onun əqd bağlamağa razı olduğu açıq-aşkar göründüyü halda da bağlanmış hesab edilir. Yalnız SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan hallarda, susmaq əqd bağlamaq üçün razılıq ifadəsi hesab olunur. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən, yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər. Başqasının əvəzinə əqdi imzalayan şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, əqdi bağlayan şəxsin işlədiyi və ya oxuduğu tşkilat, yaxud onun yaşayış yeri üzrə mənzil-istismar təşkilatı, yaxud müalicədə olduğu stasionar müalicəxanasının müdiriyyəti, yaxud notariat orqanı tərəfindən, kənd yerində isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilməlidir Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən, Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Göründüyü kimi, əvvəlki MM-nin 39-cu maddəsinin mahiyyətinə görə evin alqı-satqı müqaviləsi əqddir, yazılı formada bağlanmalıdır və belə əqdlərin notariat formasının məcburiliyi həmin Məcəllənin 230-cu maddəsində təsbit olunmuşdur. Lakin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş müqavilənin surəti ilə isə müəyyən edilir ki, yazılı müqaviləni hər iki tərəf imzalamalı olduğu halda bu tələbə riayət edilməmiş, müqavilə Cavabdeh tərəfindən imzalanmış olsa da İddiaçı tərəfindən imzalanmamış və eyni zamanda həmin müqavilənin məzmunu ilə müəyyən edilir ki, Cavabdeh mübahisəli evi cavabdehə satdığını deyil, etibar etdiyini qeyd etmişdir. Həmçinin ümumiyyətlə məhkəmə araşdırması zamanı cavabdehin həmin əmlakı satmasına dair alqı-satqı müqaviləsini bağlamağa hüququnun olması müəyyən edilməmişdir. Halbuki mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının “ünvan 1 ünvanında yerləşən, üzərində tərəfindən fərdi ev inşa edilmiş, ümumi sahəsi 180(yüz səksən) kvadrat metr olan torpaq sahəsinə dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2704/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2704/2023
05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver