Məhkəmə qərarları › İş №2(001)-2709/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2709/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2709/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə mərhum X7 adına açılmış bank hesablarında vəfatından sonra mövcud olan pulların iddiaçılar İddiaçı1 və İddiaçı2 onların payına düşən hissəsinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçıların nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların atası mərhum X7 adına açılmış bank hesablarında vəfatından sonra mövcud olan pulların iddiaçılar İddiaçı1 ¼ və İddiaçı2 ¼ hissədə Cavabdeh alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Fuad Nadir oğlu ilə xx.xx.2010cu il tarixində rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikahlarından hazırki iş üzrə iddiaçılar olan xx xxxxxxx 2005-ci il təvəllüdlü İddiaçı1 və xx xxxx 2010-cu il tarix təvəllüdlü İddiaçı2 doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(004)-328/2016 saylı qətnaməsi ilə X4 ilə X13 arasında bağlanmış nikaha xitam verilmiş daha sonra İddiaçı1 2020-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçıların atası X11 vəfat etmiş, onun vəfatından sonra Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik haqqında şəhadətnamələr əsasında vəfat edən şəxsin miras əmlakı onun vərəsələri arasında bölüşdürülmüş, lakin mərhumun müvafiq banklarda olan pullarını miras əmlakın kütləsinə daxil etmək və bölüşdürmək mümkün olmamışdır. Belə ki, mərhum vəfat etdiyi tarixədək hazırki iş üzrə Cavabdeh ilə yaşamış və onun vəfatından sonra onun hesabında habelə əmək haqqı şəklində olan pul vəsaitləri Cavabdeh tərəfindən hesabdan çıxarılaraq, öz şəxsi məqsədləri üçün xərclənmiş və beləliklə də, hazırki iş üzrə iddiaçılar onlara çatmalı olan miras əmlakdan qanunsuz olaraq məhrum olmuşlar. İddiaçıların atası X7 vəfat etdiyi xx.xx.2020-ci il tarixdə müxtəlif banklarda adına açılmış hesabda pul vəsaitləri olmuş, onun ölümündən sonra hesabda olan pullar cavabdeh tərəfindən nağdlaşdırılaraq bank hesabından çıxarılmış və beləliklə də, iddiaçılara qanun üzrə vərəsəlik qaydasında çatası paydan qanunsuz olaraq məhrum edilmişdirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh mərhum Məmmədov Fuadla birlikdə yaşamışdır. Məmmədov Fuada məxsus kart da, onların evində olmuşdur. Kartdakı pul vəsaiti Mərdəkan qəsəbəsində bankomatdan çıxarılmışdır. Cavabdehin Mərdəkanda yaşaması, kartdakı pulun onun tərəfindən çıxarılmasını ehtimalını təsdiq edir.

5. Əvvəlki məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, İddiaçılar xx.xx.2020-ci ildə vəfat etmiş X7 uşaqlarıdır. İddiaçı1 iddiaçıların anası olan Gülsuqra Məmmədova ilə 2016-cı ildə boşanmış, 2020-ci ildə 2-ci dəfə hazırki Cavabdeh ilə nikaha daxil olmuşdur. İddiaçı1 vəfatından sonra Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri əsasında miras əmlak vərəsələr arasında bölünmüşdür. Lakin mərhumun müvafiq bank hesablarında olan vəsaitləri miras əmlakın kütləsinə daxil etmək mümkün olmamışdır. Belə ki, mərhum vəfat etdiyi tarixədək cavabdehlə yaşamış və onun vəfatından sonra bank hesablarında, habelə əmək haqqı şəklində olan pul vəsaitləri cavabdeh tərəfindən çıxarılaraq şəxsi məqsədləri üçün xərclənmiş, beləliklə iddiaçılar onlara çatası miras əmlakdan qanunsuz olaraq məhrum olmuşlar. Cavabdeh pulları çıxarmasını telefon danışıqlarında özü də etiraf etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2709/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Beynəlxalq Bakına X7 vəfat etdiyi tarixədək sözügedən bankda hesabının olub-olmaması barədə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq İddiaçı1 Azərbaycan Beynəlxalq Bankında vəfat etdiyi tarixədək hesabının və həmin hesabda vəfatından sonra 2769,38 manat vəsaitin olduğu bildirilmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı1 ölümündən sonra onun kartında olan 2769,38 manat pul vəsaiti xx.xx.2020-ci il tarixində 2 dəfə 1000 manat, xx.xx.2020-ci il tarixində 712 manat olmaqla nağdlaşdırılmışdır. Kart mərhumun mülkiyyətində olduğundan onun içindəki vəsait də miras əmlaka daxildir. Cavabdehin kartda olan vəsaitin yarısına mülkiyyət hüququ ola bilər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, Məmmədov Fuadın ölümü gözlənilmədən olub. Mərhum xəstə olduğundan müalicə almış, lakin xəstə olaraq da, ölmüşdür. Fuadın ölümündən sonra ailəyə məxsus bəzi qiymətli əşyalar da, yoxa çıxmışdır. Mübahisələndirilən kart da evdə olmamışdır. Bu səbəbdən cavabdeh qeyd edir ki, kart onda olmadığından, pulu bankomatdan o çıxarmamışdır.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, kartdakı vəsait cavabdeh və mərhum İddiaçı1 birgə nikahı dövründə əldə olunmuş əmlakdır. Bu miras əmlaka aid olmamalıdır

8. Cavabdehin nümayəndəsi, vəkil həmçinin xx.xx.2022-ci il tarixində məhkəməyə elektron qaydada etiraz ünvanlayaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçılar bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədən və qeyri səmimi olaraq, bildirirlər ki, X7 vəfatından sonra onun müxtəlif banklarda adına açılmış hesablarında olan pul vəsaitlərini nağdılaşdıraraq hesabdan çıxarmış, öz şəxsi məqsədləri üçün xərcləmiş və nəticədə iddiaçılar onlara çatmalı olan miras əmlakdan qanunsuz olaraq məhrum olunmuşlar. Daha sonra, sanki X7 vəfatından sonra onun müxtəlif banklarda adına açılmış hesablarında olan pul vəsaitlərinin cavabdeh tərəfindən hesabdan çıxarılması artıq isbat olunmuş kimi, iddiaçıların payına düşən pul vəsaitinin cavabdehdən alınaraq iddiaçılara verilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan məsələlərlə bağlı işin həqiqi hallarının müəyyən olunaraq araşdırılması ilə həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraiti təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası MPM-nin tələbləri baxımından məhkəmə tərəfindən sübutların təmin edilməsi, yəni X7 vəfatından sonra onun müxtəlif banklarda adına açılmış hesablarında olan pul vəsaitlərinin və digər sərvətlərinin olub-olmamağı, olduğu halda bu vəsaitlərin hərəkəti haqqında məlumatların verilməsi barədə müvafiq qərardad çıxarılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 393547 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 atası X11, anası X3r.

11. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 393546 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 atası X11, anası X3r.

12. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 164375 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixində ölmüş, bu barədə ölüm haqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 794 № ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 240598 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X4 arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 aprel 2016-cı il tarixində 161 № ilə qeyd edilmişdir.

14. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilən, 86 saylı vərəsəlik işi üzrə reyestrdə 2V-85 № ilə qeyd edilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. AR DİN BDYPİ tərəfindən verilmiş 18 iyul 2019-cu il tarixli, AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: JNRAZ2NY0K9111425, mühərrik nömrəsi-, və buraxılış ili 2019-cu il olan “İnfiniti QX80” minik markalı **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

15. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilən, 86 saylı vərəsəlik işi üzrə reyestrdə 2V-84 № ilə qeyd edilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. AR DİN BDYPİ tərəfindən verilmiş 04 oktyabr 2019-cu il tarixli, AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: MBJLKL10LH008102, mühərrik nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan “Mitsubishi L200” minik markalı **-FF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

16. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilən, 86 saylı vərəsəlik işi üzrə reyestrdə 2V-83 № ilə qeyd edilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Yerdə qalan ¼ hissə açıq saxlanılır. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 157000/2-4260 nömrəli məktubuna əsasən X7 adına cari tarixə X14 filialında qalığı 5227,58 avro olan ******************** №-li kart hesabındakı vəsaitdən ibarətdir.

17. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixində nikah bağlanmış, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 544 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli., 2(001)- 2709/2022 saylı qərardadının icrası ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, X7 adına "xxxx" ASC-nin Yasamal filialında xx.xx.2006-cı il tarixdə ******************** saylı əmək haqqı hesabı açılmışdır. Hesaba vəsaitlər Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən əmək haqqı təyinatı ilə mədaxil edilmişdir. Hesaba son dəfə xx.xx.2020-ci il tarixində 1904,70 manat əmək haqqı köçürülmüş, xx.xx.2020-ci il tarixində 2 dəfə 1000 manat olmaqla (ATM Mərdəkan, Rahat Market), xx.xx.2020-ci il tarixində isə 712 manat (ATM Hövsan kəndi) məxaric edilmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2709/2022 saylı sorğusunun icrası ilə əlaqədar "xxxx" ASC tərəfindən verilən hesabdan çıxarış məlumatlarından görünür ki, X8 məxsus hesabda xx.xx.2020-ci il tarixinə 5227,58 avro vəsait olmuşdur.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2709/2022 saylı qərardadının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən məhkəməyə CD disk (bankomatdan pul çıxarılması ilə bağlı görüntüləri əks etdirən) və hesabdan çıxarış təqdim edilmişdir.

21. İddiaçılar tərəfinədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

22. Hazırki iş üzrə iddiaçılar olan xx xxxxxxx 2005-ci il təvəllüdlü İddiaçı1 və xx xxxx 2010-cu il tarix təvəllüdlü İddiaçı2 mərhum X7 X4 ilə rəsmi nikah münasibətlərindən doğulmuş uşaqlarıdır. X11 ilə X4 arasında olan rəsmi nikah 01 aprel 2016-cı il tarixində pozulmuşdur. Daha sonra X11 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində rəsmi nikah bağlanmışdır. Sonuncular arasında nikah pozulmamışdır.

23. X11 xx.xx.2020-ci il tarixində ölmüşdür.

24. X6 miras qalan Mitsubishi L200” minik markalı **-FF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “İnfiniti QX80” minik markalı **-HH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və "xxxx" ASC-nin gənclik filialında qalığı 5227,58 avro olan ******************** №-li kart hesabındakı vəsaitə İddiaçı2 və İddiaçı1 ¼ payı müəyyən edilmiş, qalan ¼ hissə isə açıq saxlanılmışdır.

25. Məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, X7 adına "xxxx" ASC-nin Yasamal filialında xx.xx.2006-cı il tarixdə ******************** saylı əmək haqqı hesabı açılmışdır. Hesaba son dəfə Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən əmək haqqı təyinatı ilə xx.xx.2020-ci il tarixində 1904,70 manat əmək haqqı köçürülmüş, balansda ümumilikdə 2712,00 manat pul olmuşdur. Həmin vəsait xx.xx.2020-ci il tarixində 2 dəfə 1000 manat olmaqla (ATM Mərdəkan, Rahat Market), xx.xx.2020-ci il tarixində isə 712 manat (ATM Hövsan kəndi) məxaric edilmişdir.

26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2709/2022 saylı qərardadının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən CD diskdəki görüntülərdən xx.xx.2020-ci il tarixində (ATM Mərdəkan, Rahat Market), xx.xx.2020-ci il tarixində isə (ATM Hövsan kəndi) bankomatlardan vəsaitin kim tərəfindən çıxarılması müəyyən edilə bilməmişdir, çünki görüntülərin keyfiyyəti aşağı olmuşdur.

27. İddiaçıların nümayəndəsi, vəkili iddia edir ki, X8 məxsus olan bank hesabındakı əmək haqqı məbləği mərhumun arvadı Abasova (Məmmədova) Pərvin Süleyman qızı tərəfindən bankomatdan çıxarılmışdır. İddiasını əsaslandıran məqam kimi isə pul vəsaitinin bankın Mərdəkan qəsəbəsində yerləşən bankomatından çıxarıldığını, cavabdehin faktiki olaraq Mərdəkan qəsəbəsində yaşaması və arvadı kimi mərhum ərinin maaş kartına və kart məlumatlarına sahib ola bilmə ehtimalını göstərir. Bununla da, X7 vəfatından sonra, onun adına olan bank hesablarındakı vəsaitlərin ¼ hissəsinin Cavabdeh tutulmasını xahiş edir.

28. Cavabdehin nümayəndəsi, vəkil isə iddiaya münasibətində bildirir ki, pul vəsaiti cavabdeh tərəfindən çıxarılmamış, ümumiyyətlə maaş kartı cavabdehin evində olmamışdır. Həmçinin əmək haqqı qismində əldə edilən pul vəsaiti ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka daxil olduğundan, miras əmlak kimi dəyərləndirilməməlidir.

29. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

36. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

37. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

38. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

39. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

42. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

43. 32.2-ci maddəsinə əsasən Ər-arvadın ümumi birgə mülkiyyətinə:

44. 32.2.1-ci bəndinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

45. 32.2.2-ci bənində əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

46. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

47. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar ölmüş atalarına məxsus bank hesabındakı pul vəsaitlərinə miras əmlak qismində pay hüquqlarının müəyyən edilməsini xahiş edirlər. İş materiallarında olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrlə iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X7 vərəsələri olduqları və mərhumun miras əmlaklarında ¼ hissədə pay hüquqlarının olduğu öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə iddiaçıların müvafiq tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olduğu qənaətinə gəlir.

48. Məhkəmə araşdırması dövründə qəbul edilmiş sübutların təmini barədə qərardadların nəticəsində müəyyən edildi ki, mərhum X7 ölümündən sonra "xxxx" ASC-nin Yasamal filialında xx.xx.2006-cı il tarixdə açılmış ******************** saylı əmək haqqı hesabında 2712,00 manat pul vəsaiti qalmışdır.

49. Həmin pul vəsaitinin mövcudluğu və banka məxsus bankomatdan çıxarılması işin mübahisəsiz haldır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, bankomatdan həqiqətən xx.xx.2020ci il tarixində 2 dəfə 1000 manat olmaqla (ATM Mərdəkan, Rahat Market), xx.xx.2020-ci il tarixində isə 712 manat (ATM Hövsan kəndi) pul vəsaiti çıxarılmışdır.

50. İşin mübahisələndirilən halı pul vəsaitinin cavabdeh tərəfindən məxaric edilib-edilməməsi ilə bağlıdır.

51. Cavabdehin nümayəndəsi, vəkil pulun cavabdeh tərəfindən məxaric edilmədiyini bildirsə də, iddiaçının nümayəndəsi, vəkil cavabdehin mərhumun arvadı olmasına, pulun cavabdehin evinin olduğu Mərdəkan qəsəbəsindən çıxarılması barədə dəlillərə istinad etməklə pulun cavabdeh tərəfindən çıxarılması ehtimalını dolayı yolla təsdiq edir. Belə ki, bankomatdan kart vasitəsi ilə pul vəsaitinin çıxarılması üçün karta dair məxfi məlumatların (şifrə) daxil edilməsi zəruridir. Cavabdeh isə mərhumun arvadı olduğundan, mərhuma dair maaş kartının evdə (və ya özündə) olması, karta dair məlumatlardan sonuncunun məlumatlı olması daha məntiqli və ağlabatandır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi, vəkil cavabdehin Mərdəkan qəsəbəsində evinin olması faktını mübahisələndirməmişdir. Bu isə faktın doğruluğunu dolayı yolla sübut edir.

52. Bundan başqa nəzərə alınmalıdır ki, birgə nikah dövründə əldə edilən əmək haqqı ər və arvadın ümumi birgə mülkiyyəti hesab edilir. (39-40 bənd). Faktiki olaraq həmin pul vəsaitinin 1/2 hissəsi birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla Cavabdeh, ½ hisəsi isə X8 məxsus olmuşdur. Odur ki, həmin vəsaitin yarısı miras kütləsinə daxil deyildir və iddiaçıların yalnız miras kütləsinə aid olan hissədə pay hüquqları vardır. Bu isə cavabdeh tərəfindən məxaric edildiyi təsdiq edilən 2712 manatın hər iddiaçıya münasibətdə 1/8 hissəsinə(2712:2:4) bərabərdir.

53. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, 2712 manat məbləğində pul vəsaitinin 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi isə İddiaçı2 xeyrinə tutulmalıdır. Nəticə:

54. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməli, cavabdeh X2 2712 manat məbləğində pul vəsaitinin 1/8 hissəsi İddiaçı1 xeyrinə, 1/8 hissəsi isə İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

55. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

56. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh X2 2712(iki min yeddi yüz on iki) manat məbləğində pul vəsaitinin 1/8(səkkizdə bir) hissəsi İddiaçı1 xeyrinə, 1/8(səkkizdə bir) hissəsi isə İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar